“Dumanlı Albion” adaya çəkilir?

Avrozonada borc böhranı dərinləşdikcə Avropa Birliyində təşkilatın gələcəyi ilə bağlı proqnozlar da qara çalarlar alır. İngilislər isə daha konkret addım atmaq barədə danışırlar. Böhran fonunda “Köhnə dünya”ya münasibətini mənfiyə doğru dəyişən Böyük Britaniya rəsmiləri Avropa Birliyindən çıxmaq barədə təklifə müsbət reaksiya göstərirlər.

Baş nazir Devid Kemeronun son bəyanatı da belə güman etməyə əsas verir ki, nə vaxtsa bütün ölkələrin üzv olmağa can atdığı təşkilat qitənin ən güclü dövlətlərindən birini itirmək perspektivilə üz-üzədir.

Öncə qeyd etmək vacibdir ki, Avropa Birliyinin yaradılması haqqındakı sənəddə hər bir ölkənin təşkilatı tərk etmək hüququnun olduğu qeyd edilir. Lakin indiyədək yalnız bir ölkə – Norveç 1973-cü ildə bu hüquqdan yararlanmışdı. Maraqlıdır ki, həmin ildə də Böyük Britaniyanın təşkilata üzvlük məsələsi müsbət həll olunmuşdu. İndi tam 40 ildən sonra avrozonada böhran haqqında aparılan müzakirələr fonunda britaniyalı siyasətçilər, o cümlədən iqtidar partiyasının nümayəndələri mütəmadi olaraq Avropa Birliyindən çıxmaq barədə danışırlar. Ötən birinci gün isə ölkənin Baş naziri Devid Kemeron İcmalar Palatasının deputatlarının suallarına cavab verərkən bildirdi ki, rəsmi London Avropa Birliyindən ayrılmağın mümkünlüyünü istisna etmir.

Baş nazirin üzvlüklə bağlı son sözləri nəinki Avropada, hətta okeanın o tayında da narahatlıq doğurdu. Qərb mətbuatı yazır ki, rəsmi Vaşinqton Avropa Birliyində güclü Böyük Britaniyanın olmasının ABŞ-ın mili maraqlarına cavab verdiyini açıqladı. Avropa ölkələrinin ümumi rəyini əks etdirən Brüssel isə xəbərdarlıq etdi ki, Britaniyanın ayrılması anqlosaks əməkdaşlığında mənfi nəticələr doğura bilər. Britaniyanın “The Telegraph” qəzetisə videokonfrans zamanı ABŞ Prezidenti Barak Obamanın üzvlük məsələsində Devid Kemeronu tələsik addımlardan çəkinməyə çağırdığını iddia edir. Britaniya müxalifəti də Baş nazirin məlum münasibətini tənqid edərək, Avropa Birliyində qalmağın ölkənin mili maraqlarına cavab verdiyini vurğulayır.

Amma mütəxəssislər deyirlər ki, Baş nazir Devid Kemeron ölkə seçicilərinin Avropa Birliyinə olan münasibətlərinin mənfiyə doğru dəyişməsini nəzərə alaraq belə bir mövqe nümayiş etdirir. Doğrudan da, son aylar britaniyalıların kontinental Avropaya inamlarının azaldığı müşahidə olunur. Bu tendensiyanın xüsusilə də ölkənin kicik şəhər sakinləri və yaşlı nəsil nümayəndələri arasında müşahidə edildiyi bildirilir. Ötən bazar günü açıqlanmış rəy sorğularının nəticələri də göstərir ki, “ada sakinləri” arasında kontinentdən uzaqlaşmaq istəyənlərin sayı artır. Belə ki, rəyi soruşulanların 14 faizi gözlənilmədən Müstəqil Böyük Britaniya Partiyasını (MBBP) dəstəklədiyini açıqladı. Populist şüarlarıyla siyasi səhnəyə atılan bu partiya Avropa Birliyini tərk etməyə çağırır. MBBP-nin liderləri deyirlər ki, Avropa Birliyini tərk etdikdən sonra birlik üzvlərilə azad ticarət barədə müqavilə imzalamağı düşünürlər.

Ancaq politoloqlar ümid edirlər ki, müzakirələr çox da uzağa getməyəcək. Çünki ölkənin siyasi və biznes elitası Britaniyanın birlikdən ayrılmasını məqsədəuyğun saymır. Siyasi müşahidəçilər qeyd edirlər ki, Böyük Britaniyanın indiki statusunu dəyişdirmək üçün Avropa Birliyilə  bir sıra razılaşmaları ləvğ etmək lazım gələcək. Belə bir addımların da “Dumanlı Albion”nun xeyrinə dəyişəcəyinə heç kim zəmanət verə bilməz. Bəzi analitiklər də əmindirlər ki, üzvlüyünə xitam verməklə Britaniya kontinental Avropada təsirinin böyük hissəsini itirmiş olacaq. Buna görə də, rəsmi London Avropa Birliyində üzvlük məsələsinə dair mümkün referendumun 2015-ci ildə keçiriləcək parlament seçkilərinədək təxirə salmağa ümid edir. Hər halda Baş nazir Devid Kemeronun gələn ay edəcəyi proqram nitqindən sonra Britaniyanın kontinental Avropa ilə gələcək münasibətlərinin yaxın illər ərzində necə olacağı barədə konkret fikir söyləmək mümkün olacaq. 

Səbuhi MƏMMƏDOV,  “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında