Azərbaycan Respublikası Dövlət Neft Fondu
portfel idarəetmə və mühasibat sisteminin satınalınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən portfel idarəetmə və mühasibat sistemi üzrə proqram təminatının satınalınması məqsədilə açıq tender elan edir.
Tenderdə maliyyə texnologiyaları sahəsində xidmət göstərən və müxtəlif maliyyə alətləri üzrə reallaşdırılan çoxvalyutalı investisiyaların bütün mərhələlərində həyata keçirilən əməliyyatları əhatə edən, mühasibatlıq prosesini, gəlirliliyin ölçülməsi vasitələrini, xüsusi və fərdi hesabatlılığı dəstəkləyən, eyni zamanda mürəkkəb alətlərlə və strukturlarla işləyən müfəssəl portfel idarəetmə sistemini təklif edən şirkətlər (iddiaçılar) iştirak edə bilərlər.
ARDNF haqqında ümumi məlumat
Azərbaycan Respublikasının Dövlət Neft Fondu barədə məlumatlarla fondun saytında (www.oilfund.az) tanış olmaq mümkündür.
İnvestisiya portfeli haqqında qısa məlumat
31 mart 2014-cü il tarixə ARDNF-in maliyyə vəsaitləri təqribən 36,6 milyard ABŞ dollarına bərabərdir.
ARDNF-in investisiya siyasətinə əsasən investisiya portfelinin maliyyə alətləri üzrə bölgü aşağıdakı kimidir:
Sabit gəlirli qiymətli kağızlar – 80%
Səhmlər (özəl səhmlər daxil olmaqla) – 10%
Daşınmaz əmlak – 5%
Qızıl – 5%
İxtisas göstəricilərinə dair minimal tələblər:
Satınalma prosedurlarında iştirak etmək və satınalma müqaviləsinin icrasını təmin etmək məqsədilə iddiaçılar öz peşəkarlıqlarını, təcrübələrini, texniki və maliyyə imkanlarını təsdiq etməlidirlər. İddiaçıların ixtisas göstəricilərinə dair minimal tələblər aşağıdakı kimidir:
– investisiya fəaliyyəti sahəsində və vəsaitlərin həcminə görə ARDNF-ə oxşar olan institusional sərmayəçilərə və vəsaitlərin idarə edilməsi şirkətlərə portfel idarəetmə və mühasibat sistemi üzrə proqram təminatı xidmətlərinin təmin olunması sahəsində ən azı 3 (üç) illik təcrübəyə malik olmalıdır;
– beynəlxalq müştərilərin sayı 20-dən və xidmət göstərilən suveren fondların sayı 1-dən az olmamalıdır.
Tələb olunan sənədlər:
Tenderdə iştirak etmək istəyən maraqlı tərəflər 15 may 2014-cü il tarixdən gec olmayaraq elektron məktub və poçt vasitəsilə aşağıdakı sənədləri ARDNF-ə təqdim etməlidirlər:
1. Tenderdə iştirak etmək barədə ərizə (iddiaçıların tenderdə iştirak niyyətlərini təsdiq edən məktub)
2. Təşkilatın tam adı, hüquqi statusunu təsdiq edən sənədlərin surəti (təşkilatın nizamnaməsi, təşkilatın dövlət qeydiyyatı haqqında sertifikatı, qeydiyyat kitabından çıxarışı və sair)
3. Təşkilatın ötən ilin sonuna olan maliyyə vəziyyəti barədə bank tərəfindən təqdim edilmiş sənəd (və yaxud auditdən keçmiş sonuncu maliyyə hesabatı)
4. İxtisas göstəricilərini təsdiqləyən sənədlər (məlumat).
Əsas şərtlər toplusu:
Azərbaycan və ingilis dillərində hazırlanmış tenderin əsas şərtlər toplusu (ƏŞT) iddiaçılara tenderdə iştirak etmək barədə ərizə qəbul olunduqdan sonra təqdim olunacaqdır.
Təkliflərin təqdim olunması:
ƏŞT üzrə tender təklifləri 23 may 2014-cü il yerli vaxtla saat 17:00-dan gec olmayaraq bank zəmanəti (tender təklifinin 1%-i məbləğində) ilə birgə təqdim edilməlidir. Təkliflər Azərbaycan, AZ1000, Bakı şəhəri, Neftçilər prospekti, 24 nömrəli ünvanda yerləşən ARDNF-ə göndərilməlidir.
Tender prosedurlarının başlanması:
Tender təkliflərinin (zərflərin) açılışı 26 may 2014-cü il yerli vaxtla saat 11:00-da ARDNF-in Bakı şəhəri, Neftçilər prospekti, 24 nömrəli ünvanında yerləşən inzibati binasında keçiriləcəkdir.
Proqram təminatının quraşdırılması müddəti və yeri:
Proqram təminatının quraşdırılması üçün son müddət 18 aydır. Proqram təminatı xidmətləri ARDNF-in Bakı şəhəri, Heydər Əliyev prospekti, 111“A” və Azərbaycan prospektində yerləşən yeni inzibati binasında həyata keçiriləcəkdir.
Əlaqə:
ƏŞT ilə bağlı sual və sorğular ARDNF-in [email protected] elektron poçtu vasitəsilə tender komissiyasının üzvü Vadim Pşeniçniyə ünvanlana bilər
(telefon: +99412-498-77-53 (ext. 178),
fax: +99412-490-58-42).
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.