Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir.
Heydər ƏLİYEV
Ümummilli lider
Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Zaman - zaman həyata keçirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən – min illər boyu yaşadıqları tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmışlar.
Bu soyqırımı nəticəsində xalqımıza məxsus minlərlə tarixi, mədəni abidə və yaşayış məskənləri dağıdılıb məhv edilmişdir.
XX əsrin əvvəllərində ermənilər təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, eləcə də Bakı quberniyasının Bakı, Şamaxı, Quba şəhərlərində, Göyçay qəzasında, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı qırğınlar, talanlar, yanğın, terror və digər zorakılıq aktları həyata keçirmişlər. Erməni quldurları bu ərazilərdə on minlərlə dinc azərbaycanlı əhalini - qadını, uşağı, qocanı yalnız milli mənsubiyyətlərinə görə vəhşicəsinə qətlə yetirmiş, yaşayış yerlərini talan edərək yandırıb viran qoymuş, xalqımızın milli mədəniyyət abidələrini, məscidləri və qəbirstnlıqları dağıtmış, yandırmışlar.
XIX əsrin əvvəllərindən çar Rusiyasının təşəbbüsü ilə ermənilərin tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə məskunlaşdırılmasına başlanılmış, azərbaycanlılar öz doğma torpaqlarından, ata-baba yurdlarından didərgin salınmışdır. Məqsədyönlü şəkildə vaxtaşırı həyata keçirilən bu deportasiyalar, kütləvi zorakılıq, qırğın və qətliamlarla müşayiət olunmuşdur. Tarixin hələ tam açılmamış səhifələrindən biri olan bu soyqırımı hadisəsi xalqımıza qarşı dəfələrlə törədilmiş kütləvi qətl kimi qiymətləndirilməlidir.
1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğınlardan 86 il ötməsinə baxmayaraq, bu qəddarlıq, ağlasığmaz vəhşiliklər xalqın qan yaddaşında hələ əsrlər boyu yaşayacaqdır. Ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmiş və Azərbaycan xalqını Yer üzündən tam silmək kimi iyrənc niyyətlər bütün çılpaqlığı ilə üzə çıxmışdır. Həmin illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri milli qırğını təsdiqləyən tarixi sənədlər, təkzibolunmz faktlar Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və respublikanın digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını, yandırıldığını sübut edir.
Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Bakıda da həmin illərdə yerli əhaliyə qarşı soyqırımı həyata keçirilmiş və şəhər erməni silahlı dəstələri tərəfindən dağıdılmışdır. 1918-ci il mart ayının son üç günündə təkcə Bakıda otuz mindən çox əhalini erməni vəhşiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Mart qırğınları haqqında əcnəbi müstəqil tədqiqatçılardan biri yazır: “Ermənilər müsəlman əhalisini işgəncələrlə öldürür, şəmşirlərlə parçalayır, süngü ilə dəlik-deşik edir, körpə uşaqları süngüyə keçirir, cəsədlərin burun, qulaq və başlarını kəsir, evlərə od vurub sakinlər qarışıq yandırır, qadınları soyundurur və saçlarını bir-birinə bağlayaraq tüfəngin qundağı ilə ölüncəyə qədər döyürdülər”.
Hətta, müstəqil tədqiqatçı Kulqe ermənilər tərəfindən üzü divara çevrilərək itlərə gəmirdilən azərbaycanlıların şəkillərini də çəkmişdir. Bu faktlar erməni daşnak qaniçənlərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin kiçik bir hissəsidir və ancaq 1918-ci il mart ayının son üç günündə törədilən Bakı qırğınını əks etdirir.
1918-ci ildə erməni barbalığı və amansızlığı özünü bir daha göstərdi. Tarixin yaddaşına qəddar və qaniçən millət kimi düşən ermənilər insanlara qarşı misli görünməmiş amansızlıq etdikləri kimi, mədəniyyət və tarixi abidələri də dağıdır, məscidləri yandırır, memarlıq incisi sayılan binaları yerlə-yeksan edirdilər. Mart qırğını haqqında olan sənədlərdə göstərilir ki, ermənilər bir sıra tarixi abidələri, qədim binaları, o cümlədən Cümə məscidini, İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışlar. Həmin dövrü əhatə edən, 1918-ci ildə Bakının dağıdılmasını əks etdirən tarixi foto şəkillər də bunları əyani şəkildə təsdiqləyir.
1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstərmişlər. Bakı Kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlamışdır. Təxminən 7 min erməni əsgər müxtəlif cəbhələrdən Bakıya gətirilmişdirr. Bundan başqa “Qırmızı qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizi ermənilərdən ibarət idi. Qabaqcadan hazırlanan anlaşmaya əsasən, bolşevik - daşnak koalisiyası cəbhə boyu hücuma keçmişdir. Martın 30-da axşam saatlarında Bakıda ilk atəş səsləri eşidilmişdir. Təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürmüş, körpələrə, qadınlara və qocalara aman verməmişlər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı.
Böyük mütəfəkkir Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamları belə təsvir etmişdi: “Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara qarşı hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər”.
Milli sülhə və birliyə qarşı “sinfi mübarizə” və “sinfilik” mövqeyindən çıxış edən Stepan Şaumyan başda olmaqla Bakı bolşevikləri “Bakı Sovetinin Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə və istehkamına” çevirmək yolunu seçdilər. Onlar daşnaklarla birlikdə “antisovet qiyamına”, “əksinqilaba” qarşı mübarizə adı altında 1918-ci il mart ayının axırlarında (30-31-də) milli qırğın təşkil etdilər. Bu, müsəlmanlara, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox (bəzi sənədlərdə 15 min) günahsız azərbaycanlı qanına qəltan edildi. Bu soyqırımında daşnak silahlı dəstələri, habelə A.Mikoyanın başçılıq etdiyi “Qızıl qvardiya” dəstələri xüsusilə fərqlənmişdilər.
Mart soyqırımı, bolşevik-daşnak dəstələrinin vəhşilikləri ancaq Bakı ilə bitmir. Onlar Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımını davam etdirmişdilər. S.Lalayansın dəstələri aprelin 3-dən 16-dək Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-molokan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min sakini olan Şamaxının əhalisi 1921-ci ildə təxminən 1700 nəfərə enmişdi. Bu kəndlərə dəyən ümumi maddi zərər o dövrün qiymətləri ilə 339,8 milyon rubl olmuşdur.
Qətlə yetirilənlərin çoxunun meyitləri tapılmamışdır. Çünki şahidlərin dediklərinə görə, ermənilər meyitləri od-alova bürünmüş evlərə, dənizə və quyulara atırdılar ki, cinayətin izini itirsinlər. 2007-ci ildə Quba rayonunda şəhər stadionun təmiri üçün qazma işləri aparılarkən kütləvi qəbiristanlıq aşkar olunmuş və işlər təxirə salınaraq bölgəyə mütəxəssislər cəlb edilmişdir. Sonradan qazma işləri davam etdirilmiş və Qubadakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənmişdir. Mütəxəsisslərin sözlərinə görə, bu ərazidə heç vaxt qəbiristanlıq olmayıb. Ən dəhşətli məqam isə aşkar edilmiş ərazidə insan kəlləsinin və bədəninin sümüklərinin ayrı-ayrı basdırılmasıdır. Bu da onların başlarının xüsusi qəddarlıqla kəsildiyini göstərir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova Qubada tədqiqat aparan ekspedisiyanın yekun arayışından sonra deyib ki, sümüklərin antropoloji tədqiqatı onların azərbaycanlılara aid olduğunu təsdiqləyib. M.Rəhimova bildirib ki, bu məzarlıq ermənilərin 1918-ci ildə Qubada törətdikləri qətliamların üzə çıxan bir hissəsidir. Tarixi araşdırmalar da təsdiqləyir ki, ermənilər bolşeviklərin köməyi ilə Quba qəzasında üç dəfə qırğın törətmişlər. Qubaya hücum edənlər içərisində özünü bolşevik kimi qələmə verən və 2 min əsgərə başçılıq edən David Kelovandilidən başqa, bolşevik Stiqua da olmuşdu. Onun dəstəsində min əsgər olub. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil.
Ermənilərin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk 5 ayı ərzində üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman, həmçinin çoxlu sayda ləzgi öldürülmüşdü. Onların çoxunun meyitləri tapılmamışdır.
Bakının şəhər camaatından 400 milyon rubl dəyərində daş-qaş və əmlak müsadirə olunmuşdu. Xalqın bir çox ziyarətgahları və tarixi abidələri dağıdılıb yerlə-yeksan edilmişdir. Uzaqvuran topla Təzəpir məscidi zədələnmişdi. Daşnaklar Bakıda dünya memarlığının incilərindən sayılan “İsmailiyyə” binasına od vurub yandırmışdılar. Bakıda baş vermiş faciəli hadisələr şəhərə olduqca böyük ziyan vurmuşdu.
Azərbaycanın tarixindən məlumdur ki,1918-ci ilin yazından başlayaraq, Ermənistanda (Qərbi Azərbaycan) yaşayan azərbaycanlılar da erməni bolşevik dəstələri tərəfindən soyqırıma məruz qaldılar. Erməni cəlladları “Böyük Ermənistan” yaratmaq üçün ilk növbədə Qərbi Azərbaycandakı müsəlman əhalini buradan çıxarmağa və bu məkrli planın reallaşmasına çalışırdılar. Bu məqəsədlə qısa müddət ərzində bu ərazidə dağıdılmış müsəlman kəndlərinin sayı 199-a çatdı.
1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin türk-müsəlman əhalisinə qarşı törətdiyi vəhşiliklər istər hüquqi baxımdan, istərsə də siyası cəhətdən soyqırımı kimi qiymətləndirilməlidir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrinə hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə verilmişdir. Ümummilli lider Heydər Əliyevin 27 mart 1998-ci il tarixli fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin sovet tarixşünaslığında saxtalaşdırılmasını və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni canlı səhifələrin açılmasına gətirib çıxarmışdır.
Ümumiyyətlə, ötən əsrdə dörd dəfə — 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1989-cu illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiya siyasəti bu gün özünü Dağlıq Qarabağla bağlı məlum hadisələrdə büruzə verir. Bu faktlar həm də onu göstərir ki, ermənilərin xalqımıza olan tarixi münasibəti dəyişməyib. Ancaq möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq aləmdə getdikcə möhkəmlənən mövqeyi və real beynəlxalq vəziyyət ötən əsrdən tamamilə fərqlənir. Bu siyasət nəticəsində artıq beynəlxalq aləm erməni qəddarlığı və barbarlığı, zaman - zaman azərbaycanlılara qarşı törədililən söyqırımı və terror aktları ilə yaxından tanışdır. Ermənistanın işğalçı dövlət olması da artıq beynəlxalq aləmdə öz təsdiqini tapıb. Hadisələrin gedişi göstərir ki, ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, erməni işğalçılarının torpaqlarımızdan çıxarılması, daşnak ideyalarının davamçılarının yerində oturdulması və layiqli cavablarını almaları öz həllini tapacaqdır.
İlahə ƏLƏSGƏROVA,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Bakı şəhər Yasamal rayonu qeydiyyat şöbəsinin rəisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.