Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi

“Bakı Biznes Mərkəzi” MMC-nin “Quba-Xaçmaz Regional İnkişaf Mərkəzi” filialında (Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində) təşkil edilmiş biznes inkubator üçün iştirakçıların seçilməsi məqsədilə

MÜSABİQƏ ELAN EDİR

 

Biznes inkubatorun təşkil edilməsinin başlıca məqsədi Quba-Xaçmaz iqtisadi rayonunda gənclərin sahibkarlıq təşəbbüsünün dəstəklənməsindən, yeni biznes və məşğulluq imkanlarının yaradılmasından, sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsindən ibarətdir.

Biznes inkubatorun fəaliyyətinin əsas istiqamətləri sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərə, habelə kiçik sahibkarlıq subyektlərinə fəaliyyətlərinin ilkin mərhələsində güzəştli şərtlərlə zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahənin ayrılması və onlara aşağıdakı xidmətlərin göstərilməsinin təşkilini təmin etməkdir:

· sistemli və davamlı maarifləndirmə tədbirləri;

· təsis sənədlərinin hazırlanmasında və sahibkarlıq subyekti kimi qeydiyyatında kömək göstərilməsi;

· investisiya layihələrinin, biznes planların işlənib-hazırlanmasında metodiki köməyin göstərilməsi;

· layihələrin maliyyə, iqtisadi və texniki ekspertizalarının aparılması;

· vergi, mühasibat uçotu, maliyyə-kredit, hüquqi yardım, sahibkarlığın inkişafı, biznes planların tərtibi ilə bağlı sistemli və davamlı konsaltinq və informasiya xidmətlərinin təşkili;

· marketinq fəaliyyətinin, həmçinin sərgilərin təşkilində və keçirilməsində metodiki köməyin göstərilməsi;

· biznes inkubatorun iştirakçılarına maliyyə mənbələrinə (banklar, kredit təşkilatları, investisiya fondları, vençur kapitalı və s.) olan tələbatının ödənilməsi məqsədi ilə köməyin göstərilməsi;

· investorların axtarılmasında və potensial biznes tərəfdaşları ilə əlaqələrin qurulmasında köməyin göstərilməsi;

· inzibati və hüquqi problemlərin həllində kömək göstərilməsi;

· müxtəlif çap məhsullarının, kitab və jurnalların, bukletlərin tərtibində və yayılmasında köməyin göstərilməsi;

· sahibkarların və sahibkarlıq fəaliyyətinə başlamaq arzusunda olan gənclərin sahibkarlıq sahəsində bilik və bacarıqlarının, təhsil səviyyələrinin artırılmasında yardımçı olmaq, treninq, peşə hazırlığı xidmətlərinin təşkili;

· yeni texnologiyalar, habelə onların tətbiqi və istifadəsi ilə bağlı informasiya təminatının həyata keçirilməsi;

· informasiya resurslarına çıxışın təmin edilməsi;

· elektron xidmətlərin tətbiqi barədə məlumatlandırma və istifadə imkanlarının yaradılması;

· sahibkarlıq subyektlərinin inkişaf potensialının və prioritetlərinin müəyyən edilməsinə kömək göstərilməsi;

· sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün qanunvericiliklə qadağan olunmayan digər xidmətlərin təşkili.

Müsabiqənin keçirilməsi

Müsabiqənin təşkilinin məqsədi namizədlər arasında biznesin təşkili və idarə edilməsi, işgüzar əlaqələrin yaradılması sahəsində bilik səviyyəsinin, praktiki bacarıqlarının, ümumi dünyagörüşünün və zəruri olan digər keyfiyyətlərinin müəyyən edilməsi, biznes ideyaların, biznes planların, biznesin yaradılması və təkmilləşdirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin qiymətləndirilməsidir.

Müsabiqə biznes inkubatorun məqsədlərinə uyğun olaraq namizədlərin iştirak etmək üçün zəruri keyfiyyətlərə malik olmasını müəyyən etmək məqsədi ilə sualların, tapşırıqların verilməsi və namizəd tərəfindən həmin sualların cavablandırılması, namizədin dinlənilməsi, müsabiqə komissiyası üzvləri tərəfindən müşahidənin aparılması və ehtiyac olduqda qısa izahların verilməsi yolu ilə həyata keçirilir.

Müsabiqə sənədlərin qəbulu başa çatdıqdan sonra 10 təqvim günü ərzində keçirilir.

Müsabiqənin keçirildiyi vaxt və yer barədə ən azı 5 təqvim günü əvvəlcədən namizədlərə məlumat verilir. Müsabiqə elan olunmuş vaxtda komissiyanın müəyyən etdiyi yerdə keçirilir. Müsabiqəyə gələnlər şəxsiyyətini təsdiq edən sənədi də özləri ilə gətirməlidirlər.

Müsabiqə müsahibə (söhbət) formasında hər bir namizədlə fərdi qaydada, Azərbaycan Respublikasının dövlət dilində və azı 30 dəqiqə keçirilir.

Müsabiqənin keçirilməsi üçün iqtisadiyyat və sənaye nazirinin əmri ilə müsabiqə komissiyası təşkil olunur. Komissiyanın işi qanunçuluq, obyektivlik, bərabərlik, şəffaflıq, aşkarlıq və peşəkarlıq prinsipləri əsasında təşkil edilir. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayı yolla komissiyanın işinə təsir, qanunsuz müdaxilə yolverilməzdir. Komissiya zərurət olduğu hallarda səlahiyyətlərinə aid olan məsələlərlə əlaqədar iclas keçirir. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə komissiya üzvlərinə qabaqcadan məlumat verilir. Komissiyanın iclaslarına bir qayda olaraq sədr, sədr olmadıqda, sədr müavini, o olmadıqda isə komissiya üzvlərindən biri rəhbərlik edir.

Komissiyanın ümumi tərkibinin azı 2/3 hissəsinin iştirak etdiyi iclas səlahiyyətli sayılır. Komissiyanın iclaslarında baxılan məsələlər üzrə qərarlar açıq səsvermə və səs çoxluğu ilə qəbul edilir. Komissiyanın sədri sonuncu səs verir və səslər bərabər olduqda onun səsi həlledicidir. Qərarlar iclaslarda iştirak edən bütün komissiya üzvləri tərəfindən imzalanır. Komissiya üzvlərinin xüsusi rəyi olduqda rəy qərara əlavə edilir.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:

Müsabiqədə Quba-Xaçmaz iqtisadi rayonuna daxil olan inzibati rayonlarda yaşayan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizəd aşağıdakı sənədləri komissiyaya təqdim etməlidir:

· müsabiqədə iştirak etmək haqqında ərizə;

· şəxsiyyəti təsdiq edən sənədin surəti;

· müvafiq təhsilə malik olmasını təsdiq edən sənədin surəti;

· əmək kitabçasının surəti (mövcud olduğu halda);

· fərdi sahibkar və ya hüquqi şəxs kimi vergi orqanlarında qeydiyyata alınmasına dair şəhadətnamənin surəti (mövcud olduğu halda);

· biznes plan.

Sənədlər müsabiqə haqqında rəsmi elan dərc edildiyi gündən 1 ay müddətində qəbul olunur. Müəyyən müddətdə və müsabiqə sənədlərinin rəsmiləşdirilməsi qaydalarına uyğun təqdim olunmuş sənədlər komissiya tərəfindən hər hansı istisnaya yol verilmədən qəbul edilməlidir.

Namizədlərin təqdim etdiyi sənədlər (məlumatlar) komissiyanın katibi tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada yoxlanılır.

Namizədlər:

· müsabiqənin keçirildiyi yerə müəyyən edilmiş vaxtda gəlməli;

· suallara aidiyyəti üzrə və mümkün qədər qısa müddət ərzində cavab verməyə çalışmalı;

· üzrlü səbəb olmadan müsabiqənin keçirildiyi otağı tərk etməməli və rabitə vasitələrindən istifadə etməməlidir.

Namizəd müsabiqənin keçirildiyi yerə müəyyən vaxtda üzrsüz səbəbdən gəlmədikdə müsabiqə komissiyasının üzvləri tərəfindən onun müsabiqədə iştirak etməməsi barədə akt tərtib edilir.

Namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi

Söhbətin nəticəsi üzrə ən yüksək bal 25-dir. Komissiya üzvləri arasında söhbətlə bağlı fikir mübadiləsi aparıla bilər. Suallar və cavablar komissiyanın üzvləri tərəfindən bal cədvəlinə yazılır və qiymətləndirilərək komissiyanın sədrinə təqdim edilir. Söhbət zamanı namizədin verdiyi hər cavab komissiyanın hər bir üzvü tərəfindən qiymətləndirilir. Hər bir sual üzrə ən yüksək bal 5, ən aşağı bal isə 2 olmalıdır. Komissiya üzvlərinin verdiyi qiymətlər toplanaraq söhbətdə iştirak edən komissiya üzvlərinin sayına bölünür. Söhbətin nəticələri üzrə 15 və daha çox bal toplamış namizəd müsabiqədən müvəffəqiyyətlə keçmiş sayılır.

Müsabiqənin nəticəsi müsabiqənin keçirildiyi tarixdən etibarən 5 təqvim günündən gec olmayaraq İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmi internet saytında elan olunur.

Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən biznesin təşkili və idarə edilməsi sahəsində təcrübəyə, habelə xarici dil və kompüter biliklərinə malik olanlara, biznes ideyaları, biznes planları, biznesin yaradılması və təkmilləşdirilməsi istiqamətində səmərəli təkliflərlə çıxış etmiş namizədlərə üstünlük verilir.

Komissiya müsabiqənin nəticələri üzrə namizədin biznes inkubator üçün iştirakçı qəbul olunması və ya olunmaması barədə iki qərardan birini qəbul edir.

Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlə biznes inkubatora qəbul olunması barədə müqavilə imzalanır.

Komissiyanın qərarlarından razı olmayan namizədlər nəticələr nazirliyin rəsmi internet saytında yerləşdirildiyi gündən 5 iş günü müddətində nazirliyə inzibati qaydada şikayət edə bilərlər. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.

Müsabiqədən müvəffəqiyyətlə keçən namizədlərin sayı biznes inkubatorda mövcud olan yerlərin sayından artıq olarsa, biznes inkubator üçün iştirakçı qəbul edilməyən namizədlər ehtiyat siyahısına daxil edilir və boş yer yarandıqda iştirakçı qəbul edilirlər. Biznes inkubatorda iştirak etməkdən imtina edən namizədlər ehtiyat siyahılarından çıxarılırlar.

Sənədlər aşağıdakı ünvanda qəbul ediləcəkdir: Xaçmaz şəhəri, Bakı prospekti, 45, 4-cü mərtəbə, otaq 1, Bakı Biznes Tədris Mərkəzinin Xaçmaz nümayəndəliyi.

Sənəd qəbulu üzrə məsul şəxs Bakı Biznes Tədris Mərkəzinin Xaçmaz nümayəndəliyinin rəhbəri Polad Seyfəddinovdur. Tel: (02332) 6-83-12, (050) 323-22-96, e-mail: [email protected]

Ətraflı məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Bakı, A.M.Şərifzadə küçəsi, 172, 5-ci mərtəbə, otaq 402, Bakı Biznes Tədris Mərkəzinin Regionlarla iş və əlaqələndirmə şöbəsi. Tel: (012) 430-93-22, 430-36-86 (131),

e-mail: [email protected]

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi Bakı Biznes Tədris Mərkəzi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında