Demokratiya pərdəsi arxasında gizlənənlər və ya iflasın başlanğıcı

 

Son zamanlar bəzi daxili və xarici qüvvələr Azərbaycanda 2013-cü il Prezident seçkiləri öncəsi ictimai-siyasi duruma təsir etmək məqsədilə fəallaşıblar. El arasında “Sorosun uşaqları” kimi tanınan, Qərbdə öz fəaliyyətini təhrikedici intriqalar üzərində qurmuş fond və institutların qəpik-quruşuna göz dikən bir sıra yerli QHT-lər və siyasi partiyalar, adını hüquq müdafiəçisi qoyub özlərini cəmiyyətə ədalət etalonu kimi təqdim edənlər bütün işlərini kənara qoyub ölkədə hakimiyyət və xalq münasibətlərinin sanki katalizatoruna çevrilərək ürəkbulandırıcı bəyanatlar, fikirlər səsləndirir, heç bir məntiqə və həqiqətə sığmayan mülahizələr yürüdürlər.

Kim deyir ki, Azərbaycana müxalifət lazım deyil? İstənilən ölkədə, hətta ən inkişaf etmiş dövlətlərdə də müxalifət olmuş və iqtidarla ortaq dil tapma və bir-birini arqumentlərlə təqib etmə həmin ölkənin inkişafına zəmin yaratmışdır. Keçmiş SSRİ-də yeganə olaraq Kommunist Partiyası hakim idi və hər hansı müxalifət partiyasının mövcudluğundan söhbət gedə bilmədi. Hazırkı müasir dünyamızdada bu cür dövlətlərə rast gəlmək mümkündür. Hüquqi, demokratik dəyərləri özünə dövlət modeli götürən respublikamızda isə çoxpartiyalı sistem mövcuddur.

Bu gün ölkəmizdəki iqtisadi inkişaf, paytaxt Bakı da daxil olmaqla regionlarımızda aparılan yenidənqurma işləri müxtəlif qüvvələri narahat edir, hakimiyyətə gəlmək və xalqın müəyyən elektoratını cəlb etmək üçün “bəhanə qıtlığı” yaşadıqlarından qeyri-obyektiv mövqe sərgiləyir və düşmən dəyirmanına su tökürlər. Ən acınacaqlısı da odur ki, torpaqlarımızın 20 faizinin işğal altında, milyondan artıq qaçqın və məcburi köçkünün olduğu bir vaxtda özünü müxalifət adlandıran bəzi qüvvələr ümummilli məsələlərdə dövlətimizlə birgə mövqe nümayiş etdirmək əvəzinə düşmənlərlə hansısa mürtəce dialoqa getməyə cəhd göstərir, milli maraqlarımıza xəyanət edirlər. Adını hüquq müdafiəçisi, “vətənpərvər” qoyan bu cür insanlar bilməlidirlər ki, müasir dünyamızda bir çox xalqlar var ki, düşmənlə dialoqun nə olduğunu bilmir və ümumiyyətlə qəbul etmir. Azərbaycan xalqı isə tarixən sülhə və sabitliyə nail olmaq üçün hətta düşmənlə də dialoqa getməyi bacarmışdır. Bu xalqımızın müdrikliyindən irəli gəlmişdir. Baxmayaraq ki, bu müdriklik xalqımıza tarixən baha başa gəlmişdir. Lakin indiki durum prinsipiallıq tələb edir və böyük torpaq itgiləri ilə qarşı-qarşıya qalan, çoxsaylı günahsız insanları ermənilər tərəfindən məhv edilən bir xalqın və dövlətin düşmənlə dialoqa getməsi mümkün deyil və bu zəifliyin göstəricisidir. Şəhidlərinin “tökülən qanı hələ də qurumayan” xalqımızın pozulmuş hüququ bərpa edilməyənə qədər hansı dialoqdan, hansı iş birliyindən söhbət gedə bilər? Məgər bunu əvvəlcə özünü hüquq müdafiəçisi adlandıran insan anlamalı deyilmi? Axı bu insan özünü hamıdan ağıllı və “ədalət” təəssübkeşi kimi qələmə verir. Yəqin ki, söhbətin Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusdan getdiyini hər kəs anladı. Bu günə qədər fəaliyyəti ilə heç bir normal təklif ortaya qoymayan, daim paranoik bəyanatlar verən, ölkəmizdə inkişafın olmadığını, demokratiyanın pozulduğunu dünyaya car çəkən bu qadın həmişə ermənipərəst mövqeyi ilə tanınmışdır.

Leyla Yunusun qeyri-milli fəaliyyəti o həddə çatmışdır ki, AŞPA-da Azərbaycana müsbət münasibəti ilə seçilən deputatlara qarşı kampaniya aparır və iddia edir ki, Azərbaycan hökuməti bu deputatları pulla almışdır. Nə qədər məsuliyyətsiz ittihamdır. Sözsüz ki, guya demokratiya keşikçisi olduğunu zənn etməklə ölkəsinin imicinə qarşı bu cür mövqedə dayanmaq heç bir hüquqi və mənəvi əsası olmayan saxta ittihamdır.

İndi də öz ənənəvi fəaliyyətindən əl çəkməyən bu “hüquq” müdafiəçisi daha bir “yeniliyə” imza atmaq fikrinə düşmüşdür.   Artıq hamıya məlumdur ki, Ermənistanın “Region” araşdırma mərkəzi və Azərbaycandakı Sülh və Demokratiya İnstitutu Böyük Britaniyanın Azərbaycandakı və Ermənistandakı səfirliklərinin dəstəyi ilə  yeni layihə həyata keçirməyə başlayıblar.

Layihə çərçivəsində publicdialogues.info adlı sayt yaradılıb.   Sayt fəaliyyətə başlayan kimi azərbaycanlı və erməni jurnalistlər “İrs” partiyasının sədri Raffi Ovanesyandan müsahibə alıblar. Maraqlıdır ki, o, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib.

Raffi Ovanesyan Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasından, mehriban qonşuluq münasibətlərindən söz açıb. Nə qədər qəribə olsa da, müsahibədə iştirak edən azərbaycanlı jurnalistlər Raffi Ovanesyana münaqişə ilə bağlı sual verməyiblər. Yalnız Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı suallar veriblər. Əvvəla Leyla Yunusun belə mürtəce fəaliyyətindən öncə Ermənistan kimi separatçı bir dövlətin vaxtilə xarici işlər naziri olmuş Raffi Ovanesyana sual verən jurnalistlərin bisavadlığını və addımlarını qınamaq istərdim. Özlərini sanki erməni jurnalistlər kimi aparan bu insanlar heç nə olmamış kimi hərəkət etmiş və Raffi Ovanesyana münaqişə haqqında sual verməməklə onlarda şəxsiyyətin formalaşması mərhələsinin hələ də bitmədiyini sübut etmişlər. O ki qaldı Leyla Yunusa bu insanın antiazərbaycan mövqeyindən nə zaman çəkiləcəyini təsəvvür etmirəm. Onun adını eşitdiyim gündən fəaliyyətinin yalnız erməni sözü ilə yanaşı çəkildiyini görmüşəm. Azərbaycanda yaşayasan, bu xalqın çörəyini yeyəsən amma ermənilərin azərbaycanlılara qarşı çirkin mövqeyini görmək istəməyəsən, bunu millətinə xəyanətdən  savayı nəsə adlandırmaq ağılsızlıq olardı. Əslində Leyla Yunus artıq uzun illərdir ki, Azərbaycan xalqının çörəyini yesə də, Avropanın “Soros” tipli fondlarından bəhrələnmiş və həyatını bu istiqamətdə qurmuşdur. Çörəyinin pulunu bu xalqa xor baxmaqla qazanan Leyla Yunus üzərində yaşadığı torpağa və onun sahiblərinə də hörmət qoymur. Bu günlərdə AzərROS-un eks rəhbəri Söyün Sadıqov da belə bəyanatla çıxış etmişdi ki, gərək Qarabağ məsələsini və münaqişənin köklərini həll etmək üçün ermənilərlə dialoqa gedilsin. Nə qədər gülünc fikirdir. Söyün Sadıqova deyən lazımdır ki, hansı günümüzə yaraşır bu addım. İndi o sözü Leyla Yunusa da  demək olar. Bu insan öz ənənəvi mövqeyini şüurunda elə qəlibləşdirib ki, onu həmin mövqeydən daşındırmaq mümkün deyil. Adətən görmüşük ki, hansısa bir insan müqəddəslərə and içərək Vətəninə, xalqına həmişə bağlı olacağına, hansısa pis bir vərdişi tərgidəcəyinə söz verir. Bu normal haldır. Anormal hal odur ki, insan pis bir vərdişə düçar ola və ondan əl çəkməyəcəyinə and içə. Leyla Yunusun da öz yanlış və nifrətə səbəb olan mövqeyindən əl çəkməyəcəyi barədə sanki and içdiyinin şahidi oluruq. Azərbaycanlılarla ermənilər arasında dialoq yaratmağa cəhd göstərən, istənilən uğurumuza qarşı qara piardan istifadə edən bu adam öz  qərəzli və antiazərbaycan mövqeyi ilə həmişə iflasa uğramışdır. Xalqımız və dövlətimizin bu məsələdə mövqeyi həmişə bir olub və bir olacaqdır. Söyün Sadıqov, Leyla Yunus və digər anti-milli fəaliyyəti ilə seçilən ünsürlər bilməlidirlər ki, bu xalq yersiz dialoqlardan cana doymuşdur. Azərbaycan dövləti də həmişə xalqımızın yanında olmuş və olacaqdır.

İnsanlarımıza “azad cəmiyyət”, “demokratiya”, “ azad fikir” kimi gəlişigözəl sözlər deyən, əslində isə anarxiya, xaos və yalandan başqa heç nə təlqin etməyən Sülh və Demokratiya İnstitutu kimi qurumlar  müasir tariximizə qara ləkədir. Leyla Yunus kimi rəhbərliyində reallığı nəzərə almayan, siyasi səriştəsi, hüquqi biliyi, milli hissləri zəif olan birisinin təşkilatından bundan başqa heç nə gözləmək olmaz. Buna görə də hər bir azərbaycanlının ürəyini bulandırır. Düşünürəm ki, bu fəaliyyəti ilə onlar heç vaxt uzağa gedə bilməyəcəklər.

 

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında