Danılmaz faktdır ki, ölkəmizdəki radikal müxalifətin bugünədək atdığı bütün addımlar xaricdəki erməni lobbi təşkilatlarının və Ermənistandakı antiazərbaycan qüvvələrinin fəaliyyəti ilə paralellik təşkil edir.
Gecə-gündüz Azərbaycan dövlətinə və millətinə qarşı kampaniya aparan erməni lobbisinin vasitəsinə çevrilən radikal düşərgənin məhz onların planı əsasında fəaliyyət göstərməsi, dövlətimizin milli maraqlarına daim zərbə vurmağa çalışması vətənpərvər azərbaycanlıların etirazı ilə qarşılaşır. Artıq hər kəs bilir ki, destruktiv müxalifətin “mübarizə strategiyası” təkcə hakimiyyətə qarşı deyil, eyni zamanda, dövlətə, dövlətçiliyə, xalqa, bütövlükdə Azərbaycanın müstəqilliyinə, varlığına, haqlı mücadiləsinə qarşı yönəlib. Əkrəm Naibovun düşmən dəyirmanına su tökən “Daş yuxular” əsəri ilə bağlı ortaya çıxan çox ciddi məqamlar da dediklərimizi təsdiqləyir.
Reallıq budur ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli və onların ətrafı Əkrəm Naibovun Azərbaycan dövlətinin və xalqının milli maraqlarına zərbə vuran əməlləri barədə susur, cəmiyyətdə yüksələn etiraz səslərini yersiz hesab edir, insanların bu xəyanətkara haqlı münasibətini tənqid edirlər. Ə. Kərimlinin birbaşa tabeliyində olan “Azadlıq” qəzeti məhz onun təlimatlarıyla Əkrəm Naibovun çirkin əməlinə bəraət qazandırmağa, onu müdafiə etməyə çalışır. Bununla da kifayətlənmir, söz azadlığı arqumentinə əsaslanmağa çalışaraq məsələni siyasiləşdirir, hakimiyyəti ittiham edirlər. Ermənilər kimi hiyləgərliyə əl atır, qəzet səhifələrində kosmopolit və antimilli təfəkkürlü ünsürlərə geniş yer verərək, məhz onların dili ilə öz fikirlərini cəmiyyətə sırımağa çalışırlar. Görünən odur ki, bu məsələdə də erməni lobbisi-radikal müxalifət işbirliyi “uğurla” davam etdirilir: Destruktiv qüvvələr ermənilərin planlarını həyata keçirir, “Azadlıq” qəzeti isə mətbuat vasitəsi kimi öz “missiyasını” uğurla yerinə yetirir.
Məsələ İsa Qəmbər, Əli Kərimli və ermənilərin ölkəmizdəki ruporuna çevrilən “Azadlıq” qəzeti ilə yekunlaşsaydı, nə vardı ki? Ümumilikdə, dağıdıcı müxalifətin və antimilli ünsürlərin cəmləşdiyi “İctimai Palata” adlanan qondarma qurum Əkrəm Naibovu müdafiə edir, cəmiyyətin ona münasibətini dəyişdirməyə çalışır. “Daş yuxular” barədə müzakirələrin getdiyi ilk gündə isə İP-də az qala “Əkrəm Əylisli haqlıdır” deyəcəkdilər. Lakin qarşısıalınmaz ictimai etirazları gördükdən sonra gözdən pərdə asmaq üçün əsər barədə “bəyanat” yaydılar. Və bunun ardınca, yenə əvvəlki kimi, məsələni siyasi müstəviyə çəkərək, guya Azərbaycanda söz azadlığının pozulduğuna dair rəy yaratmağa çalışdılar. Hətta bir az da irəli gedərək iddia etdilər ki, Azərbaycan cəmiyyətinin yazıçıya münasibəti ölkəmizin milli maraqlarına zərbə vurur. Bu iddia isə onları tamamilə gülünc vəziyyətə saldı. Çünki Azərbaycan cəmiyyəti radikal düşərgənin xaricdəki erməni lobbisi tərəfindən maliyyələşdirildiyini və bu düşərgə üçün milli maraq anlayışının ən son planda olduğunu çox yaxşı bilir. Ona görə də ümummilli maraqlar haqqında qeyri-səmimi iddialar cəmiyyətdə ironiya ilə qarşılanır.
Birmənalı şəkildə deyə bilərik ki, nankor Əkrəm Naibovun “Daş yuxular” əsəri reneqat Eldar Namazovu və onun dəstəsini bir daha ifşa etdi. Artıq hər kəs bilir ki, Naibovun bədnam romanı iki il əvvəl 50 nüsxə ilə Bakıda çap olunaraq Eldar Namazovun dəstəsi arasında yayılıb. Yəni onlar bu romanla öncədən tanış olublar və onun Rusiyada dərc ediləcəyini bildikləri halda qarşısını almaq üçün heç bir iş görməyiblər. Əksinə, yazıçını daha da həvəsləndiriblər ki, bu cür “əsərlərin” sayını artırsın. Görünür, hər dəfə hansısa bir erməni planını həyata keçirəndə xaricdəki ağaları onları yaxşıca “mükafatlandırır”. Ona görə də Əkrəm Naibovun əsəri barədə Azərbaycan ictimaiyyətini duyuq salmaq istəməyiblər. Çünki bilirdilər ki, əgər ictimaiyyət bundan xəbər tutsa, “Daş yuxular” Rusiyanın “Drujba narodov” jurnalına “ayaq aça” bilməyəcək. Azərbaycan xalqı bu təxribatın qarşısını almaq üçün bütün məqbul vasitələrdən istifadə edəcəkdi. Bu səbəbdən vaxtilə susan Eldar Namazov və dəstəsi bu gün də susmağa çalışır. Ona görə ki, danışsalar Ə. Naibovu müdafiə etməli olacaqlar. Əgər müdafiə etməsələr, bundan sonra erməni lobbisindən qrant ala bilməzlər. Jurnalistlərin Ə.Naibova münasibətlə bağlı E. Namazova ünvanlanan suallarının cavabsız qalmasının səbəbi də budur. Bir də ki, reneqatı bu xalqın taleyi deyil, qondarma “Ziyalılar forumu” və onun rəhbər gətiriləcəyi “El” təşkilatının perspektivi düşündürür. Buqələmun E. Namazov özünün siyasi karyerası üçün təhlükə hesab etdiyi hər şeydən qaçır.
Maraqlıdır, sanki bütün xəyanətkarlar Eldar Namazovun ətrafında toplaşıb. Ermənilərlə şərikli biznes quran Rüstəm İbrahimbəyov isə reneqatın “ən alovlu” müdafiəçisinə çevrilib. Buradan belə anlaşılır ki, erməni lobbisi Azərbaycanda qarşıdan gələn prezident seçkilərində E. Namazovun müxalifətin vahid namizədi olması üçün heç nəyi əsirgəməyəcəkdir. Onlar bu qərarlarını Rüstəm İbrahimbəyovun dilindən səsləndirirlər. Plan isə belədir ki, Namazovun adının iki hərfindən ibarət olan “El” adlı qondarma təşkilat “milli birlik” adı altında bunu təmin etməlidir. Səbəb isə budur ki, ermənilərin Əli Kərimliyə və İsa Qəmbərə olan ümidləri tükənib. Lobbi belə hesab edir ki, “şeytana papaq tikərək ortasını deşik qoyan” E. Namazov ermənilərin planlarını həyata keçirə bilər. Bu planın bir mərhələsini də Əkrəm Naibovun “Daş yuxular” əsərinin dərc olunması və yayılması təşkil edirdi. Məqsəd isə Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna zərbə vurmaq və onu təslimçi sülhə məcbur etməkdir.
Bu məsələdə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun üzərinə də “böyük” iş düşür. Proseslərin gedişi göstərir ki, L. Yunus ermənilərin tapşırıqlarını sədaqətlə, can-başla yerinə yetirir. Onun Ermənistanın “Region” Araşdırmalar Mərkəzi ilə birlikdə təsis etdiyi publicdialogues.info saytı da məhz Azərbaycanda ictimai rəyi çaşdırmaq, Dağlıq Qarabağ probleminin kökü və erməni millətçilərinin torpaqlarımıza, mədəniyyətimizə iddiasını cəmiyyətin yaddaşından silmək üçün yaradılıb. Bu gün həmin saytda yerləşdirilən informasiyalar göstərir ki, saytın qurucuları Azərbaycanda milli maraqların unudulması üçün yaddaşsızlıq sindromu yaratmaq istəyirlər. Buna paralel olaraq, radikal müxalifətin ruporu olan mətbuat orqanlarında bu saytın təbliğatı da aparılır. Təsadüfi deyil ki, həm müxalifət qəzetlərində, həm də publicdialogues.info saytında Vətəninə xəyanət edən Əkrəm Naibovun müdafiəsi ilə bağlı birgə kampaniya həyata keçirilir.
Leyla Yunus isə xislətinə uyğun olaraq bir az da irəli gedib. Onun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu yazıçıya qarşı kampaniyanı pisləyən bəyanat yayaraq Ramil Səfərovu “qatil” adlandırıb. İddia edilib ki, bu hadisədən sonra “Azərbaycanın şərəf və ləyaqətini yalnız Əkrəm Əylisli xilas edib”. Yazıçıya qarşı hakimiyyətin “yürütdüyü kampaniyaya” qarşılıq olaraq SDİ oxucuların Əkrəm Əylislinin yaradıcılığı ilə tanış olmaları üçün publicdialogues.info saytının resurslarından geniş istifadə edəcək. Bundan başqa, Əkrəm Naibovun beynəlxalq KİV təmsilçilərinin iştirakı ilə on-line mətbuat konfranslarının təşkil edilməsi və yazıçının “təqibi”, onun “dönməz mövqeyi”lə bağlı xüsusi videomaterial hazırlamaq da planlaşdırılır. Bütün bunlar belə deməyə əsas verir ki, erməni lobbisi, “İctimai Palata”, reneqat Eldar Namazovun dəstəsi (xüsusən, Rüstəm İbrahimbəyov) və Leyla Yunus “Daş yuxular”ın beynəlxalq müstəviyə çıxarılması üçün əllərindən gələni əsirgəmirlər, bundan maksimum şəkildə Azərbaycan dövlətinin, Azərbaycan xalqının əleyhinə istifadə etməyə çalışırlar.
Yəqin ki, oxucularımız üçün də maraqlıdır ki, erməni lobbisinin və onun “sadiq tərəfdaşı” olan radikal düşərgənin bu qədər canfəşanlıq etməsinin səbəbi nədir? Heç şübhəsiz, ilk öncə maddi maraqlar ön plandadır. Yuxarıda qeyd etdiyimiz kimi, artıq hər kəs radikal düşərgənin erməni lobbisi tərəfindən maliyyələşdirildiyini bilir. Digər tərəfdən, ölkəmizin əldə etdiyi nailiyyətlər dostlarımızı sevindirdiyi kimi düşmənlərimizi də kədərlə boğur, onlarda kəskin qısqanclıq hissləri yaradır. Demokratik inkişaf yolu seçmiş Azərbaycanın bütün sahələrdə —iqtisadi, siyasi sferalarda əldə etdiyi nailiyyətlər bu gün dünya birliyi tərəfindən alqışlanır. Yerləşdiyi regionun lider dövlətinə çevrilən, hətta qlobal maliyyə böhranı dövründə belə iqtisadiyyatını sürətlə inkişaf etdirən Azərbaycan Respublikası artıq beynəlxalq aləm tərəfindən mühüm tərəfdaş kimi qəbul olunur. Bunun nəticəsidir ki, ölkəmiz 155 dövlətin dəstəyi ilə dünyanın ən ali beynəlxalq təşkilatı sayılan BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, Azərbaycanın dünyanın siyasi palitrasında qazandığı müsbət imicin nəticəsində baş vermişdir.
Azərbaycanın nailiyyətləri tək siyasi-iqtisadi sahələri əhatə etmir. 2011-ci ildə dünyanın ən mötəbər musiqi yarışmalarından olan “Eurovision” mahnı müsabiqəsində qazandığımız uğur, keçən il bu yarışmanın Bakıda möhtəşəm bir şəkildə baş tutması, yenə 2012-ci ildə ölkəmizin XXX London Yay Olimpiya Oyunlarında bir sıra nəhəng ölkələri geridə qoyaraq 30-cu yerdə qərarlaşması Azərbaycanın dünya miqyaslı mədəni və idman uğurlarındandır. Azərbaycan Respublikası Avrasiya coğrafiyasının mərkəzində olmaqla Şərq və Qərb sivilizasiyalarının dialoq platformasına çevrilib. Keçən il oktyabrın 4-də Heydər Əliyev Mərkəzində İkinci Bakı Beynəlxalq Humanitar Forumu bunun ən bariz nümunəsidir. 2015-ci ildə ilk dəfə keçiriləcək Birinci Avropa Olimpiya Oyunlarına paytaxtımız Bakının ev sahibliyi edəcəyi xəbəri isə erməniləri və antimilli qüvvələri daha da sarsıtdı. Həmin yarışın uğurlu şəkildə ölkəmizdə keçirilməsi Azərbaycan mədəniyyətinin, ölkəmizin əldə etdiyi uğurların dünyaya təqdim edilməsi üçün növbəti fürsət olacaqdır. Bütün bunlar ölkəmizin Ermənistan — Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki üstünlüyünü şərtləndirir. Xaricdəki erməni lobbisini narahat edən də budur.
Bunun nəticəsidir ki, son dövrlərdə müəyyən antimilli, antiazərbaycan və ermənipərəst dairələr məqsədli şəkildə Azərbaycanda daxili sabitliyi pozmağa çalışır, ölkəmizə qarşı təzyiq kampaniyası aparmağa cəhd göstərirlər. Azərbaycanın uğuruna sevinməyən, respublikamızın bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ilə, dövlətimizin qüdrətlənməsi, güclənməsi, dünyanın təhlükəsizlik siyasətini təyin edən ölkələr sırasına yüksəlməsi ilə barışmayan radikal müxalifət bu istiqamətdə hər kəslə, hətta əli xalqımızın qanına batmış ermənilərlə açıq şəkildə müttəfiqlik edir. Bu gün müxalifətin antiazərbaycan dairələrlə baş-başa verərək eyni addımlar atması Azərbaycan xalqının kəskin etirazına səbəb olur. Radikal düşərgə artıq 20 ildir ki, ölkəmizin milli maraqlarına zərbə vurmaqla məşğuldur. Bu düşərgədə toplaşanlar isə bu və ya digər səbəbdən incik düşmüş, öz biznes və karyera maraqlarını təmin edə bilməmiş ünsürlərdir. Onları cəmiyyət, dövlət, milli mənafelər, demokratiya, insan hüquqları və s. maraqlandırmır. Bütün bunlar onlar üçün əsl simalarını gizlətmək və insanları çaşdırmaq üçün vasitədir.
Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.