Həkimlər həmin gecə fədakarlıq göstərdilər

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Azərbaycan Tibb Universitetində (ATU) keçirilən tədbirdə öncə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anıldı.

ATU-nun rektoru, professor Gəray Gəraybəyli 20 Yanvar hadisələrini Azərbaycan xalqının yeni tarixinin ən faciəli olaylarından biri kimi dəyərləndirdi: “Çünki, əliyalın xalqın qarşısına zirehli texnika, xüsusi təlim keçmiş əsgərləri çıxarmışdılar. Həmin gecədən 28 il keçir. Biz hamımız həmin faciənin canlı şahidləri olmuşuq.

Professor qeyd etdi ki, həmin hadisələrdə ümummilli lider Heydər Əliyevin atdığı addımlar, Moskvadakı daimi nümayəndəliyimizə gedərək, etirazını bildirməsi, rejimi ittiham etməsi xalqda müstəqil olacağına daha çox inam yaratmışdı.

ATU-nun professoru Fəxrəddin Məmmədov Azərbaycan xalqının tarixən mübariz xalq olduğunu bildirdi. Bu cinayəti törətmək üçün öncədən xüsusi hazırlıq görüldüyünü vurğuladı. Qeyd etdi ki, artıq bu qırğına əmr verənlər, onu törədənlər də məlumdur. Onların bir qisminin yox, hamısının öz cəzasını alacağı günə az qalıb.

III cərrahi xəstəliklər kafedrasının müdiri, professor Məmməd Nəsirov 20 Yanvar gecəsi baş verənlərlə bağlı öz xatirələrini danışdı: ”Əməliyyatxananın qalın şüşələri sınıq-salxaq idi. Bu cür şəraitdə insanları əməliyyat edirdik. Yaralıların çoxu gənclər idi. Onların əksəriyyətində iriçaplı güllə və qəlpə yaraları vardı. Çoxuna 2-3 güllə vurulmuşdu”. M.Nəsirov həmin hadisədə ağır şəraitdə işləyən azərbaycanlı həkimlərin göstərdiyi şücaətlərdən də söz açdı, bildirdi ki, həmin gecə törədilən qırğında ATU 9 nəfər şəhid verib.

Sonda I müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Pəri Məhərrəmova şəhidlərin qanının yerdə qalmayacağını, torpaqlarımızın tezliklə işğaldan azad olunacağını və gələcəkdə Qarabağda həkim kimi işləmək arzusunda olduğunu bildirdi.

Zərifə HÜSEYNOVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında