Azərbaycan 2012-ci ildə xarici siyasətdə daha böyük uğurlara imza atdı

 

Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsindəki uğurları beynəlxalq aləm tərəfindən  təqdir olunduqca ölkəmizin siyasi arenadakı nüfuzu sürətlə artır. İndi artıq dünyanın elə bir mötəbər tribunası yoxdur ki, oradan rəsmi Bakının bəyanatları səslənməsin. Bu gün dünyanın aparıcı beynəlxaq təşkilatları və  tanınmış siyasətçilər Azərbaycanın reallaşdırdığı hərtərəfli  islahatları inkişaf etməkdə olan ölkələr üçün nümunə kimi göstərirlər. Beynəlxalq reytinq mərkəzləri və nüfuzlu kütləvi informasiya vasitələri ölkəmizin müxtəlif sahələrdəki uğurlarını yüksək qiymətləndirirlər. Ancaq həmin dəyərləndirmələrin ən dəqiqini və mötəbərini bilavasitə dövlət başçımızdan eşidirik. Prezident İlham Əliyev həm ölkə daxilindəki tədbirlərdə, həm də beynəlxalq aləmdəki görüş və müzakirələrdə ölkəmizin son illərdə qazandığı nailiyyətləri bir qayda olaraq faktlar və əsaslandırılmış arqumentlərlə dilə gətirir.

Dövlət başçımız Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş 15 yanvar tarixli iclasında ölkəmizin ötən il xarici siyasətlə bağlı əldə etdiyi nailiyyətlər barədə danışarkən bu göstəriciləri  çox uğurlu  qiymətləndirmişdir: “ Biz xarici fəaliyyətimizi genişləndirmişik. Beynəlxalq təşkilatlarda qarşıya qoyduğumuz vəzifələrə çatmışıq. Keçən il Azərbaycan tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu, tarixi nailiyyətdir. Ümumiyyətlə, 2011-ci ilin sonunda Təhlükəsizlik Şurasına seçilməyimiz çox böyük tarixi hadisə və Azərbaycan dövlətinin dünya miqyasında nüfuzunun göstəricisi idi. Biz keçən il dünyanın bir nömrəli qurumuna uğurla sədrlik etmişik və əlbəttə, bizim beynəlxalq nüfuzumuz da, təsir imkanlarımız da artıbdır. Biz, deyə bilərəm ki, keçən il dünyada özümüzü daha da böyük dərəcədə təsdiq edə bilmişik. Çox şadam ki, 2011-ci ildə beynəlxalq birlik tərəfindən bizə göstərilən inam Azərbaycan tərəfindən qorundu və hesab edirəm ki, il ərzində bu inam daha da artdı”.

Xüsusilə qeyd edilməli məqam ondan ibarətdir ki,  Azərbaycan bu mötəbər quruma  beynəlxalq birlik tərəfindən bizə olan inamın nəticəsində seçilmişdir.  Respublikamız ötən  il ərzində bu inamı həqiqətən doğrulda bilmişdir. Çünki beynəlxalq aləmdəki dostlarımızın və tərəfdaşlarımızın fikrincə, Azərbaycan etibarlı tərəfdaşdır, bütün məsələlərlə bağlı öz mövqeyinə malikdir.  Respublikamızın  mövqeyi isə  ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Biz bu mövqeyin ədalətli olmasını bir də onda görürük ki,  2012-ci il ərzində BMT-də bizi dəstəkləyən ölkələrin sayı artıb və sözümüzü deyənlərin kəmiyyəti kimi keyfiyyəti də müsbətə doğru dəyişilib.

  Əlbəttə, bu gün Azərbaycan öz inkişafının elə bir mərhələsini yaşayır ki, bizim Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən başqa heç bir problemimiz yoxdur. Yəni bu münaqişədən başqa mövcud olan bütün problemlərimizi özümüz həll etmişik. Zaman göstərir ki, beynəlxalq aləmdəki ikili siyasət yeridən təşkilatların və ayrı-ayrı siyasətçilərin istəyinin əksinə olaraq bu münaqişəni də Azərbaycan dövləti öz qüdrətini artırmaq yolu ilə, öz imkanları hesabına  həll edəcəkdir. Nazirlər Kabinetinin adıçəkilən iclasında Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirilən tədbirləri qiymətləndirərək demişdir: “...Keçən il beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində çox vacib qərarlar qəbul edilmişdir. Onların arasında Qoşulmama Hərəkatının zirvə görüşündəki yekun bəyannaməni mən xüsusilə qeyd etmək istəyirəm. Qoşulmama Hərəkatında dünyanın əksər ölkələri toplaşmışdır və Azərbaycan bu təşkilata bu yaxınlarda üzv olmuşdur. Buna baxmayaraq, iştirak etdiyimiz birinci zirvə toplantısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətə, beynəlxalq hüquq normalarına söykənən çox ciddi qətnamə qəbul edilmişdir. Orada da göstərilir ki, bu münaqişə yalnız ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu, hesab edirəm ki, bizim böyük siyasi və diplomatik uğurumuzdur. Bu, artıq başqa beynəlxalq təşkilatların bundan əvvəlki dövrdə qəbul edilmiş qətnamələrini daha da gücləndirir”.

Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan istənilən təşkilata və ya quruma üzv olandan dərhal sonra orada xüsusilə qeyd edilməli uğurlara imza atır. Məsələn, ölkəmiz Avropa Şurası üzvlüyünə qəbul ediləndən cəmi iki il sonra Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri deputat İlham Əliyev AŞPA sədrinin müavini və qurumun Büro üzvü seşilmişdi. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiləndən dərhal sonra dövlətimiz bu mötəbər beynəlxalq təşkilatda söz sahibinə çevrildi.  Cənab dövlət başçımızın da dediyi kimi Qoşulmama Hərəkatına üzv olduğumuz ilk ildəcə adıçəkilən qurum Azərbaycanın bir nömrəli və yeganə probleminin həllini tələb edən xüsusi sənəd qəbul etdi.  “Eurovision” mahnı müsabiqəsinə qatılmağımızdan həmin müsabiqənin qalibi olmağımıza qədər keçən dövrün azlığı da beynəlxalq aləmdə nümunə kimi göstərilir. Bu nümunələrin təməlini isə Azərbaycan- NATO əməkdaşlığının başlanması zamanı qoymuşduq. Ölkəmiz 1994-cü ilin may ayında NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına üzv olandan dərhal sonra rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsinin imzalanmasına nail olmuşdu. Dövlət başçımız İlham Əliyev bu əməkdaşlığa daim böyük önəm vermişdir. Nazirlər Kabinetinin  adı çəkilən iclasında Azərbaycan - NATO əməkdaşlığına toxunan Prezident İlham Əliyev demişdir: “Eyni zamanda, keçən il NATO-nun zirvə görüşündə də buna oxşar qətnamə qəbul edilmişdir. Orada da göstərilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkələrin ərazi bütövlüyü əsasında öz həllini tapmalıdır. Qoşulmama Hərəkatı və NATO dünyanın əksər ölkələrini birləşdirir və beləliklə, dünya birliyinin mövqeyi birmənalıdır. Bu mövqe ədalətli və beynəlxalq hüquq normalarına əsaslanan mövqedir. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik. Dağlıq Qarabağla bağlı gedən danışıqlar Ermənistanın qeyri-konstruktiv yanaşması səbəbindən indi dondurulmuş vəziyyətdədir. Ancaq prinsiplər var ki, biz bu prinsiplərdən bir addım geri çəkilməyəcəyik. Bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. İşğal edilmiş bütün torpaqlardan işğalçı qüvvələr çıxarılmalıdır. Diplomatik və siyasi əsaslar əlbəttə ki, bizim mövqeyimizi gücləndirir. Bizim mövqeyimiz həm hüquqi, həm siyasi cəhətdən sarsılmazdır”.

Dövlət başçımız adıçəkilən məsələyə münasibət bildirərkən ulu öndər Heydər Əliyevin mövqeyini davam etdirir. Belə ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması ilə bağlı mövqe bildirən ulu öndər Heydər Əliyev xəbərdarlıq edirdi ki, bu məsələdə Azərbaycanın istədiyi ədalətli mövqeyə nail olmaq üçün yeganə çıxış yolu qüdrətli Azərbaycan Respublikası yaradılmasıdır. Zaman sübut edir ki, Heydər Əliyev bütün digər məsələlərdə olduğu kimi, həmin məsələdə də tamamilə haqlıdır. Bu məsələyə Prezident İlham Əliyevin münasibətinə diqqət yetirək: “Eyni zamanda, iqtisadi gücümüz, hərbi gücümüz də yerindədir. Biz bu gücü artırırıq. Əminəm ki, Ermənistanda məsələyə real prizmadan yanaşan qüvvələr açıq-aydın dərk edirlər ki, Azərbaycan ilə bu münaqişə və bu rəqabət onlara heç də yaxşı nəticələr vəd etmir, əksinə onlar getdikcə bu mübarizədə uduzurlar. Həm beynəlxalq müstəvidə, həm beynəlxalq təşkilatlar çərçivəsində, eyni zamanda, bölgədə gedən proseslər mövqeyimizi gücləndirir. Bu gün Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır və bizim gözəl gələcəyimiz vardır. Ermənistanın iqtisadiyyatı tənəzzülə uğrayır. Mən bu barədə bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, bu ölkənin gələcəyi böyük sual altındadır. Çünki onların işğalçı siyasəti özlərini bu vəziyyətə qoyubdur. Nə qədər ki, bu münaqişə davam edəcəkdir, onların vəziyyəti daha da ağırlaşacaqdır. Biz isə öz növbəmizdə bütün imkanlardan istifadə edib gələcəkdə də Ermənistanı sıxışdırmalıyıq. Onları onsuz da bütün layihələrdən təcrid etmişik. Bu siyasət davam etdiriləcəkdir. Buna nail olmaq üçün bütün imkanlardan istifadə edəcəyik. Biz siyasi, diplomatik, iqtisadi və hərbi imkanlardan istifadə edə bilərik və lazım gələrsə istifadə edəcəyik ”.

Təbii ki, ölkənin yeganə problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll yollarının əldə  edilməsi  bizim xarici siyasətimizin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Xarici siyasətdə uğurlara nail olmaq üçünsə ilk növbədə yuxarıda qeyd etdiyimiz kimi, ölkənin  iqtisadi qüdrəti və güclü ordusu formalaşdırılmalıdır. Bu bir həqiqətdir ki, ordu quruculuğu məsələsi Prezident İlham Əliyevin gündəlik fəaliyyətinin bir nömrəli məsələsidir. Dövlət büdcəsindən ən çox vəsait ayrılan birinci sahə məhz ordu quruculuğudur. Prezident bu məsələni daim diqqət mərkəzində saxladığını həmişə olduğu kimi yenə də dilə gətirir: “Ordumuzun gücləndirilməsi üçün böyük tədbirlər görülmüşdür, böyük sayda texnika, silah-sursat alınmışdır, infrastruktur yaradılmışdır. Keçən il ümumi hərbi xərclərimiz üç milyard dollardan çox idi. Bu il büdcəmizdə hərbi sahəyə ayrılan ümumi xərclər 3,7 milyard dollar səviyyəsindədir. Müqayisə üçün deyim ki, Ermənistanın ümumi büdcəsi iki milyard dollardan azdır. Əlbəttə, bu, bizə yeni imkanlar yaradır. Biz bu imkanlardan da istifadə edəcəyik”.

Bir sözlə, Azərbaycanın yeritdiyi  xarici siyasət kursu,  hər il olduğu kimi, 2012-ci ildə də  uğurlu nəticələrlə dostlarımızı sevindirib bədxahlarımızı məyus etdi. Əminik ki, bu uğurlar 2013-cü ildə daha genişmiqyaslı olacaq və xalqımızın illərdən bəri gözlədiyi nəticəni verəcək - Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həll edilməsi istiqamətində daha böyük addımlar atılacaqdır.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında