AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT NEFT ŞİRKƏTİ (ARDNŞ)
Sumqayıt şəhərində ARDNŞ-in azot gübrəsi-karbamid
istehsalı zavodunun tikintisi ilə bağlı layihənin idarəedilməsi və müstəqil təftiş xidmətlərinin satınalınması məqsədilə
AÇIQ TENDER ELAN EDİR:
I. Sumqayıt şəhərində (Bakı şəhərindən 35 km şimalda) təbii qaz əsaslı azot gübrəsi-karbamid zavodunun “açar təhvili” şərtilə tikintisi işləri (layihə) ARDNŞ tərəfindən keçirilmiş açıq tenderin nəticəsində 14 dekabr 2012-ci il tarixdə qalib elan edilmiş təcrübəli podratçı - Samsung Engineering Co., Ltd. şirkəti tərəfindən həyata keçiriləcəkdir.
Layihə gündəlik gücü 1200 (min iki yüz) ton olan ammonyak istehsalı zavodu və gündəlik gücü 2000 (iki min) ton olan karbamid istehsalı (karbamidin istehsalı, qranulyasiyası və qablaşdırılması bölmələrindən ibarət) zavodu birləşdirən vahid kompleksdən ibarət olacaqdır. Bununla yanaşı, layihənin özünü təmin etməsi üçün lazım olan bütün kommunal, kənar və infrastruktur vasitələrlə təchiz olunacaqdır. Mühəndislik, satınalma və tikintinin bütün mərhələlərində ARDNŞ-in məqsədlərinə çatmaq və layihənin uğurla həyata keçirilməsi və tamamlanması üçün podratçı və təchizatçılar tərəfindən öz öhdəliklərinin müqavilələrə, layihə xüsusiyyətləri və sənaye standartlarına, Azərbaycan Respublikasının mövcud qanun və qaydalarına uyğun və müəyyən edilmiş təhlükəsizlik, xərclər, cədvəl və keyfiyyət meyarları çərçivəsində icrası işlərinin idarə edilməsinə görə layihənin idarəedilməsi üzrə məsləhətçi (LİM) məsuliyyət daşıyacaq.
Layihəyə dair əsas layihələndirmə işlərinin 2013-cü il sentyabr ayında və tikinti işlərinin 18 fevral 2014-cü il tarixdən başlanmasını nəzərə alaraq, tikinti işlərinin başa çatdırılması 2016-cı ildə nəzərdə tutulur. LİM tərəfindən göstəriləcək xidmətlərə aşağıdakı öhdəliklər məhdudlaşdırılmadan daxil ediləcək:
- Podratçı, lisenziar və təchizatçılar tərəfindən hazırlanan layihəyə dair bütün sənədləri və planları təhlil etmək, qiymətləndirmək və öz rəylərini bildirmək;
- podratçının bütün layihə işlərinə nəzarət etmək, əsas icra göstəricilərinin yoxlanılması zamanı hədəflərə cavab verildiyinə əmin olmaq və müvafiq qaydada hesabatlar vermək;
- podratçının, sub-podratçıların və təchizatçıların fəaliyyətlərinin müntəzəm təhlillərini və auditlərini həyata keçirmək və müvafiq qaydada hesabatlar vermək;
- layihə ilə bağlı ümumi risklərin idarəedilməsini və azaldılması tədbirlərini həyata keçirmək;
- layihə qrafiki üzrə işlərin gedişinin monitorinqini aparmaq və ləngimələri minimumlaşdırmaq üçün lazımi tədbirlər görmək;
- müəyyən olunmuş tapşırıqlara əsasən və ARDNŞ tərəfindən tələb olunduğu hallarda təchizatçıların istehsal ərazilərində istehsal zamanı və sonrakı təftişi həyata keçirmək;
- ARDNŞ tərəfindən təklif olunduğu kimi Azərbaycanda istismar ərazisində quraşdırılma zamanı və ya quraşdırıldıqdan sonra ölkə daxilində təftişi həyata keçirmək.
II. Tenderdə son 10 ildə müsabiqənin predmeti üzrə beynəlxalq, o cümlədən xüsusilə Orta Şərq və keçmiş Sovet İttifaqı regionu üzrə iş təcrübəsi, zəruri maliyyə və texniki imkanları, kifayət səviyyədə təcrübəli işçi heyəti olan istənilən rezident və qeyri-rezident olan hüquqi şəxslər, yaxud hüquqi şəxslər birliyi iştirak edə bilər.
III. Dövlət mənsubiyyəti aşağıda qeyd olunmuş ölkələrdən olan şəxslərin iştirakına yol verilmir və belə ölkələrlə birbaşa bağlılığı olan təkliflərə baxılmır:
- Birləşmiş Millətlər Təşkilatı tərəfindən ticarət əlaqələrinin qurulması üzrə sanksiya mövcud olan ölkələr;
- ticarət münasibətlərinin qurulması ARDNŞ-in avrobondların buraxılması ilə əlaqədar götürdüyü öhdəliklərə xələl gətirə biləcək ölkələr;
- Azərbaycan Respublikası ilə müharibə şəraitində olan və ya onun suverenliyinə təhdid yaradan ölkələr;
- Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq müqavilələr üzrə ticarət münasibətlərinin qurulması məhdudlaşdırılan ölkələr.
Eyni zamanda, ARDNŞ-in etibarsız malgöndərənləri (podratçıları) hesab edilən və ya ARDNŞ-ə qarşı hər hansı gözlənilən məhkəmə işi və ya arbitraj mübahisəsi olan şəxslər iddiaçı qismində çıxış edə bilməzlər.
IV. Zərflərin açılışı 16 may 2014-cü il tarixdə, saat 15.00-da iddiaçıların və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə ARDNŞ-in Bakı şəhəri, Neftçilər prospekti, 73 nömrəli ünvanda yerləşən Baş ofisinin iclas zalında (2-ci mərtəbə) keçiriləcəkdir.
V. Tender Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq keçirilir. Tenderdə “iddiaçı” statusu almaq istəyən namizədlər aşağıdakı sənədləri Azərbaycan və ya ingilis dillərində təqdim etməlidirlər (elektron poçt və ya adi poçt xidməti vasitəsilə):
- Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə müvafiq bank sənədi;
- iddiaçının dövlət qeydiyyatı haqqında müvafiq sənədin notarial qaydada və ya apostil ilə təsdiq olunmuş surəti;
- iddiaçının nizamnaməsinin (əsasnaməsinin) notarial qaydada və ya apostil ilə təsdiq edilmiş surəti;
- vergi və sair icbari ödənişlərə dair borclarının olub-olmaması haqqında iddiaçının mənşə ölkəsinin və ya fəaliyyət göstərdiyi ölkənin vergi orqanları tərəfindən verilmiş arayış (sənədlərin təqdim edildiyi tarixə);
- ammonyak / karbamid zavodlarının tikintisi layihələrinin idarəedilməsi və müstəqil təftiş xidmətləri üzrə son 10 ildəki beynəlxalq iş təcrübəsi barədə məlumat. Konkret olaraq ammonyak və karbamid zavodlarının layihələndirilməsi, təchizat və tikintisi zamanı sifarişçilərə idarəedilmə xidmətinin, müvafiq məsləhətlərin verilməsi, nəzarət və təftişin həyata keçirildiyi layihələr barədə məlumat (sifarişçi, texnologiya lisenziarları, layihənin iş həcmi və icra olunduğu yer, icra cədvəli, subpodratçılar və s. barədə);
- müqavilə bağlamaq üçün səlahiyyətin olması barədə məlumat;
- son 3 ildəki maliyyə dövriyyəsi haqqında bank tərəfindən verilmiş arayış və bank rekvizitləri;
- son 3 ildəki maliyyə vəziyyətini əks etdirən, vergi orqanı və ya aidiyyatı digər fiskal orqan tərəfindən təsdiq olunmuş balansı;
- hazırda iddiaçının məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması və iddiaçı ilə əlaqədar icra olunmamış məhkəmə qərarının olub-olmaması barədə məlumat.
VI. Əsas şərtlər toplusunu (ƏŞT) əldə etmək üçün 10.000 (on min) avro məbləğində iştirak haqqı ARDNŞ-in aşağıda göstərilən bank hesabına köçürmə yolu ilə ödənilməlidir:
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
Azərbaycan, Bakı şəhəri, AZ 1000, Neftçilər prospekti, 73.
VÖEN: 9900003871
Müxbir Bank: Commerzbank AG, Frankfurt am Main
S.W.I.F.T: COBADEFF
Hesab # 400 88 660 3001
Benefisiar Bank: Beynəlxalq Bankın “Iba Premyer” Müştəri Xidmətləri
Nizami küçəsi, 67. Tel.: (+99450) 493-68-23
S.W.I.F.T.-Bik IBAZAZ2X
Hesab # AZ08IBAZ38110019789306332120 (AVRO)
İştirakçıların iddiaçı statusu almaq üçün ARDNŞ-ə ödədikləri iştirak haqqı heç bir halda geri qaytarılmır.
VII. İddiaçılar tender təklifləri ilə birlikdə, müqavilənin ehtimal olunan dəyərinin 2 %-i həcmində A- (Standard & Poor’s), və ya A3 (Moody’s), və ya daha yüksək dərəcəsi ilə London və Bakı şəhərlərində bank fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyata alınmış nüfüzlu beynəlxalq bank tərəfindən verilmiş tender təklifinin bank təminatını təqdim etməlidirlər. Tender təklifinin bank təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 iş günü etibarlı olmalıdır.
VIII. ARDNŞ satınalma prosedurları zamanı iddiaçının ixtisas göstəricilərini əks etdirən sənədlərin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada təsdiq olunmasını və rəsmiləşdirilməsini tələb edə bilər. ARDNŞ hər bir anda iddiaçının öz ixtisas göstəriciləri haqqında saxta məlumat təqdim etdiyini müəyyən edərsə, həmin iddiaçını tenderdən kənarlaşdıracaq.
IX. Elanın II və V bəndlərində qeyd olunan tələblərə cavab verdiyi müəyyən edilmiş potensial iştirakçılar ARDNŞ-lə məxfilik sazişləri bağladıqdan və tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən sənədi (məsələn, ödəniş tapşırığını) təqdim etdikdən sonra aşağıda qeyd olunmuş əlaqələndirici şəxsə yazılı şəkildə müraciət edərək 10 iş günü ərzində ƏŞT-nin Azərbaycan və ingilis dillərində elektron və ya çap olunmuş versiyasını əldə edə bilərlər. Bundan başqa bütün əlavə məlumat əldə etmək üçün həmin şəxslə əlaqə saxlanılmalıdır:
Əlaqələndirici şəxs:
ARDNŞ-in emal layihələrinin idarəedilməsi şöbəsinin rəisi Elməddin Dadaşov
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
Ünvan: Azərbaycan, Bakı şəhəri, AZ 1000, Neftçilər prospekti, 73.
Tel/Faks: +(994 12) 521 01 55; Mobil: +(994 50) 280 75 10
E-mail: [email protected]
X. ƏŞT Azərbaycan və ingilis dillərində tərtib olunmuşdur.
XI. Texniki və maliyyə xüsusiyyətləri və təcrübə baxımından ARDNŞ-in müəyyən etdiyi qiymətləndirmə meyarları üzrə kifayət qədər məzmun və keyfiyyət üzrə yüksək ballar toplayanlardan ən sərfəli tender təklifini təqdim edən iddiaçı tenderin qalibi elan ediləcəkdir. Texniki keyfiyyətin qiymətləndirilməsi zamanı üstünlük veriləcək meyarlara layihələndirmə, istismar hazırlığı və etibarlılığı və layihənin icrası daxildir. Təcrübə baxımından Orta Şərq və keçmiş Sovet İttifaqı regionunda ammonyak-karbamid istehsalı layihələri üzrə müvafiq təcrübə və əsas işçi heyətinin mövcud olmağı üzrə meyarlara, maliyyə keyfiyyəti üzrə isə qiymət və ödəniş şərtləri üzrə meyarlara üstünlük veriləcək. Bu barədə tenderin qalibinə müvafiq bildiriş göndəriləcək və onunla müqavilə bağlanılacaq.
XII. Tender təklifi bir əsli, iki surəti və bir elektron variantda surəti (diskə yazılmış) olmaqla möhürlənmiş ayrı-ayrı zərflərdə 15 may 2014-cü il saat 12.00-dək (Azərbaycan vaxtı ilə) Azərbaycan Respublikası, Bakı şəhəri, Neftçilər prospekti, 73 nömrəli ünvanda əlaqələndirici şəxsə təqdim olunmalıdır. Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan tender təklifləri zərfləri açılmadan qəbul edilmir və geri qaytarılır.
XIII. ARDNŞ ƏŞT-yə əlavələr və düzəlişlər etmək hüququna malikdir və bu barədə ƏŞT-ni almış bütün iddiaçılara müvafiq qaydada xəbər veriləcək.
ARDNŞ-in tender komissiyası
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.