Destruktiv müxalifət düşərgəsində qarşıdurmalar getdikcə güclənir

 

 

Reneqat Eldar Namazov bu qarşıdurmalardan öz xeyrinə istifadə etməyə çalışır

Dağıdıcı müxalifət düşərgəsində  baş qaldıran qarşıdurmalar  onu göstərir ki,  qondarma “İctimai Palata”nı da SİDSUH, DUB, DUBB, DUH, RAM kimi “tarixin arxivinə göndərilmiş qurumların” taleyi gözləyir. Bu məsələdə  Müsavat və AXCP rəhbərlərinin “xüsusi fəallıq” göstərməsi isə yenə diqqətdən yayınmır. Bu iki partiya arasında qarşıdurmanın əsas səbəbi İsa Qəmbərlə Əli Kərimlinin  prezidentliyə vahid namizədliyə iddialı olmasıdır. Maraqlıdır ki, həmişə birlikdən, həmrəylikdən danışan bu iki “liderin” heç biri geri çəkilmək barədə düşünmür. Bu isə  İctimai Palatada təmsil olunan digər partiyaların da narahatlığına səbəb olub.

ADP sədri Sərdar Cəlaloğlu bəyan edir ki, prezident seçkiləri yaxınlaşdıqca qondarma qurum daxilindəki ziddiyyət və qarşıdurma daha da gərginləşir. Onun fikrincə, yeni ideyalar və yeni qüvvələr axtarmaqla bu durğunluqdan, qapalı mühitdən çıxmaq lazımdır. İP müəyyən müddət ərzində iki partiya arasındakı konfliktləri ört-basdır etdi. Amma indi qarşıdan prezident seçkiləri gəldiyinə görə partiya maraqları daha sürətlə qabarmağa başlayır. Əgər ortalıqda dövlət  mənafeyi və milli maraqlar yoxdursa, onda insanlar fərdi maraqlarını təmin etmək üçün qarşı-qarşıya gələcəklər. Təbii ki, Sərdar Cəlaloğlu “fərdi maraqlar” - dedikdə, həm də İsa Qəmbər ilə Əli Kərimlinin prezidentliyə namizədlik məsələsində bir-birinə qarşı tutduqları radikal mövqeyə eyham vurur.

İP-yə daxil olan partiyalar arasında ziddiyyət sosial şəbəkələrdə və mətbuatda gedən dartışmalarda özünü daha aydın büruzə verir. Müxalifət düşərgəsində birləşmə təklifləri cəmiyyətin obyektiv tələbatından yox, ayrı-ayrı siyasətçilərin subyektiv mülahizələrindən və ya onların şəxsi istəklərindən doğur. Vəd verib, cəmiyyətdə müəyyən ümid yaratmağa çalışırlar, sonradan siyasi ambisiyaların toqquşması, bir-birinə güzəştə getmək mədəniyyətinin yoxluğu üzündən bu prosesi başa çatdıra bilmirlər və beləliklə də xalqın gözündən düşürlər. “Mediaforum” saytının “Prezident seçkisində hansı müxalifət partiyasının namizədinə dəstək verərdiniz” sualı ilə keçirdiyi internet sorğusunun yekunlarının açıqlanmasından sonra meydana gələn hay-küy də bunun bariz nümunəsidir. Həmin sorğuya əsasən Ə. Kərimli İ. Qəmbəri böyük fərqlə geridə qoyub. Bundan hiddətlənən Müsavat Partiyasının funksionerləri Ə. Kərimlini ümumi dəyərlərə xəyanətdə ittiham etməyə başlayıblar. Partiyanın ruporu olan “Yeni Müsavat” qəzeti dərhal yazıb ki, AXCP funksionerlərinin və “Azadlıq” qəzetinin AXCP-nin digər müxalifət partiyalarından “daha fəal”, “güclü”, “ən layiqli namizədə malik” partiya olması ilə bağlı təbliğatı Müsavatda ciddi narazılıqla qarşılanır. Əgər AXCP “Mediaforum” saytının keçirdiyi sorğunun nəticəsini mötəbər hesab edirsə, onda AXCP rəhbərliyi “Ümid” partiyasının ondan cəmi iki faiz geridə qalmasını, Vətəndaş və İnkişaf Partiyasının isə üçüncü yer tutmasını da həqiqət kimi qəbul etməlidir. “Yeni Müsavat” belə hesab edir ki, bu cür qeyri-ciddi rəy sorğularına əsaslanmaq “müttəfiqlik” baxımından normal hal deyil.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə müxalifətin prezidentliyə namizədləri ilə bağlı keçirilən sorğuları müdafiə edib, yenə Ə. Kərimlini müxalifətin “ən şanslı namizədi” kimi qələmə verib: “Əli Kərimli İsa Qəmbərdən 5 dəfə artıq səs toplayıb... Bu, AXCP və onun lideri Əli Kərimliyə cəmiyyətin verdiyi qiymətdir”. Müsavatın cavabı özünü çox gözlətməyib. İ.Qəmbərin müavini G.Aslanlı isə bu cür sorğuları qeyri-ciddi adlandırıb: “Saytlarda bu cür sorğular dünya praktikasında ciddi qəbul edilmir. Çünki müasir texnologiyalar imkan verir ki, bu sorğularda subyektivlik əsas rol oynasın. Müttəfiq partiyaların qeyri-ciddi rəy sorğularına əsaslanması isə onların şəxsi işləridir. Mən buna müttəfiqlik baxımından normal baxmıram. Ciddi hesab olunan qəzetin subyektiv, qeyri-ciddi məlumatları analiz edib ondan nəticə çıxarması isə vaxtı boş yerə itirməkdir”.

Əslində, həm İ.Qəmbər, həm də Ə.Kərimli həlledici məqamda bir-birinə güzəştə getməyəcəklərini əvvəlcədən gözəl bilirdilər. Sadəcə, İP adlı təsisatın ömrünü mümkün qədər uzatmaq üçün bu mövzudan yayınmağa çalışsalar da, gözlənilənlər özünü doğruldur. Xatırladaq ki, bu zamana qədər İ.Qəmbərlə Ə.Kərimli arasında olan bütün anlaşmalar məhz belə formalarda pozulub. Yəni nə İ.Qəmbər, nə də Ə.Kərimli verdiyi sözün üstündə dayanmayıb. 1992-ci ildən başlayaraq hər ikisinin Azərbaycan dövlətinə və xalqına qarşı xəyanət etməsi, antimilli sazişlərə, hətta ermənilərlə əməkdaşlığa dair müqavilələr imzalamaları onları cəmiyyətdə qəbuledilməz şəxslərə çevirib. Son hadisələr isə AXCP ilə Müsavat arasında  dərin uçurum yarandığını göstərir. Müxalifət daxilində də  “mehriban düşmənlərin” artıq iç üzünün açıldığını deyənlərin  sayı gündən-günə artır.  

Göründüyü kimi, yarandığı gündən yalnız radikal düşərgənin inhisarı uğrunda mübarizə ilə yadda qalan, şəxsi maraqların vasitəçisinə çevrilən İP-dəki fikir ayrılığı artıq tam aydınlığa qovuşduğu üçün keçmiş “müttəfiqlər” bu cür açıq savaşa başlamaq məcburiyyətindədirlər. Çünki hansısa əməkdaşlıq nağılı artıq partiya üzvlərinə belə inandırıcı görünmür. Mübarizə o qədər açıq müstəvidə gedir ki, İ.Qəmbərlə Ə.Kərimlinin bir-birilərinə qarşı apardıqları kampaniya sıravi partiya üzvləri tərəfindən də hiss edilir. Sosial şəbəkələrdə müsavatçıların Əli Kərimli haqqında, cəbhəçilərin isə İsa Qəmbər haqqında “meyxana” qoşması, ən təhqiramiz ifadələrdən istifadə etməsi artıq adi hal alıb. Hətta bəzi partiya rəsmiləri bu məsələdən kampaniya şəklində istifadə olunduğunu belə etiraf ediblər. Qeyd edək ki, bir müddət öncə Müsavat Partiyasının üzvü Mustafa Hacıbəyli bildirmişdi ki, sosial şəbəkələrdə Müsavat rəhbərinə qarşı təhqir dolu fikirlərin səsləndirilməsi kampaniyasının arxasında Əli Kərimli dayanır. Başqa-başqa adlar altında aparılan bu qarşılıqlı kampaniya isə hələ də davam edir. İsa Qəmbərin “Lənkəran səfəri”nin “cəbhəçilər” tərəfindən əngəlləndiyi barədə də xəbərlər yayılmışdı. 

Bütün bunlar göstərir ki, həqiqətən də İP konkret marağa, prinsipə söykənməyən amorf quruma çevrilib. Bu təşkilat hazırda AXCP ilə Müsavat arasında qarşıdurma meydanı olub. Vəhdət Partiyasının sədri Tahir Kərimli isə qeyd edib ki, bu gün müxalifətdə AXCP və Müsavatın adlarının hərdənbir çəkilməsi o demək deyil ki, bu qurumlar və ya onların başçıları digərlərindən güclüdür, ya da fəaldır. Bu qurumlar əslində tarixi partiyaların adlarını manipulyasiya edərək  özlərini tanıtmağa çalışırlar. AXCP AXC-nin, Müsavat da keçmiş Müsavat partiyasının adını daşıyır, indi həmin adlar üzərində özlərini qəbul etdirməyə çalışırlar. Reallıq budur ki, indiyədək ictimai-siyasi təşkilat rəhbərlərindən bir neçəsi öz vəzifələrinə könüllü olaraq xitam vermirlər.  AXCP-nin sədri Ə. Kərimli ilə Müsavatın başqanı İ. Qəmbər isə partiyalarının nizamnaməsini və partiyadaşlarının hüquqlarını pozmaqda davam edirlər. Bu da daxili incikliklərə, çəkişmə və sürüşmələrə gətirib çıxarıb. Yəni hazırda problem təkcə İP-də deyil, AXCP və Müsavatın öz daxilində də ciddi problem və qarşıdurma var. Eldar Namazov kimi özünü ağıllı hesab edən bəzi üzdəniraqlar da məhz bu qarşıdurmalardan istifadə edərək  özünü ön plana çıxarmağa çalışır.

Reneqat E. Namazov  bunun üçün siyasi kombinasiyalar qurur, onun kölgəsinə sığınan Rüstəm İbrahimbəyovun dili ilə yeni qurumların yaradılmasını və müxalifətin də məhz həmin qurumun ətrafında birləşməli olduğunu deyirlər. Lakin “El” adlı qurumun yaradıldığı barədə gəzən söz-söhbət müxalifət düşərgəsində çaşqınlıq yaradıb. Çünki  “El” aqressiv müxaliflər üçün yaxşı heç nə vəd etmir. Belə ki, onun məqsədi də radikal düşərgəni parçalamaqdır. Prezidentliyə namizədliyini vermək barədə hələ düşünmədiyini deyən reneqat E.Namazov isə əsas məqsədini açmasa da, etiraf edib ki, İP gec-tez onlarla hesablaşmalı olacaq. Bununla da, müxalifətin vahid namizədinin “Ziyalılar Formu”nda olduğuna işarə edən E.Namazov opponentlərinə birinciliyə iddialı olduğu mesajını verib. Əlbəttə, İP-lə birləşənlər bunu birmənalı qarşılaya bilməzdilər. Çünki orada illərdən bəri hətta partiya  liderliyindən əl çəkməyən “vəzifə hərisləri” var.

Daim şura sözündən vahimələnən müxalifət təmsilçilərinin yenidən bu məfhuma “pənah gətirmələri” də anlaşılan deyil. “El”-dən “Milli Şura” yaratmaq ideyasını üzdə alqışlayan bəzi aqressiv müxalifət liderləri, əslində, daxilən özlərini çox narahat hiss edirlər. Rüstəm İbrahimbəyov tərəfindən ortaya atılan ideya destruktiv müxalifətin bir daha parçalanması kimi dərk edilməkdədir. Yuxarıda qeyd etdiyimiz kimi, özlərini daim müxalifətin başbilənləri hesab edən Ə.Kərimli ilə İ.Qəmbərin  birincilik uğrunda mövqeləri və iddiaları çoxlarına məlumdur. Onlar bir-birinə heç zaman güzəştə getməyib və bundan sonra da hansınınsa bu addımı atması absurd görünür. Bu mənada, ötən ay verdiyi açıqlamalarının birində Rüstəm İbrahimbəyov Eldar Namazovun namizədliyini “irəli sürməsi”,  həm də AXCP və Müsavat rəhbərlərinə mesaj idi.

Əlbəttə, Azərbaycan ictimaiyyəti üçün destruktiv müxalifət düşərgəsində prezidentliyə namizədin kim olacağının elə bir əhəmiyyəti yoxdur. Çünki həmin namizədin kimliyindən asılı olmayaraq istənilən müxalif namizəd xalqın  uzaq başı 2 və ya 3 faizinin səsini toplaya bilər. Azərbaycanı  cəmi on ildə dünyanın aparıcı dövlətləri  sırasına çıxarmış bir siyasətçi ilə gah Müsavatın Divanında özünə yer tapan, gah “ziyalılar”ın qovluğunda məskunlaşan, gah da Rüstəm İbrahimbəyovun xəyallar dünyasının “peşəkar” qonağına çevrilən reneqat Eldar Namazov arasındakı fərqi  görməmək üçün sadəcə əlil və zəlil olmaq lazımdır.  Əli Kərimli və ya İsa Qəmbər də elə. O adamların   doxsanıncı illərdən indiyə qədər bacardıqları iş məhz iqtidar düşərgəsindən qovulmuşları başlarına toplayıb antiazərbaycan dairələrdən,  siyasi riyakarlardan və əqidəsi dönüklərdən imdad gözləmək olub. Riyakarlar isə gəlib onlara növbəti problemlər yaradıblar.

Rauf  KƏNGƏRLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında