Əkrəm Əylislinin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edənlərin sayı sürətlə artır

 

 

Azərbaycanın qeyri-hökumət təşkilatları da bu təşəbbüslə çıxış edirlər

“Daş yuxular” kimi antimilli əsərin müəllifi olan Əkrəm Əylisliyə qarşı etirazlar səngimək bilmir. Azərbaycan ictimaiyyətinin  nümayəndələri birmənalı şəkildə müəllifi ermənipərəst mövqedən çıxış edərək, həqiqətləri təhrif  olunmuş formada təqdim etməklə düşmən dəyirmanına su tökməkdə günahlandırırlar.

Fevralın 13-də Beynəlxalq Mətbuat Mərkəzində  Qarabağ QHT Koalisiyasının keçirdiyi mətbuat konfransında çıxış edənlər də Əkrəm Əylislini Vətənə xəyanətdə ittiham etdilər. Qaçqın, məcburi köçkün, müharibə veteranları və şəhid ailələrini təmsil edən  bir qrup qeyri-hökumət təşkilatlarının rəhbərləri Əkrəm Əylislinin “Daş yuxular” əsərində bir millətin şərəf və ləyaqətini təhqir etdiyinə, tarixi təhrif edərək dövlətimizə və xalqımıza böhtan atdığına görə cinayət məsuliyyətinə cəlb edilməsinin vacibliyini vurğuladılar.  Qeyd olundu ki, bu məqsədlə QHT-lər nankor yazıçını məhkəməyə verəcək və ölkəmizin yüksək ali mükafatları olan  “İstiqlal” və “Şöhrət” ordenlərindən məhrum edilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə və Milli Məclisə müraciət ünvanlayacaqlar.

Əkrəm Əylisli Azərbaycan vətəndaşı kimi yazdığı bu roman ilə özünü, yaradıcılığını, şəxsiyyətini öz xalqı qarşısında ləkələdi. Bu fikirlərin müəllifi olan Qarabağ QHT Koalisiyasının sədri Vüqar Qədirov onu da qeyd etdi ki, Prezident İlham Əliyevin Əkrəm Əylislinin “xalq yazıçısı” və Prezidentin fərdi təqaüdündən məhrum edilməsi haqqında sərəncamlar imzalaması dövlət başçımızın nə qədər vətənpərvər və xalqın maraqlarını düşünən böyük şəxsiyyət olduğunu bir daha göstərdi. Bu, həm də Azərbaycanda  xalqla hakimiyyət həmrəyliyinin möhkəm təməllərə söykəndiyini sübut etdi. Buna baxmayaraq, Əkrəm Əylislinin yalan, böhtan, təhqir dolu əsər yazmaqla Vətəninə qarşı yol verdiyi ciddi xəyanət cəzasız qalmamalıdır. O,  “Şöhrət” və “İstiqlal”  ordenlərindən də məhrum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Çünki Əkrəm Əylisli azad, müstəqil ölkəmizin heç bir ali mükafatına layiq deyil. 

Konfransda çıxış edən digər iştirakçılar, o cümlədən “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri Naibə Behbudova, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli,  Qarabağ QHT Koalisiyasının İdarə Heyətinin üzvü Faiq İsmayılov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu və digər natiqlər də Əkrəm Əylislinin bu inanılmaz hərəkətinə ictimaiyyətin sonsuz qəzəbini, hiddətini, nifrətini ifadə etdilər. Natiqlər qeyd etdilər ki,   yazıçı antimilli ruhda əsər yazaraq, əslində  öz simasını ifşa etmişdir. Çünki  “Daş yuxular” romanı onun ermənipərəst mövqeyini, millətinə qarşı hansı hisslər daşıdığını bir daha ortaya çıxarmışdır. Buradan da belə görünür ki,  Azərbaycan təkcə ön cəbhədə ermənilərə qarşı deyil, eyni zamanda, arxa cəbhədə erməni müdafiəçiləri ilə psixoloji mübarizəyə də hazır olmalıdır. Çünki nə qədər ki, Azərbaycan torpaqlarının bir hissəsi düşmən tapdağı altındadır, düşmən fitvası ilə gələcəkdə belə əkrəmlərin sayı çox ola bilər.

Natiqlər onu da bildirdilər ki,  Əkrəm Əylislinin erməni diasporunun təbliğatçısı, erməni xüsusi xidmət orqanlarının satın aldığı bir Vətən xainidir. Ancaq o, tək deyil. “Daş yuxular” əsəri ilə əvvəldən tanış olan “İctimai Palata”, Ziyalılar Forumu deyilən qondarma qurumların  nümayəndələri də Əkrəm Əylisli kimi öz xalqına, millətinə xəyanət ediblər. Çünki bu əsər  Moskvada “Drujba narodov” jurnalında dərc olunmazdan iki il əvvəl Bakıda kitab şəklində 50 ədəd çap olunaraq reneqat Eldar Namazovun dəstəsi arasında yayılıb. Görünür, onlar bu əsəri bəyəniblər. Əgər belə olmasaydı, onun Rusiyada dərcinin qarşısını alar,  buna cəsarətləri çatmasaydı, ən azından ictimaiyyəti məlumatlandırardılar. Ancaq Eldar Namazov və onun dəstəsi bunu etmədi. Əksinə, bəlkə də Əkrəm Əylislini həvəsləndirərək həmin əsəri məhz prezident seçkilərinin keçiriləcəyi vaxt yaxınlaşan aylarda dərc etdirməsini tövsiyə ediblər. Bununla da  Azərbaycan ictimaiyyətini çaşdırmaq,  suyu bulandıraraq balıq tutmaq istəyiblər. Ziyalılar Forumunun “aparıcı” simalarından olan və Eldar Namazova yaxınlığı ilə seçilən Rüstəm İbrahimbəyovun bir neçə il bundan əvvəl Rusiya qəzetinə verdiyi müsahibədə Azərbaycan xalqını təhqir etməsi də bu qurumda təmsil olunanların antimilli mövqedə olduğundan xəbər verir. Həmin qüvvələr isə xaricdəki antiazərbaycan dairələri tərəfindən idarə olunur.

Qeyd olundu ki, ümumilikdə, dağıdıcı müxalifət düşərgəsində Əkrəm Əylislinin “Daş yuxular” əsərinə ermənisayaq münasibət hiss olunur. Həmişə özlərini dövlətin qurucusu kimi qələmə verən müxalifət liderlərinin dövlətçiliyimizin strateji mövqeyinə zərbə vuran bu əsərlə bağlı nümayiş etdirdikləri mövqe  Əkrəm Əylislinin mövqeyindən o qədər də fərqlənmir. Müxalifət liderlərinin, eləcə də özünü milli düşüncənin daşıyıcısı sayan bir sıra media orqanlarının bu məsələdə tutduğu mövqe isə anlaşılan deyil. Buradan da belə görünür ki, həmin düşərgə və media orqanları xaricdəki antimilli dairələr tərəfindən maliyyələşir və onların diktəsi ilə hərəkət edirlər. Belə olmasaydı, onlar da Azərbaycan xalqının səsinə səs verər, ölkəmizi beynəlxalq aləmdə çətin vəziyyətə salmağa hesablanmış “Daş yuxular” əsərinə konkret münasibət ortaya qoyardılar.

Qaçqın, məcburi köçkün, müharibə veteranları və şəhid ailələrini təmsil edən  bir qrup qeyri-hökumət təşkilatlarının rəhbərləri bəyan etdilər ki, Əylisli bu əsəri yazmaqla Azərbaycandakı demokratik mühitdən, söz azadlığından sui-istifadə edərək, dövlətimizin iradəsi, xalqımızın hissləri, şəhidlərimizin narahat ruhları, əsirlikdə olmazın işgəncələrə məruz qalan ana-bacılarımızın ah-naləsinə əhəmiyyət verməyib, öz şəxsi məqsədlərini həyata keçirməklə  dövlətimizin xarici siyasətini sarsıtmaq üçün beynəlxalq siyasi qumarbazların ən çirkin bir alətinə çevrilib. Bununla belə, Əkrəm Əylislinin öz xalqına qarşı olan nifrətini, qəlbinə pərçimləmiş olduğu düşmən sevgisini dərk etmək olduqca çətindir. Anlamaq olmur ki, ağlı başında olan bir insan yaşadığı, çörəyini yediyi torpaqlara, o torpaqlarda yaşayan insanlara necə bu qədər xəyanət edə bilərmiş? Əkrəm Əylisli ömrünün qürub çağında Azərbaycan ziyalısına yaraşmayan hərəkətlərə yol verərək “Daş yuxular” romanını qələmə almaqla milli xəyanətkarlığını bir daha ortalığa qoydu.

QHT təmsilçiləri onu da bəyan etdilər ki, biz belə bir əsəri yazanı, dəstəkləyənləri və özünü Azərbaycan xalqının nümayəndələri kimi təqdim edənləri lənətləməliyik. Çünki həmin şəxslər Əkrəm Əylislini dəstəkləməklə  düşmən dəyirmanına su tökən xəyanətkar olduqlarını sübuta yetirirlər.

Əkrəm Əylislinin bundan əvvəl qələmə aldığı əsərlər və müəllifi olduğu kitablarda da Azərbaycan xalqını aşağılamaq xətti özünü açıq şəkildə göstərib. Bu günə qədər Əkrəm Əylisli xalqının yüksək dəyərlərini təqdim  etmək əvəzinə öz  millətini təhqir edən yazılar yazıb. Ona görə də natiqlər təklif etdilər ki, bu adam Əylisli təxəllüsünü daşımağa layiq deyil. Ona görə də onun soyadı Naibyan və ya  Ariks kimi dəyişdirilə bilər. Yazıçı əməlləri ilə buna layiqdir.

Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında