ZƏNGİBASAR: qan yaddaşımızın silinməz səhifəsi

Zəngibasar toponimi tarixi şəxsiyyət Zəngi ibn Mədudun hidronimləşmiş adı ilə bağlıdır. Tarixi mənbələrə görə, “Təxti-Süleyman”dan əvvəl Zəngi çayına Çıldırçay demişlər. Qızıl Arslanın dövründə “İrəvan Çuxuruna” vassal təyin edilən Zəngi adını bu çaya verib özünü əbədiləşdirməyə nail olmuşdur. Bəzi tədqiqatçıların gəldikləri qənaətə görə, Zəngi çayı başlanğıcını dəniz səviyyəsindən hündürlükdə yerləşən və qədim adı türk mənşəli “Çıldır” olan Göyçə gölündən götürüb aşağı axdıqca zəng səsi çıxarır. Elə bu çılğınlığına görə də ona “zəng” adı verilmişdir. Xatırlatmaq yerinə düşər ki, bu çay Ağrı dağı düzənliyindəki yatağından çıxaraq aşıb-daşır, ətraf düzənliyi su basır. Zəngibasar adının isə bununla bağlı olduğunu güman etmək olar.

Zəngi çayının balıq sərvəti çox olmuşdur. Çaydakı ala balıq isə bu sərvətin tacı sayılırdı. Ceyms Moriyer yazırdı ki, bu balıq Xəzər dənizindən gətirilən qızıl balığa bərabər tutulur. Göründüyü kimi, çayın sərvəti elə bu torpağın sərvəti qədər zəngindir. Zəngi çayından xüsusi kanallar vasitəsilə Zəngibasar bölgəsinin Zəhmət, Qaraqışlaq, Dəmirçilər, Rəhimabad, Mehmandar, Çobankərə, Ağca Qışlaq, Hacıelyas, Aşağı və Yuxarı Nəcili, Zəngilər, Şollu, Dəmirçi və Sarvanlar kəndlərinin əkin sahələri su ilə təmin olunurdu. Çobankərədən keçən kanal Xatın arxı ilə Eçmiədzin ərazisində birləşirdi. Xatın arxını isə 1670-1680-ci illərdə İrəvan hakimi Səfiqulu xanın arvadı Xatın xanım çəkdirmişdir. Məhz bu səbəbdən əhali həmin kəndləri Yuxarı və Aşağı Xatın arxı, suvarma kanalını isə Xatın arxı adlandırmışdır.

Daşnak Liberman və onun quldur dəstələri tərəfindən Gəncədə qətlə yetirilən tanınmış maarifpərvər və ədəbiyyatşünas, Qazax seminariyasının əsasını qoyan Firudin bəy Köçərli bu mahal haqqında yazırdı: “Zəngibasarda xeyli böyük və abad dehal (kənd—F.C.) və şenliklər vardır. Bu yerlərin əhalisi öz torpaqlarında pambıq, çəltik, buğda əkməklə və pambıq becərməklə yaxşı məhsullar götürürlər... Böyük Ağrının təpəsi həmişə qarla örtülü olub, onun üstündə ağaclar və hər qisim çiçəklər və ələfiyyat bitib göyərir”.

Göyçə gölü üç dağın arasında yerləşir və hazırda bu gölün dörd adı var: Çıldır, Geğam, Seyvan və Göyçə gölü. 4-cü əsrdə azəri türkləri (atəşpərəstliyi), 7-ci əsrdə isə müsəlmanlığı qəbul edib yaşıl bayrağın altına keçmişlər. Zaqafqaziya xristianları içərisində erməni Qriqoryan kilsəsi bütün səlahiyyətləri mənimsəyib hökmranlıq etmək istəyəndə gürcü pravaslav kilsəsi ondan üz döndərdi.

Alban xaçlarının üç küncündə günəş rəmzi olduğu halda, erməni xalqlarında bu əlamət yox idi. Gürcülərin erməni kilsəsindən uzaqlaşmağının bir səbəbi də bu idi ki, Qriqoryan kilsəsində fahişəlik təşəkkül tapmışdı və çox sürətlə çoxalırdı. Lüt tayfasına mənsub olan ermənilərin müasir nəsillərinin mənşəyi də fahişələrlə bağlıdır. Onlardan törənənlərin isə izaha ehtiyacı yoxdur.

Erməni xalqında  satqınlıq, öz xeyri üçün casusluq güclüdür. Ermənilər əsasən arvadları vasitəsilə siyasət qururlar. Erməni çörək yeyən qonağın ağzına baxar. İrəvanı erməni casuslar ruslara satdılar. Ermənilər İran şahının qardaşı Allahyar bəyin arvadını rus səfirliyinə gətirərək  kömək istədilər. Rusiyanın bu ölkədəki səfiri Qriboyedev  isə onu ərinə qaytarmadı. Buna görə də namusu hər şeydən üstün tutan Allahyar bəy  onu öldürdü.

Zəngibasar ərazisində yerləşən azərbaycanlı kəndlərinin tarixinə diqqət yetirsək, görərik ki, daşda, qayada, misdə, dəmirdə, kağızda insan izi, sözü qalmışdır. Əsrlərin qovğasına, savaşına, yağışına tab gətirmiş qaynaqlar da bunu sübüt edir. Erməni daşnak vandallarının azərbaycanlılara qarşı törətdikləri qırğınlar bu bölgədən də yan keçməmişdir. Belə ki erməni quldur dəstələri 1918-ci ilin martınadək İrəvan qəzasının 199 azərbaycanlı kəndini, 1919-cu ilin oktyabrınadək isə Eçmiədzin qəzasında soydaşlarımızın yaşadıqları 62  kəndi yerlə-yeksan etmişlər.  Tarixi mənbələr, məxəzlər isə eramızdan əvvəl 1-ci minillikdə bu torpaqlarda azərbaycanıların ulu əcdadlarının yaşadıqlarını sübut edir. 

Eramızdan əvvəl 8-7-ci  əsrlərdə Urartu ərazisinə daxil olan indiki Ermənistan adlanan ərazi şimaldan gələn kimmərlərə (kəmərlər), skiflərə (nekitlər), saklara, quqarlara və şiraklara aid olmuşdur. Urartu qaynaqlarında bu ölkə Emoxi, Etuni, İrpuni və s. adlandırılmışdır. Bizim eranın əvvəllərinə doğru bu ərazidə türkdilli hunlar, kəngərlər, bolqarlar, xəzərlər və digər soylar məskunlaşmışlar. 11-12-ci əsrlərdə bu ərazidə oğuzlar da yaşamışlar. Sisyanda, Qafanda, Uluxanlıda (Zəngibasar), Qəmərlidə, Dərəçiçəkdə, Ağbabada olan abidələr, qalalar, qəbirüstü daşlar, məzarlar, şəhərdəki göy məscid və yeddi məscid azərbaycanlıların tarixi keçmişinə aiddir.  Bu torpaqda yaşayan azərbaycanlılar, sözün əsl mənasında, soyqırımı siyasətinin qurbanı olmuşlar. Soyqırımı isə, məlum olduğu kimi, millətin, irqin, qəbilə və tayfanın kökünü kəsmək deməkdir.

Qərbi Azərbaycan ərazisindəki Qarabazar, Bazarxana, Bazarcıq, Basarkeçər, Zəngibasar kimi yer adlarını ermənilər dəyişdirmiş və erməniləşdirmişlər.  Zəngibasar rayonu 1937-ci ildə yaradılmışdır. 1947-ci il dekabrın 1-də Qəmərli ərazisindən 18, Eçməiədzin (Vağarşabad) rayonundan isə 14 kənd onun tərkibinə verilmişdir. Rayon 1953-cü ildə ləğv olunmuşdur. Zəngibasar rayonunun ərazisi cənubdan Türkiyə, qərbdən Eçmiədzin, şərqdən isə Artaşat rayonları ilə həmsərhəddir. 1969-cu ildə Zəngibasar rayonu bərpa olunmuş, adı dəyişdirilərək Masis adlandırılmışdır. Rayonun ərazisi 170 kvadratkilometr, əhalisi isə 55300 nəfər təşkil etmişdir. O vaxt bu ərazidə ermənilər yaşamamışdır.

Erməni mənbələrinə görə, ermənilərin həqiqi vətəni Böyük Ermənistan Kiçik Asiyadadır, yəni Rusiya ərazilərindən xeyli uzaqdadır və ermənilər Zaqafqaziyada (əsasən İrəvan quberniyasında), Qafqaz ərazisinin müxtəlif hissələrində yalnız son əsrlərdə məskunlaşmışlar. (B. İşyanxan, Qafqaz xalqları, SPB, 1916, səh.18). Məlum olduğu kimi, çar Rusiyası Qafqazı zəbt etdikdən sonra (1828) İrəvan xanlığının ərazisində qondarma “Ermənistan” vilayəti yaratmış, bu ərazidə ermənilərin sayını artırmış, türkləri isə tədricən təzyiqlərə məruz qoymuşdur. Elə 1948-1952-ci illərdə bu bölgənin azərbaycanlı əhalisinin bir hissəsinin zorla Azərbaycana köçürülməsi də bu mənfur siyasətin davamı idi.

1935-ci ildə Uluxanlı kəndi Nərimanlı adlandırılırdı. 1937-ci ildə Zəngibasar rayonu yaradılanda Nərimanlı  rayon mərkəzi oldu. 1950-si ildə Nərimanlı  Masis adı ilə əvəz edildi. Masis sözünün kökü “mas” ermənicə hissə, sahə mənasını verir. Masis isə qondarma, tarixin yaddaşında olmayan addır. Qeyri-qanuni dünyaya gəlmiş Ermənistanda qondarma adlar da artırdı. Lakin erməni “başbilənləri” yaddan çıxarmamalıdırlar ki, tarixi saxtalaşdırmaq, tarixi adları qondarma adlarla əvəz etmək cinayətdir. Bu cinayətə yol verənlər isə gələcək nəsillərin qarşısında cavab verməli olacaqlar. Bu gün azərbaycanlıların ata-baba yurdlarına sahib çıxan, “bura bizimdir” deyib türk yer-yurd adlarını qondarma erməni adları ilə əvəz edən ermənilər sonralar da bağırıb, hay-küy salıb bildirəcəklər ki, azərbaycanlılar bu torpaqlarda heç zaman yaşamamışlar.

Ötən əsrin 40-cı illərində indiki Ermənistan adlanan ərazidə 400-dən çox Azərbaycan kəndi var idi. 1938-1948-ci illərdə Zəngibasar rayonunun 25  kəndində soydaşlarımız yaşayırdı.  Həmin kəndlərdə kolxoz və sovet sədrləri, məktəb direktorları azərbaycanlılardan ibarət idi. Zəngibasar rayonunda anadan olmuş, son 50 ildə təzyiqlərə məruz qalaraq Azərbaycana köçməyə məcbur olan insanların sırasında 3 nəfər AMEA-nın həqiqi üzvü, 2 nəfər AMEA-nın müxbir üzvü, 20 nəfərdən çox elmlər doktoru, professor, 100 nəfərdən çox elmlər namizədi, neçə-neçə partiya və dövlət xadimi, yüzlərlə ali təhsilli ziyalı yetişmişdir.

Zəngibasar rayonunun Zəhmət (Haçaparaq) kəndi Zəngi çayının sağ tərəfində, İrəvan şəhərinin 6 kilometrliyində, qonşu Arbat, Qaraqışlaq və Dəmirçi kəndlərinin yaxınlığında yerləşirdi. Zəhmət kəndinin toponimləri əsl türk mənşəli sözlərdir. Arxatlı, Qızlar, Qəmbərli, Dəyirman arxı, Zeynəb yeri, Zəngiqırağı, Mehdixan, Xəbər yeri, Cəfər yolu və s. buna misal göstərilə bilər. Kənd 1935-ci ilə kimi Haçaparaq adlandırılmışdır.  Rəvayətə görə, kəndin adı “Haca aparmaq” ifadəsindən götürülmüşdür. Keçmişdə Həcc ziyarətinə gedən zəvvarlar buradan məhz yola düşürmüşlər.

1930-cu ildə kənddə kolxoz qurulmuş və 1937-ci ildə milyonçu təsərrüfata çevrilmişdir. Həmin il kənddə zəlzələ baş vermişdir. İkinci dünya müharibəsi başlananda kənddən 112 nəfər cəbhəyə çağırılmışdır. Onların 49 nəfəri həlak olmuş, 63 nəfəri isə yaralanmışdır.

Zəhmət kəndində, orta məktəb, mədəniyyət evi, kitabxana, kino qurğusu, uşaq bağçası, həkim məntəqəsi, poçt fəaliyyət göstərirdi. Yeri gəlmişkən, XIX əsrin 80-ci illərində ilk açılmış qəza məktəblərindən biri də Zəngibasar rayonunun Uluxanlı kəndində fəaliyyət göstərirdi. Xatırladaq ki, böyük ədib Cəlil Məmmədquluzadə həmin məktəbdə müəllim işləmişdir.

1923-cü ildə Zəhmət kəndində ibtidai məktəb açılmış,  30-cu illərdə natamam orta, 1973-cü ildə isə orta məktəbə çevrilmişdir. Kəndin tanınmış ziyalılarından sayılan Həsən Abbasov, Mahmud Babayev, Ermənistan SSR-nin Əməkdar müəllimi Həsən Cümşüdov, Abbas Mustafayev, Böyük Vətən müharibəsinin veteranı Əli Cümşüdov, Mahmud Hüseynov və başqaları müxtəlif illərdə məktəbdə direktor kimi fəaliyyət göstərmişlər. Zəhmət kəndi yüksək təhsil görmüş, savadlı ziyalıları ilə də məşhurdur. Bu şəxslər müxtəlif vəzifələrdə şərəflə çalışmış, elin, obanın dərin hörmətini qazanmışlar. KP MK-nın ideologiya şöbəsinin mühazirəçisi və bölmə müdiri vəzifələrində çalışmış Xəlil Səfərov məhz belələrindən idi. Kəndin tanınmış ziyalılarından sayılan İsmayıl Şükürzadə  İrəvan Kənd Təsərrüfatı Texnikumunun direktoru və İrəvan Pedaqoji İnstitutunda müəllim işləmişdir. İkinci dünya müharibəsində iştirak etmiş və igidlik göstərmişdir. O, 1948-ci ildə Bakıya köçməyə məcbur olmuş, ömrünün sonuna qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) SSRİ tarixi kafedrasında dosent vəzifəsində çalışmışdır.

Orta məktəbdə mənə fizika fənnindən dərs deyən, gözəl insan, pedaqoji sahənin incəliklərinə yaxından bələd olan, uzun illər məktəb direktoru işləyən,  Əməkdar müəllim, pedaqoji elmlər namizədi, Xalq maarif əlaçısı Məmməd Hüseynovu da xatırlamaq, yad etmək yerinə düşər.

İsməddin Məmmədov, Mübariz Səfərov, İsfəndiyar Novruzov, Vaqif Cümşüdov, Əli Məmmədov, həmçinin bu sətirlərin müəllifi də Zəhmət kəndinin ziyalılarındandır. Bütövlükdə isə Zəhmət kəndi 4 nəfər elmlər doktoru, 12 nəfər elmlər namizədi, onlarca ali təhsilli müəllim, həkim, mühəndis, aqronom, jurnalist, rəssam, aktyor və s. peşə sahibləri yetişdirmişdir.

Haşiyə: 1985-ci ildə Mixail Qorboçov “yenidənqurma” ideyasını irəli sürdü. Bu qondarma yenidənqurma siyasəti Sov.İKP-nin hakim funksiyasına son qoydu. SSRİ-nin ilk və son prezidenti M. Qorbaçovun ağılsız siyasəti milli zəmində münaqişələrin pisləşməsinə, ölkəni iqtisadi tənəzzülünə gətirib çıxardı.  “Yenidənqurma” Qərbi Azərbaycanda (indiki Ermənistan adlanan ərazidə) yaşayan azərbaycanlılar üçün isə xüsusilə ağır, dözülməz, fəlakətlər yaratdı. 1985-ci ildən etibarən erməni ideoloqları xalqımıza qarşı düşmənçiliklərini açıq-aydın büruzə verməyə başladılar.  Erməni millətçiləri hər il aprelin 24-də azərbaycanlıları 1915-ci ildə baş vermiş qondarma “erməni qırğını”nın əsas baiskarı kimi təqdim edirdilər. Artıq 1988-ci ilin sentyabr ayına qədər Masisin (Zəngibasarın) bir neçə kəndinin azərbaycanlı əhalisi zorla köçürülmüş, məktəblər bağlanmışdı. Həmin günlərdə Zəngibasar rayonunun soydaşlarımız yaşayan kəndlərində 29 nəfərə qədər insan öldürülmüş və ya şikəst olmuşdu. Çox təəssüf ki, erməni quldurlarının  azərbaycanlılara qarşı törətdikləri bu vəhşiliklərə heç bir siyasi və hüquqi qiymət verilmədi.  Bu, həm də o zamankı Azərbaycan rəhbərliyinin laqeydliyi, kreslo hərisliyinin mənfi nəticəsi idi. Bu isə sonrakı faciələrə, soydaşlarımızın öz dədə-baba yerlərindən birdəfəlik qovulmasına gətirib çıxardı...

Firudin CÜMŞÜDLÜ,
ADPU-nun Azərbaycan tarixi
kafedrasının dosenti,
tarix elmləri namizədi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında