“Daş yuxular”la bağlı İctimai Palatanın və reneqat Eldar Namazovun dəstəsinin mövqeyi ermənilərin mövqeyindən fərqlənmir

 

 

 

Son günlər ciddi müzakirələrə səbəb olan  Əkrəm Əylislinin Rusiyanın “Drujba narodov” jurnalında çap olunmuş “Daş yuxular” əsəri, həmçinin mətbuatdakı müsahibələri  haqlı olaraq ictimaiyyətin dərin hiddətinə səbəb olub.

Nankor yazıçının xalq və tarix qarşısındakı  xəyanəti, tarixi saxtalaşdırmaq cəhdi ölkədə ciddi narazılıq doğurmuşdur. İki il öncə reneqat Eldar Namazovun  antimilli dəstəsi və İctimai Palata adlı xəyanətkar bir qurumun müzakirə edərək bəyəndiyi bu roman  ölkəmizdəki  mövcud ictimai-siyasi sabitliyi pozmağa, çaşqınlıq yaratmağa, qarşıdurma salmağa hesablanmış təxribat əməlidir.   Müstəqil dövlətimizin  sürətlə inkişaf etməsindən və dünya birliyində reytinqinin getdikcə artmasından  narahat olan qara qüvvələr ölkəmizə və xalqımıza qarşı şər və böhtanlar yağdırır, işğalçı Ermənistan dövlətinə haqq qazandırmaq üçün min oyundan çıxırlar. Erməni lobbisinin çirkli pulları hesabına bəzi xəyanətkar dairələr  xalqımıza böhtan və qarayaxmalar yağdırmaqla seçki ilində çaşqınlıq  və qarşıdurma yaratmaq istəyirlər.  Əkrəm  Naibovun  (Ordubad rayonunun Əylis kənd sakinləri belə bir ermənipərəst şəxsin Əylisli təxəlüsünü  daşımasına kəskin etirazlarını bildirir və doğma kəndlərinin adının Əkrəmlə yanaşı çəkilməsini özlərinə təhqir hesab edirlər)  “Daş yuxular” romanı Azərbaycan  tarixinin bilərəkdən  saxtalaşdırılması üzərində qurulmuşdur. Bu roman  Azərbaycanın çörəyini yeyən və suyunu içən, bu ölkədə hər cür şəraitlə təmin olunan, ancaq  antimilli uydurma fikirləri ifadə edən, öz xalqına, millətinə arxadan  zərbə vuran bir əsərdir. “Daş yuxular”da  təsvir olunan hadisələr  zalım, qəddar və qaniçən ermənilərin Bakıda, Sumqayıtda və respublikamızın digər regionlarında, o cümlədən Əkrəm Naibovun doğulub boya - başa çatdığı  Əylis kəndində  törətdikləri məqsədli qətliamları ört-basdır etməyə yönəlmişdir. 

“Daş yuxular”da istinad olunan “tarixi mənbələr” Əkrəmin baxışlarının nə qədər yanlış, dünyagörüşünün çox zərərli  olduğunu və ermənilərin müdafiəçisi rolunda çıxış etdiyini bir daha ortaya qoydu. Əkrəm Naibovun  müdafiə etdiyi günahsız və humanist kimi qələmə verdiyi, “zavallı” və “təzyiqlərə məruz qalan” ermənilərin  xalqımıza qarşı törətdikləri dəhşətli soyqırımı faktları və terror aktları artıq dünya birliyinə də məlumdur. Belə bir antimilli romanın hələ iki il əvvəl İctimai Palata adlı qondarma qurum və buqələmun Eldar Namazovun dəstəsi tərəfindən dəstəklənməsi, nəşrinə xeyir-dua verilməsi  onların erməni lobbisi tərəfindən idarə olunmasından xəbər verir.

Cəmiyyətdə dağıdıcı müxalifətin və antimilli ünsürlərin cəmləşdiyi yer kimi tanınan “İctimai Palata”  bu gün də antimilli mövqedə olan, qəddar və zalım kimi ad qazanmış erməniləri müdafiə edən  Əkrəm Naibovu  dəstəkləyir, cəmiyyətin  ona olan nifrət və qəzəbini  dəyişdirməyə cəhd göstərir. Bu qondarma qurumun təsisçilərindən olan Müsavat Partiyasının başqanı İsa Qəmbər,  AXCP sədri Əli Kərimli və onların tərəfdarları  Əkrəm Naibovun  Azərbaycan xalqının maraqlarına zərbə vuran əməllərinə haqq qazandırmağa çalışır,  ictimaiyyətin bu nankor yazıçıya  haqlı etirazlarına qarşı çıxırlar. İctimai Palatanın təsisçiləri və riyakar Eldar Namazovun dəstəsi ermənilərin müdafiəsinə qalxaraq guya bütün günahların azərbaycanlılarda olması barədə rəy formalaşdırmağa çalışırlar. Əslində onlar bu antimilli hərəkətləri ilə qarşıdan gələn prezident seçkilərində erməni lobbisinin diqqətini çəkmək və onlardan daha çox yardım almaq istəyirlər. 

 AXCP-nin ruporu olan “Azadlıq” qəzeti Əli Kərimlinin tapşırıqlarına  uyğun olaraq  Azərbaycan ziyalılarının, politoloqların və ümumilikdə ictimaiyyətin mövqeyinə qarşı çıxır, Əkrəm Naibovun erməni sevgisinə bəraət qazandırmağa cəhd göstərir. Qəzet kosmopolit və antimilli təfəkkürlü ünsürlərə öz səhifələrində  geniş yer verir, cəmiyyəti məsələnin mahiyyətindən yayındırmağa çalışır və xalqın etirazının  hakimiyyət tərəfindən təşkil olunduğunu iddia edir. Bütün bunlar  “Azadlıq” qəzetinin ermənilərin Azərbaycandakı ruporuna çevrilməsindən xəbər verir. Özünü obyektiv, hadisələri olduğu kimi işıqlandıran  azad və müstəqil mətbuat kimi  cəmiyyətə sırımaq istəyən qəzetin ermənipərəst qüvvələrin müdafiəsinə qalxması və əsl həqiqəti ört-basdır etmək cəhdləri yolverilməzdir.

İctimai Palata və xalqına xəyanət edən Eldar Namazov, həmçinin onun ətrafında olanlar  hesab edirlər ki, cəmiyyətin  Əkrəm Naibova nifrəti guya  Azərbaycanın milli maraqlarına zərər vurur. Belə ünsürlərin xalqın  ümummilli maraqları haqqında qeyri-səmimi iddiaları cəmiyyətdə ikrah hissi doğurur, hakimiyyət iddiasında olan belə xəyanətkar və satqınlara nifrəti daha da artırır. Onlar müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın əleyhinə təbliğat aparanda, ölkəmizə qarşı qarayaxmalar və böhtan kampaniyalarına qoşulanda, xarici antiazərbaycan dairələrlə sıx əməkdaşlıq edəndə, onların çirkli pulları hesabına  sifarişlərini yerinə yetirəndə,  mötəbər beynəlxalq təşkilatların paytaxtımızda tədbirləri keçirilən zaman  küçələrə çıxaraq xarici jurnalistlərin diqqətini yanlış istiqamətə yayındıranda nədənsə  milli maraqları xatırlamırdılar.

 Radikal müxalifət mətbuatından düşməyən, ermənilərə xüsusi hüsn-rəğbəti ilə seçilən, milyonlarla azərbaycanlının pozulmuş hüquqlarını görməzliyə vuran  üzdəniraq hüquq müdafiəçisi Leyla Yunus Ermənistanın “Region” Araşdırmalar Mərkəzi ilə birlikdə təsis etdiyi publicdialogues.info saytında xəyanətkar Əkrəm Əylislinin müdafiəsi ilə bağlı kampaniya həyata keçirir. Erməni xislətli L.Yunus öz  millətinin təəssübünü çəkən  və xalqımızı, dövlətimizi təhqir edən erməni zabitinə həddini bildirən Ramil Səfərovu “qatil” adlandırır və iddia edir ki, bu hadisədən sonra “Azərbaycanın şərəf və ləyaqətini yalnız Əkrəm Naibovu xilas edir”. Uzun illərdir “hüquq müdafiəçisi” adı ilə ölkəmizin daxilində antiazərbaycan maraqlarına xidmət edən, erməni lobbisi tərəfindən maliyyələşdirilən və təlimatlandırılan, düşmənlərimizin tapşırıqlarını yerinə yetirən  L.Yunus ictimaiyyətin ən sərt qınağına və təpkisinə layiqdir.  Ermənipərəst mövqeyi və riyakarlığı ilə heç də Leyla Yunusdan fərqlənməyən reneqat Eldar Namazovun dəstəsi isə xəyanətkar Əkrəm Naibovu müdafiə edir, ona qarşı cəmiyyətin haqlı narazılığını tənqid hədəfinə çevirir və onun “Daş yuxular” romanına haqq qazandırır.

Eldar Namazov mətbuata açıqlamasında  jurnalistin Əkrəm Naibova münasibətlə bağlı sualına cavab verməkdən yayınır. Çünki o, bu romanla  iki il öncədən tanış idi. Hətta xalqımızı aşağılayan, tarixi faktları inkar edən və ermənilərin qəddarlığını, zalımlığını ört-basdır edən bu romanın  çap olunmasına xeyir-dua vermişdi. O, bu antimilli romanın çapının qarşısını almaq üçün heç bir iş görməyib, hətta cəmiyyəti bu rəzil əsər barədə məlumatlandırmayıb. E.Namazov bunu düşünülmüş şəkildə həyata keçirib. Çünki  o, “Ziyalılar forumu”, həmçinin  yaradılacağı planlaşdırılmış və onun rəhbər gətiriləcəyi “El” təşkilatının perspektivi, ümumiyyətlə, öz siyasi karyerası üçün təhlükə görüb. O, bütün bu işlərdə xəyanətkar Əkrəm Naibovu müdafiə edən, onun tərəfində olduğunu bildirən, ermənilərə simpatiyasını gizlətməyən, qatı düşmənlərimizlə açıq şəkildə əməkdaşlıq edən, onlarla yaxın dostluq əlaqələrinə malik, Bakını ermənilərsiz təsəvvür etməyən  Rüstəm İbrahimbəyov kimi  ünsürlərə güvənir. Bu gün əsassız iddialarla çıxış edən, ölkəmizin qazandığı uğurlara kölgə salmağa çalışan, beynəlxalq təşkilatlara donosbazlıq edən, ermənilərlə əməkdaşlıqlarını gizlətməyən İctimai Palatanın aparıcı partiyaları, reneqat Eldar Namazovun dəstəsi və onlarla həmrəy olan Rüstəm  İbrahimbəyov  ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzundan  xoflandıqlarını gizlədə bilmirlər. Belələri onları ermənilərlə bağlayan səbəbləri, öz cinayət əməllərini, talançılıq fəaliyyətlərini və  xalqa xəyanətlərini  pərdələməyə çalışsalar da, buna nail ola bilmirlər. Çünki belə xəyanətkarların iç üzləri artıq hamıya bəllidir. 

 Həm İctimai Palata, həm də xəyanətkar Eldar Namazovun dəstəsi  erməniləri təbliğ edən, erməni tarixini Azərbaycanın hesabına zənginləşdirən “Daş yuxular” adlı romanla bağlı mövqelərini söz azadlığı ilə pərdələməyə çalışırlar. Belə milli xəyanətkarların  antimilli  addımı Ermənistan Yazıçılar Birliyinin mövqeyindən seçilmir.

Artıq  Azərbaycan cəmiyyətinə də  bəllidir ki, Eldar Namazovun dəstəsi əsasən hakimiyyətdən incik düşmüş, vəzifədən qovulmuş və öz maddi maraqlarını təmin edə bilməyən   xəyanətkarlardan ibarətdir. Onlar Əkrəm Əylislinin erməni sevgisinə qüvvət verməklə əslində öz riyakarlıqlarını və satqınçılıqlarını biruzə verirlər. “Daş yuxular”ın nəşrinə iki il əvvəl xeyir-dua vermiş və bu “əsəri”n Moskvada nəşrini tövsiyə etmiş İctimai Palata da bu xəyanətkarlıqda onlardan geri qalmır.  Bütün bunlar bir daha təsdiqləyir  ki, həm İctimai Palata, həm də reneqat Eldar Namazovun dəstəsi yalnız bu və ya digər səbəbdən incik düşən, öz biznes və karyera maraqlarını təmin edə bilməyən, hakimiyyət hərisliyində olan ünsürlərin toplusudur. Onları cəmiyyət, dövlət, milli mənafelər, demokratiya, insan hüquqları, ölkəmizin tərəqqisi, əhalinin  həyat səviyyəsinin yüksəlməsi, yeni iş yerlərinin açılması və Azərbaycanın dünya birliyində reytinqinin artması maraqlandırmır. Bütün bunlar onlar üçün əsl simalarını gizlətmək və insanları çaşdırmaq üçün vasitədir. Bu isə heç vaxt baş tutmayacaq. Çünki xalq belələrinin iç üzünə artıq çoxdan bələddir.

 

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında