1918-ci ilin mart soyqırımı

(əvvəli ötən sayımızda)

Müsəlmanların müqəddəs dini ocaqlarını yerlə-yeksan edən daşnaklar dinə, Şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları də məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Hadisələrin canlı şahidlərindən olan nüfuzlu din xadimi İbrahim Aydəmirov xatırlayır ki, “Digah məscidində təxminən 600-700 il əvvələ aid alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən müqəddəs pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan nəhəng bir daş idi”.

Qubada törətdiyi qırğınlardan quduzlaşan Amazasp əliyalın dinc əhaliyə meydan oxuyaraq deyirdi: “Mən erməni xalqının və onun mənafeyinin müdafiəçisiyəm. Mən cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülmüş ermənilərə görə sizdən qisas alım. Mən bura qayda-qanun yaratmaq, sovet hakimiyyətini qurmaq üçün deyil, öldürülmüş ermənilərin qisasını almağa göndərilmişəm. Mənə əmr edilmişdir ki, Xəzər dənizindən Şahdağına kimi bu ərazidə yaşayan bütün müsəlmanları məhv edim…” O, daha irəli gedərək deyirdi: “Hazırda mənim Digah və Alpan kəndlərində döyüşlərim gedir. Sonra Üçkün və Kilid kəndlərinə keçərək, Şahdağa çatacağam”. Doğrudur, müsəlman qanına susayan Amazaspın arzusu ürəyində qaldı. Üç gün davam edən döyüşlər müsəlmanların qələbəsi ilə başa çatdı. Hər iki tərəf böyük itki verdi. Döyüş yeri tarixə “Qanlı dərə” kimi daxil oldu.

Amazaspın vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyildir (M.Məlikməmmədovun “Qanlı dərə” əsərinə istinad olunub).

Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etmək üçün dəniz vasitəsilə bolşevik dəstələri göndərilmişdi. Bunların hamısı Erməni Milli Şurasının göstərişi ilə edilirdi. Bolşevik əsgərləri yolda qabaqlarına çıxan müsəlman kəndlərini dağıdıb talayırdılar.Astara bolşevik əsgərləri tərəfindən topa tutularaq darmadağın edildi, əhalinin əksəriyyəti yaşayış yerlərini tərk etməyə məcbur oldu. Xəzər dənizi sahilində Qızılağac ilə Lənkəran arasındakı müsəlman kəndləri “Aleksandr Candar” paroxodu tərəfindən top atəşinə tutuldu. Yanvarda başlanan bu qırğınlar martda daha da şiddət etdi”.

Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Onlar  müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, onları Osmanlı türklərindən qorunmaq üçün səngər qazmağa məcbur edirdilər. İş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyələrini keçirtməyə mane olurdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət edir, məscidi isə yandırmaq istəyirdilər. Ermənilər bu bölgədə yüzlərlə ev dağıtdılar və minlərlə günahsız insanın həyatına son qoydular. 1918-ci ilin yanvarından 1919-cu ilin avqustunda “Molokan qiyamı” yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu.

1918-1920-ci illərdə erməni vəhşiliklərindən ən çox ziyan çəkən Azərbaycan bölgələrindən biri də Zəngəzur qəzası olmuşdur. Daşnak qüvvələrinin təcavüzü nəticəsində bu qəzanın Şuşa ilə əlaqələri tamamilə, Cəbrayıl qəzası ilə qismən kəsilmişdi. Qəzanın müsəlman əhalisinin vəziyyəti bir də ona görə ağırlaşmışdı ki, erməni kəndlərindəki silahlı quldur dəstələri ilə yanaşı, bu qəzada quldur Andranikin erməni əsgərlərindən ibarət yaxşı təşkil olunmuş nizami qoşunları da var idi. Andranik Erməni hökumətinin tapşırığı ilə Azərbaycan ərazisinə soxularaq müsəlman əhalisindən tələb edirdi ki, ya Ermənistan hökumətinə tabe olsunlar ya da qəzanın ərazisini tərk etsinlər. Guya bu ərazi Ermənistan Respublikasına daxildir. Qəzanın çox zəif silahlanmış müsəlman  əhalisi Andranikin bu tələblərini rədd etdiyinə görə ermənilər həmin əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər.

Fövqəladə Təhqiqat  Komissiyasının məruzəsində Zəngəzur qəzasında 115 müsəlman kəndinin ermənilər tərəfindən dağıdılaraq yer üzərindən silindiyi qeyd olunur. Dağıdılmış bütün kəndlərin adları bu sənədlərdə sadalanır.

Dağıdılan 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır. Nəticədə, təkcə Zəngəzur qəzasında komissiyanın məruzəsi hazırlanana qədər 10068 nəfər azərbaycanlı öldürülüb və ya şikəst edilmişdir. Məruzədə deyilirdi ki, bu dəhşətli rəqəmlər hələ erməni vəhşilikləri haqqında tam məlumat vermir. Belə ki, daha çox müsəlman erməni vəhşiliklərin qurbanı olmuşdur. Ancaq o zamankı dəhşətli qarışıqlıq şəraitində onları tam şəkildə müəyyənləşdirmək mümkün olmamışdır.

Qəzanın Vaqudu kəndində 400-dən yuxarı azərbaycanlı əhali məsciddə sığınacaq tapır və güman edirlər ki, ermənilər müqəddəs yer sayılan məscidə toxunmazlar. Ancaq məscidi mühasirəyə alan erməni vandalları əvvəlcə  məscidə əl bombaları atır, sonra isə ona od vuraraq adamlarla birlikdə yandırırlar. Şəki kəndinin küçələrində  iki yerə şaqqalanmış uşaq meyitləri atılıb qalmışdı. İrmişli kəndini talan edərkən ermənilər südəmər uşaqları süngülərə taxaraq göyə qaldırır, öldürülən meyitləri tikə-tikə doğrayırdılar. Aqudi kəndində ermənilər müsəlmanlardan xristianlığı qəbul etməyi tələb edir, bundan imtina edən qadınlara qarşı ən amansız cəza tədbirlərini həyata keçirirdilər.

Çullu kəndində ermənilər yorğan – döşəkdə xəstə yatan 9 nəfər müsəlmanı qılıncla doğramışlar. Bağıbəyli kəndində ermənilər 7 nəfər azərbaycanlını bir evə yığıb diri-diri yandırmışlar. Müsəlman  meyitlərin əli, ayağı, başı kəsilmiş və o qədər eybəcər hala salınmışdılar ki, həmin əzaların hansı meyitə məxsus olduğunu bilmək olmurdu. Zəngəzur qəzasında 1918-ci il yayın axırları və payızında baş verən bu hadisələr bilavasitə cəllad Andranikin rəhbərliyi altında həyata keçirilmişdir.

Zəngəzur qəzasının 100-dən çox müsəlman kəndi dağıdılmış, on minlərlə qaramal və yüz minlərlə davar ermənilər tərəfindən sürülüb aparılmış, bağlar, taxıl zəmiləri və otlaq sahələri yandırılmış, dağıdılmış, bir sözlə, qəzanın müsəlman əhalisinin iqtisadi vəziyyəti fəlakətli hala salınmışdı. Ermənilər tərəfindən qəzanın Azərbaycanın müxtəlif  kəndlərinə qaçıb dağılmış əhalisinə 1 milyard manata yaxın maddi ziyan vurulmuşdur (ARDA: f.894, siy. 4, iş 65).

Erməni millətçilərinin azərbaycanlılara qarşı Zəngəzurdakı vəhşilikləri 1920-ci ilin əvvəllərində daha amansız bir şəkil aldı. 1920-ci ilin yanvarından Zəngəzurda baş verən bütün hadisələrin bilavasitə təşkilatçısı məhz Ararat Respublikasının özü idi. Burada da əsas məqsəd Zəngəzur qəzasını tamamilə müsəlmanlardan təmizləyərək Paris sülh konfransı dövlətlərinin əli ilə buranı Ermənistanın tərkibinə daxil etmək idi. Bu təmizləmə əməliyyatlarında erməni quldur dəstələri ilə yanaşı, Ararat Respublikasının on mindən yuxarı nizami qoşun dəstələri iştirak edirdi.

Ermənilərin irimiqyaslı hücumları ilə əlaqədar 1920-ci ilin yanvarından Azərbaycan Respublikasının parlamentinə, hökumətinə müxtəlif partiya fraksiyalarının rəhbərlərinə Zəngəzurdan çoxlu həyəcanlı xəbərlər daxil olurdu.

1920-ci il yanvarın 21-də Azərbaycan Respublikası parlamentinin üzvü Cəlil Sultanov tərəfindən Azərbaycan parlamentinə göndərilmiş teleqramda deyilirdi: “Dörd gündür ki, erməni quldur dəstələri nizami ordu ilə birlikdə top və pulemyotların atəşi  altında Zəngəzura hücumları davam edir… İtkilər olduqca çoxdur. Əhali vahimə içərisində qaçır və kömək umur… Qəzanın bədbəxt əhalisi adından yalvarıram, kağız üzərindəki etirazlardan fəal hərəkətə keçin. Azərbaycanın ən gözəl guşələrindən birini tamamilə məhv olmaqdan xilas edin. Zəngəzurun ardınca növbə Qarabağındır. Bütün bunların itirilməsi üçün siz Azərbaycan  xalqı və Azərbaycan qarşısında cavab verəcəksiniz” (ARDA:f.895,siy.1,iş 299, vər.20).

Yanvarın 22-də isə Cəbrayıl məktəbinin nəzarətçisi H.Axundzadə Azərbaycan parlamentinə göndərdiyi teleqramda yazırdı: “Yanvarın 19-da səhərdən erməni silahlı qüvvələri Zəngəzurda Xocahandan  Qaladərəsinə kimi ərazidə bütün cəbhə boyu toplardan və pulemyotlardan müsəlman kəndlərini atəşə tuturlar. Altı kənd tamam dağılmış, doqquz kənd isə od içərisində yanır. Ermənilər qadınlara və uşaqlara belə rəhm etmədən qəddarlıqla müsəlmanları qırır, kəndləri dağıdırlar. Müqavimət göstərməyə heç bir qüvvələri olmayan müsəlmanlar bütün əmlaklarını ermənilərə qoyaraq yalnız qaçmaqla canlarını qurtarırlar” (ARDA: f.895, siy. 1, iş 299, vər. 31-33).

Erməni millətçilərinin Zəngəzurdakı dəhşətli cənayətləri və onlara layiqli cavab verilməməsi azərbaycanlı əhali arasında ümidsizlik doğururdu. 1920-ci il yanvar ayının 23-də Cəbrayıldan müəllim Hüseyn Axundzadənin vurduğu təkrar teleqramda deyilirdi: “Zəngəzur müsəlmanları tərəfindən başınız sağ olsun. Nə qədər zəngəzurlular ağladılarsa da, nalələri Zəngəzur dağları, dərələri və obalarından kənara çıxmadı. Qarı arvadların namusu təhqir olunmuş, məsum balaların başsız bədənləri qanlarına bulaşmış çöllərdə qalıblar. Qızlar və gəlinlər ermənilərin əlinə keçmiş, onların namuslarına təcavüz edilmişdir. Zəngəzurda düşmənə müqavimət göstərən çox az kişi qalıb. Lakin onlar da tam ümidsiz vəziyyətdədirlər. Üzümüzü Azərbaycan dindarlarına tutur, onları Zəngəzurdakı qardaşlarımızın, bacılarımızın, məsum balaların məlumanə şəkildə şəhid olmalarına qarşı “kömək... kömək!.. deyə yalvarışlarına cavab verməyə çağırırıq” (ARDA: f. 895, siy. 1, iş 299, vər. 8-12 ).

Cəlil Sultanov yanvarın 23-də hərbi əməliyyat yerindən parlamentə göndərdiyi üçüncü teleqramında yazırdı: “Zəngəzur qəzası İrəvandan on top və pulemyotlarla gəlmiş nizami ordu tərəfindən tamamilə məhv edilmişdir. Vuruşmada iştirak edən nizami erməni ordusunun sayı on minə çatır. Hökumətin köməyinə ümidini itirən əhali bütün Azərbaycan türk xalqına müraciət edir. Aldığımız məlumata görə, sabah Zəngəzur tərəfdən Cəbrayıl qəzasına hücum başlanır. Məqsəd Qarabağ erməniləri ilə birləşməkdir. Nəticədə, Naxçıvanla əlaqəni tamam kəsmək, beləliklə də həm Qarabağ,  həm də Naxçıvan məsələsini birdəfəlik həll etməkdir. Artıq kağız üzərindəki etirazlara son qoymaq, iki yüz mindən yuxarı Zəngəzurun müsəlman əhalisinin məhvinə gətirib çıxarmış xain ermənilərin iç üzünü açıb dünyaya çatdırmaq vaxtı gəlib çatmışdır. Xahiş edirəm təcili tədbir görün ki, heç olmasa, Şuşa və Cəbrayıl qəzaları xilas edilsin. Hər dəqiqə qiymətlidir. Yubanmaq xalq və Vətən qarşısında cinayət və satqınlığa bərabərdir” (ARDA: f. 895, siy. 1, iş 299, vər. 18, 22, 26).

  1918-ci ilin avqustunda İgdir və Eçmiədzin qəzalarında azərbaycanlıların qırğını Dronun rəhbərliyi altında həyata keçirilirdi. Onun göstərişi ilə bu regionda azərbaycanlıların 60-dan çox kəndi dağıdılmış, yandırılmış, əhalisinə qarşı ən sərt tədbirlər görülmüşdü.

Çəmbərəkənd (Krasnaselo) rayonunun Ağbulaq, Ardanış, Bəriyabad, Qaraqaya, Əmirxeyir, Yanıqtəpə, Gölkənd (Qaraqoyunlu), Toğluca, Çaykənd, Cıvıxlı, Cil, Şorca və başqa kəndlərə hücum etmiş Andranikin quldur dəstəsi əhalini qırmış, kəndi dağıtmış, xalqın var-dövlətini talan edib aparmış, əhalinin bir qisminə ağır işgəncələr vermiş, qaça bilməyənləri, qocaları, qadın və uşaqları vəhşicəsinə qılıncdan keçirmişdir. Eçmiədzin rayonunda 1918-ci ildə azərbaycanlılar sayca üstünlük təşkil etsələr də, bu rayonun əksər kəndləri ermənilərin vəhşiliyinə, işgəncələrinə məruz qalmışdılar. Rayonun Ayarlı kəndi 1918-ci ildə bütünlüklə soyqırımına məruz qalmışdır. Bu kənddə həmin vaxt 700-dən çox azərbaycanlı yaşayırdı. Onların əksəriyyəti işgəncələrlə qırılmış, salamat qalanlar isə didərgin düşmüş, dağlarda-daşlarda tələf olmuşdur.

İri azərbaycanlı kəndi olan Qarğabazarın 800 nəfərdən çox əhalisi erməni quldur dəstələri tərəfindən işgəncələrlə öldürülmüşdür. Bu kənd talan edilmiş, dağıdılmış, binaları yandırılmışdır.

Qəmərli kəndinin də başına eyni müsibətlər gətirilmişdir. Bu kənddə yaşayan 500 nəfərə yaxın azərbaycanlı əhali erməni  silahlı dəstələri tərəfindən qırılmış, bir qismi isə doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur.

Eçmiədzin rayonunun Yuxarı Qarxun, Yuxarı  Türkmənli, Kiçik Zeyvə, Kürəkənli, Məmmədabad, Molla Dursun, Hacı Qara, Hacılar, Haramlı və başqa kəndlərində yaşayan azərbaycanlıların böyük əksəriyyəti 1918-ci il qırğınlarında soyqırımına məruz qalaraq doğma yurdlarından başlarını götürərək qaçmışlar.

1918-ci ilin martına qədər İrəvan qəzasının 199 azərbaycanlı kəndi, 1919-cu ilin sentyabr ayına qədər isə Eçmiədzin qəzasına məxsus  62 azərbaycanlı kəndi bütünlüklə yerlə –yeksan edilmişdir. 1919-cu ilin axırında isə Zəngibasarın biri neçə kəndi istisna olunmaqla, İrəvan qəzasının, o cümlədən Vedibasarın bütün kəndləri məhv edilmiş, əhalisi vəhşicəsinə öldürülmüş, sağ qalanlar canlarını xilas edərək başqa yerlərə qaçmışlar. Əhali İran, Osmanlı və Azərbaycana pənah gətirmişdir.

   Quqark rayonunun Vartanlı kəndində isə faciə belə başlandı: Aprel ayının ortalarında iclas keçirmək adı altında azərbaycanlıları bir komaya yığırlar. Təxminən 1200-1500 adam bu yerə toplaşır. Keşiş Vahan iclası açır, bir neçə kəlmə ilə bu iki xalqın bir kənddə mehriban yaşaması haqqında fikir söyləyir. Bir qədər sonra silahlı ermənilər içəri daxıl olub keşişi bayıra çıxarır, komanın qapısını bağlayaraq damından içəriyə saman qarışıq neft töküb camaatı yandırmağa başlayırlar. Uşaq, qoca, qadın qışqırtısı ərşə dayanır, tüstüdən boğulanlar, özlərini itirənlər qapıya hücum çəkirlər. Əliyalın xalqın müqaviməti nəticəsiz qalır.

Yerevan şəhərinin şimal – şərqində yerləşən Kotayk rayonu ərazisində də 1918-ci ildə erməni quldur dəstələri azərbaycanlılara qarşı geniş soyqırımı həyata keçirtdilər. 1918-ci ilin məlum hadisələrinə qədər bu rayonda yaşayan əhali arasında azərbaycanlılar üstunluk təşkil edirdi. Lakin həmin dövrdə rayonun Avdallar, Artiz, Aşağı Qaxt, Başkənd, Bozkosa, Qayaxaraba, Qaraçala, Qaraçörək, Qızqala, Qurbağalı, Damagirməz, Dəlləkli, Əkərək, Zər, Yelqovan, Yellicə, Kamal, Kənxan, Kərpicli, Küzəcik, Göykilsə, Güllücə, Nurnus, Oxçu qalası, Təzəxarab, Çobangörükməz və s. kəndlərindən azərbaycanlı əhali böyük işgəncələrə məruz qalmışdır. Onların əksəriyyəti Andranikin və daşnak hökumətinin silahlı erməni dəstələri tərəfindən öldürülmüşdür. 1920-ci ilin aprelində “Azərbaycan” qəzeti yazırdı: “Artıq Göyçə mahalında müsəlman qalmayıb. Hazırda Yeni Bəyazid qəzasında 84 müsəlman kəndi dağıdılmışdır, onlardan 22 kənd apreldə dağıdılmışdır. Daşkənd, Qoşabulaq, Sarıyaqub, Baş Şorca, Aşağı Şorca, Soğanqulu-ağalı, Ağkilsə, Zod, Qulu, Ağalı, B. Qaraqoyunlu, K. Qaraqoyunlu, Zərzibil, Ədli, İnəkdağ, Qaraiman, Kəsəmən, Başkənd, Bala Məzrə, Şişqaya, Baş Hacı, Qəribqaya kəndlərinin 15 mindən artıq evi olan əhalisi bütün malı, dövləti başlı – başına buraxıb qaçmışdır. Bütün bu var-dövlət hazırda ermənilərə qalıb, qarət edilmiş əmlak bir neçə milyon və hətta milyardlar qədərdir”.

Andranikin quldur qoşununun və daşnakların 1918-1920-ci illərdə azərbaycanlılara qarşı apardıqları soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə qırılmış, yaxud öz dədə–baba torpaqlarından qovulmuş, didərgin salınmışdır. Erməni müəllifləri özləri bu faktı təsdiq edirlər. Tarixçi Z. Korkodyan “Sovet Ermənistanının əhalisi 1831-1931-ci illər” kitabında göstərir ki, 1920-ci ildə Ermənistanda Sovet hökuməti qurularkən bu ərazidə 10 min nəfərdən bir qədər çox türk  azərbaycanlı qalmışdı. 1918-ci ildə “İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağılmış, 1920 ev yandırılmış, 132 min azərbyacanlı məhv edilmişdir. Erməni cəza dəstələrinin törətdikləri vəhşiliklər, daşnak hakimiyyəti dövründə yürüdülən “türksüz Ermənistan” siyasəti nəticəsində İrəvan quberniyasının azərbaycanlı əhalisinin sayı 1916-cı ildə 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə enmişdir.

1920-ci il aprelin 27-də XI ordunun Bakını, sonra isə Azərbaycanın bütün bölgələrini işğal etməsi Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü tədbirləri başa çatdırmağa imkan vermədi. Ermənistan sovetləşən Zəngəzur qəzası daxil olmaqla həmin ərazilər Sovet Ermənistanına bağışlandı. Beləliklə, 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən qətllər və kütləvi insan qırğını təsadüfi hadisə deyil, “Daşnaksütyun” partiyasının “böyük Ermənistan” yaratmaq planını reallaşdırmaq yolunda atılan addım və soyqırımı siyasəti olmuşdur.

Xalqımıza qarşı 1918-ci ildə törədilən mart soyqırımı kimi faciəli bir tariximizin saxtalaşdırılması və ört-basdır edilməsini təkcə tarixi bir anın unudulması kimi qəbul etmək olmaz. Mart hadisələrinin saxtalaşdırılması xalqımıza qarşı tarixən düşmən münasibət bəsləyən erməni xislətinin gizlədilməsi oldu. Bu isə özlüyündə XX əsr tariximizdə yeni-yeni qanlı səhifələrin açılmasına gətirib çıxartdı ki, bunlardan aşağıdakılara diqqəti cəlb etmək yerinə düşər:

- 1920-ci ilin aprel işğalı ilə Azərbaycan Milli hökuməti devrildi, bolşevik bayrağı altında ermənilər Azərbaycanda faktiki olaraq ikinci dəfə hakimiyyəti ələ keçirdilər. Nəticədə, respublikada nəinki ziyalılara, hətta milli baxışlı kommunistlərə də divan tutuldu, milli adət-ənənələrimiz ayaq altına atıldı, bütün bu işlərin icraçıları ermənilər oldu.

- Bu gün müstəqil Azərbaycanın ən ağır probleminə və xalqın ən ağır dərdinə çevrilən Qarabağ məsələsinin əsası 20-ci illərdə qoyuldu.

- Bolşevik cildinə girən daşnaklar Zəngəzur torpaqlarını zorla Azərbaycandan qoparmağa nail oldular.

- Otuzuncu illərin repressiyalarında ermənilər yaranmış fürsətdən məharətlə istifadə etdilər.

- 1947-53-cü illərdə yüz minlərlə soydaşımız öz ata-baba torpaqlarından (Qərbi Azərbaycan) didərgin salındı.

- 1990-cı ilin yanvar faciəsi, 1992-ci ilin fevralında Xocalı soyqırımı, 1992-ci ildən başlayaraq Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, ümumiyyətlə, 20 faiz torpaq itkisi erməni məkrinin, ən əsası isə Mart soyqırımının unudulmasının bilavasitə nəticəsidir.

- 1918-ci ilin martında erməni vəhşiliyindən canını qurtarıb Bakını tərk edən soydaşlarımızın qaçqın həyatı qan yaddaşımıza həkk olunsaydı, fikrimizcə, bu gün biz bir milyon insanı qaçqınlıq taleyini yaşamağa məcbur edən erməni məkri qarşısında aciz qalmazdıq.

Nəhayət, Ü.Hacıbəyovun 1919-cu ildə mart soyqırımının ildönümü ilə əlaqədar yazdığı “31 mart” adlı məqaləsindən bu gün üçün də aktuallığını saxlayan bir fikri xatırlatmaq yerinə düşər: “Bugünkü vəzifəmiz o qara günləri yaddan çıxarmamaq və buna görə də həmişə və hər an hər şeyə hazır olmalıyıq. Borcumuz bu Vətəni gələcəkdə hər cür təcavüzdən qorumaq və məmləkətimizi şərəflə yaşatmağa çalışmaqdır”.

Anar İSGƏNDƏROV,
tarix elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında