Düşmən dəyirmanına su tökən “Daş yuxular”

 

Və ya yazıçı Əkrəm Əylislinin  daxilindəki  “erməni şeytanı” dil açdı

 

 

Beynəlxalq aləmdə Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparan ermənilər bu ölkələrin xalqlarına qarşı kəskin, aqressiv mövqedə dayanan Silva Kaputikyan və Zori Balayan kimi  yazıçıların “əsərlərindən” də faydalanıblar. Təəssüf hissi ilə qeyd etməliyik ki, artıq onlara ehtiyac qalmayıb. Özünü Azərbaycan xalqının övladı, ziyalısı hesab edən qondarma Ziyalılar Forumunun üzvü Əkrəm Əylislinin  “Daş yuxular” adlı  əsəri  erməni millətçiləri üçün Azərbaycana, azərbaycanlılara qarşı istifadə olunacaq “ən yaxşı” mənbə rolunu oynayacaq. Bu əsərin Moskvada işıq üzü görən  “Drujba narodov” jurnalında dərc olunması erməni lobbisi üçün çox “qiymətli hədiyyə” oldu. 

Sizcə,  Ziyalılar Forumunun digər üzvü Rüstəm İbrahimbəyovun ermənilərlə sıx dostluq və tərəfdaşlıq əlaqələri barədə məlumatlar yayıldıqdan sonra Əkrəm Əylislinin də Azərbaycana, Azərbaycan xalqının əleyhinə əsər yazması, düşmənimizin əlinə əsas verməsi, onlarla  həmrəy olması təsadüfdürmü?  Belə çıxır ki, bu forumda toplaşanların işi-gücü ancaq ermənilərin maraqlarına xidmət etmək, erməni lobbisinin yaratdığı müxtəlif təşkilatlardan qrant almaqdan ibarətdir. Əgər belə olmasaydı, Ziyalılar Forumunun bir üzvü Moskvada ermənilərlə dostluq etməz,  digəri isə Azərbaycan xalqını təhqir edərək, ermənilərə mədhiyyələr yağdıran roman yazmazdı. Bax budur bunların siması! Buradan da görünür ki, onların hər birinin daxilində Azərbaycan xalqına qarşı “mənbəyi məlum olmayan” nifrət kök salıb, sadə azərbaycanlılara yuxarıdan-aşağı baxmaq, onları ələ salmaq, insanlarımızı vəhşi kimi təqdim etmək bu xalqa xəyanətdir.  Gələk, “Daş yuxular” adlı  əsərə.  Əkrəm Əylisli bu əsərdə sünnət olunmuş Əylis ermənisi simasında bir erməni obrazını yaradıb. Təbii ki, əsas məsələ bu deyil. Çünki yazıçı  istədiyi obrazı yarada bilər. Ancaq yazıçı erməni xalqını böyütməkdən ötrü öz xalqını təhqir etməməli, aşağılamamalıdır. Əsərdə əski Sovet KQB-si və ermənilər tərəfindən törədilmiş Sumqayıt və Bakı hadisələri azərbaycanlıların adına çıxılır və Azərbaycan xalqı elə qəddar, zalım və səviyyəsiz bir xalq kimi təqdim edilir ki, indiyədək heç bir erməni yazıçısı “bu məharəti” göstərə bilməyib. Bu qənaətə gəlmək üçün əsərdən bir parçanı oxumaq  kifayətdir. Məsələn: “Doktor, əziz doktor... öldürdülər... Günün günorta çağı belə bir adamı döyüb məhv elədilər. Hamısını eləyən bu yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlara hörmət qoymurlar, doktor, əziz doktor. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinə erməni de - işi bitdi. O dəqiqə vəhşi heyvan kimi ayaqlarının altına salıb tapdalayacaqlar. Parçalayacaqlar, qorxudan heç kim yaxın da gedə bilməyəcək... Deyirəm ki, döyməyin, bu adam erməni deyil, bizim adamdı, öz xalqımızın oğludur, millətin qürurudur, vicdanıdır. Kimdi qulaq asan? Mənə heç adımı deməyə imkan vermədilər. Böyrümə elə təpik vurdular, az qaldı elə orda ölüm.Bax bura doktor, sağ böyrümə. İndiyə kimi dəhşətli göynədir. Dəhşətdir...”

Əsrlər boyu ulu babalarımızın Qərbi Azərbaycandakı torpaqlarında yaşayan azğın ermənilərin dəhşətli cinayətləri nəticəsində yurdunu tərk etməyə məcbur olan insanları “yeraz” adlandırmağı, onları bu formada təhqir etməyi ancaq və ancaq heysiyyətı olmayan, millətini sevməyən, onun dərdinə yanmayan şərəfsizlər edə bilər. Təəssüf, min təəssüf ki, bunu Azərbaycanın xalq yazıçısı adını daşıyan, Azərbaycanın ən yüksək mükafatlarını alan, o mükafatları sevinclə, minnətdarlıqla qəbul edən Əkrəm Əylisli edib.  Milli Məclisin deputatı, şair Musa Quliyev (Urud) qeyd edir ki, Əylisin, eləcə də tək Əylisin yox, bütün Naxçıvanın qədim torpaqlarının ermənilərə məxsus olmasını və Azərbaycan türklərinin sonradan gəlib, erməniləri qıraraq, onların yerində məskunlaşmasını Əkrəm Əylisli ən qatı millətçi erməninin də qibtə edəcəyi bir “uğurla” təsvir edə bilib. Azərbaycanın nə qədər müqəddəsliyi varsa, bu əsərində o rişxənd obrazına çevirib və aşağılayıb. Burada istər bizim azadlıq mübarizəmizin təhqir olunması, istər toponimlərimizin, onların Azərbaycan dilində izahının lağa qoyulması, bu yerlərin ermənilərə məxsus olmasının göstərilməsi, İslam inancımızdan doğan sünnət ayininin təhqir olunması, Azərbaycan qadınlarının, Əylisdəki qadınların timsalında nə qədər tənbəl, biganə, ürəksiz olması, əksinə isə erməni qadının orada “yetim Camalın qayğısına qalması”, hətta onun başının bitinin dırnağı ilə dərindən təmizləməsinə qədər göstərilməsi kimi məqamlar  xalq yazıçısının xalqına münasibətinin göstəricisidir.  

Musa Urud bu əsərin məqsədli şəkildə yazıldığını da istisna etmir: “Bəlkə də Əkrəm Əylisli fikirləşir ki, bu cür əsərlər yazmaqla ona da Nobel mükafatı verəcəklər. Onu da böyük, bəşəri yazıçı kimi tanıyacaqlar. Düşünürəm ki, bu, onun tərəfindən böyük bir səhvdir. Heç vaxt öz xalqının qədrini, böyüklüyünü bilməyən, onu başqa xalqın ayaqları altına atan yazıçı ümumbəşəri ola bilməz. Mən çox təəssüf edirəm ki, xalq yazıçısı adını daşıyan, ”İstiqlal" ordenli bir yazıçımızın əsəri Ermənistanda da toy-bayram kimi qarşılanır. Bu bizim həm də ermənilərlə siyasi müstəvidə mübarizəmizə böyük bir zərbədir".

Milli Məclisin deputatı bildirir ki, Xocalı faciəsinin bütün dünyada tanındığı bir dövrdə belə bir əsərin ortaya çıxması, Azərbaycanın tanınmış yazıçısı tərəfindən qələmə alınması, “Azərbaycanda tək mən yaxşıyam, bütün azərbaycanlılar pisdir” şüarının ortaya atılması bizim bu işimizə də böyük əngəl törədəcək. Bu əsərdə Bakıdakı ermənilərin vəhşicəsinə qətlə yetirildiyi, Sumqayıt qətliamının azərbaycanlılar tərəfindən törədildiyi qeyd edilir. Bununla da bir millətin Xocalını da özü törətdiyini iddia edəcək qədər ermənilərin əlinə böyük bir dəstək vermiş olur. Digər tərəfdən, ermənilərin əlinə başqa bir dəstavüz da verir. Onlar bu əsəri əllərində bayraq edərək deyə bilərlər ki, baxın, azərbaycanlı yazıçı da etiraf edir, ermənilər belə bir vəhşi millətlə birgə yaşaya bilməz və ona görə də dünya birliyi Dağlıq Qarabağın Azərbaycandan ayrılması tələbini haqlı saymalı, dəstəkləməlidir. Yəni bütün bu əsər həm millətə, həm dövlətin ərazi bütövlüyünə qarşı çox böyük qəsddir. Ermənilərin 25 il ərzində Qarabağ savaşı başlayandan bəri vurmadıqları zərbəni Əkrəm Əylisli vurub. Ən pisi odur ki, Əkrəm Əylisli əsərinin başında yazıb ki, mən bu əsəri bu dünyadan dərdli köçmüş həmyerlilərimə ithaf edirəm.  Təbii ki, Əkrəm “həmyerlilərim” deyəndə Əylis ermənilərini nəzərə tutur. Əsərinin axırında isə əsəri Əylisdə bitirdiyini yazır. Göstərir ki, əgər hər öldürülən bir erməninin üzərində bir şam yandırılsaydı, bu şamların işığı Ayın işığından da parlaq olardı. O, dolayı yolla türklər tərəfindən guya milyondan çox erməninin öldürüldüyünü təsdiq edir. Əkrəm Əylisli 2005-2006-cı illərdə Əylisdə yaşadı. Əylislilərin çörəyini yedi, Əylislilər onun suyunu daşıdı, onun odununu yardılar, evini isitdilər, evində ona qulluq etdilər. Əkrəm Əylisli də Əylis ermənilərinin xətrinə Əylis azərbaycanlılarını  aşağıladı, onların hamısını qatil, yaramaz, tənbəl və mədəniyyətsiz adlandırdı.

Bütün bunlara görə, Əkrəm Əylisli  bu xalqdan üzr istəməlidir. Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı bildirir ki, Əkrəm Əylisli bu əsəri ilə erməni dəyirmanına nəinki su tökür, hətta elektrik mühərriki yerləşdirir: “Təəssüf edirəm ki, Əkrəm Əylisli belə əsər yazıb və onu rus dilində nəşr etdirib. O kimin üçün yazıb? Xocalı faciəsini etiraf etməyən, uşaqları qaz borusuna doldurub qaynaq edib havasızlıqda boğub öldürən, 250 mindən çox azərbaycanlını oradan qovub çıxardan erməni faşistlərinə dəstək üçünmü yazır? Biz dünyaya sübut etmişik ki, Bakıda 1990-cı ilin yanvarında, Sumqayıtda törədilən hadisələr Sovet kəşfiyyatının ermənilərlə birgə həyata keçirdiyi əməliyyat idi. Birincisi Bakıya qoşun yeritmək üçün edilirdisə, ikincisi Sumqayıtda Ermənistandan azərbaycanlıların daha sürətlə çıxarılmasına rəvac vermək üçün edilirdi. Bunları dünyaya çatdırdığımız, ermənilərlə ideoloji mübarizə apardığımız halda azərbaycanlı yazıçı belə bir “əsəri” yazıb rus dilinə tərcümə etməklə nə demək istəyir? Orxan Pamuk kimi Nobel mükafatı almaq istəyir? Öz millətinin tarixini təhrif edərək kiməsə xoş gəlmək istəyir?”.

Azərbaycanın xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin  katibi Fikrət Qoca da  Əkrəm Əylislinin Azərbaycan xalqını təhqir etməsinə, bunun müqabilində erməniləri  müdrik və zəhmətkeş bir xalq kimi təqdim etməsinə sərt münasibət bildirib. O deyib: “Əkrəm Əylislinin əsərini oxumuşam. Mənə çox ağır təsir etdi. Deyirlər ki, guya o, ermənilərlə aranı düzəltmək istəyib. Amma, mənim fikrimcə, belə eləmək münasibətləri daha da pozur. Çünki özünü alçaltmaqla şirin düşmək olmur, olsa-olsa nökər ola bilərsən, qapı süpürən olarsan. Əkrəm Əylisli əsərdə yazır ki, “yerazlar” elə etdi, belə etdi. Bəs yaxşı, “yerazlar”  Ermənistandan  gələndə necə gəlmişdilər, onları oradan necə qovmuşdular? Birinin qulağı kəsik, birinin burnu kəsik, başlarına min oyun açmışdılar, bunu niyə yazmayıb? Həqiqəti belə demək olmaz, həqiqət necə var, elə olmalıdı. Yazıçısansa, mütləq həqiqəti de. Əgər Əkrəm onlarla dost olmaq istəyirdisə, mütləq həqiqəti deməliydi, onda, bəlkə, dostluğun özəyi qoyulardı”.

Əkrəm Əylisli bu əsəri yazmaqla Azərbaycan xalqının heysiyyətinə toxunub və görünür bu, ona görədir ki, yazıçının  qanında “erməni genetik kodları” daha çox üstünlük təşkil edir. Bəlkə də elə buna görə də o, erməniləri azərbaycanlılardan üstün görür. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı belə hesab edir ki, Əkrəm Əylislinin bu addımı Azərbaycan xalqına xəyanətdən başqa bir şey deyil: “Mən onun dili ilə desək, həmin torpaqlarda doğulan, böyüyən “yerazlar”dan biriyəm. Mənim doğulduğum torpaqların minlərlə oğlu Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçib. Əkrəm Əylisli Şəhidlər Xiyabanındakı məzarlığa baş çəksə, bunun şahidi olar. O, şəhidlərin qohumları ilə görüşsə, onlar Əkrəm Əylisliyə ermənilərin azərbaycanlıları deportasiya edəndə hansı vəhşilikləri törətdiklərini, bu milləti uşaq, qadın, qoca demədən necə işgəncələrə məruz qoyduğunu, insanları diri-diri yandırdığını, dəmir boruların içərisinə salıb diri-diri ölümə məhkum etdiyini, ana bətnindəki körpələrə belə rəhm etmədiyini ona danışar. Xocalını necə unutmaq olar? Hələ mən 1918-20-ci illərdə Zəngəzurda 110 kəndi ermənilərin necə yerlə yeksan etdiyini, on minlərlə soydaşımızı qətlə yetirdiyini, dünya tarixinin ən amansız işgəncələri ilə insanlara əzab verdiklərini demirəm. Vaxtilə Əkrəm Əylislini oxumuşam. Bu gün nə qədər böyük səhv etdiyimin fərqindəyəm. Deməli, Əkrəmin içərisində bir erməni şeytanı yatıb. O şeytan onu ömrünün bu çağında biabır edib əsl mahiyyətini ortaya qoydu. Ermənilər Azərbaycana hər zaman belə adamların əli ilə divan tutub”.

Bu məqamda keçən ilin noyabr ayında Əkrəm Əylislinin Ziyalılar Forumu ilə bağlı tənqidi fikirlər bildirən hakimiyyət nümayəndələrinə, Yeni Azərbaycan Partiyasının aparıcı funksionerlərinə qarşı söylədiyi sözlər yada düşür. O deyirdi: “Onların bu gün danışdığı dil ötən əsrin 30-cu illərinin şeytani ehtirasa köklənmiş dilinə bənzəyir”. Bəli, Əkrəm Əylislinin həmin sözlərini özünə bu şəkildə “geri qaytarmaq” olar: bu gün Əkrəm Əylislinin yazdığı əsər şeytani məqsədlərə köklənmiş erməni  hiyləsinin “meyvələrinə”  bənzəyir.  Əkrəm Əylislinin  daxilində elə bir “erməni şeytanı” yatıb ki, o, “oyananda” ancaq “Daş yuxular” adlı əsər ortaya çıxa bilərdi. Və görünən odur ki, şeytan artıq meydandadır.

Rauf KƏNGƏRLİ,
“Xalq qəzeti” 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında