“Daş yuxular”a haqq qazandıranlar milli ləyaqət hissindən məhrumdurlar

 

 

Əkrəm Əylisli “Xalq yazıçısı” adını daşımağa mənəvi haqqını çoxdan itirmişdir

Əkrəm Əylislinin “Daş yuxular” romanı ictimaiyyət arasında dərin hiddət doğurmuşdur. Torpaqlarımızın iyirmi faizini işğal etmiş, bir milyondan artıq soydaşımızı doğma ata- baba yurdundan didərgin salmış, dinc əhalini vəhşicəsinə qətlə yetirmiş erməniləri rəhmli, soyqırımına məruz qalan xalq kimi təqdim edən ləyaqətsiz yazıçı niyə də nifrətə layiq olmasın? Artıq xalq belə bir adamın Azərbaycan ərazisində yaşamağa, torpağımıza ayaq basmağa mənəvi haqqının olmadığını bəyan edir. Bəli, haqlı tələbdir. Bu gün az qala dünya ölkələrinin böyük əksəriyyəti Ermənistanı işğalçı, azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədən dövlət kimi tanıdığı bir vaxtda “sapı özümüzdən olan balta”nın bu həqiqəti təhrif etməsi və qaniçən ermənilərə haqq qazandırmaq istəyi böyük rəzalətdir.

Azərbaycan ictimaiyyətinin bu ədalətsizliyə, haqsızlığa ciddi etiraz etməsi başadüşüləndir. Çünki ermənilər zaman - zaman azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədiblər. Hətta onlar faşistlərdən də qəddar olduqlarını öz əməlləri ilə təsdiqləyiblər. Özünü həmişə xalqın qədirbiləni, vətənpərvər və millətini sevən kimi göstərməyə çalışan radikal müxalifət nümayəndələri hələ də Əkrəm Əylislinin qərəz və böhtanına münasibət bildirməyiblər. Görünür onlar da Ə.Əylislinin erməni sevgisinə şərik olduqlarını bu yolla izhar edirlər.

Hər dəfə paytaxtımızda qeyri-qanuni aksiyalar keçirməyə cəhd edən və ya qayda-qanunlara riayət etməyən gənclər qanunla cəzalandırılanda İctimai Palata adlı qondarma qurum, ardınca AXCP və Müsavat Partiyası dərhal bəyanat qəbul edir, beynəlxalq təşkilatlara müraciətlər göndərərək guya Azərbaycanda demokratiyanın, söz azadlığının pozulması barədə vay-şivən salırlar. Hətta qayda-qanunlara tabe olmayan gənclərə “vicdan məhbusu”, “siyasi məhbus”, “mənəvi məhbus” daha hansı adlar verirlər. Ancaq milli-mənəvi dəyərlərimizi, xalqımızı, ölkəmizi təhqir edən Əkrəm Əylislinin antimilli mövqeyinə isə heç bir münasibət bildirmir, əksinə onun belə bir “əsəri” ortaya çıxarmasından sevinclərini gizlədə bilmirlər. Düşünürlər ki, bu “əsər” ölkəmizin dünya birliyində sürətlə artan reytinqinə mənfi təsir göstərəcək. Ona görə də Əkrəm Əylislinin erməni sevgisinə haqq qazandırmağa çalışır, millətinə xəyanət edən bir şəxsin müdafiəsinə qalxırlar.

Prezident seçkisi ərəfəsində müxtəlif şoularla beynəlxalq aləmin diqqətini Azərbaycana cəlb etmək istəyən, anti-xalq, anti-Azərbaycan qüvvələrin önündə gedən İsa Qəmbərin, xarici ölkə mətbuatında ölkəmizin əleyhinə məqalələr dərc etdirən Əli Kərimlinin, ermənilərlə əməkdaşlığa başlayan Rəsul Quliyevin və digərlərinin Əkrəm Əylislinin erməni sevgisinə şərik olmaları ikrah hissi doğurur. Axı, onlar da Azərbaycanda hakimiyyəti ələ keçirmək üçün ermənilərlə əməkdaşlıq edir, onların gücünə bel bağlayırlar.

AXCP sədri Əli Kərimlinin bu arada Əkrəm Əylislini 75 illik yubileyi münasibəti ilə təbrik etməsi, onun “Daş yuxular” romanına rəğbətindən irəli gəlib. AXCP sədri öz təbrikində Ə.Əylislini haqsızlığa qarşı kəskin mübarizə aparan yazıçı olduğunu bildirib. Bununla da Ə.Kərimli xalqımızı, millətimizi aşağılayan, nüfuzdan salan “Daş yuxular” romanını bəyəndiyini bildirib. Yəni, ermənilərin haqlı olduğunu deyənlərlə həmrəyliyini göstərib.

AXCP sədri Ə.Əylisliyə “azad və demokratik Azərbaycan amalınızın gerçəkləşməsini arzulayıram” –deməklə yəqin onun ermənilərə olan məhəbbətinə işarə edir. Ə.Kərimli Əkrəm Əylislini “cəmiyyətdə hökm sürən eybəcərlikləri tənqid etməklə müstəqil fikirli bir yazıçı” olduğunu iddia edir. Görünür Ə. Əylislinin ermənilərin rəhimli, üzüyola millət olduğunu sübut etmək istəyi Əli Kərimlinin ürəyincə imiş. Belə olmasaydı, Ermənistanın işğalçı bir dövlət olduğunu sübuta yetirən, hətta bir sıra nüfuzlu beynəlxalq qurumların və dövlətlərin bu ölkənin işğalçı kimi tanınmasından ötrü məntiqli xarici siyasət yürüdən indiki hakimiyyətə böhtanlar yağdırmazdı. Ermənistanın dünya birliyində işğalçı kimi tanınması Ə.Əylislini nə qədər yandırıb-yaxıbsa, AXCP sədrinə də bir o qədər təsir edib.

“Daş yuxular” romanına haqq qazandıranların özləri hələ daş yuxusundan ayılmayıblar. Onların əksəriyyəti vəzifədən qovulan, indiki hakimiyyətdən narazı olanlar və öz maddi maraqlarına qovuşa bilməyənlərdir. Bundan ötrü kimlərinsə erməni sevgisinə şərik olmaq azərbaycanlı adına ləkədir. Belələrinin özünü azərbaycanlı adlandırması da bir o qədər inandırıcı deyil. Özlərini gənc yazıçı kimi təqdim edən bir qrup üzüdönük bu günlərdə Bakının mərkəzindəki Mirzə Ələkbər Sabirin adını daşıyan bağda yazıçı Əkrəm Əylisliyə dəstək aksiyası keçirib. Cəmiyyətə özünü gənc yazar kimi təqdim edən Günel Mövlud, Seymur Baycan, Elnur Astanbəyli, bəstəkarlardan Elmir Mirzoyev, Firudun Allahverdi M.Ə.Sabirin heykəli önünə yığışaraq Əkrəm Əylisliyə qarşı aparılan “kampaniyalara” son qoyulmasını tələb ediblər. Aksiyaya qoşulan 5-6 nəfər görünür hələ də dərk edə bilmirlər ki, Ə.Əylislinin erməni sevgisinə və millətimizi təhqir etməsinə qarşı dövlət səviyyəsində heç bir kampaniya aparılmır. Bu, xalqını, millətini, Vətənini sevənlərin, ermənilərin işğalçılıq siyasətinə, soydaşlarımıza qarşı apardıqları soyqırımına etiraz edən, üsyan püskürən xalqın etiraz səsidir. Yaxşı olardı ki, Ə.Əylislinin ermənilərə havadarlıq etməsinə qarşı etirazlara günellər, baycanlar, astanbəylilər və onların ətrafında olanlar da qoşulaydılar.

Ermənilərin təəssübünü çəkən Ə.Əylislinin müdafiəsinə qalxmış aksiya iştirakçısı Elnur Astanbəylinin dediklərindən: “Aksiya keçirməkdə məqsədimiz yaradıcı azadlığı müdafiə etməkdir. Son günlər Əkrəm Əylisinin romanı ətrafında yaranan qalmaqallar, hakimiyyət telekanalları vasitəsi ilə toplumun ağzına atılması, başının kəsilməsini, yandırılmasını qınamaq üçün burdayıq. Hesab edirik ki, Azərbaycan qanunları hər kəsə yaradıcı azadlığı tanıyırsa, heç kimin bu cür ifadələrlə, şantaj üsulları ilə danışmağa haqqı yoxdur”. Ziyalıların, deputatların, ümumiyyətlə, ictimaiyyət nümayəndələrinin Ə.Əylislinin ermənipərəstliyinə etirazı nədənsə E.Astanbəylini hədsiz dərəcədə narahat edib və o, ermənilərin açıq müdafiəsinə qalxan “Daş yuxular” romanına qarşı dözümlü münasibət göstərilməsi üçün cəmiyyətə sifariş verir. Görəsən ermənilərin müdafiəsinə qalxan Ə.Əylisliyə dəstək verən “gənc yazarlar”ın məqsədi nədir?

 Bir vaxtlar Milli Məclisin deputatı olmuş, sonrakı illərdə parlamentə seçilə bilməyən Nazim Məmmədov da indiki hakimiyyətdən qisas almaq üçün əlinə fürsət düşdüyünü zənn edərək Ə.Əylislinin müdafiəsinə qalxıb. Ona elə gəlir ki, ikinci dəfə deputat seçilməməsinin günahı hakimiyyət dairələrindədir. Yəqin unudub ki, deputatı seçicilər seçir.

Ölkədə ciddi narazılğa səbəb olmuş romanı oxuduğunu deyən sabiq deputat bildirir: “Orada Azərbaycan xalqının aşağılanmasını deyil, bir qrup şəxsin öz maraqları çərçivəsində “özlərindən olmayanları” necə cəzalandırdığı səhnələrini görürük. Əgər biz Qarabağın Azərbaycanın tərkibində olmasını, məcburi köçkünlərimizin geri qayıdandan sonra erməni vətəndaşlarımızla birgə yaşamasını istəyiriksə, “erməni” sözünü aşağılayıcı assosiasiya yaradan ifadə kimi qəbul etməməliyik”. Fikir verin, Ə.Əylisli ilə bərabər erməni təəssübü çəkən daha bir müdafiəçi peyda olub.

 Özünü Ziyalılar Forumu adlı oyuncaq qurumun üzvü hesab edən və bununla az qala fəxr edən professor Cəmil Həsənlinin Ə.Əylislini müdafiə etməsi təəccüb doğurur. Axı, onun tarixçi-alim kimi ermənilərin zaman-zaman Azərbaycanın ərazisini zəbt etməsi, soydaşlarımıza qanlı divan tutması, dəhşətli soyqırımı törətməsi barədə tədqiqatları var, bununla əlaqədar kitablar yazıb. Bütün bunlardan sonra necə oldu ki, Ə.Əylislinin müdafiəsinə qalxdı? Axı, Ə.Əylislinin erməni sevgisini qabartması birinci hal deyil. Məgər C.Həsənli bütün bunlardan xəbərsizdirmi? Cəmil Həsənli “Daş yuxular” romanına haqq qazandırmaqla öz yazdıqlarını inkar etmirmi? O, təsdiqləyir ki, 1918-ci il martın 31-dən aprelin 2-dək ermənilər təkcə Bakıda 18 min azərbaycanlını qətlə yetirib. İngilis mənbələri bu rəqəmin 21 min olduğunu qeyd edir. Bəs bunları bilə-bilə niyə Cəmil Həsənli Əkrəm Əylisini müdafiə edir? Daşnaksütyun Partiyasının siyasətini müdafiə edən bir şəxsin professor tərəfindən müdafiə olunması utanc gətirən bir haldır.

“Görkəmli Azərbaycan yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı davranışlar bədii əsərə etiraz çərçivəsini aşaraq, qisas kampaniyasına və tragikomik şouya çevrilir". Təəssüf ki, bu fikri səsləndirən də professor adını daşıyan bir şəxsdir. Jurnalist kimi tanıdığımız professor Qulu Məhərrəmli daha sonra deyib: “...Kimsə Əkrəm Əylislinin xarakterini bəyənməyə, onun bəzən axına qarşı çıxmaq tərzini anlamaya, əsərlərinə dodaq büzə, hardasa rəngləri tündləşdirdiyini söyləyə bilər, amma heç kim onun istedadına və bu xalqa bağlılığına kölgə sala bilməz. Burada hansı xalqı aşağılamaqdan, hansı təhqirdən söhbət gedə bilər?...

Ə.Əylislinin bu romanında erməni sevgisi özünü açıq şəkildə büruzə verir. Yazıçı özü də bunu danmır. Qəribədir ki, professor Qulu Məhərrəmli xalqın bu ədalətsizliyə, haqsızlığa kəskin etirazını oyun, şou adlandırır. Məgər Q.Məhərrəmli ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror aktlarından, işğalçılıq siyasətindən və soyqırımından xəbərsizdir? Belə olan halda məkrli oyunun oyunçusu kimdir: ermənipərəst yazıçıya etiraz səsini qaldıranlar, yoxsa onu müdafiə edənlər?

“Daş yuxular” romanına haqq qazandırmaq istəyənlərin daş yuxusundan oyanmasının vaxtı çatıb. Bu romanda xalqımızın təhqir olunmasını, ermənilərin isə rəhimli, təzyiqə məruz qalan bir xalq kimi qələmə verilməsini müdafiə edənlər Əkrəm Əylislinin erməni sevgisinə şərik olanlardır.

Amma, nankor yazıçının xalqımıza və dövlətimizə böhtan atan əsəri geniş xalq kütləsini çox dərindən qəzəbləndirmişdir. Dövlət başçısı cənab İlham Əliyev böhtan dolu əsəri ilə Azərbaycan tarixini məqsədyönlü şəkildə təhrif edən Əkrəm Əylislinin “Xalq yazıçısı” fəxri adından və Prezidentin fərdi təqaüdündən məhrum edilməsi barədə sərəncamlar imzalamışdır. Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının müstəqillik illərində dövlət mükafatlarına layiq görülmüş Əkrəm Əylisli xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif edib. Azərbaycan xalqının antihumanist obrazını formalaşdırmağa cəhd göstərən, onu ümumbəşəri dəyərlər sisteminə zidd əməllərdə əsassız günahlandıran müəllifin xalqımızın ruhuna yad tərzdə yazdığı bu əsərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti saxtalaşdırılaraq, uzaq və yaxın tarixi keçmişimizə qara yaxılmış, münaqişə nəticəsində doğma yurdlarından didərgin düşən bir milyondan çox soydaşımızın mənliyi təhqir edilmişdir. Göründüyü kimi, möhtərəm Prezidentimiz xalqın səsini dinləyərək, bu sərəncamları imzalamaqla ədalətli bir addım atmışdır. Əkrəm Əylisli xalq yazıçısı adını daşımağa mənəvi haqqını çoxdan itirmişdir.

 Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında