Mart soyqırımı: bəşəriyyət sussa da, faktlar susmur

(əvvəli qəzetin 29 mart sayında)

Şamaxı qırğınları ilə paralel Quba şəhərinin əhalisinə qarşı da amansız divan tutulmuşdur. Ərzurum ermənisi olan və Türkiyədə əli saysız-hesabsız türkün qanına batmış, Hamazasp Quba qırğınlarına rəhbərlik edirdi. Onun qəddarlığı arxiv materiallarında öz təsdiqini tapan çıxışından da bəlli olur. Hamazasp şəhər məscidinin  yanındakı  meydanda  toplaşmış müsəlmanlara müraciətlə bildirmişdi: “Mən əslən Ərzurumdanam. Uzun müddət türklərə qarşı vuruşmuşam. Mən erməni mənafelərinin müdafiəçisiyəm. Mən Sovet hökuməti tərəfindən cəza dəstəsi ilə buraya göndərilmişəm ki, sizdən iki həftə bundan əvvəl burada öldürülmüş ermənilərin qisasını alım. (O, əlini üzərində toplar dayanmış dağa tərəf tutaraq) sizin müsibətiniz o vaxt başlayacaq ki, mən sabah o dağa qalxım. Sabah mən o dağa qalxaraq şəhəri topa tutduracaq və yerlə yeksan edəcəyəm. Hazırda mənim Didax və Alpan kəndlərində döyüşlərim gedir. Sonra Uçgün və Kilit kəndlərinə keçərək sizləri odlara yaxacaq və Şahdağa çatacağam. Onda başa düşərsiniz ki, erməniləri öldürmək nə deməkdir. Mən buraya qayda-qanun yaratmaq və Sovet hakimiyyəti qurmaq üçün deyil öldürülmüş ermənilərin qisasını almaq üçün göndərilmişəm”.  Burada Hamazaspın on gün öncə öldürülən ermənilərin qisasını almağa gəlməsini qeyd etməsi sayca nisbətən az erməni dəstələrinin Qubaya gözlənilməz basqını və ləzgi silahlıları tərəfindən onların darmadağın edilməsini nəzərdə tuturdu. Bu dəfə onun rəhbərliyi ilə ermənilər daha yaxşı silahlanmış və  nizami qoşun dəstələri ilə Qubaya gəlmişdi. Və kiçik özünümüdafiə dəstələrinin onların qarşısında duruş gətirməyi mümkünsüz idi. Hamazasp bu fürsəti əldən vermədi. Şaumyan və  Korqanovun təşkilatçılığı  ilə  daşnak  Hamazaspın  dəstələri  Quba  şəhərində  və  qəzanın  122 kəndində vəhşiliklər törətmiş, qətliamın birinci günü şəhərdə 713 nəfəri, ikinci günü 1012 nəfər azərbaycanlını qətlə  yetirmişlər. Quba şəhərində  3 minədək dinc sakin qətlə  yetirilmiş,  105  ev  və  digər tikililər tamamilə yandırılmışdır. Ümumiyyətlə Quba faciəsi barədə rəqəmlər müxtəlifdir. Professor A. İskəndərov yazır:  “Təhqiqat materiallarından məlum olur ki, 1918-ci il mayın 1-də  Qubaya girən  daşnak-bolşevik birləşmələrinin sayı 5 mindən  artıq  olmuşdur. Ona  görə  də  onlar  silahsız  dinc  əhaliyə  azğınlıqla  divan  tuta bilmişdilər. Həmin azğınlığın miqyasını təsəvvür etmək üçün iki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlmanın öldürüldüyünü xatırlamaq kifayətdir. Bu rəqəm Quba şəhər əhalisinin beşdə biri demək idi... Hamazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş  ayı  ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir.”

Qubaya ilk olaraq dəstə ilə göndərilən və ağır döyüşlərdən sonra qovulan  David  Gelovanin Fövqəladə  İstintaq Komissiyasına verdiyi ifadəsindən də aydın olur ki, Hamazaspın silahlı dəstəsi siyasi məqsəd üçün deyil, sadəcə müsəlman xalqından intiqam almaq məqsədilə “Daşnaksütyun” partiyası tərəfindən göndərilmişdi.

Göründüyü kimi, mənfur Şaumyanın və onun əlaltıları olan Hamazasp, Lalayev, Əmirov və digərlərinin vəhşi əməlləri nəticəsində Azərbaycanda yerli əhali amansızcasına qırılır və insanların mal-mülkü qarət olunur, dağıdılır və yandırılırdı. Bütün bunlara sovet hakimiyyətinin qurulması adı verilməyə cəhd göstərilsə də, əslində faktlar da sübut edir ki, bu hadisələrin ən ümdə səbəbi “böyük Ermənistan” xülyasının gerçəyə çevrilməsi istəyi və türklərə olan qeyri-insani nifrətin nəticəsi idi.

Daşnaklar Azərbaycanın müxtəlif regionlarında etnik təmizləmə siyasətini xüsusi amansızlıqla həyata keçirirdi. Türk ordusunun zərbələrindən qaçan ermənilər başda quldur Andronik olmaqla İrəvan quberniyasının ərazisinə soxulmuş və Zəngəzur, Göyçə,Dərələyəz, Naxçıvan və Qarabağ mahallarında müsəlmanlara qarşı qəddar aktlar törətmişdilər. Zəngəzur qəzasında baş verən qırğınlar mart soyqırımılarının ən dəhşətli ssenarilərindən biri idi. Fövqəladə  Təhqiqat Komissiyasının məruzəsində  Zəngəzur qəzasında  115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları sadalanır. Məruzədə  göstərilən 115 kənd  yandırılmış,  əmlakı  oğurlanıb  aparılmış,  ərazisi zəbt olunmuşdur. Bu kəndlər məhv edilərkən o qədər haqsızlıqlar, vəhşiliklər törədilmişdir ki, onları ayrı-ayrı kəndlər üzrə göstərməyə imkan yoxdur. Ermənilərin dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi vəhşiliklər haqqında təhqiqat komissiyasının aktları, onlara əlavələrdə kifayət qədər məlumatlar vardır. Yuxarıda göstərilən 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə, tam olmayan məlumata görə təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 azərbaycanlı  öldürülüb  və  ya  şikəst  edilmişdir. Məruzədə  deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, erməni vəhşiliklərinin qurbanları daha çox olmuşdur. Ancaq indiki dəhşətli qarışıqlıq şəraitində  onları  tam  şəkildə  müəyyənləşdirmək  mümkün olmamışdır.  Azərbaycan Respublikası parlamentinin üzvü Cəlil Sultanov yanvarın 23-də  hərbi  əməliyyat yerindən Parlamentə  göndərdiyi  üçüncü  teleqramında yazırdı: “Zəngəzur qəzası  İrəvandan on top və  pulemyotlarla gəlmiş  nizami  ordu  tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Hökumətin köməyinə ümidini itirən  əhali bütün Azərbaycan  türk  xalqına müraciət edir. Aldığımız məlumata  görə,  sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ  erməniləri ilə birləşməkdir. Nəticədə Naxçıvanla  əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ və həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən  yuxarı  Zəngəzur  müsəlman  əhalisinin məhvinə  gətirib çıxarmış xain ermənilərin  iç  üzünü  açıb  dünyaya  çatdırmaq  vaxtı  gəlib  çatmışdır. Xahiş  edirəm təcili tədbir görün ki, heç olmasa, Şuşa və Cəbrayıl qəzaları xilas edilsin. Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və Vətən qarşısında cinayət və satqınlığa bərabərdir”

Cəlil Sultanovun həyəcanla dolu teleqramlarına nəzər saldıqda həqiqətən o dövrdə vəziyyətin necə mürəkkəb və acınacaqlı olduğunu hiss etməmək olmur. Zəngəzur qırğınları, demək olar ki, Ermənistanın bu bölgəni öz tərkibinə qatmaq və Qarabağa daxil olmaq üçün yeganə dəhliz və ələdüşməz fürsət idi. Bu baxımdan ermənilər maksimum imkanlarından istifadə edərək Azərbaycanın bu qədim ərazisinə qarşı türksüzləşdirmə və erməniləşdirmə siyasətini yubanmadan və cəlladlıqla davam etdirirdilər.  1920-ci il  yanvarın 24-də  Cəbrayıldan C. Sultanovun Azərbaycan  Parlamenti  adına  göndərdiyi son teleqramında deyilirdi: “Bütün teleqramlarıma  əlavə  olaraq hərbi  əməliyyat yerindən məlum edirəm ki, Zəngəzur sarıdan başınız sağ olsun. Ermənilər  öz  qüvvələrini Cəbrayıl  qəzasının  sərhədlərində  — Əkərə  çayı ətrafında cəmləşdirirlər. Qarabağı xilas etmək lazımdır.  Erməni xəyanəti  və  hiyləgərliyi  qurbanlarının  sayı hesaba gəlməzdir. Yalvarıram, təcili və qəti tədbirlər görün”. Məsələ burasındadır ki, erməni quldurları qırğınlarda bütün “sərhədlər”i keçərək yerli əhalini ən murdar metodlarla-qadın,qoca, uşaq, hamilə bilmədən qətlə yetirir, zorlayır, başlarını süngülərə keçirir, diri-diri damğalayır, döşlərini kəsir, dərilərini soyur və yandırırdı.

Onlar bu cür iyrənc əməllərini Zəngəzurla yanaşı Qarabağda da həyata keçirmişdilər. Şıxımlı, Kövşatlı, Divanlılar, Çaraküz, Mərzili, Təkli, Tuğ, Axullu, Məlikli, Məzrə, Eyvazlı, Dolanlar, Şıxlar və digər saysız hesabsız kəndlər ermənilərin amansız basqınlarına məruz qalmış minlərlə sakinləri qətlə yetirilmiş, təhqir olunmuş, əmlakları isə qarət edilmişdir.  Konkret olaraq Cavanşir qəzası ərazisində ermənilər yaşına, cinsinə fərq qoymadan uşaqlara, qadınlara, qocalara və hətta şikəstlərə belə aman vermədən azərbaycanlılara qarşı çoxsaylı ölüm aktları həyata keçirmişlər. Bir çox hallarda isə  onlar ağlasığmaz qətl  formaları  tətbiq  etmişlər. Professor Ataxan Paşayev qeyd edir ki, Umudlu kəndində Süleyman Qazax Aslan oğlu, Məmməd Məşədi Paşa  oğlu  və Kazım Atam  oğlu  ermənilər tərəfindən qəddarlıqla  qətlə  yetirilmiş,  sonra  isə onların cəsədlərini doğrayaraq hər hissəsini bir yerdən  asmışlar. Həmkəndliləri  onları  bu  vəziyyətdə  tapanda hansı hissəsinin kimə mənsub olduğunu belə ayırd edə bilməmişdilər. Hacı Qərvənd kəndində qətlə yetirilmiş Zeynəb Şirin qızının döşləri kəsilmişdir. Dovşanlı kəndinin bir hissəsi olan Korakor kəndinin sakinləri Ramazan Novruzəli oğlu, Qönçə Ocaqqulu qızı və şikəst Süleyman Həsənəli oğlu qəddarlıqla qətlə yetirilmiş və meyitləri   yandırılmışdı. Sırxavənd-Ballıqaya kəndinin sakini Soltan Əli İmam oğlu Qazançı kəndi  yaxınlığında saxlanılmış, vəhşiliklə öldürülmüş və yandırılmışdı. Güneyqaya-Sırxavənd kəndinin sakinləri Şərit İsmayıl oğlu və Rəcəb Novruzəli oğlunun meyitləri ermənilər tərəfindən başları kəsilib aparılmış  şəkildə  tapılmışdır. Ermənilərin Qarabağda törətdiyi ölçüyəgəlməz dağıntılar 100 milyonlarla hesablanmışdır. Azərbaycan hökuməti ermənilərə qarşı bütün bu etdikləri xəyanətlərə baxmayaraq, hər dəfə səbrlə yanaşmış və bölgədə sülh və əmin-amanlığı bərpa etməyə təşəbbüs göstərmişdir.

Qarabağın general-qubernatoru azərbaycanlıları ermənilərin mümkün təxribatlarına qarşı son dərəcə dözümlü olmağa çağırmış və buna şəxsən nəzarət etmişdir. Lakin bütün bu jestlərə baxmayaraq, Qarabağın erməni əhalisi Azərbaycan hökümətini tanımamış və o zaman “Ararat respublikası” adlanan Ermənistandan gələn göstərişlərlə hərəkət etmişlər. Qarabağ ərazisində ermənilərə Sokrat bəy MəlikŞahnazarov, Akop Veddiyev, Şamir Avakov, Armenak Xaçaturov, Eqiş İşxanov, Xosrov bəy, İşxan bəy və Tiqran bəy İşxanov qardaşları və başqaları rəhbərlik edirdilər. Ermənilər cidd-cəhdlə təxribat-pozuculuq hərəkətləri etməklə Azərbaycan Xalq Cümhuriyyəti  hökumətinə tabeçilikdən boyun qaçırırdılar. Lakin general-qubernator X. Sultanovun ciddi səyləri nəticəsində  1919-cu  il  avqust  ayında Azərbaycan hökuməti ilə  Qarabağ Erməni  Milli  Şurası  arasında  deklarasiya  imzalanır.  Bu  deklarasiya  ilə Qarabağ erməniləri Azərbaycan hökumətinin hakimiyyətini  tanıyır, Azərbaycan hökuməti isə onlara mədəni -milli muxtariyyət hüququ verirdi. Şübhəsiz ki, ermənilər üçün  yazılı sənəd və ya müqavilə, verilən söz heç bir əhəmiyyət daşımırdı, ona görə də bu tanıma qeyri-səmimi idi. Sonrakı hadisələr, bolşevik işğalı ilə paralel Qarabağda yenidən alovlanan erməni üsyanları da bunu sübut etdi.

Beləliklə, Azərbaycanın müxtəlif yerlərində — Bakı, Şamaxı, Quba, Zəngəzur, İrəvan, Naxçıvan, Salyan, Lənkəran, hətta Güney Azərbaycanın  Urmiya, Salmas, Xoy, Mərənd və digər şəhərlərində baş verən türk-müsəlman soyqırımları nəticəsində xalqımız yüz minlərlə övladını itirdi. Əhalinin min bir əziyyətlə ərsəyə gətirdiyi ev-eşikləri yağmalandı, yerlə-yeksan edildi, tarixi abidələrimiz, məscidlərimiz, mədrəsələrimiz, qədim əlyazmalar saxlanılan kitabxanalarımız dağıdıldı, insanların inanc yerləri hesab olunan ziyarətgahlarımız, məscidlərimiz, müqəddəs kitablarımız yandırılaraq məhv edildi. Bir sözlə, başlanğıcını kütləvi surətdə 1918-ci il mart ayından etibarən götürən azərbaycanlıların soyqırımı xalqımıza həm fiziki, həm də mənəvi cəhətdən  sarsıdıcı zərbə vurdu. Üstündən yüz ilə yaxın bir müddət keçməsinə baxmayaraq hələ də ermənilərin öz havadarlarının dəstəyi ilə xalqımızın başına gətirdiyi müsibətlər xatirələrdən silinmir.

Anar TURAN, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında