İnsanlığa qarşı amansız cinayət

 

 

 

31 Mart Azərbaycanlıların Soyqırımı Günü

Keçmişini unudanlar tarixin ibrət dərsi kimi onu yenidən yaşamaq məcburiyyətində qalırlar. Azərbaycan tarixində də unudulması mümkün olmayan, bütövlükdə, xalqın təhtəlşüuruna dərin iz salan və onu daim mübariz ruhda kökləyən elə hadisələr var ki, heç zaman xalqın qan yaddaşından silinməyəcəkdir. Erməni faşizminin xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan 1918-ci ilin mart soyqırımı da məhz unudulması mümkün olmayan belə dəhşətli faciələrdəndir.

Ümumiyyətlə, iki əsrdən artıq müddətdə qonşu xalqlara və dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edərək insanlıq əleyhinə yönəlmiş soyqırımı, terrorizm kimi cinayətlərə dəstək verən, “Böyük Ermənistan” xülyası ilə yaşayan erməni ideoloqları böyük tarixi saxtakarlıqlara əl atmış, faktları təhrif edərək qondarma iddialar irəli sürmüş, dünya ictimaiyyətini çaşdırmağa çalışmışlar. Bir qayda olaraq, hər ilin mart-aprel aylarında qondarma “erməni soyqırımı” ilə bağlı cəfəng və əsassız iddialarını gündəmə gətirərək süni ajiotaj qaldıran erməni şovinistləri bu yolla tarixən azərbaycanlılara və türklərə qarşı həyata keçirdikləri amansız qırğınları, vandalizm aktlarını pərdələmək, özləri haqqında “məzlum” və “əzilən millət” imici yaratmağa davamlı səylər göstərirlər.

Bədxah erməni millətçiləri ərazi ilhaqı siyasəti həyata keçirərkən bəşəriyyət əleyhinə yönəlmiş dəhşətli cinayətlərə əl atdıqları halda, insanlığa sığmayan bu vandalizm aktlarını, bir qayda olaraq, türklərin və azərbaycanlıların adına yazmağa çalışmışlar. Müsəlmanlara, əsasən də, türklərə düşmən kimi yanaşan ermənilər özlərinin regiondakı çirkin ərazi iddialarını gerçəkləşdirmək məqsədilə qondarma “soyqırımı” iddialarının ayrı-ayrı ölkələrdə tanınmasına çalışırlar. Uzun illərin müşahidələri göstərir ki, real əsası olmayan bu saxta iddiaların davamlı şəkildə gündəmdə saxlanılmasına yönəlmiş səylər ermənilərin başqa dövlətlər hesabına daha geniş coğrafi əraziyə yiyələnmək üçün həyata keçirdikləri soyqırımı, terror və deportasiya siyasətini pərdələmək, diqqəti özlərinin işğalçılıq faktından yayındırmaq məqsədi güdür.

XX əsrin əvvəllərində turklərin, guya, “ermənilərə qarşı soyqırımı törətdiyini” iddia edən bu mənfur millət özlərinin diaspor və lobbi təşkilatlarının köməyi ilə qondarma, əsası olmayan bu məsələni müxtəlif ölkələrin parlamentlərinə çıxarmağa cəhd edirlər. Türkiyə və Azərbaycanın müstəqil siyasət yeritməsi, regionda iqtisadi-siyasi cəhətdən qüdrətlənməsi ilə heç cür barışa bilməyən, beynəlxaq hüquqdan sapınaraq “ikili standandartlar”a yol verən müəyyən aparıcı dövlətlər və təşkilatlar da bu məsələdə erməniləri şirnikləndirmək yolu tuturlar. Son illər qondarma “erməni soyqırımı” məsələsinin müxtəlif dövlətlərin parlamentlərində müzakirəyə çıxarılması və bəzi hallarda tanınması bu ədalətsiz və qərəzli münasibətin əyani təzahürü kimi diqqəti çəkir.

Türkiyənin məsələ ilə bağlı birgə komissiya yaratmaq, arxivləri açmaq, tarixi həqiqətləri üzə çıxarmaq təkliflərinə etinasız münasibəti Ermənistanın zaman-zaman gündəmə gətirdiyi “soyqırımı” iddiasının hansı çirkin məqsədlərə xidmət etdiyinə şübhə yeri qoymur. Yalnız bu məqam qardaş ölkəyə qarşı yönəlmiş saxta ittihamların sırf siyasi motivlərə əsaslandığını, ikili standartlardan qaynaqlandığını tam mahiyyəti ilə aşkara çıxarır.

Bütövlükdə, türk dünyasına qarşı yönəlmiş bu iftira kampaniyasının əsassızlığını tarixi faktlar da təsdiqləyir. Hələ 1813-cü və 1828-ci illərdə Rusiya və İran arasında imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixı torpaqlarının bölünməsinin əsasını qoymuşdur. 1849-cu ildə Rusiya ərazisində İrəvan quberniyası yaradılmış, ermənilərin İrandan və Türkiyədən kütləvi surətdə Azərbaycan torpaqlarına, Dağlıq Qarabağa köçürülməsinə başlanılmışdır. Beləliklə, soyqırımı, deportasiya və terrorizm Azərbaycan torpaqlarının işğalı üçün istifadə edilən əsas vasitələrdən birinə çevrilmişdir. Təkcə 1828-ci ildən 1830-cu ilədək Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 84 min erməni köçürülərək, Şimali Azərbaycan ərazisində yaradılmış Yelizavetpol və İrəvan quberniyalarının ərazisində yerləşdirilmişdir. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər azlıq təşkil etmələrinə baxmayaraq, havadarlarının himayəsı altında 1828-ci il martın 21-də “Ermənı vilayəti” adlandırılan süni inzibatı bölgünün yaradılmasına nail olmuşlar. Bununla da azərbaycanlıların əzəli torpaqlarından zorla çıxarılmasının və soyqırımı siyasətinin əsası qoyulmuşdur.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənı qəsbkarları Birinci rus inqilabı dövründə – 1905-1907-ci illərdə azərbaycanlılara qarşı daha böyük miqyasda qanlı aksiyalar həyata keçirmişlər. Ermənilərin Bakıdan başlanan vəhşiliklərı Azərbaycanı və indikı Ermənistan ərazisindəki yaşayış məntəqələrini əhatə etmişdir. Yüzlərlə Azərbaycan kəndi dağıdılaraq yerlə-yeksan edilmiş, on minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir. Bütün bu vəhşiliklər ermənilərin vaxtı ilə yerləşdirildikləri, lakin əhalinin milli tərkibində azlıq təşkil etdikləri Azərbaycan torpaqlarını zorla erməniləşdirmək, “azərbaycanlılarsız Ermənistan” kimi qeyri-insani planlarını azərbaycanlıların soyqırımı hesabına həyata keçirmək niyyətinin ifadəsi olmuşdur.

Tarixi faktlar göstərir ki, 1915-ci ilin əvvəllərində Türkiyənin şimal-şərq bölgələrinin erməni əhalisi Osmanlı dövlətinə qarşı müharibəyə, türklərə qarşı kütləvi qırğınlara başlamışdır. Bunun cavabında isə Osmanlı dövləti erməni əhalisinin həmin ərazilərdən kütləvi şəkildə köçürülməsi barədə əmr vermək məcburiyyətində qalmışdır. Bu zaman İrəvan, Qarabağ və Zəngəzura erməni hərbi dəstələri ilə birlikdə böyük sayda erməni əhalisi də köçüb gəlmişdir. Rusiya ordusuna arxalanan həmin ermənilər əvvəlcə Naxçıvanda və İrəvanda, ardınca isə Qarabağda və Azərbaycanın digər bölgələrində azərbaycanlılara divan tutmuşlar.

1917-ci ilin dekabrında Osmanlı dövləti ilə bolşeviklərin Zaqafqaziya Komissarlığı arasında bağlanmış Ərzincan barışığına uyğun olaraq, Qafqaz cəbhəsindən çıxarılan rus ordusunu əvəz edən erməni hərbi birləşmələri faktiki başıpozuqluq şəraitindən istifadə edərək yerli müsəlman əhalisinə qarşı soyqırımı siyasətinə başlamışlar. Nəticədə, hələ 1918-ci ilin martına qədər İrəvan quberniyasında 199 azərbaycanlı kəndi dağıdılmış, 135 min azərbaycanlının böyük əksəriyyəti ermənilər tərəfindən qətlə yetirilmiş, sağ qalanları isə Osmanlı ordusunun nəzarət etdiyi ərazilərə qaçmağa məcbur olmuşlar.

Tarixi sənədlərdə qeyd olunur ki, 1918-ci ilin martında erməni-daşnak ideoloqu Stepan Şaumyanın başçılıq etdiyi Bakı Kommunası “əks-inqilabi ünsürlərlə mübarizə” şüarı altında Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən soyqırımı planını həyata keçirmişdir. Böyük qırğınlara başlamaq üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin “Evelina” gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi olmuşdur. S.Şaumyanın göstərişi ilə ermənilər, guya, bu zabitlərin Muğandakı rus-molokan kəndlərini dağıtmaq barədə göstəriş aldıqları barədə şayiələr yaymış, bundan sonra isə həmin gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verilmişdir. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirmişdir. Vəziyyətin ciddi xarakter aldığını görən Azərbaycan milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gələrək alınmış silahları “Hümmət” müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərmişlər.

Martın 30-da N.Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilməsinə baxmayaraq, bolşevik-daşnak koalisiyası vədinə əməl etməmişdi. Martın 30-da saat 16.40 radələrində erməni kilsəsinin yanında toplaşan daşnak dəstələri müsəlmanlara ilk atəş açmış və beləliklə, dinc əhaliyə qarşı kütləvi qətliama start verilmişdi. Martın 31-i və aprelin 1-də qırğınlar xüsusilə kütləvi şəkil almış, üç gün ərzində Bakıda 12 min insan qətlə yetirilmişdi. Şaumyanın erməni-bolşevik dəstələri Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə etmiş, Təzəpir məscidini topa tutmuş, “Kaspi”, “Açıq söz” qəzetlərinin mətbəəsinə, “İsmailiyyə” binasına od vurmuşdular.

1920-ci ilin aprelində AXC-nin süqutündan sonra bədnam qonşularımız adət etdikləri çirkin metodlarla azərbaycanlıları daimi yaşadıqları ərazilərdən çıxarmış, eləcə də qonşu respublikaların torpaqları hesabına “ərazilərini” böyütmüşlər. 1920-ci ildə Zəngəzuru və Azərbaycanın torpaqlarının bir hissəsini Ermənistan SSR-in ərazisi elan etmişlər. 1923-cü ildə SSRİ rəhbərliyinin qərarı ilə Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ “muxtar vilayət” elan edilmişdir.

Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları II Dünya müharibəsindən sonra daha geniş miqyas almışdır. 1945-ci ilin noyabrında Ermənistan SSR rəhbərliyi heç bir ciddi əsaslı səbəb göstərmədən ittifaq hökuməti qarşısında Dağlıq Qarabağın bu respublikaya birləşdirilməsi məsələsini irəli sürsə də, niyyətinə nail olmamışdır. Bundan sonra onlar daha bir hiyləyə əl ataraq, azərbaycanlıların deportasiyasına nail olmuşlar. Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Q.Arutyunov Suriya, Yunanıstan, İran, Bolqarıstan, Rumınya, Fələstin, Fransa, ABŞ, Misir, İraq və Livandan bu ölkəyə köçürülmüş ermənilərin yerləşdirilməsindəki çətinliklərdən şikayət edərək, Ermənistanda yaşayan azərbaycanlıların Azərbaycanın pambıqçılıq rayonlarında yerləşdirilməsini təklif etmişdir. O, Kür-Araz ovalığında pambıqçılığı inkişaf etdirmək üçün, guya, işçi qüvvəsinin çatışmadığını, bu addımın həmin rayonlarda pambıq istehsalının artımına da əsaslı təsir göstərəcəyini iddia etmişdir. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarı 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından kütləvi surətdə deportasiyasını rəsmiləşdirmişdir.

1997-ci il 18 dekabr tarixdə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” tarixi fərman imzalayan ulu öndər Heydər Əliyev bu ədalətsiz deportasiya siyasətinə dolğun siyasi-hüquqi qiymətini vermişdir: “SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 nömrəli və 1948-ci il 10 mart tarixli 754 nömrəli qərarları Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı olmuşdur. Bu qərarlar əsasında 1948-1953-cü illərdə yüz əlli mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki dədə-baba yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunmuşdur. Adi hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları geniş tətbiq edilmiş, minlərlə insan, o cümlədən, qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərliyinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə zidd mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır”.

Ötən əsrin 80-cı illərin sonlarında – SSRİ-nin süqutu zəminində cərəyan edən proseslərdən öz maraqlarına uyğun bəhrələnən erməni ideoloqları Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirmişlər. Vətənpərvər və milli ideallara bağlı bir şəxsiyyətin – ulu öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından dərhal sonra erməni separatizmi ilk hücumuna – informasiya savaşına başlamışdır. Akademik A.Aqanbekyan 1987-ci ilin noyabr ayının 18-də Fransanın “Humanite” qəzetinə verdiyi müsahibəsində vurğulayırdı ki, “Mən iqtisadçı kimi əmin edirəm ki, DQMV-nin coğrafi cəhətdən daha çox bağlı olduğu Ermənistana birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim var və onu artıq təqdim etmişəm. İnanıram ki, yenidənqurma və demokratiya şəraitində bu problem öz həllini tapacaq”.

Azərbaycana qarşı əsassız ərazi iddialarını irəli sürməsi və qondarma Dağlıq Qarabağ probleminin ortaya atılması azərbaycanlıların növbəti dəfə kütləvi qırğını və əsrlər boyu yaşadığı tarixi ərazilərdən deportasiyası ilə nəticələnmişdir. Ermənistan SSR Ali Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-dək 22 rayonda sırf soydaşlarımızın yaşadığı 170, habelə 94 ermənilərlə qarışıq yaşayış məntəqələri azərbaycanlılardan tam təmizlənmişdir. Nəticədə 200 mindən çox azərbaycanlı Azərbaycana pənah gətirmişdir. 1991-ci il avqustun 8-də sonuncu Azərbaycan kəndi Nüvədidən (18 fevral 1929-cu ildə Ermənistanın tərkibinə verilib) əhalinin çıxarılmasından sonra Ermənistan faktiki olaraq monomillətçi dövlətə çevrilmişdir. Deportasiya zamanı 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, minlərlə qadın, uşaq və qoca müxtəlif bədən xəsarəti almış, on minlərlə ailənin əmlakı qarət olunmuşdur. 1990-1993-cü illərdə Azərbaycana qarşı ərazi təcavüzünü genişləndirən Ermənistan bu məqsədlə terror və soyqırımı siyasətini də dövlət səviyyəsində dəstəkləmişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsi isə iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifələrindən biri olmuşdur.

Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri Xocalı soyqırımı 613 nəfərin, o cümlədən 106 qadının, 63 azyaşlı uşağın, 70 qocanın həyatına son qoymuşdur. 487 nəfər şikəst olmuş, 1275 dinc sakin əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi faciənin məhz soyqırımı olduğunu sübut edir. Erməni qəsbkarlarının törətdikləri bu vəhşilik və vandalizm aktı tərəqqipərvər bəşəriyyətin genosid kimi tanıdığı Xatın və Sonqmi faciələri ilə eyni səviyyədə qiymətləndirilməlidir. Bu dəhşətli cinayət əməlinin məqsədi doğma torpağının müdafiəsinə qalxmış dinc əhalini qorxudub onun mübarizə əzmini qırmaq, eyni zamanda, ölkədə siyasi vəziyyəti qarışdıraraq Azərbaycan torpaqlarının işğalını asanlaşdırmaq olmuşdur.

BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid, insan qruplarının yaşamaq hüququnu tanımamaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dayaqlardan məhrum edir. Təşkilatın Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci bəndində göstərilən şərtlər də 1918-ci ilin mart və 1992-ci ilin Xocalı faciələrinin soyqırımı kimi tövsif edilməsinə imkan yaradır.

Xüsusi vurğulamaq lazımdır ki, bədnam erməni millətçilərinin tarixi saxtalaşdırmağa, dünya ictimaiyyətini çaşdırmağa yönəlmiş saxta kampaniyasına qarşı mütəşəkkil müqavimət yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Ümummilli liderin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı  tarixi həqiqətlərin üzə çıxmasına təkan vermiş, bu mühüm sənəddə ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların - soyqırımlarının rəsmən adı çəkilmiş, Cənubi Qafqaz miqyasında xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açıqlanmışdır. “Azərbaycanlıların soyqırımı haqqında” fərmanda “Böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunu tarixən bu ərazilərin yerli sakinləri olmuş azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş davakar erməni millətçilərinin mənfur fəaliyyətinə ilk dəfə olaraq siyasi-hüquqi qiymət verilmişdir.

2003-cü ildən Azərbaycana inamla rəhbərlik edən dövlət başçısı  İlham Əliyev də uydurma erməni təbliğatının beynəlxalq səviyyədə ifşasını, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasını ilk gündən xarici siyasət idarəsi və diaspor qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda milli maraq və mənafeyini layiqincə müdafiə edən Azərbaycanın yeni dünya nizamının reallıqlarına cavab verən tarazlı xarici siyasətinin uğurlarını təmin edən mühüm amillərdən biri də məhz “hücum diplomatiyası”dır. Bir vaxtlar beynəlxalq informasiya məkanına çıxış imkanları son dərəcə məhdudlaşdırılan, haqq səsi eşidilməyən Azərbaycan üzləşdiyi ədalətsiz blokadanı yarmaqla, milli həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq yönümündə yaxşı imkanlar qazanmışdır.

Ölkəyə rəhbərlik etdiyi son 10 ildə milli maraqlara söykənən fəal xarici siyasət yeridərək, “Biz müdafiədə deyil, hücumda olmalıyıq!”, – deyən Prezident İlham Əliyevin tövsiyələrinə adekvat olaraq bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilinə nail olunmuşdur. Son illər Azərbaycanın xaricdəki diasporu, səfirlikləri, elmi qurumları ilə yanaşı, ayrı-ayrı ictimai qurumların – dərnəklərin, qeyri-hökumət təşkilatlarının, cəmiyyətlərin bu prosesdə iştirakının intensivləşməsi də sevindiricidir. Azərbaycan Prezidentinin türkdilli xalqların ideya birliyinin təmin edilməsi istiqamətindəki fəaliyyətinin ən başlıca səbəblərindən biri də bu gün az qala bütün dünyanı cəfəng, iftira xarakterli təbliğatının təsiri altına salmağa çalışan, nəinki Türkiyə və Azərbaycana, bütövlükdə böyük türk dünyasına qənim kəsilən bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkili zərurəti ilə şərtlənir.

Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev AMEA-nın hələ 2005-ci ilin dekabrında keçirilmiş 60 illik yubiley mərasimindəki dərin məzmunlu çıxışı zamanı ermənilərin cəfəng iddialarına qarşı elmi-ideoloji mübarizənin gücləndirilməsi zərurətini alimlərimiz qarşısında mühüm vəzifə kimi müəyyənləşdirmişdir: “Bu gün biz öz təbliğat işimizi daha da səmərəli qururuq. Çünki bizim təbliğatımız reallığa, faktlara əsaslanır, yalana yox. Yəni bu gün Azərbaycanı sadəcə olaraq ləkələmək mümkün deyildir. Ona görə ermənilər yeni bir taktikaya əl atıblar. Bu da ondan ibarətdir ki, yaxın və keçmiş tarix təhrif olunsun, Dağlıq Qarabağ münaqişəsinin səbəbi təhrif olunsun, Azərbaycan təcavüzkar bir ölkə kimi təqdim edilsin. Eyni zamanda, bizim uzaq tariximiz təhrif olunur. Misal üçün, Azərbaycanda heç kimə sirr deyil ki, ermənilər Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağa qonaq kimi gəlmişlər. Keçən əsrin 70-ci illərində orada onların gəlişini əks etdirən bir abidə qoyulmuş, ermənilərin Qarabağa gəlişinin 150 illik yubileyi qeyd olunmuşdu. Ancaq bizdən başqa bunu az adam bilir” - deyən dövlət başçısı AMEA-nın ayrı-ayrı strukturlarının çirkin erməni təbliğatına qarşı effektiv cavab verməsinin ciddi vəzifələrdən biri olduğunu vurğulamışdır.

Bu gün ikili standartların əsirinə çevrilmiş müəyyən aparıcı dövlətlər də yaxşı başa düşür ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Cənubi Qafqazın ən ciddi problemi kimi hələ də həllini tapmaması, bütövlükdə, Xəzər hövzəsi regionunda sülhə, sabitliyə və iqtisadi əməkdaşlığa potensial təhdid kimi çıxış edir. Belə olan təqdirdə onlar təcavüzkara təsir göstərmək, beynəlxalq hüquq normalarını təmin etmək əvəzinə, ermənilərin qondarma, tarixi faktlardan tamamilə uzaq olan “soyqırımı” iddialarını dəstəkləyir, Ermənistanı regionda üzləşdiyi təcrid vəziyyətindən çıxarmağa çalışırlar.

Azərbaycanın dövlət başçısının xalqın iradəsinə əsaslanmaqla irəli sürdüyü “hücum diplomatiyası”nın effektiv nəticələri göz önündədir. Bu gün əksər dünya dövlətləri respublikamızın regionda sülhü, inkişafı, tərəqqini, səmərəli əməkdaşlıq təşəbbüslərini dəstəkləyən dövlət olduğunu yaxşı bilirlər. Sivil birgəyaşayış normalarına uyğun xarici siyasət xətti yeridən respublikamız indi bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli informasiya-təbliğat siyasətini də darmadağın edir. Rəsmi Bakının hücum diplomatiyası sayəsində ermənilərin münaqişə ilə bağlı gerçəklikləri təhrif etmək, dünyanı çaşdırmaq cəhdləri puça çıxır.

Bu gün hər kəsin birmənalı qəbul etdiyi danılmaz həqiqət bundan ibarətdir ki, Azərbaycan beynəlxalq qüvvələrin hərtərəfli dəstəyini almış Ermənistan ilə müharibədə deyil, qeyri-bərabər döyüş meydanında müvəqqəti uğursuzluğa düçar olmuşdur. Azərbaycan iqtidarı məhz xalqın bu yekdil və birmənalı rəyinə əsaslanaraq sülh danışıqlarına qoşulmuşdur. “Zorən cəlb edildiyimiz müharibədə müvəqqəti itirdiyimiz ərazilərin son qarışınadək geri qaytarılması” əzmkarlığı ilk gündən danışıqlarda Azərbaycanın qəti, birmənalı və prinsipial mövqeyidir. Siyasi baxışlarından, mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlı bu reallığı etiraf etməyə məcburdur. Reallıqsa bundan ibarətdir ki, milli maraqları daim uca tutan, xalqın iradəsinə söykənən ölkə rəhbərliyi 20 ildən artıqdır ki, öz prinsipial və qətiyyətli mövqeyindən bir addım belə geri dönməmiş, əksinə, daha inadlı və hücumçu xarici siyasət kursunu uğurla davam etdirmişdir.

İqtisadi və hərbi cəhətdən güclənən Azərbaycan danışıqları imitasiya xatirinə aparmadığını, bu prosesdə müsbət dönüşün yaranmayacağı halda, rəsmi Bakının hərbi varianta əl ata biləcəyini Ermənistan rəhbərliyi də yaxşı dərk edir. Hələliksə, Prezident İlham Əliyevin son illər münaqişənin həlli istiqamətində yeritdiyi siyasət Ermənistanın mövqeyinin beynəlxalq hüquq baxımından tam əsassızlığını sübuta yetirməyə, təcavüzkar ölkəni Cənubi Qafqazdakı dinamik inkişaf prosesindən, qlobal enerji-kommunikasiya layihələrindən təcrid etməyə, ən nəhayət, Azərbaycanın iqtisadi-hərbi qüdrətini artırmaqla qarşı tərəfin mövqeyinə təsir göstərməyə yönəlmişdir. Tam əminliklə qeyd etmək olar ki, bu sahələrdə mühüm hədəflərə nail olunmuşdur.

Təcavüzkar ölkə olan Ermənistan özünü Cənubi Qafqazda gerçəkləşən bütün strateji layihələrdən kənarda qoymuşdur. Ermənistan bu gün Cənubi Qafqaz regionunun iqtisadi inkişafını ləngidən, başqa dövlətin “for-postu”na çevrilərək sülh danışıqlarını süni şəkildə uzatmağa, vaxt udmağa çalışan qeyri-konstruktiv dövlət kimi tanınır. Təkcə bir faktı qeyd etmək yerinə düşərdi ki, Bakı-Ceyhan neft kəmərinin Ermənistan Respublikasının ərazisindən – 48 kilometr bir ərazidən keçəcəyi təqdirdə İrəvan ildə azı 8 milyon dollar qazanc əldə edə biləsəkdi. Bu fakta qaz kəməri, beynəlxalq dəmir yol və şose yolları layihələrini də əlavə etsək, Ermənistanın Azərbaycan hesabına nə qədər gəlir əldə edə biləcəyini təsəvvür etmək olardı. Lakin bu gün Ermənistan özünü bu cür imkanlardan tamamilə təcrid etmiş və beynəlxalq qınaq obyektinə çevrilmişdir.

Ermənistanın xarici borcları getdikcə artır, ölkədə sosial-iqtisadi tənəzzülün qarşısının alınmaması əhalinin vəziyyətinin pisləşməsi ilə müşayiət olunur. Rusiyaya olan borclarını ödəmək iqtidarında olmayan Ermənistan getdikcə bu ölkənin vassalına çevrilir, bütün strateji əhəmiyyətli müəssisələrini itirir. Yoxsulluğun səviyyəsinə görə MDB-də liderliyi əldən verməyən Ermənistan siyasi sahədə də ciddi problemlərlə üz-üzədir.

Ermənistan prezidenti indi daha çox öz hakimiyyətinin hayında olduğu üçün münaqişə ilə bağlı mövcud “status-kvo”nun saxlanılmasına səy göstərir. Lakin bu vəziyyətin özü işğalçı ölkəni iflic vəziyyətdən çıxmağa qoymur. İqtisadiyyata yönəldilməli olan xərclər işğalçı ordunun, separatçı rejimin saxlanılmasına sərf edilir. Ermənistanda sosial-iqtisadi vəziyyətin müsbətə doğru dəyişmədiyini, insanların aclıq və səfalət içində yaşadığını müxtəlif beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir. Hakim rejimin bütün səylərinə rəğmən, ölkədən köçüb gedənlərin sayı durmadan artır.

Danışıqları imitasiya xatirinə davam etdirmək niyyətində olmadığını dəfələrlə bəyan etmiş Azərbaycan iqtidarı hələlik prosesləri təmkinlə izləyir və sülh prosesinin dalana dirənmədiyi qənaətindədir. Ermənistan yaranmış fürsəti düzgün dəyərləndirib konstruktivlik nümayiş etdirməyəcəyi təqdirdə, münaqişənin güc tətbiqi ilə həlli Azərbaycan üçün qaçılmaz varianta çevriləcəkdir. Ölkə rəhbərliyinin bu qətiyyətli mövqeyi həm də xalqın milli maraqlarını sonadək müdafiə etmək əzmindən qaynaqlanır.

İsaxan VƏLİYEV,

AMEA Fəlsəfə və Hüquq İnstitutunun şöbə müdiri, hüquq elmləri doktoru, professor

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında