Dövlətimizin gənclər siyasəti: uğurlar və gözləntilər

2 fevral Gənclər Günüdür

 

 

Bu gün ölkəmizdə dövlət siyasətinin əsas tərkib hissələrindən birini gənclərlə iş təşkil edir. Müstəqilliyimizin ilk illərində ölkəmizin düşdüyü ağır siyasi və sosial durum bu sahəyə maraq və qayğını xeyli zəiflətmişdi. Lakin ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə müharibədə atəşkəs elan olunduqdan və “Əsrin kontraktı” kimi nəhəng neft müqaviləsi imzalanandan sonra ölkəmizdə nisbətən siyasi və sosial tarazlıq əldə edilməyə başlandı. Sözsüz ki, bu, digər sahələr kimi gənclər sahəsinə də təsirsiz ötüşmədi. Şübhəsiz, güclü dövlət quruculuğu sahəsində gənclərin üstünlük təşkil etməsi  zamanın tələbidir. Bu baxımdan gənclərə diqqət və qayğı, istedadlıların üzə çıxarılması, onların təşkilatlanması zəruri xarakter daşımağa başlayır.

Məlum olduğu kimi, sovetlər dönəmində mövcud olan bolşevik ideologiyası prinsipləri ilə formalaşdırılan cəmiyyətdə müasir dünyamızın tələblərinə uyğun bir sıra əsaslı islahatlara getməyi qaçılmaz etdi. Hərtərəfli inkişaf, mənəvi mədəniyyətin üstünlüklərini tələb edən yeni baxışlar sistemi formalaşmaqda idi. Müstəqilliyimizi əldə etməyimiz bu ideoloji əngəllərin aradan qaldırılmasını və dünya ictimai-mədəni sisteminə qoşulmağımızı sürətləndirdi. Bütün bu total dəyişikliklərdən sonra ölkəmizin  milli mənafeyinə uyğun bir sıra prioritet vəzifələri icra etmək dövlətin prinsipial vəzifəsinə çevrildi. Ən vacib məsələlərdən biri də gənclərə diqqət və qayğının artırılması  idi. Bu sahədə suveren respublikamızın atdığı ilk addım  “Gənclər siyasət” haqqında Azərbaycan Respublikasının Qanununun qəbulu oldu. Kommunist rejimi dövründə mövcud olan gənclər təşkilatları və onlar haqqındakı qanunlar artıq öz qüvvəsini itirmişdi. Zəngin potensial enerjiyə malik gəncləri azərbaycançılıq siyasəti ətrafında birləşdirmək vacib idi. Bu qanunun qəbul edilməsi gənclərlə işin uğurla aparılmasına güclü təkan vermiş oldu.

Respublikamızda dövlət gənclər siyasətinin  formalaşdırılması  ümummilli  lider Heydər Əliyevin  adı  ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və  İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və  gənclər siyasəti sahəsində  digər  normativ  hüquqi  aktlar,  habelə  Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və  icra mexanizmini müəyyən etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı onların istər elm, mədəniyyət, istərsə də idman sahəsində getdikcə çoxluq təşkil etməsinə zəmin yaratdı. Ulu öndər gəncliyin inkişafı dövrünü belə xarakterizə etmişdi: “Gənclər siyasətinin formalaşmasının birinci mərhələsi çox çətin idi. Üstəlik, dövlətin gənclərlə ciddi surətdə məşğul olması üçün vəsait də yox idi. Azərbaycanda iqtisadi hərc-mərclik və dağıntı hökm sürürdü. Gənclər, necə deyərlər, yada düşmürdü. Lakin təxminən 1995-ci ildən Azərbaycanın iqtisadi və sosial həyatında sabitləşmənin başlandığı vaxtdan bu məsələyə böyük əhəmiyyət verilir. Gənclər, İdman və Turizm Nazirliyi yaradılmışdır. Məncə, heç də bütün ölkələrdə belə nazirlik yoxdur. Çoxsaylı gənclər təşkilatları yaradılmışdır. Beləliklə, gənclər həyatın bütün sahələrində iştirak edirlər. Parlamentdə də seçkilərdən-seçkilərə gənclərin sayı artır, dövlət idarəetmə orqanlarında da həmçinin. Bu isə çox müsbət meyardır, çünki bütün bu adamlar təxminən 20-30 ildən sonra ölkəmiz üçün məsuliyyət daşıyacaqlar”.

Azərbaycanda dövlət tərəfindən gənclərə önəm verilməsinin bariz nümunəsi olaraq 2 fevral — Gənclər Gününün təsis olunmasını misal göstərmək olar. Bu,  Azərbaycanın hər bir gənc vətəndaşı üçün  mənəvi aspektdən yanaşsaq, bir istinad mənbəyidir. Çünki, inkişafın məhz gənclərə də şamil olunması, onların da bu dövlətin qüdrətlənməsində fəal olmalarını xatırlatmaq baxımından bu günün  təsis edilməsinin əhəmiyyəti çox böyük idi. Buna  qədər isə ilk mötəbər addım, təbii ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi idi. Sözsüz ki, gəncliyə verilən bu önəm növbəti ildə 2 fevral gününün təsis olunmasına gətirib çıxardı.

1997-ci ildə 2 fevral — Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında sərəncam imzalandıqdan sonra bu sahəyə göstərilən diqqət daha da artırıldı. Həmin tarixdən etibarən ənənəvi olaraq hər il  fevralın ikisi günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ümumilikdə, Azərbaycan gənclərinin 6 forumu keçirilmişdir ki, bunlardan 4-ü son 10 ilə təsadüf edir.  Gənclərin IV, V, VI forumunda iştirak edən bir gənc kimi onu deyə bilərəm ki, əgər bu tədbir Heydər Əliyev Sarayında keçirilirsə və hər dəfə cənab Prezident İlham Əliyev başda olmaqla, ən yüksək vəzifəli məmur elitası gənc nəsilə dəstək üçün bu qurultaya qatılırsa, dövlət başçısı gənclərin qarşısında çıxış edərək, onların problemlərinin aradan qaldırılması üçün təşəbbüs göstərirsə, bu, artıq onu deməyə əsas verir ki, Azərbaycanda bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Reallıq isə odur ki, bu gün gənclər dövlət və hökumət strukturlarında, biznes sahəsində kifayət qədər ciddi elektoratla təmsil olunurlar və bu say tərkibi getdikcə daha da artmaqdadır.

2002-ci il  mayın 6-da ölkə başçısı tərəfindən “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə qərar verildi.  Bundan sonra Prezident İlham Əliyevin 2005-ci il avqust 30-da verdiyi sərəncamla  təsdiq  edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı  (2005-2009-cu illər)” ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədinə çevrilə bilmişdir. Həmin  Dövlət  Proqramının  icrası  nəticəsində gənclərlə iş sahəsində müsbət dəyişikliklər baş vermiş və uğurlar əldə olunmuşdur. Xüsusən, gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində  davamlı  iş  aparılmış,  istedadlı  və  yaradıcı gənclərə  dövlət qayğısı genişləndirilmişdir.  Məşğulluq  sahəsində  beynəlxalq təcrübəyə  və  gənclərin təşəbbüskarlığına  əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə  irəliləyişlərə  nail  olunmuşdur. Gənclər təşkilatlarının dövlətin gənclər siyasətində  iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə  və  proqramlarına dəstək verilmişdir. Beynəlxalq  əməkdaşlıq sahəsində  gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər. Bütövlükdə, 2005-2009-cu illərdə gənclər siyasəti üzrə Dövlət Proqramının icrası baş tutmuş və bu sənədin 100-dən çox bəndi həyata keçirilmişdir.

2006-cı ildə dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilməklə, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulmuşdur. 2007-ci ilin isə Prezident tərəfindən “Gənclər ili” elan edilməsi yeni nəsil üçün unudulmaz hadisəyə çevrilmişdir.

Dövlət Proqramının tətbiq edildiyi illər ərzində “ Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”,  “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” gənclər siyasətinin daha da təkmilləşdirilməsini təmin edir, onların yaradıcılıq potensialının aşkara çıxarılması, yaradıcılıq potensialının reallaşdırılması üçün lazımi şəraitin yaradılmasına, səmərəli idarə edilməsinə, gənclərin intellektual səviyyəsinin yüksəldilməsinə və  müvafiq tədbirlərin həyata keçirilməsinə,  sosial problemlərin həllinə təkan verir.

Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes-maliyyə strukturlarında təmsil olunur, dövlətin və cəmiyyətin inkişafına öz töhfələrini verirlər. Belə ki, dövlət orqanlarına 2008-2011-ci illərdə işə qəbul edilənlərin 60 faizindən çoxunu gənclər təşkil etmişdir. Bələdiyyə üzvlərinin 30 faizə yaxını gənclərdir. Onlardan 326 nəfəri bələdiyyə sədridir. 2008-2011-ci illərdə Azərbaycan gənclər təşkilatları 11 beynəlxalq təşkilata üzv qəbul edilib.

Bundan savayı, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. Hər il xarici ölkələrin qabaqcıl ali təhsil müəssisələrinə yüzlərlə gənc təhsil almağa göndərilir.

Hazırda ölkəmizdə 200-ə yaxın gənclər təşkilatı, 20-dən artıq ali məktəbdə isə  tələbə-gənclər təşkilatları, konfederasiyalar fəaliyyət göstərir. Bu qurumlar gənclərin milli-mənəvi, mədəni və ictimai-siyasi sahədə təşkilatlanması baxımından bazis rolunu oynayır.

Bakıda və digər şəhərlərdə gənclər mərkəzinin, gənclər evlərinin  inşasına  diqqət yetirilir. Artıq 12 rayonda gənclər evləri fəaliyyət göstərir. Bakı şəhəri və ətraf qəsəbələrin iqtisadi inkişafı proqramı çərçivəsində paytaxtın 5 rayonunda gənclər evi tikilməsi üçün layihələr təsdiq olunub və bu ildən etibarən inşasına başlanılacaqdır. Yaxın 2-3 ildə isə 15 gənclər evi inşa olunacaqdır.

Həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Bir vaxtlar Azərbaycan gənci Avropa gəncindən əksər parametrlərinə görə geridə qalırdı. Lakin gənclərlə iş sahəsində  çoxsaylı islahatların aparılması nəticəsində  problemlərin əksəriyyəti həll edilmişdir. Bu proses davam etdikcə problemlərin bir maneə kimi sıradan çıxarılması daha geniş vüsət alır.

Prezident İlham Əliyev tərəfindən 2011-ci il  aprelin 6-da “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı haqqında sərəncam imzalanmışdır. Gənclər siyasətilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondu yaradılıb. 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi  Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu, dövlətin gənclər siyasətinin nə qədər geniş spektrli olmasının bariz nümunəsidir.

Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, onların gələcəkdə yüksək səviyyəli təhsil almaları üçün imkanların yaradılması, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, gənc ailə institutunun möhkəmləndirilməsi, əmək bazarının tələblərinə müvafiq rəqabətə davamlı kadrların hazırlanması, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

Azərbaycan gəncliyinin  gücü və imkanları, dövlətin uğurlu gənclər siyasəti barədə Prezident İlham Əliyev öz çıxışında demişdir: “ Bütövlükdə, Azərbaycanda gənclər siyasəti çox uğurlu aparılır. Bu siyasətin təməlini ulu öndər qoymuşdur. Heydər Əliyevin təşəbbüsü ilə gənclər siyasətinin əsas konturları müəyyən edilmişdir. Son 20 il ərzində Azərbaycanda bu siyasət çox uğurla aparılmışdır. Artıq bu illər ərzində, müstəqillik dövründə gənclər yetişiblər və ölkəmizin həyatında mühüm rol oynayırlar.

Dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olsunlar və ölkəmizin gələcək inkişafına töhfələrini versinlər. Gənclərin vətənpərvərlik ruhunda böyümələri də çox mühüm əhəmiyyət daşıyır... Mən gənclərin ictimai həyatda fəaliyyətinə böyük ümidlərlə baxıram. Gənclər daim cəmiyyətin ən fəal üzvləridirlər. Bu fəallıq davam etdirilməlidir. Ölkəmizdə ictimai proseslər çox müsbət istiqamətdə gedir. Gənclər də bu proseslərin gücləndirilməsində öz rolunu oynayırlar və ölkəmizin dünyada tanıdılması işində ön plana çıxırlar. Bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dünya birliyinə çatdırılması üçün gənclər də öz rolunu oynayırlar. Xocalı soyqırımını tanıtdırmaq prosesi artıq başlamışdır. Üç ölkə Xocalı soyqırımını tanıyıb və gənclərin bu işlərdə rolu çox müsbətdir. Mən çox şadam ki, gənclərimiz ölkəmizin hərtərəfli inkişafında öz rolunu oynayırlar. Gənclər vətənpərvərdirlər, Vətənə bağlıdırlar, milli ruhda tərbiyə alırlar, gələcəkdə ölkəmizi uğurla idarə etmək üçün indidən hazırlaşmalıdırlar. Hərə öz yerində, çünki bu, daimi prosesdir”. 

Prezidentin gənclərlə hər dəfə görüşündə bu cür qayğı ilə onlara yanaşması hər birimizdə sevinc, qürur hissi oyadır. Azərbaycan gənci başa düşür ki, onun arxasında Azərbaycan dövləti və respublikanın Prezidenti dayanmışdır. Hər bir Azərbaycan gənci ildən - ilə artan bu qayğını və dövlət dəstəyini öz üzərində hiss edir və inkişafa doğru daha inamla irəliləyir.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında