İsa Qəmbərin Lənkəran şousu

 

Müsavat Partiyasının başqanı “seçicilərlə görüşə” özü ilə “ehtiyat adamlar” aparır

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən bir neçə il sonra ölkədə demokratik proseslərin inkişafı istiqamətində qətiyyətli addımlar atıldı. “Siyasi partiyalar haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, insan hüquq və azadlıqlarının qorunması və digər sahələri əhatə edən qanunlar qəbul edildi. Avropa standartlarına uyğunlaşdırılmış bu  qanunlar ölkəmizin beynəlxalq aləmə inteqrasiyasını daha da stimullaşdırdı.

Bu gün artıq Azərbaycan dünya birliyinin layiqli üzvlərindən birinə çevrilməkdədir. Son iyirmi ildə radikal yol seçmiş bəzi vəzifə hərisləri isə hələ də  antimilli mövqelərindən əl çəkə bilmir, ölkəmizin beynəlxalq aləmdə mövqeyinin getdikcə möhkəmləndirilməsindən qısqanclıq hissi keçirirlər. Radikal müxalifətin ölkəmizdə ictimai - siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələrin əlində alətə çevrilməsi konstruktiv müxalifət nümayəndələri tərərfindən də kəskin pislənilir.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı  Fazil Mustafa  belə mövqedə olan radikal müxalifət nümayəndələrini bu vaxta qədər  ortaya realist  siyasət  qoya bilməməkdə ittiham edib.  O, bəzi müxalifət partiyalarının rəhbərlərinin  özlərini “ana müxalifət” adlandırmasını istehza ilə qarşılayaraq belələrinin son 20 ildə heç nəyə nail ola bilmədiklərini diqqətə çatdırıb. Çünki həmin partiyalar daim radikal mövqe nümayiş etdirib.

F.Mustafa sözünə davam edərək deyir:  “Radikal müxalifət 20 il ərzində ortaya normal, realist siyasət qoya bilmədi. Bu məğlubiyyətin günahkarı parlamentdə təmsil olunan partiyalar deyil. İndi özünü hakimiyyətdə görmək istəyən partiyalar buyurub gəlsinlər. Biz onların əl-qolunu bağlamırıq ki. Ağlını işlədə bilməyən, realist olmayan adamlar həmişə günahı başqalarında axtarmağa başlayırlar. Mənə belə gəlir ki, bunu deyən insanlar, sabah bizim etdiklərimizi təkrarlayacaqlar. Çünki bunun başqa yolu yoxdur”.

Müxalifətdə olan digər partiya funksionerləri də radikal mövqe nümayiş etdirən siyasi partiyalarla əməkdaşlıqdan imtina edirlər. Məhz bunun nəticəsidir ki, bu gün İctimai Palata adlı qondarma qurumda AXCP və Müsavat Partiyasından başqa  partiya yoxdur. Bu partiyaların da birlik nümayiş etdirməkdə məqsədi bu il keçiriləcək  prezident seçkilərində vahid namizədi müəyyənləşdirmək idi. Artıq Müsavat Partiyasının başqanı İsa Qəmbər özünü vaxtından əvvəl prezidentliyə namizəd elan etdiyindən İctimai Palata da dağıldı.

Yeri gəlmişkən qeyd edək ki, hələ prezident seçkilərinə hazırlıq kampaniyasına start verilməsinə xeyli vaxt qalıb. Ancaq İ.Qəmbər “seçicilərlə görüşə” başlayıb. Görünür, onun və ətrafının Seçki Məcəlləsinin müddəalarından xəbərləri yoxdur, ya da bilərəkdən qanunlara hörmətsizlik edirlər. Belə olmasaydı,  prezidentliyə namizəd kimi  rayonlara səfər etməzdi,  rayon ziyalıları tərəfindən qəbul edilməməsində  isə  hakimiyyəti günahlandırmazdı. Bir qədər əvvəl Lənkərana “ziyalılarla görüşə” gedən İsa Qəmbər yarı yolda eşidir ki, onun görüşünə gələn olmayacaq və bunu ört-basdır etmək üçün müsavatçılar  yolda bir - birlərini daşa basaraq, guya, hakimiyyət tərəfindən İsa Qəmbərə sui-qəsd təşkil olunması barədə hay-həşir saldılar.

Müsavatçılar Bakıya çatar-çatmaz, guya,  İsa Qəmbərin  həyatına sui-qəsd olması kimi şişirdilmiş xəbərlər yaymaqla onun siyasi təşviqatını genişləndirmək istəyirdilər. Hətta onlara himayədarlıq edən xarici havadarlarına da bu barədə  dərhal məlumat çatdırdılar. Amma özlərinin də yaydıqları məlumat onu göstərir ki, burada İsa Qəmbərin həyatına qarşı hansısa sui-qəsddən söhbət gedə bilməz, bunu cəmiyyətə sui-qəsd cəhdi kimi təqdim eləmək də düzgün deyil. Əslində, hadisə necə olub, nələr baş verib  sonradan hamıya  bəlli oldu. Bu hadisədən bir neçə gün sonra Lənkəran ziyalıları İsa Qəmbərə müraciət ünvanlayaraq ona bir qədər ciddi olmağı tövsiyə etdilər. Lakin müsavatçılar bunu lənkəranlı ziyalıların İ.Qəmbəri görüşə dəvət etmələri kimi yozub başqanı bəzəyib-düzəyib yenidən “Lənkəran şousu” hazırlamağı qərara aldılar.

İ. Qəmbər və ətrafı çox yaxşı bilirlər ki, Lənkəranda onları  ziyalılar qarşılamayacaq. Çünki bir neçə gün əvvəl lənkəranlı ziyalılar Müsavat Partiyasının rəhbərinə öz sözlərini demişdilər. Onu da demişdilər ki, indi 1992-1993-cü illər deyil. Xalq artıq sizin iç üzünüzə çox yaxşı bələddir. Ona görə də bir daha hakimiyyətə gəlmək barədə düşünməyin. Bu, qeyri-mümkündür. İ.Qəmbər vəziyyətin gərginləşdiyini görüb Lənkərana ikinci səfərində özü ilə “ehtiyat ziyalılar” aparmağı qərara almışdı. Onun bu metodu səsi və səhnə mədəniyyəti olmayan “müğənniləri” xatırladırdı. Həmin “müğənnilər” el  şənliyinə və ya hər hansı bir tədbirə gedərkən özləri ilə qabaqcadan lentə yazdırdıqları “alqış sədaları”  da aparırlar.

Konsert bitən kimi həmin lenti səsləndirməklə, guya, ifalarının alqışlarla qarşılandığını sübut etmək istəyirlər. Daha zalda neçə nəfərin iştirak etməsi bir o qədər də önəmli deyil. Əsas odur ki, “müğənninin” hər bir ifasından sonra hay-küy olsun. Radio vasitəsi ilə efirə yayınlanan belə verilişlərdə dinləyicilər, əslində, tamaşaçıları görmür, yalnız hay-küy eşidirlər. Daha bilmirlər ki, bu, qabaqcadan hazırlanmış lent yazısıdır. İndi İsa Qəmbərin Lənkərana ziyalılarla görüşə getməsi buna bənzəyirdi. Şəkillərə baxanda kim biləcəkdi ki, bu “ziyalılar” müsavatçıların özləri ilə Bakıdan muzdla tutduqları adamlardır.

İ.Qəmbərin ikinci Lənkəran səfəri bir də onu müşayiət edənlərin sayı ilə fərqlənirdi. 35 maşından ibarət karvanın 5-6-sı müsavatçılara aid idi. Digərləri isə gündəlik çörək pulu qazanmaq istəyən “xalturaçılar” idi. Onların yol boyu çıxardıqları oyunlar da bunu təsdiqləyirdi.  “Yol hərəkəti haqqında” qanunu pozmayan sürücülərə heç kim mane olmur. Ona görə də sürücülərə tapşırıq verilmişdi ki,  elə edin yol patrul xidmətinin əməkdaşları sizi saxlasın və İsa Qəmbərin  “ziyalılarla görüşünə” hakimiyyət tərəfindən süni maneə yaradılması barəsində “tutarlı əsas” olsun. Belə də oldu. Bununla da İsa Qəmbərin Lənkəran “ziyalıları” ilə görüşü baş tutmadı.

Daxili İşlər Nazirliyindən də  İsa Qəmbərin Lənkəran rayonuna  səfərinə münasibət bildirilərkən, “Onlar qanunu pozublar”  faktı təsdiqləndi. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov  bildirib ki, İsa Qəmbərin Lənkərana səfərinə polis heç bir müdaxilə etməyib: “Azərbaycan polisi daim hər bir vətəndaşın təhlükəsizliyini təmin etməyə hazırdır, həmçinin də İsa Qəmbərin.  Baş verən hadisə ilə bağlı isə deyə bilərəm ki, İsa Qəmbər 35 maşından ibarət böyük bir maşın karvanı ilə Lənkəran şəhəri istiqamətində hərəkət edib. Bu zaman onlar “Yol hərəkəti haqqında” qanunu pozaraq, avtomagistralda hərəkət edən digər avtomobillərin hərəkətinə maneçilik yaradıblar. Ona görə də Dövət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılarkən onlara yol hərəkəti haqqında qanun izah edilib  və bildirilib ki, böyük bir karvanla yolda hərəkət etmələri digər vətəndaşlara maneçilik törədir”.

E. Zahidovun dediyinə görə, yol polisi Müsavat başqanını müşayiət edən maşın karvanına hərəkət qrafiki də təklif edib: “Onlara təklif olunub ki, əvvəlcə 4-5 maşın irəli hərəkət etsin. Daha sonra da bu cür kiçik karvanlarla  digər maşınlar da yola davam etsinlər. Amma onlar DYP əməkdaşlarının bu təklifini qəbul etmədikləri üçün geri qayıdıblar. Daxili İşlər Nazirliyi bir daha bildirir ki, polis İsa Qəmbərin cənub bölgəsinə səfərinə heç bir maneə yaratmayıb. Əksinə, biz hər bir vətəndaş kimi İsa Qəmbərin də təhlükəsizliyini təmin etməyə hazırıq”.

Göründüyü kimi, radikal müxalifət seçki ilində müxtəlif vasitələrlə ölkəmizdə ictimai - siyasi sabitliyi bilərəkdən pozaraq beynəlxalq təşkilatların diqqətini ölkəmizə cəlb etmək, bu yolla Azərbaycanın dünya birliyində sürətlə artan reytinqinə xələl gətirməyə cəhd edirlər. Əslində, İsa Qəmbər çox yaxşı bilir ki, o heç bir vaxt prezident seçilə bilməz. Hətta  prezidentliyə namizədliyinin qeydə alınması üçün lazım olan imzanı da toplaya bilməyəcək. Elə ona görə də bu ilin sonunda keçiriləcək prezident seçkilərinin demokratik, şəffaf və obyektiv olacağına şübhə yaratmaq istəyir. Onun 30-35 maşını arxasına salıb “seçicilərlə görüşə”  getməkdə əsas məqsədi görüş yox, şou yaratmaqdır.

Yeni Azərbaycan Partiyasının  icra katibinin müavini,  Milli Məclisin komissiya sədri Siyavuş Novruzov da məsələyə münasibət bildirərkən bu fikirdə olduğunu bəyan edib: “Lənkəranda 20 müsavatçı ilə görüşmək üçün Bakıdan özü ilə 150 nəfər yığıb aparan İsa Qəmbərin məqsədi görüş yox, bölgədə şou yaratmaqdır. Buna görə onun Lənkəranda görüşü alınmır. Təsəvvür edin, 35 avtomobil, özü də karvan şəklində Bakıdan Cəlilabada qədər yol hərəkəti qaydalarını poza-poza bütün yol boyu şou göstəriblər. Yol boyu ətrafda yaşayan sakinlərin rahatlıqlarını və yaşayış hüquqlarını pozublar. Rayon insanlarıdır, biri bazara gedir, biri harasa xəstə aparır. Onlar üçün İsa Qəmbərin hara getməsi maraqlı deyil. Məqsədi sakit və səmimi görüş olan adama bu həngamə nə üçün lazımdır? Heç Barak Obama seçkiqabağı İsa Qəmbər kimi  hərəkət etmir. Obama öz kampaniyalarına ən uzağı 6-8 adamla gedir. Daha İsa Qəmbər kimi başına 150-160 nəfərlik dəstə yığıb bölgələrə hücum çəkmir”.

S.Novruzov deyib ki, İsa Qəmbərin  Lənkəranda sosial bazası olmadığına görə Bakıdan özü ilə çoxlu adam yığıb aparıb. QHT-lərdən, İctimai Palatadan, oradan- burdan qarşılarına kim çıxıbsa, maşınlara yığıb Lənkərana üz tutublar. Başına yığdıqları bu adamlarla gedib Lənkəranda görüş keçirməyin nə mənası var? Elə o görüşü Bakıda da keçirmək olar.  Azərbaycanın  istənilən bölgəsində prezidentliyə namizədlərə  görüş keçirmək üçün hər cür şərait yaradılıb.

Hələ ki, ölkəmizdə prezident seçkilərinə rəsmən start verilməyib və heç kimin də namizədliyi  Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmayıb. Ona görə də kimlərinsə prezidentliyə namizəd kimi indidən “seçicilərlə görüş” keçirməsi və bundan siyasi məqsədlər üçün istifadə etməsi ara qarışdırmaqdan başqa bir şey deyil. Müsavat Partiyasının şouları da bu məqsədə xidmət edir.

 

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında