İqtisadi İnkişaf Nazirliyi Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş “İqtisadi islahatların keçirilməsi ilə bağlı xərclər” üzrə vəsaitin məqsədyönlü və səmərəli istifadəsini təmin etmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin “İqtisadi islahatların həyata keçirilməsi ilə bağlı xərclər” maddəsində nəzərdə tutulan vəsaitdən istifadə olunması haqqında əsasnamə”nin 1.2-ci bəndində müəyyən olunmuş işlərin yerinə yetirilməsi ilə əlaqədar təkliflərin (sifarişlərin) qəbulu üzrə
MÜSABİQƏ ELAN EDİR
Təkliflər (sifarişlər) texniki tapşırıq formasında təqdim olunmalıdır.
Texniki tapşırıqda layihələrin qısa məzmunu, məqsədi, icra müddəti, xərclər smetası, idarə olunma sxemi, strukturu, rəhbəri və icraçıları barədə məlumatlar verilir.
Sifarişlər (layihələr) aşağıdakı tələblərə cavab verməlidir:
- Sifarişlər (layihələr) yuxarıda qeyd olunan əsasnamənin 1.2-ci bəndinə müvafiq aşağıdakı istiqamətlərə uyğun olmalıdır:
a) orta və uzun müddətli proqramların (layihələrin) və normativ sənədlərin hazırlanması:
- iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması;
-iqtisadiyyatda idarəetmə strukturunun təkmilləşdirilməsi;
- sənayedə struktur dəyişikliklərinin aparılması;
- maliyyə-bank, vergi və gömrük sisteminin təkmilləşdirilməsi;
- investisiya prosesinin fəallaşdırılması;
- təsərrüfat fəaliyyətinin yeni formalarının tətbiqi və inkişaf etdirilməsi;
- iqtisadiyyatın sosial sahəsində (əməyin ödənilməsi, pensiya təminatı və şəxsi sığorta, mənzil-kommunal təsərrüfatı sistemində, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində) islahatların aparılması;
- yanacaq-energetika kompleksinin inkişaf etdirilməsi;
- təbii inhisar fəaliyyətinin tənzimlənməsi;
- aqrar-sənaye kompleksinin inkişaf etdirilməsi;
- məşğulluq probleminin həll edilməsi;
- regional inkişaf və məskunlaşma;
- ixrac strukturunun təkmilləşdirilməsi və istehlak bazarının tənzimlənməsi;
- təsərrüfat fəaliyyətinin ətraf mühitə mənfi təsirinə yol verməməsi nəzərə alınmaqla təbii resurslardan səmərəli istifadə edilməsi;
- ticarətin və pullu xidmətlərin inkişafının tənzimlənməsi və s.
b) analitik təhlil və tövsiyələrin hazırlanması:
- sosial-iqtisadi inkişafın qiymətləndirilməsi, nəticələr və tövsiyələr;
- iqtisadiyyatın infrastrukturu da daxil olmaqla onun ayrı-ayrı sahələrinin inkişafının təhlili, nəticələr və tövsiyələr;
- bank sistemi fəaliyyətinin, pul tədavülünün və valyuta bazarının təhlili, nəticələr və tövsiyələr;
- iqtisadiyyata investisiya qoyuluşu prosesinin təhlili;
- özəlləşdirmə proqramının reallaşdırılması gedişinin və yekunlarının təhlili, nəticələr və tövsiyələr;
- iqtisadiyyatın bazar strukturları inkişafının təhlili və həmin prosesin optimallaşdırılması üzrə tövsiyələr;
- xarici iqtisadi əlaqələrin inkişafının təhlili;
- istehlak bazarının formalaşmasının təhlili, nəticələr və tövsiyələr;
- əhalinin ayrı-ayrı kateqoriyalarının həyat səviyyəsinin təhlili, nəticələr və tövsiyələr;
- ətraf mühitin ekoloji vəziyyətinin təhlili, nəticələr və tövsiyələr;
- Azərbaycanda iqtisadi dəyişikliklərin həyata keçirilməsi barədə zəruri məlumat-informasiya materiallarının və digər təcrübənin vaxtaşırı icmalının hazırlanması;
- dünya bazarının konyukturlarının təhlili, nəticələr, tövsiyələr və s.
c) kompyuter-texniki bazanın yaradılması, o cümlədən:
- zəruri avadanlığın və inventarın alınması, quraşdırılması, sazlanması və treninqi;
- informasiya təminatı sisteminin abonent mərkəzinin yaradılması;
- məlumat bazasının yaradılması (Azərbaycan Respublikasının və xarici ölkələrin qanunvericilik və başqa normativ aktlar, başqa ölkələr haqqında statistik informasiya və məlumatlar, dünya qiymətləri haqqında məlumat, xarici firmalar və şirkətlər haqqında informasiya və s.);
informasiyadan istifadə sisteminin yaradılması;
- zəruri proqram təminatının işlənib hazırlanması;
- kadrların öyrədilməsi və s.
- sifarişin (layihənin) dəyəri 50 (əlli) min manatdan çox olmamalıdır və icra müddəti 2013-cü ilin dekabr ayını keçməməlidir;
- sifarişdə (layihədə) tədqiqatın nəticələrinin istifadə olunmasını təmin edən mexanizmlərin (Azərbaycan Respublikası qanunlarının, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının və digər normativ hüquqi aktların) layihələrinin işlənilməsi də nəzərdə tutulmalıdır;
- müvafiq təklif sahəsində iddiaçıların praktiki təcrübəsi (əvvəllər yerinə yetirilmiş işlərin siyahısı və onların sifarişçiləri haqqında məlumat) olmalıdır;
- layihə inandırıcı və yüksək əsaslandırma səviyyəsinə malik olmalıdır;
- layihədə təklif olunan işlər hər hansı qrant və digər mənbələrdən maliyyələşdirilən layihələrin predmeti olmamalıdır.
İştirak etməkdə marağı olanlar təkliflərini (sifarişlərini) texniki tapşırıq formasında 2013-cü il yanvarın 18-dək saat 18.00-dan gec olmayaraq aşağıda göstərilən ünvana təqdim etməlidirlər:
Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 40.
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin iqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsi.
Tel.: 598-03-36;
493-88-67 (20-92, 21-78).
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.