Azərbaycan Respublikasının Baş Prokurorluğu prokurorluğa işə qəbulla əlaqədar müsabiqə elan edir

Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq prokurorluq orqanlarında müsabiqə yolu ilə işə qəbulun həyata keçirilməsi kadr korpusunun şəffaf prosedurlar əsasında formalaşmasının ən sivil və demokratik yoludur.

Bu yolla həyata keçirilən işə qəbul prokurorluğun kadr tərkibinin hərtərəfli biliyə və yüksək mənəvi keyfiyyətlərə malik, dövlətçilik ideyalarına sədaqətləri ilə seçilən gənc mütəxəssislər hesabına komplektləşdirilməsi üçün geniş imkanlar yaratmış, ölkə həyatının bütün sahələrində gənclərin əməyindən hərtərəfli istifadə olunması barədə dövlət başçısının verdiyi tapşırıqların icrası yolunda mühüm vasitə olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün  namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən 12 müsabiqə əsasında prokurorluq işçilərinin 52 faizini təşkil edən 553 gənc hüquqşünasın işə qəbul edilməsi həyata keçirilən uğurlu islahatların nəticəsidir.

Həmin islahatların davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 100 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən və prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən şəxslər aşağıda qeyd olunan sənədləri təqdim etməklə Baş Prokurorluğa  müraciət edə bilərlər:  Baş Prokurorluq tərəfindən müəyyən olunmuş formada ərizə, şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş surəti, tərcümeyi-hal və kadrların uçotuna dair anket (blanklar prokurorluqda verilir), 3x4 və 4x6 santimetr ölçülərdə, hər birindən 4 ədəd, ağ fonda fotoşəkil, hüquqşünaslıq ixtisası üzrə ali təhsil haqqında diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əsilləri və notariat qaydasında təsdiq edilmiş surətləri, əmək kitabçasının notariat qaydasında və yaxud iş yeri üzrə təsdiq edilmiş surəti, qeydiyyatda olduğu yaşayış yeri üzrə poliklinikadan (forma № 086) və ruhi-əsəb dispanserindən sağlamlıq barədə, narkoloji dispanserdən qeydiyyatda olub-olmaması barədə arayışlar, qeydiyyatda olduğu yaşayış yeri və ailə tərkibi haqqında arayış, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumunda qeydiyyatda olması və həqiqi hərbi xidmət keçməsi barədə arayış, hərbi biletin əsli və notariat qaydasında təsdiq edilmiş surəti.

Sənədlər Baş Prokurorluğun qəbul otağında (Bakı şəhəri, Nigar Rəfibəyli küçəsi, 7) 2013-cü il sentyabrın 2-dən oktyabrın 31-dək hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla)  10.00-dan saat  17.30-dək qəbul ediləcəkdir.

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlər ali hüquq təhsilinə və seçkilərdə iştirak etmək hüququna malik olmalı, Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməlidirlər.  Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılar prokurorluğa işə qəbul edilmirlər: ikili vətəndaşlığı olan şəxslər, digər dövlətlər qarşısında öhdəlikləri olanlar, din xadimləri, məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər, alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda), əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər,  əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırış yaşlı vətəndaşlar. Müsabiqənin test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar.

Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə kütləvi informasiya vasitələrində, o cümlədən Baş Prokurorluğun internet saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcəkdir.

Əlavə məlumat almaq üçün 437-28-56, 492-62-23, 492-63-62, 492-74-32 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında