31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən silsilə tədbirlər

 

 

Nəsimi

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü  ilə əlaqədar Nəsimi rayonunda  silsilə tədbirlər keçirilmişdir.

Rayon icra hakimiyyətində bu mövzuda keçirilmiş “dəyirmi masa”dan əvvəl soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq çıxış etmişdir. O demişdir ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər.

1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda 12 min soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. Sonrakı günlərdə Şamaxı, Quba və digər yerlərdə on minlərlə azərbaycanlı qəddarlıqla öldürülmüş, yaşayış məntəqələri, məscidlər, mədəniyyət abidələri yerlə-yeksan edilmişdir. 1918-1920-ci illərdə Qarabağ , Qərbi Azərbaycan və digər bölgələrdə on minlərlə soydaşımız amansızlıqla öldürülmüşdür. 1988-ci ildə ermənilərin başladıqları müharibə nəticəsində isə minlərlə insan öldürülmüş, torpaqlarımızın 20 faizi işğal edilmiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir. N.Məhəməliyev bildirmişdir ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdiyi bu cinayətlər və həyata keçirdikləri işğalçılıq siyasəti ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə imzaladığı  “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda tam əksini tapmış və bunun sayəsində soyqırımına siyasi və hüquqi qiymət vermək imkanı yaranmışdsır.

Həmin gün F.Köçərli adına Respublika Uşaq Kitabxanasında soyqırımla bağlı tədbir olmuşdur. Tədbiri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva açaraq bildirmişdir ki, ermənilər 1918-ci ilin martında Bakıda və digər bölgələrdə on minlələ soydaşımızı vəhşicəsinə qətlə yetirmiş, yüzlərlə yaşayış məntəqəsini dağıtmışlar. Dinc azərbaycanlılar yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir və bu, beynəlxalq hüquq normalarına görə soyqırımı hesab edilir. Natiq bildirdi ki, buna görə ulu öndərimiz Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman böyük əhəmiyyət kəsb edir. Bu, həm tarixə obyektiv qiymət vermək, həm də azərbaycanlıların soyqırımı məsələsini dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm sənəddir. Bu, həm də uydurma “erməni soyqırımı” ilə bağlı təbliğata güclü zərbədir.

Sonra 111 saylı orta məktəbin tarix müəllimi S.Əmrahov, 23 saylı orta məktəbin tarix müəllimi K.Qarayeva, Azərbaycan Dillər Universitetinin Tələbə Gənclər Təşkilatının sədri X.Kazımov, 54 saylı orta məktəbin tarix müəllimi E.Qasımova çıxış etdilər.

Rayon məktəbliləri arasında soyqırımı mövzusunda keçirilmiş inşa yazıları müsabiqəsinə yekun vuruldu. Qaliblərə fəxri fərmanlar və hədiyyələr təqdim edildi.

Daha bir tədbir Asiya Universitetində keçirildi. Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev çıxışında dedi ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımı siyasətinin mərhələlərindən biridir. Təcavüzkar ermənilərin gözü daim qonşularının torpaqlarında olmuş və bu yolda onlar heç bir cinayət, rəzillik və fitnə-fəsaddan çəkinməmişlər. Azərbaycanlıların soyqırımı bəşər tarixində ən qəddar cinayətlərdən biridir. Çıxışlarda azərbaycanlılıarın soyqırımı məsələsinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyi və son illər bu istiqamətdə görülmüş işlərdən danışıldı.

Binəqədi

Binəqədi rayonunda  31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anma mərasimi keçirildi.

Mərasimin əvvəlində  soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov bildirdi ki, təkcə ötən əsrdə Azərbaycanın əhalisi dörd dəfə (1905-1907, 1918-1920, 1948-1953, 1988-1993-cü illərdə) erməni millətçiləri tərəfindən insan hüquqlarının pozulmasına, qeyri-insani rəftarla, insan ləyaqətini alçaldan hərəkətlərlə müşayiət olunan soyqırımına və deportasiyaya məruz qalmışdır.

X. İsgəndərov dedi ki, 1918-ci ilin mart-aprel aylarında Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də ermənilər tərəfindən qanlı faciələr törədilmişdir. Mart hadisələri zamanı yüzlərlə şəhərimiz və kəndimiz, o cümlədən Qarabağ ərazisində azərbaycanlıların yaşadıqları 150-dən çox kənd xarabalığa çevrilmiş, Şuşada görünməmiş qırğınlar törədilmişdir. 50 mindən çox soydaşımız, o cümlədən Bakıda 30 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, məscidlər, məktəblər yandırılmış və dağıdılmışdır. Təkcə Zəngəzurda 115, İrəvan quberniyasında isə 211 kənd xarabalığa çevrilmiş, əhalisi misli görünməmiş amansızlıqla qətlə yetirilmişdir.

Natiq vurğuladı ki,  ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilmiş, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanmış və ifşa olunmuşdur. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilmişdir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.

Mərasimdə Milli Məclisin deputatı Rafael Cəbrayılov,  professor Anar İsgəndərov, politoloq Elman Nəsirov  çıxış edərək bildirdilər ki, uzun illər ermənilərin xalqımıza qarşı həyata keçirdikləri qanlı aksiyalar ideoloji təcavüz və terrorla müşayiət olunmuşdur. Nəticədə yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, doğma torpaqlarından didərgin düşmüşdür.

Azərbaycanlıların məruz qaldıqları faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin gördüyü işlərdən danışan natiqlər işğal altındakı torpaqlarımızın tezliklə düşmən tapdağından azad ediləcəyinə, bu problemin beynəlxalq hüquq normaları çərçivəsində həll olunacağına əminliyini bildirdilər.

Tədbirdə, həmçinin azərbaycanlıların deportasiyası və soyqırımına aid film  nümayiş olundu.

Suraxanı

Suraxanı Rayon İcra Hakimiyyəti aparatının bir qrup üzvü  və ictimaiyyət nümayəndələri bir neçə gün əvvəl  Qubada  Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər.

Dünən isə rayon icra hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim keçirildi. Tədbirdə rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, adıçəkilən  institutun əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər iştirak edirdilər.

Mərasimin əvvəlində 97 nömrəli tam orta məktəbin şagirdi Ləman Qurbanovanın 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı çəkdiyi şəkillərin sərgisinə baxış oldu.

Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlayan tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, hər il mart ayının 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.  Bununla əlaqədar silsilə tədbirlər reallaşdırılır. Məktəblərdə xüsusi dərslər keçirilir, şagirdlərin çəkdikləri rəsm sərgilərinə baxış təşkil olunur.

İlqar Abbasov bildirdi ki, tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra soyqırımı barədə həqiqətlərin beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş aparılmış, ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla erməni millətçilərinin hərəkətlərinə dolğun və hərtərəfli hüquqi-siyasi qiymət verilmişdir.

Natiq soyqırımın dəhşətli miqyasının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü iş aparıldığını diqqətə çatdıraraq vurğuladı ki, dövlət başçısının 30 dekabr 2009-cu il tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” sərəncamı bu istiqamətdə mühüm addımlardan biridir.

Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun soyqırımı  ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində göstərdiyi dəyərli fəaliyyət də  İlqar Abbasov  tərəfindən xüsusi qeyd edildi.

Tədbirdə AMEA Tarix İnstitutunun əməkdaşları Vaqif Abışov, İlqar Niftəliyev, YAP Suraxanı rayon qadınlar şurasının sədri, 97 nömrəli tam orta məktəbin direktoru Solmaz Səfərova və digərləri  qeyd etdilər ki, 31 mart və Xocalı soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması üçün indiyədək görülmüş işlər daha da genişləndirilməli, bu sahədə virtual məkanın - internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalıdır.

Sonda tədbir iştirakçıları azərbaycanlıların soyqırımına həsr olunmuş filmə baxmışlar.

Nərimanov

Nərimanov Rayon İcra Hakimiyyətində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı keçirilən anım tədbiri  faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova ermənilərin Azərbaycan torpaqlarında törətdikləri qanlı faciələrdən söhbət açdı, bu barədə dünya xalqlarına daha geniş məlumatlar çatdırılmasının vacibliyini vurğuladı. Qeyd olundu ki, erməni işğalçılığının geniş vüsət alması və türk-müsəlman əhalisinə qarşı törədilən təxribat, soyqırımı aktlarının əsası XIX əsrin əvvəllərində ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi ilə qoyulmuşdur. Nankor qonşularımızın zaman-zaman xalqımıza qarşı həyata keçirdikləri soyqırımı siyasətinə siyasi-hüquqi qiymət vermiş ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmana əsasən, martın 31-nin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini diqqətə çatdıran natiq hazırda Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində dünya ictimaiyyətinin Azərbaycan həqiqətlərindən xəbər tutmağa başladığını bildirdi.

Tədbirdə çıxış edən digər natiqlər də bir sıra tarixi faktlara istinad edərək  erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən əzəli  Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən ətraflı bəhs etdilər. Qeyd olundu ki, 1890-cı ildə “Daşnaksütyun” partiyasını yaratmaqla mənfur niyyətlərinə start verən ermənilər “yazıq millət” pərdəsi arxasında Qafqazda, Türkiyədə və dünyanın müxtəlif ölkələrində qanlı hadisələrə, terrora, qırğınlara imza atmışlar. Azərbaycan xalqına qarşı soyqırımı və deportasiya siyasəti də planlaşdırılmış ssenari üzrə mərhələlərlə davam etmişdir. XİX əsrin sonlarında və XX əsrin əvvəllərində Bakıda, eləcə də Şamaxı, Quba, Muğan və  Lənkəranda həyata keçirilmiş qətliamlar nəticəsində 50 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, evləri talan edilmiş, on minlərlə soydaşımız yurd-yuvalarından didərgin salınmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmiş, 1919-1920-ci illərdə mart ayının 31-i   ümummilli matəm günü kimi qeyd edilmişdir. Anım mərasimində Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamına əsasən, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasını xüsusi olaraq diqqətə çatdırılmışdır. Tədbirdə, həmçinin Azərbaycan dövləti tərəfindən mart soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması və erməni faşizminin ifşası istiqamətində bütün dünyada fəal iş aparıldığı,  xalqımıza qarşı həyata keçirilən mənfur siyasət haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırıldığı, eləcə də bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaqdan ötrü fəal iş aparıldığı diqqətə çatdırıldı.

Sabunçu

Dünən  Bakının Sabunçu rayonunda 31 mart Azərbaycanlıların soyqırımı günü münasibətilə  anım mərasimi keçirildi. Əvvəlcə, azərbaycanlıların soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı  Adil Vəliyev  geniş məruzə ilə çıxış etdi.   O bildirdi ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu, son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.

Azərbaycanlıların kütləvi surətdə qırğını, represiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Azərbaycan xalqının bu faciəli tarixində “böyük Ermənistan” xülyası ilə sərsəm olan, bu məqsədə çatmaq üçün hər cür vasitələrə əl atan erməni şovinistlərinin izləri aydın görünür. Sovetlər İttifaqının dağılması nəticəsində müstəqillik əldə etmiş Azərbaycan Respublikası soyqırımına siyasi qiymət verməyi və öz sələfinin başladığı işi başa çatdırmağı tarixin ona verdiyi fürsət kimi qiymətləndirdi.

Ulu  öndər Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-cı ildönümü ərəfəsində, imzaladığı fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verildi. Bu fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə müasir və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd oldu. Həmin  fərmanla  31 mart Azərbaycanlıların soyqırımı  günü kimi qeyd olunur.

Bu gün ulu öndərin siyasi kursunu uğurla davam etdirən   Azərbaycan Prezidenti  cənab İlham Əliyevin  həyata keçirdiyi xarici siyasət nəticəsində artıq beynəlxalq aləm erməni qəddarlığı və barbarlığı- zaman zaman  azərbaycanlılara  qarşı törədilən soyqırımı və terror  aktları  ilə yaxından  tanışdır.

Adil müəllim  qeyd etdi ki, Azərbaycan  xlqı  ermənilərin  törətdikləri  bu qətliamları heç zaman unutmatyacaq.

Sonra Milli Məclisin deputatı Eldar Quliyev, Milli Təlükəsizlik Nazirliyinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Azərbaycan Çernobl Əlilləri İttifaqı İctimai Birliyinin Sabunçu rayon filialının sədri  Elxan  Salmanov  və başqaları  çıxış edərək  erməni  vandallarının  Azərbaycan xalqına  qarşı  törətdiyi  soyqırımin  beynəlxalq  cinayət olduğunu və  ermənilərin gec-tez öz cəzalarına  çatdırılacaqlarını   diqqətə çatdırdılar. Bildirildi ki, müstəqil Azərbaycan dövlətinin  yürütdüyü   xarici siyasət  ermənilərin  “böyük Ermənistan” xülyasını  alt-üst edəcəkdir.

Mərasim   icra başçısı  Adil Vəliyevin yekun nitqi ilə başa çatdı.

Lənkəran

Şəhərin mərkəzində əsaslı şəkildə yenidən qurulmuş soyqırımı abidəsi önündə anım mərasimi keçirilib.

Rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov və digər rəsmilər, idarə və müəssisə rəhbərləri, pedaqoji kollektivlər, hərbi hissələrin əsgərləri və ictimaiyyətin təmsilçiləri abidənin önünə əklillər və gül dəstələri düzərək soyqırımı qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər.

Mərasimdə qeyd olunub ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin tərkib hissələrindəndir. Erməni daşnakları üç gün ərzində təkcə Bakıda 12 min azərbaycanlının həyatına son qoymuş, qoca, qadın və uşaqları amansızcasına qətlə yetirmiş, qiymətli tarixi abidələri dağıtmışlar. Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Kürdəmir və digər bölgələrdə də bu cür faciələr törədilmişdir. 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağda azərbaycanlıların yaşadığı 150-dək kənd xarabazara çevrilmiş, 50 mindən çox soydaşımız qətlə yetirilmişdir.

 Soyqırımı Lənkəran rayonundan da yan ötməmişdir. Mərasimdə   diqqətə çatdırılıb ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər bolşeviklərin köməyi ilə Lənkəran qəzasında 40 kəndi yandırmış, 2 mindən çox günahsız insanı qətlə yetirmiş, Sütəmurdov, Girdəni, Gərmətük, Mamusta, Şıxəkəran, Vilvan, Xolmili, Kərgəlan və Osakücə kəndlərində kütləvi qırğınlar və talanlar törətmişlər.

Çıxış edənlər ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanında bu qanlı cinayətlərə hüquqi və siyasi qiymətin verildiyini vurğulayıb, eləcə də soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında dövlətimizin başçısının fəaliyyətini yüksək qiymətləndiriblər.

Mərasimdə soyqırımı qurbanlarının ruhuna dualar oxunub.

 Neft Akademiyası

Dünən Azərbaycan Dövlət Neft Akademiyasında 31 Mart – Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan akademiyanın prorektoru Qasım Məmmədov bildirdi ki, keçən əsrin əvvəllərində ölkəmizə xaricdən köçürülmüş ermənilər tərəfindən dəfələrlə soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirilib.

Prorektorun sözlərinə görə, belə kütləvi qırğınlar 1918-ci ildə Bakıda, Şamaxıda, Xaçmazda, Qubada, Qarabağda, Zəngəzurda və Azərbaycanın  digər rayonlarında törədilib və nəticədə 50 min insan yalnız azərbaycanlı olduğuna görə məhv edilib. Təkcə Bakıda erməni quldur dəstələri tərəfindən qətlə yetirilənlərin sayı 12 min nəfər olub. Ancaq sovet hökumətinin mövcud olduğu uzun illər ərzində bu qanlı cinayət haqqında danışılmayıb. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra xalqımıza qarşı törədilmiş bu vəhşi aksiyalar özünün hüqüqi qiymətini alıb. Məhz Heydər Əliyev uzun zamanların sükut buzunu qıraraq azərbaycanlıların soyqırımı haqqında fərman imzalayıb və ermənilərin millətimizə qarşı apardığı qəddar və amansız siyasəti bütün dünyaya çatdırıb.

Qasım müəllim o dövrdə Azərbaycana rəhbərlik etmiş milliyyətcə erməni olan Şaumyanın xəyanətləri, sovet dövlətinin rəhbəri Leninin onun apardığı kütləvi qırğın siyasətini dəstəklədiyi barədə ətraflı məlumat verərək, sonradan ermənilərin bu hadisələri bolşeviklərlə müsəlmanların hakimiyyət uğrunda mübarizəsi kimi təqdim etdiyini bildirdi.

ADNA-nın professoru İmran Cəfərov ermənilərin son təxminən 100 illik tarix boyunca təkcə Azərbaycana deyil, bütün qonşu dövlətlərə - Türkiyəyə, İrana, Gürcüstana qarşı da ərazi iddiaları irəli sürdüyünü və “böyük Ermənistan” yaratmaq iddiasında olduğunu söylədi. Onun sözlərinə görə, müəyyən xarici dövlətlər tərəfindən himayə olunan ermənilər zaman-zaman bu iddialarla Azərbaycanın ərazilərini mənimsəməyə başlayıblar.

Professor bildirdi ki, ermənilərin özlərini dünyanın ən qədim xalqlarından biri hesab etməsinin özündə də bir naqislik var və bu, xəstə erməni təxəyyülündən başqa bir şey deyil. Azərbaycan ərazisində, xüsusən ərazi iddiaları irəli sürdükləri Naxçıvan, Qarabağ, Gəncə və digər Azərbaycan ərazilərində heç zaman erməni yaşamayıb. Onlar əsasən qonşu İran və Türkiyədən köçürülüblər. Amma ərazilərini genişləndirmək istəyi erməniləri həmişə narahat edib və onları qonşu xalqların torpaqlarını zəbt etməyə sövq edib. Bu minvalla 1905-1907-ci, 1918-1920-ci illərdə və 1988-ci ildən bu günə qədər Azərbaycan torpaqlarında günahsız insanların qanını töküblər. Sovet dövründə də müxtəlif illərdə SSRİ hökumətinə Azərbaycan torpaqlarının onlara verilməsi ilə bağlı müraciətlər ediblər. Ancaq arzularına çata bilməyiblər.

İmran Cəfərov 31 mart günlərində Bakıda törədilmiş soyqırımını bəşəriyyət tarixində ən qəddar cinayətlərdən biri kimi qiymətləndirdi və ümummilli lider Heydər Əliyev tərəfindən bu cinayətə lazımi siyasi-hüquqi qiymət verildiyini qeyd etdi.

 Ayaz HƏMİDOĞLU,

Vaqif BAYRAMOV,

Mirbağır YAQUBZADƏ, Mehdi MÜKƏRRƏMOĞLU, Əli NƏCƏFXANLI,

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında