“Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli sərəncamı ilə bağlı verilən tapşırıqların icrasının təmin olunması ilə əlaqədar İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu aşağıdakı sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə təkliflərin qəbulunu
E L A N E D İ R
1. Kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistik mərkəzlərin yaradılması üzrə:
- Bakı şəhərində tutumu 35 min ton, o cümlədən Qaradağ rayonunda tutumu 20 min ton, Binəqədi rayonunda 10 min ton, Nizami rayonunda 5 min ton;
- Sumqayıt şəhərində tutumu 13 min ton;
- Gəncə şəhərində tutumu 20 min ton;
- Şəki şəhərində tutumu 5 min ton;
- Kürdəmir rayonunda tutumu 10 min ton;
- İmişli rayonunda tutumu 5 min ton.
Logistik mərkəzlərin yaradılması üzrə minimal şərtlər:
- Logistik mərkəzlər yarısı soyuq hava anbarı olmaqla müxtəlif məhsulların fərqli şəraitdə saxlanması üçün ayrı-ayrı kameralardan ibarət olmaqla tikilməlidir;
- Bu mərkəzlərdə fermerlərin və eləcə də digər sahibkarların məhsullarını saxlaya və satışa çıxara biləcəyi bölmələr, məhsul yükləmə və boşaltma platformaları planlaşdırılmalıdır;
- Logistik mərkəzlərdə çeşidləmə və qablaşdırma infrastrukturu, inzibati bina, laboratoriya, elektron qiymət lövhəsi, informasiya və kommunikasiya sistemlərinə çıxış (internet və s.), işıqlandırma, havalandırma, tərəzi, tullantıların toplanma yeri və təmizlik sistemləri, təhlükəsizlik kamerası, giriş-çıxış nəzarət yeri, sanitar qovşaqlar, yük və minik avtomobilləri üçün avtopark və boş qutuların saxlandığı anbar yeri nəzərdə tutulmalıdır.
2. Müasir ət kəsimi müəssisələrinin yaradılması üzrə:
- Bakı şəhərində illik istehsal gücü 40 min ton, o cümlədən Qaradağ rayonunda illik istehsal gücü 20 min ton, Binəqədi rayonunda illik istehsal gücü 15 min ton, Sabunçu rayonunda illik istehsal gücü 3 min ton, Suraxanı rayonunda illik istehsal gücü 2 min ton;
- Sumqayıt şəhərində illik istehsal gücü 8 min ton;
- Abşeron rayonunda illik istehsal gücü 5 min ton;
- Xaçmaz rayonunda illik istehsal gücü 10 min ton;
- Kürdəmir rayonunda illik istehsal gücü 5 min ton;
- Salyan rayonunda illik istehsal gücü 5 min ton.
Müasir ət kəsimi müəssisələrinin yaradılması üzrə minimal şərtlər:
- Ət kəsimi müəssisəsində yüksək baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə uyğun keyfiyyətli ət və ət məhsullarının istehsalı təmin olunmalıdır;
- Ət və ət məhsullarının saxlanılması üçün soyuducu kameralar olmalıdır;
- Müasir tələblərə cavab verən qablaşdırma və laboratoriya avadanlıqları olmalıdır;
- Kəsiləcək heyvanlar kəsimdən əvvəl baytar həkim tərəfindən müayinə edilməlidir;
- Ekoloji mühitin qorunması məqsədilə tullantıların idarə edilməsi üçün müasir avadanlıqlarla təchiz olunmuş sistem qurulmalıdır.
3. Müasir meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə:
- Quba rayonunda illik emal gücü 50 min ton olan meyvə emalı (alma konsentratı istehsalı) müəssisəsinin yaradılması;
- Gəncədə, Yevlaxda və ya Bərdədə illik emal gücü 20 min ton olan meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması;
- Şəki şəhərində illik emal gücü 20 min ton olan meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması.
Müasir meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə minimal şərtlər:
- Emal müəssisəsinin yaradılması üçün seçilən ərazi əlverişli infrastruktura malik olmalıdır;
- Emal müəssisəsində müasir tələblərə cavab verən texnologiyaya uyğun avadanlıqlar quraşdırılmalı, tədarük və istehsal edilmiş məhsulun saxlanılması üçün müasir anbar kompleksi və laboratoriya olmalıdır;
- Xammal tələbatının ödənilməsi üçün müvafiq meyvə-tərəvəz sahələri və meyvə-tərəvəz istehsalçıları ilə sövdələşmələr olmalıdır.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]
Sahibkarlığa Kömək Milli Fondu
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.