Ağır cinayətlər törətməkdə şübhəli bilinən mütəşəkkil cinayətkar dəstə ifşa edilib

Respublikanın daxili işlər və prokurorluq orqanları ölkə ərazisində bir sıra ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən daha bir təhlükəli mütəşəkkil cinayətkar dəstəni ifşa edib.

Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun mətbuat xidmətlərinin AzərTAc-a daxil olan birgə məlumatında bildirilir ki, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyiti tapılmış və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdı.

Polis və prokurorluq orqanlarının təcrübəli əməkdaşlarından ibarət qrup hadisə yerinə çıxmış və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri və müvafiq ekspertizalar həyata keçirilmişdi.

Araşdırmalarla müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilmiş Nurəddin Xəlilova, Müşfiq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl-zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.

Həmin tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedib, təxminən saat 04:00 radələrində üzlərinə maska taxaraq quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfiq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunub. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, “Vinçester” markalı tüfəng, “Revolver” tipli tapança, müxtəlif çaplı 40-dan çox patron, 25 qram heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapacaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanmış dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulmuş digər əşyalar götürülüb. 

 Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dəstə üzvlərinin ötən il martın 18-də və iyulun 18-də Bakı şəhər sakinləri Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri məlum olub. Həmçinin onların cari il yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus “VAZ-2106" markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə 1 ov tüfəngi oğurlamaları müəyyən edilib.

Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olub.

 Mütəşəkkil dəstənin digər üzvlərinin tapılıb tutulmaları istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında