Leyla Yunusun hüquq müdafiəçisi adını daşımağa mənəvi haqqı yoxdur

 

Azərbaycanın tarixi vətənsevər, fədəkar, qəhrəman qadınlarımızın şücaəti ilə zəngindir. Onların arasında diplomatlar, hökmdarlar, hətta sərkərdələr, döyüşçülər də olmuşdur. Qəhrəmanlıq rəmzi kimi tarixə düşən Tomris, Nüşabə, Möminə xatun, Nigar, Həcər və saymaqla bitməyən onlarla Azərbaycan qadını şəxsi sücaət və qeyrəti, gördüyü işlərlə bəşəriyyətə nümunədirlər.

Onlar həm də indiki və gələcək nəsillər üçün böyük nümunə, öyrənilməsi vacib olan vətənpərvərlik, şücaət məktəbidirlər. Təəssüf  hissi ilə qeyd etmək istərdik ki, bu qədər zəngin tarixə malik olan, xalqını, millətini sevən qadınlar  yetişdirən ölkəmizdə uşaq qatili olan düşmənlərimizlə əməkdaşlıq edən Leyla Yunus kimi qadınlar da var.

Ermənilərlə və Azərbaycana düşmən nəzərlərlə baxan, islamofobiya xəstəliyinə düçar olan Qərbdəki bəzi dairələrlə əməkdaşlıq edən Leyla Yunusun hərəkətləri, əsrlər boyu ictimai-siyasi həyatda nümunə olan, cəmiyyətin əsas qüvvələrindən birinə çevrilən  qadın adına ləkə gətirir.  2012-ci ilin sentyabr ayından faktiki olaraq fəaliyyət göstərən  “İctimai müzakirələr” adlı veb-sayt (www.publicdialouges.info) isə xəyanətin növbəti ünvanına çevrildi. Məlumdur ki, təqdimatı bu ilin yanvar ayında öncə İrəvanda, daha sonra isə Bakıda baş tutan saytın “fəaliyyət istiqamətləri”  ermənilərin “Region” Araşdırmalar Mərkəzi ilə Leyla Yunusun rəhbəri olduğu Azərbaycandakı Sülh və Demokratiya İnstitutu tərəfindən birgə müəyyənləşdirilir.

Maraqlıdır ki, bu əməkdaşlığı  fürsət bilən ermənilər yenə öz çirkin əməllərini davam etdirmiş, bu veb-saytdan Azərbaycanın taleyüklü milli maraqlarının əleyhinə yararlanmışlar. Azərbaycan ictimaiyyəti bunun ilk “nümunəsini” sayt fəaliyyətə başlayan gündən gördü. Azərbaycanlı və erməni jurnalistlər “İrs” partiyasının sədri Raffi Ovannisyandan müsahibə aldı və o, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini qondarma “Dağlıq Qarabağ respublikası” kimi təqdim etdi.  Fürsətdən istifadə edən Raffi Ovannisyan erməni hiyləgərliyi ilə Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasiyasından, mehriban qonşuluq münasibətlərindən dəm vurdu. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər Raffi Ovannisyana münaqişə ilə bağlı yox, Ermənistandakı ictimai-siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar veriblər. 1995-ci ildən bəri Azərbaycan dövlətinə, dövlətçiliyinə qarşı  fəaliyyət göstərən və “zavallı ermənilərin” hüquqlarının qorunmasını özünün əsas vəzifəsi hesab edən Sülh və Demokratiya İnstitutunun “şəriki” olduğu layihədən bundan artıq nə gözləmək olardı? Təbii ki, heç nə.

Digər tərəfdən, Leyla Yunus kimi azərbaycanlılar, o cümlədən Rüstəm İbrahimbəyov hansı səbəbdən Azərbaycana düşmən münasibət bəsləyən ermənilərlə əməkdaşlıq edir, dostluq əlaqələri yaradır, birgə biznes fəaliyyəti göstərirlər? Axı, bu necə ola bilər? Bu gün beynəlxalq ictimaiyyət də bilir ki,  Ermənistan silahlı qüvvələri 20 ildən artıqdır torpaqlarımızın 20 faizini işğal altında saxlayır, bir milyondan artıq soydaşımızı öz ata-baba yurdundan didərgin salıblar. Belə bir işğalçı dövlətin, qəddar bir millətin ölkəmizdə hər hansı bir tədbirdə adının bu şəkildə hallanması  hər birimizi hiddətləndirir, ikrah hissi oyadır, xalqın qəzəbini tarıma çəkir.  Dərhal gözlərimiz önündə ermənilərin törətdikləri dəhşətli terror aktları, dünyada analoqu olmayan Xocalı faciəsi, hətta faşistlərə də xas olmayan qəddarlıqları canlanır. Bütün bunları bilən Azərbaycan qadını Leyla Yunusun və “məşhur” ssenarist Rüstəm İbrahimbəyovun yenə də ermənilərlə əməkdaşlıq etməsi, onların törətdiyi vəhşiliklərə şərik olması və ya göz yumması mənasına gəlmirmi?

Buradan bir daha açıq görünür ki, Leyla Yunusun ermənilərlə müttəfiqliyi, dostluğu sırf  Azərbaycan Respublikasına, onun taleyüklü milli maraqlarına qarşı yönəlib. Bu kimi ünsürlər və onların məlum himayəçiləri unudurlar ki, Azərbaycan xalqı bu səviyyədə ucuz təbliğatın məqsəd və məramını onlardan da yaxşı bilir və erməni lobbisinin, eyni zamanda, lobbinin təsir dairəsində olan antitürk dairələrin cəhdləri yenə də iflasa uğrayacaqdır. Leyla yunuslar və tərəfdaşları o qədər kiçik, cılız və acizdirlər ki, nə dedikləri, nə düşündükləri, hansı mövqedə olmaları Azərbaycan ictimaiyyəti üçün heç bir maraq kəsb etmir. Azərbaycan xalqı hər bir nüansı, hər bir addımı dəyərləndirə bilən cəmiyyətdir və xalqımız düşmən dəyirmanına su tökən istər xarici maraqlı dairələri, istərsə də daxilimzdəki ləyaqətsizləri yaxşı tanıyır, bunların çirkin əməllərini düzgün qiymətləndirə bilir. Ona görə əminik ki, bundan belə də cəmiyyət, ictimaiyyət nümayəndələri L.Yunus kimi antimilli ünsürlərin xəyanətkar fəaliyyətinə son qoyulmasını tələb edəcək və onlara layiq olduğu münasibəti göstərəcəkdir.

Bir milyondan artıq azərbaycanlının ata-baba yurdundan didərgin salınması, ərazilərimizin 20 faizinin bu gün də işğal altında saxlanılması, 20 mindən artıq soydaşımızın erməni terror təşkilatları tərəfindən vəhşicəsinə qətlə yetirilmələri Leyla Yunus üçün bir o qədər də önəmli deyil. O, hətta münaqişənin danışıqlar yolu ilə nizamlanmasının da tərəfdarı olmadığını bildirir və sanki günahsız insanların qanının axıdılmasından zövq alırmış kimi, döyüşlərin davam etdirilməsinin tərəfdarı olduğunu nəzərə çatdırır. SDİ rəhbərinin məntiqinə fikir verin. O bildirib ki, ölkələr müharibə vəziyyətində olanda döyüşmək lazımdır, danışıqlar aparmaq yox. Onun məntiqindən belə çıxır ki, əgər atəşkəs mövcuddursa, demək, müharibə də sona çatıb. Birincisi, bu gün atəşkəs məhz Ermənistan silahlı qüvvələri tərəfindən tez-tez pozulur. Bunun əsas səbəbi yağı düşmənlərimizin biz azərbaycanlılara qarşı səbəbi məlum olmayan böyük kin bəsləmələridir. Onlar Xocalıda və digər bölgələrimizdə nə qədər qətliamlar törətsələr də, qanımızı içsələr də türk qanından hələ də doymayıblar.  İkincisi, Leyla Yunus  əmin olsun ki, Azərbaycan öz torpaqlarını danışıqlar yolu ilə azad edə bilməsə, müharibə qaçılmaz olacaq. Və ondan da əmin olsun ki, gec-tez Azərbaycanın üçrəngli bayrağı Xankəndində, Şuşada şərəflə dalğalanacaq. 

Əvvəldən də məlumdur ki, L.Yunus erməni lobbisinin etibarlı tərəfdaşı kimi, Azərbaycanda baş verən hər hansı hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək və ölkəmizi qara rəngdə göstərmək üçün əlindən gələni edib. Biz dəfələrlə bunun şahidi olmuşuq. Nə vaxt ki, ölkəmiz beynəlxalq aləmdə böyük uğur qazanıb və erməni lobbisinin “ayağı titrəyib”, dərhal Leyla Yunus kimilər meydana atılıb, Azərbaycanın dünyadakı imicinə zərbə vurmağa çalışıblar. Heç uzağa getməyə ehtiyac yoxdur. Keçən ilin may ayında baş tutan “Eurovision-2012” musiqi yarışmasından öncə və tədbir davam etdiyi müddət ərzində L.Yunus və erməni lobbisinin Azərbaycandakı digər əlaltıları minbir cildə girərək ölkəmizə ləkə yaxmağa çalışdılar. “Beşinci kolon”un digər elementi olan bir neçə QHT-dən ibarət şəbəkə “Demokratiya naminə musiqi” kampaniyası adı altında müxtəlif tədbirlər təşkil edərək beynəlxalq ictimaiyyətdə guya Azərbaycanda insan haqlarının pozulduğu, söz və məlumat azadlığının məhdudlaşdırıldığı haqda rəy formalaşdırmağa çalışdılar. Leyla Yunus, Emin Hüseynov və digər antimilli ünsürlər aldıqları qrantların müqabilində Azərbaycana düşmən xarici qüvvələrin vassalı rolunda çıxış etdilər.

Bütün bunları yada salmaqda məqsədimiz budur ki, L.Yunus doğulub boya-başa çatdığı ölkəsinin milli maraqlarını həmişə ayaqlar altına atıb və bu həqiqətdir.  Ancaq heç zaman öz naqis məqsədinə çata bilməyib. Sülh və Demokratiya İnstitutunun rəhbəri iddia edirdi ki, Avropa Şurası Parlament Assambleyasının  bu il yanvarın 25-dək davam edəcək qış sessiyasında Azərbaycan “böyük çətinliklərlə qarşılaşacaq”. Açıqlamasından belə anlaşılırdı ki, L. Yunus Azərbaycandakı “sayseçmə” azsaylı ermənipərəst QHT rəhbərləri və xaricdəki erməni lobbisinin təsir dairəsində olan beynəlxalq təşkilatların nümayəndələri  ilə birlikdə ölkəmizə qarşı anti-təbliğat kampaniyası aparmaq üçün Strasburqa yollanıblar. Məqsəd AŞPA-nın siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin islamafobiyadan “qaynaqlanan” və heç bir əsası olmadan hazırlanan məruzəsinə dəstək vermək idi. Bəs nəticəsi nə oldu? AŞPA-da Azərbaycanda siyasi məhbuslarla bağlı məruzə əsassız hesab edilərək qəbul olunmadı. Bununla da Kristofer Ştrasserin və ermənipərəst Leyla Yunusun bütün ümidləri puça çıxdı!   Bu, həm də bir reallığı ortaya çıxardı: Müstəqilliyini bərpa etdiyi gündən etibarən bir sıra əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı xarici siyasət strategiyasının əsas prioritetləri sırasına daxil edən Azərbaycan Respublikası ötən dövr ərzində dünya birliyində çox böyük nüfuz, rəğbət  qazanmışdır.  Cənubi Qafqazın lider dövlətinə, Avropanın enerji təhlükəsizliyinin əsas elementinə çevrilən Azərbaycan bu gün elə bir  səviyyəyə yüksəlmişdir ki, təkcə Şərqlə Qərb, Şimalla Cənub arasında kəsişmə nöqtəsi, körpü funksiyasını yerinə yetirmir, həm də sivilizasiyalar və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşləri, mədəniyyətləri zənginləşdirir, bəşəriyyətə xidmət edən humanist  təşəbbüsləri ilə beynəlxalq ictimaiyyətin rəğbətini qazanır. Ölkəmizdə həyata keçirilən iqtisadi və siyasi islahatlar isə beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu baxımdan, “hüquq müdafiəçisi” adı ilə maskalanmış L.Yunus və ona yaxın olan ünsürlər Azərbaycanda baş verən hansısa hadisəni qərəzli şəkildə qabardaraq beynəlxalq təşkilatların və xarici medianın diqqətini buna cəlb etmək, ölkəmizi qara rəngdə göstərmək    istəyirlər. Onların bütün cəhdləri iflasa məhkumdur.

R. ƏLİYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında