"Embawood" şirkəti bu qurumun özünün yenilənmiş vizual obrazının təqdimetmə mərasimini keçirmişdir. Bildirilmişdir ki,yeni loqotip son illərdə şirkətin apardığı islahatları və müştəri yönümlü strategiyanı özündə birləşdirir. "Embawood"un baş direktoru Elşad Abbasov çıxışında demişdir ki, 2008-ci ildən etibarən şirkət dizayn sahəsinə böyük investisiya qoyuluşlarını reallaşdırmışdır.O bildirmişdir ki, bu istiqamətdə atılan addımların, qoyulan investisiyaların məqsədi "Embawood" şirkətini dünya mebel brendlərinin Azərbaycandakı təbliğatçısına çevirməkdir. Bu ilki mebel kolleksiyamız məhz həmin tələblərə tam cavab verir.
Natiq vurğulamışdır ki, "Embawood" brendinin yeni loqotipi üçün dizayn edilmiş şrift və bütövlükdə vizual obraz şirkətin ümumi ab-havasının, müasir düşüncə tərzinin təzahürüdür. Loqotipin "Emba" hissəsinin rəng baxımından dəyişməməsi şirkətin adət-ənənələrinə sadiq qalmasının simvoludur. "Wood" sözü isə şirkətin fəaliyyət göstərdiyi kateqoriyanı əks etdirir.
Elşad Abbasov demişdir ki, loqotipdə istifadə edilmiş yarpaq şirkətin insan sağlamlığına verdiyi dəyər, ekoloji cəhətdən təmiz məhsul istehsal etmək prinsipinin göstəricisi olaraq istifadə edilib. Brendin yenilənmiş xarici görünüşü ilə şirkət Azərbaycan bazarında müştərilərin bu qurumun məhsullarına marağını daha da artırmağı, həmçinin Azərbaycan mebelini xarici ölkələrdə daha geniş istehlakçı kütləsinə tanıtmağı qarşısına əsas məqsəd qoyub.
Elşad Abbasovun sözlərinə görə, bu özəl qurum 2010-cu ildə alman konsaltinq şirkəti ilə birgə mahiyyəti baxımdan yeni keyfiyyət sistemi layihəsini həyata keçirmişdir. Layihə çərçivəsində istehsal prosesinin hər bir mərhələsinə tətbiq edilmiş xüsusi nəzarət sistemi vasitəsilə uyğunsuzluqların sıfıra endirilməsinə nail olunmuşdur.
Həmin layihə ilə paralel satış şəbəkəsini də yeniləşdirmiş şirkət, istehlakçılarına konseptual baxımdan yeni həllər təqdim edir. Artıq "Embawood" mağazalarında yalnız mebel deyil, hazır ev mühiti əldə etmək mümkündür.
Xatırlatmaq istərdik ki, şirkət 1996-cı ildən fəaliyyət göstərir. Bazarda olduğu 15 il ərzində "Embawood" mağaza şəbəkəsi 10 ölkədə, fabrikləri isə Azərbaycan, Gürcüstan, Ukrayna və Türkiyədə fəaliyyət göstərir. Əlavə olaraq, Qazaxıstan və Gürcüstanda regional nümayəndəliklər mövcuddur. Azərbaycanda 60, Qazaxıstanda 25, Gürcüstanda 17 mağaza, dünyanın digər ölkələrində "Embawood" şirkətinə məxsus satış nöqtələri vardır. Eyni zamanda, 2010-cu ildən Azərbaycan bazarında Madeyra adlı ikinci brendlə çıxış edən şirkətin bu brend adı altında ölkə üzrə 50-dən çox mağazası fəaliyyət göstərir.
Şirkətin fabriklərində mebel istehsalı prosesinin hər bir mərhələsində xammal alışından başlayaraq məhsulların paketlənməsinə qədər bütün proseslər ciddi keyfiyyət nəzarətindən keçir. Belə yanaşmanın nəticəsidir ki, bütün mebel məhsullarına 2 illik zəmanət verilir.
"Embawood", eyni zamanda, pulsuz çatdırma və quraşdırma xidməti göstərir.İstənilən brend mağazasından 24 saat ərzində alınan mebel evlərə çatdırılır, xüsusi montaj qrupu tərəfindən isə operativ şəkildə və peşəkar səviyyədə ən qısa müddət ərzində quraşdırır.
-Mebelin ekoloji təmiz materialdan hazırlandığını necə yoxlamaq olar?Ümumiyyətlə, ekoloji cəhətdən təmiz mebel nə deməkdir?-sualına Elşad Abbasov belə cavab verdi:
-İstənilən istehsal sahəsində olduğu kimi, mebel sənayesində də Avropa Normaları (EN-European Norms) adlı beynəlxalq standartlar toplusu mövcuddur.Bu standartlar toplusuna əsasən, yonqar lövhələrdə sağlamlıq üçün potensial zərər daşıya biləcək formaldehid fenolu adlı maddənin istifadə həcmi məhdudlaşdırılır. Belə ki, həm ekoloji keyfiyyət, həm də sağlamlıq baxımından zərərsiz hesab edilən bütün yonqar lövhələr "E1"ekoloji keyfiyyət normasına cavab verməlidir.Şirkətimiz tərəfindən idxal edilən bütün xam material bu tələblərə cavab verir və müvafiq olaraq serfikatlaşdırilmışdır.
Elşad Abbasovun dediyinə görə, vizual olaraq ekoloji cəhətdən təmiz materialdan hazırlanmış mebeli ayırd etmək mümkün deyil. Çünki zahirən lövhələr bir-birindən fərqlənmir. Burada diqqəti çəkən əsas məqam mebelin qoxusudur. Ekoloji cəhətdən şübhəli olan xam materialdan hazırlanmış mebeldən kəskin, baş ağrıdıcı qoxu gəlir. Xüsusən də bu spesifik qoxu yay aylarında daha kəskin hiss olunur. Çox yüksək temperatur nəticəsində yonqar lövhənin tərkibindəki zərərli maddələr buxarlanaraq, otağın havasına hopur.Avropa Normalarına əsasən, belə zərərli maddələrdən istifadə qadağan edilmişdir.Beləliklə, mebel almazdan əvvəl mütləq dolab və siyirmələri, ümumiyyətlə, bütün qapaqlı yerləri açmaq, belə qoxunun olub-olmamasını yoxlamaq zəruridir.Qoxusu olmayan mebellər ekoloji cəhətdən təmiz və sağlamlıq üçün təhlükəsiz hesab edilir.
Təqdimat mərasimində xatırladıldı ki, şirkətin idxal etdiyi xammal materiallar Avropanın "E1" ekoloji keyfiyyət standartına cavab verir və müvafiq olaraq serfikatlaşdırılmışdır.Yumşaq mebeldə istifadə edilən parçalar antibakterialdır.Şirkət Azərbaycanda fəaliyyət göstərən 3 fabriklə yanaşı, özünün Keyfiyyət sınaq labopatoriyasını qurmuşdur.İdxal olunmuş xam material laboratoriyada həm fiziki, həm də tərkib baxımdan yoxlamadan keçmədən istehsala verilmir.
Cənubi Qafqazda regionun ən böyük mebel istehsalçısı olmaqla istehlakçılarına geniş çeşiddə digər istehsalçılara nisbətdə daha münasib qiymətə mebel təqdim edir.Qiymətlərin münasib olmasının əsas səbəbi isə mebel istehsalı zəncirinin bütün həlqələrinin tək əldə cəmlənməsidir.Xammal alışı prosesindən başlayaraq mebelin mağazalara çatdırılmasına qədər hər bir addım şirkət tərəfindən həyata keçirilir.
Şirkətin xidmətləri sırasında məhsullara 2 illik zəmanətlə yanaşı, 126 müştəri xidməti xətti, pulsuz çatdırılma və quraşdırma xidməti, eyni zamanda sərfəli kredit şərtləri mövcuddur.
Bütün mebel modelləri bu qurumun tədqiqat və təkmilləşdirmə qrupu tərəfindən dünya mebel trendinə əsasən eksklyuziv olaraq dizayn edilir.
Hər bir modelində alıcılara rahatlıq təqdim edən "Embawood" həm zahirən, həm də daxili proseslər baxımından yenilənərək, bu rahatlığı dünyanın müxtəlif ölkələrinə də təqdim etməyə başlamış,satış şəbəkəsinin genişləndirilməsi istiqamətində investisiya qoyuluşlarını davam etdirir.
Təqdimat mərasimində şirkətin əməkdaşları jurnalistlərin çoxsaylı suallarını cavablandırmışlar.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.