1990-cı ilin Qanlı Yanvarı millətimizin köksünə ağır dərd kimi sancılsa da, əyilmədik. O gecə insanlarımız başlarını dik tutaraq silahlı namərdlərin qarşısına əliyalın çıxdılar. Əslində qanlı gecə azadlıq aşiqlərilə qansız cəlladlar üz-üzə dayandılar. Bu qeyri-bərabər savaşda öldürən uduzdu, öldürülən şəhidlik zirvəsinə yüksəldi. Bakıya daxil olan tanklar, zirehli maşınlar, bir sözlə silahlı dəstələr “uf” demədən günahsız insanların qanlarını tökdülər. Dəhşətli gecədə uşaqlar, qadınlar, yaşlı insanlar, dinc sakinlər amansızlıqla qətlə yetirildi. 20 Yanvar gecəsindən başlayan qətliam bir neçə gün davam etdi.
Bakıdan Sumqayıta – öz iş yerlərinə gedən görkəmli Azərbaycan alimləri də bu faciənin qurbanı oldular. Professor İbrahim İbrahimov öz “Jiquli” markalı avtomobilinə həmkarlarını götürərək, Sumqayıta yola düşür. Onlar ona görə işə tələsirdilər ki, partiya iclası keçirib, Sovet ordusunun Bakıda törətdiyi qırğına etiraz etsinlər. İbrahim müəllimin yanında professor İsmayıl Mursaqulov, arxa oturacaqda isə professorlar İdris Əhmədov, Svetlana Məmmədova və kimya elmləri namizədi Parlaq Mustafayeva əyləşmişdilər. Yolda avtomobilin yanacağı qurtardığından dayanmağa məcbur oldular. Göydən yerə sanki od yağırdı. Biləcəri körpüsünun üstündə sıralanmış tanklardan biri (sonralar məlum olur ki, idarə edən erməni imiş) qəflətən alimlərin əyləşdiyi avtomobili əzib keçir. Avtomobildə olan alimlərdən həm ağır yaralananlar, həm də dünyasını dəyişənlər olur. İşə tələsən bu alimlərin taleyinə şəhidlik yazıldı. Həmin vaxt qətlə yetirilən şəhid alimlər-- Svetlana Məmmədova, İbrahim İbrahimov və İsmayıl Mursaqulov oldu.
Sülhsevər ananın faciəli ölümü
Svetlana Məmmədova 1939-cu ildə Naxçıvanda anadan olmuşdur. İlk təhsilini doğma şəhərdə alan Svetlana xanım Bakıda Neft – Kimya İnstitutunu bitirib. Ömrünü elmə həsr edən bu fədakar xanım kimya elmləri doktoru idi. Kimya elmi sahəsində böyük xidmətləri vardı. 40-dan çox elmi ixtiranın sahibi olan Svetlana xanım Azərbaycanda kimya sahəsində ilk professor idi. Onun elmi kəşfləri barədə dünyanın tanınmış alimləri müsbət rəy söyləyirdilər. 51yaşı vardı. Hələ görüləsi çox işləri qarşıda idi. Amma kimin ağlına gələrdi ki, təkcə ailə üzvlərinə deyil, həmkarlarına qarşı da həddən artıq mehriban, mərhəmətli olan bu alim qadın canilər tərəfindən qətlə yetiriləcək. Öz həmkarı ilə söhbət etdiyi zaman üstlərinə tank yeridiləcək. Sağ qalanlar söyləyirlər ki, qəflətən dəhşətli səs eşidilib. Sanki maşını məngənəyə salıb sıxıblar. Sən demə tank arxadan avtomobilin üzərinə çıxıbmış. Professor İdris Əhmədov sonralar danışırdı ki, İsmayılı çağırdım cavab gəlmədi, İbrahimə toxunmaq istəyəndə başı çiyninə düşdü və Svetlana xanım isə dəmir-dümürün içində görünməz olmuşdu.
Qızı Kəmalə Orucova anası haqqında danışanda zorla bu kəlmələri pıçıldayır. İnana bilmirəm ki, kimsəyə pislik etməyən, həmişə geniş ürəkli, mərd, dəyanətli bir alim qadının belə vəhşiliklə həyatına son qoymaq olarmış. Anam olduğu üçün demirəm, həqiqətən Svetlana Məmmədova təkcə öz millətini deyil, bəşərin xoş gələcəyini düşünən kimyaçı alim idi. Onun bu sahədə neçə-neçə elmi işi yarımçıq qaldı.
Anam ölümdən qabaq pəncərənin yanında dayanıb küçəyə baxırdı. Bizim evimizdə o hadisələrin baş verdiyi yerdə idi. Anam çox təsirlənmişdi. Astaca deyirdi: “Atasız böyüdüyüm günlər yadıma düşür. Belə də zülm olar? Bu dərdə necə tablaşaq?”Bəlkə də onun ürəyinə dammışdır ki, özü də bizi anasız qoyub gedəcək. Bunu da bildirim ki, anam ölən gün mətbəxdə iş görürdüm, birdən bıçaq əlimdən düşüb ayağımı zədələdi. Həmin anda telefona zəng gəldi ki, ananızın vəziyyəti ağırdı, gəlin xəstəxanaya. Bilmirdim ki, öldürüblər…
Uzaqdan gələn köç
Hələ uşaq vaxtı nənəsinin Vətənlə bağlı bayatılarını çox eşitmişdi İbrahim İbrahimov. 1905-ci ildə ermənilərin törətdiyi ixtişaşlar nəticəsində qədim türk şəhəri olan İrəvanı tərk edən ailələrdən biri də məhz onun baba-nənəsi olmuşdu. Atası İsmayıl kişi hələ uşaq vaxtı ona ermənilərin soydaşlarımızın başına gətirdiyi fəlakətdən çox danışmışdı. Onlar əvvəlcə Gəncədə məskunlaşıblar. Elə İbrahim müəllim də bu şəhərdə doğulub. Ailə sonralar Naxçıvana köçməli olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetində oxuyub. Təhsilini başa vurduqdan sonra təyinatını Sverdlovsk hərbi zavoduna veriblər. Bir neçə il orada işlədikdən sonra Naxçıvana qayıdıb. Nəhayət, Bakıda aspiranturaya daxil olub. Həm namizədlik, həm də doktorluq işini müdafiə edib. Elm sahəsində uğur qazansa da şəxsi həyatında faciələrlə üzləşib. Həyat yoldaşı Lütviyyə xanımı tez itirib. Sevimli qızlarına həm ata, həm də ana olub. Qızlar da atalarının ürəyincə təhsil alaraq elm arxasınca gediblər. Qızı Fikriyyə xanım söyləyir ki, mən müdafiə edəndə qanadı olsaydı uçardı.
Qızı Nigar atası haqqında danışarkən göz yaşlarını saxlaya bilmir. Biz həmin günü atamızın işə getməsini istəmirdik, – deyir. – Lakin o, ciddi - cəhdlə “gedəcəyəm”, – dedi. Əlavə etdi ki, mən gedib öz partiya biletimi atacağam və sonra da 40 gün evdə oturub matəm saxlayacağam.
Təəssüflər olsun ki, bu cür sakit təbiətli insanın həyatla vidalaşması çox ağır oldu. Öz avtomobilində qətlə yetirildi. Vaxtı ilə İbrahim müəllimin nəslini doğma Vətənindən deportasiya edən daşnaklar burada da ondan əl çəkmədilər.
Xilaskar xilas olmadı
İsmayıl Mursaqulov 1939-cu ildə Borçalıda – Marneuli rayonunun Qızıl Hacılı kəndində anadan olub. Orta məktəbi qızıl medalla, Azərbaycan Dövlət Unversitetinin kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Moskvada aspiranturada oxuyub. 26 yaşında kimya elmləri namizədi, 46 yaşında doktorluq işini müdafiə edib. Həmişə deyərdi ki, mən kimya sahəsinə təsadüfən gəlmişəm.Gərək ya tarixçi, ya da hüquqşünas olardım. Həmkarları söyləyirlər ki, həqiqətən də İsmayıl müəllim tarixi, xüsusən Azərbaycan tarixini dərindən bilirdi.
Həyat yoldaşı Gülüş xanım söyləyir ki, evimiz “Salyan kazarması” ilə üzbəüz yerləşirdi. Uşaqlara görə çox qorxurdum. Ona görə onları götürüb anamgilə getmişdim. O gecə dəhşət oldu. İsmayıl küçədən üç uşağı evə gətirib. Onları ölümdən--tankdan, güllədən qoruyub. Hətta küçədən atılan güllənin biri evimizə girmişdi. Bütövlükdə evimiz, qapı-pəncərəmiz güllələrdən deşik-deşik olmuşdu. Ona söylədim ki, bu tərəflər çox qarışıqdır. Gedək anamgilə. Razılaşmadı. Sabah işə gedəcəyəm. O, heç cür Sovet ordusunun bu vəhşiliyini bağışlaya bilmirdi. İsmayılın o gecə xilas etdiyi uşaqlar sonralar arayıb məni tapdılar. Dedilər ki, İsmayıl müəllim bizi zorla evə gətirməsəydi, tankların altında qalmışdıq.
...Azərbaycanın bu görkəmli alimləri yaşasaydılar, elm sahəsində kim bilir hansı zirvələri fəth edəcəkdilər. Amma şəhidlik zirvəsinə ucaldılar. Elmimiz itirsə də, elimiz qazandı. Axı şəhidlər ölmürlər. Onlar əbədiyyət yolçularıdır.
Ülviyyə VAHİDQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.