Erməni adlandırılan hayların xalqımıza qarşı yüzilliklər boyunca yürütdüyü soyqırım siyasəti Azərbaycan tarixində qanla yazılan səhifələrdən biridir. Hayların minlərlə azərbaycanlını dini, irqi, milli mənsubiyyətinə görə doğma ocaqlarında qətlə yetirmələri heç vaxt unudulmur, yaddan çıxmır.
1918-ci il aprel ayının əvvəllərində Şamaxı və Göyçay qəzalarında azərbaycanlılara qarşı soyqırımı cinayəti Şamaxı rayon arxivində saxlanılan sənədlərdə də öz ifadəsini tapıb.
O zaman çar Rusiyasının dağılması, Zaqafqaziyada siyasi idarəetmədə dağınıqlıq, milli özünümüdafiə hərəkatının güclənməsi, iri güc dövlətlərinin imperialist mahiyyət daşıyan xarici siyasəti və müdaxilələri bölgədə ağır bir durum yaratmışdı. Belə şəraitdən yararlanmağa çalışan haylar qarşılarına azərbaycanlılara divan tutmaq, ərazilərimizi ələ keçirmək məqsədi qoymuşdular. Buna görə də bolşeviklər tərəfindən silahlandırılan daşnak S.Şaumyanın əlaltıları A.Lalayan və T.Əmiryanın başçılıq etdikləri silahlı quldur dəstələri 1918-ci il aprel ayının 3-16-da Şamaxı qəzasının şimal-şərq hissəsində yerləşən kəndlərə silahlı basqınlar edərək dinc əhalini qətlə yetirmiş, təsərrüfatlarını isə talamışlar. Həmin günlərdə haylar Bakı şəhərində törətdikləri qırğınları Azərbaycan miqyasında genişləndirməyi nəzərdə tutduqları üçün Bakı Kommunasının himayədarlığı ilə qəzalarda əhali qətliamlarına başlamışlar. Bu çoxşaxəli hədəflər sırasında indiki İsmayıllı rayonunun inzibati ərazisinə daxil olan Şamaxı və Göyçay qəzaları istisnalıq təşkil etməmişdir.
Arxiv sənədlərinə əsaslanaraq, qeyd edim ki, İsmayıllı rayonunun 22 kəndində haylar tərəfindən soyqırımı aparılmaqla ümumilikdə 1597 nəfər dinc sakin qətlə yetirilmişdir. Bu qanlı faciə qurbanlarının xatirəsinə 2015-ci ildə İsmayıllı şəhərində “Soyqırımı” abidəsi ucaldılmışdır.
Bu inzibati ərazi vahidi daxilində hayların törətdikləri soyqırıma məruz qalan yaşayış məntəqələri sırasında Tircan (o dövrdə bu kənddə 90 ev olub, 600-700-ə qədər sakin yaşayıb) dəhşətli hadisələrin şahidi olmuşdur. Bu kənddə törədilən qətliamlarda Zərgəran və Keyvəndi kəndlərinin hayları da iştirak və bələdçilik etmişlər. Faciədən qurtulmaq istəyən sakinlərin bir hissəsi Maçaxı kəndi istiqamətinə, bir hissəsi isə Kəlfərəc kəndi səmtinə sığınmışlar. Silahsiz camaat quldurlara müqavimət göstərsə də, 360 nəfər (300 kişi, 40 qadın, 20 uşaq) öldürülmüşdür.
Haylar qətlə yetirdiklərini tanınmaz hala salaraq elə yerdə basdırmışlar ki, sonradan onların məzarlığını tapmaq mümkün olmamışdır. Bu, hayların tarixi xislətlərindən (müsəlman-türk izinin itirilməsi, nişangahının olmaması) irəli gəlmişdir.
Haylar anasını süngü ilə öldürərkən təsadüf nəticəsində meşə-kol ağacları arasında sağ qalmış Xavər Vəli qızının (1918-1986) və Qələm İsmayıl qızı Adıgözəlovanın (1916-1995) söylədiklərinə görə, Tircan kəndi o vaxt tamamilə yandırılmış, qarət edilmişdir.
Haylar Tircanı oda qaladıqdan sonra qonşu Maçaxı kəndinə keçmişlər. Həmin yaşayış məntəqəsi o zaman bölgənin əsas ticarət yolu (Bakı-Gəncə-Tiflis ticarət yolundan ayrılaraq Girdiman çayı boyunca Lahıca uzanan yol) üzərində yerləşdiyindən iri ticarət bazarları, karvansarayları, bir neçə məscid və bəy mülkləri ilə bölgədə fərqlənmişdir. Xatırladaq ki, görkəmli ictimai və dövlət xadimi, yazıçı və xəritəşünas İsmayıl bəy Qutqaşınlının (1806-1869) şəcərəsindəki bəylər də burada yaşamışlar.
İsmayıllı rayonunun Maçaxı kəndi Tircan inzibati ərazi vahidliyinə daxil olmaqla, Girdiman çayının sol sahilində dağlararası ərazidə meşə massivində yerləşir və 2 minə yaxın əhalisi vardır. Bu yaşayış məntəqəsi mənzərəli təbii landşaft kompleksinə malikdir. 2016-ci ilin aprel döyüşlərində erməni quldurlarına qarşı mərdliklə döyüşərək şəhid olmuş Mübariz Vahabzadənin (1993-2016) qəbri kəndin qəbirsitanlığında müqəddəs ziyarətgaha çevrilmişdir.
Maçaxı qırğınının şahidi olmuş Reyhan Xəlilova və Güləmbər Əliyevanın söylədikləri hələ də yaşlı kənd sakinlərinin xatirəsindən silinməmişdir. Danışırlar ki, qonşu Tircan kənd əhalisinə qarşı ermənilərin törətdiyi qanlı qırğın zamanı silahsız sakinlər (əsasən yaşlılar, xəstələr, qadınlar və uşaqlar) evlərindən qaçıb Sərdəhar yaşayış məntəqəsinə pənah aparmışlar.
Haylar Maçaxı yaşayış məntəqəsində daşı-daş üstə qoymadıqdan sonra Sərdəhar kəndinə daxil olub, məşəl atmaqla evləri qarət edərək yandırıb, 28 nəfər dinc sakini qətlə yetirmişlər. Təsadüfən sağ qalanlar isə Kəlfərəz, Zərnəva kəndləri istiqamətinə çəkilərək “Təbaşirlik yeri” adlanan talaya sığınmışlar. “Təpəluçan”, “Sandıqdaş” adlanan yüksəklikdə düşməni izləyən mahir atıcı Oruc Ağadadaş oğlu Orucov (1937-ci ildə repressiyaya məruz qalaraq Sibirə sürgün edilmiş və orada yatalaq xəstəliyindən vəfat etmişdir) aynalı tüfəngindən hayların dəstə başçılarını öldürdükdən sonra quldurlar geri çəkilməyə məcbur olmuşlar.
İsmayıllı rayonu ərazisində hayların soyqırımına məruz qalan kəndlərin ardıcıllığı Hacıhətəmli kəndinədək davam etmişdir.
Qəzada törətdiyi hayların soyqırımına türk əsgərləri son qoymuş, sakinləri bu dəhşətli qırğından xilas etmişlər.
Qismət YUNUSOĞLU,
Bakı Dövlət Universitetinin müəllimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.