20 Yanvar faciəsi qurbanlarının xatirəsi xarici ölkələrdə də yad edilib

Türkiyə

Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver Türkiyənin çoxtirajlı “Milliyyət” qəzetində 20 Yanvar faciəsi ilə bağlı “Bir dramın ildönümü” sərlövhəli məqalə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, məqalədə 28 il əvvəl Sovet İttifaqı rəhbərliyinin Azərbaycana qanunsuz olaraq qoşun yeritməsi barədə türkdilli oxuculara müfəssəl məlumat verilir. Müəllif əsaslandırır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş hərbi cinayət Azərbaycana qarşı yeni işğalçılıq cinayəti kimi tarixə düşüb. İki il sonra törədilən Xocalı soyqırımı da bu cinayətin davamı idi.

Keçmiş sovet imperiyasının sonuncu rəhbəri Mixail Qorbaçov İstanbulda “Bakıda fövqəladə vəziyyət elan etmək və şəhərə qoşun yeritmək mənim ən böyük siyasi səhvimdir”,- desə də bu etiraf tarixin acısını və həmin hadisə əsasında Azərbaycanda baş verən sonrakı faciə və fəlakətlərin mahiyyətini dəyişmir.

Qanlı Yanvar gününü “qərənfillərin ağladığı gecə” kimi dəyərləndirən müəllif məqalədə erməni millətçi dairələrinin XX əsr boyunca Azərbaycan xalqına qarşı törətdikləri digər cinayətlərə də nəzər salıb.

Sabir ŞAHTAXTI
AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul


Belarus

Azərbaycanın Belarusdakı səfirliyində bu ölkədə yaşayan soydaşlarımızın və azərbaycanlı tələbələrin iştirakı ilə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin də iştirak etdiyi tədbirdə Azərbaycanın dövlət himni səslənib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən səfir Lətif Qəndilov bildirib ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Səfir 20 Yanvar hadisələrini Azərbaycan xalqının qarşılaşdığı siyasi haqsızlıqlara qarşı yaranmış milli azadlıq hərəkatının qan içində susdurulması kimi qiymətləndirib. Bildirilib ki, o vaxt baş verən hadisələrə bu gün baxanda aydın görünür ki, həmin dövrdə milli dövlətçiliyimizin olmaması hadisələrin əsas səbəbi olub. Milli varlığın yeganə təminatçısı müstəqil dövlətin olmasıdır. Məhz buna görə də bütün varlığımızla müstəqil dövlətimizi qorumağımız və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında birləşməyimiz günün əsas tələbidir. Hər bir dövlətin varlığı sabitlikdən, iqtidar-xalq vəhdətindən və Vətənə məhəbbətdən keçir. Bu səbəbdən də buna mane olan hər bir məsələyə qarşı son dərəcə sərt və ciddi vətəndaşlıq iradəmizin ortaya qoyulması və milli birliyimizin nümayiş etdirilməsi vacibdir. O dövrdə Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirov kimi şəxslər isə milli manqurtluğun və xəyanətin rəmzi kimi qiymətləndirilməlidir. 

Səfir bildirib ki, hadisələr baş verən vaxt Moskvada yaşayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükədə qoyaraq, faciənin ertəsi günü Azərbaycanın daimi nümayəndəliyinə gələrək Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib və dünya xalqımızın fəryadını ulu öndər Heydər Əliyevin səsi ilə eşidib.

Lətif Qəndilov deyib ki, tarix bizə heç də hər zaman mərhəmətli olmayıb. Unutqanlığımızla isə biz hər şeyi itirə bilərik. Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasında canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq.

Sonra çıxış edən Ziyad Səmədzadə 20 Yanvar hadisələrinin canlı şahidi kimi faciə ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib. O, faciənin təməlinin hələ 1987-ci ildə ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyevin SSRİ hakimiyyətindən uzaqlaşdırılması ilə qoyulduğunu bildirib. Milli Məclisin komitə sədri 20 Yanvar faciəsinin təşkilatçılarının torpaqlarımıza yiyələnmək və ümumiyyətlə, Azərbaycan xalqını tarixdən silmək vəzifəsini qarşıya qoyduqlarını söyləyib. “Baş verən hadisələr isə dövlətçiliyimizin bərpa edilməsini və Heydər Əliyev şəxsiyyətinin hakimiyyətə gətirilməsini tarixi zərurət kimi ortaya qoydu. Şəhidlərimizin qanı bahasına əldə etdiyimiz müstəqilliyi qoruyub saxlamaq və möhkəmləndirmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurlu siyasət həyata keçirir. Aparılan məqsədyönlü siyasət nəticəsində müasir Azərbaycan dünyanın sayılan dövlətlərindən birinə çevrilib”, - deyə o qeyd edib.

Daha sonra tədbir iştirakçılarından Baxşı Qənbərov və Gülnarə İmanova çıxış edərək 20 Yanvar faciəsinin dərslərindən ibrət götürülməsinin vacibliyini bildiriblər.

Sonda tədbir iştirakçıları 20 Yanvar faciəsi ilə bağlı filmə baxıb və səfirliyin foyesində faciəni əks etdirən fotosərgi ilə tanış olublar.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri

Minsk


Pakistan

Pakistanın “National Herald Tribune” qəzetində “20 Yanvar – Qara Yanvar və Azərbaycanın müstəqilliyi” sərlövhəli məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, yazıda 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat verilir. Azərbaycan xalqına “dərs vermək” məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə 26 minlik, əsasən ermənilərdən ibarət olan sovet qoşununun Bakıya yeridildyi, dinc əhalini atəşə tutduğu, tanklarla qarşısına keçən hər şeyi əzib keçdiyi bildirilir. Bu qanlı və dəhşətli hadisə nəticəsində aralarında qadın və uşaqların, Bakıda yaşayan digər millətlərin nümayəndələrinin də olduğu 130-dan çox insanın şəhidlik zirvəsinə yüksəldiyi, 700 nəfərin yaralandığı və 841 nəfərin həbs edildiyi vurğulanır.

Qeyd olunur ki, o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev bütün təzyiqlərə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək, faciənin baş verməsində Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyini açıq şəkildə ittiham edib və hadisəni dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

Məqalədə 1990-cı il yanvarın 22-də bir milyondan çox insanın şəhidləri dəfn etmək üçün küçələrə çıxdığı və bundan sonra Azərbaycanda 40 günlük matəm elan olunduğu diqqətə çatdırılır və bunun Azərbaycan neftindən asılı olan Sovet iqtisadiyyatına ciddi zərər yetirdiyi bildirilir. Həmçinin hadisəyə beynəlxalq reaksiyaya da toxunulur və beynəlxalq təşkilatların hesabatları vurğulanır. Müəllif 20 Yanvar hadisələrinin Azərbaycan tarixində dönüş və qurur nöqtəsi olduğunu bildirir, təzyiqlərə və çətinliklərə baxmayaraq, Azərbaycan xalqının əzmlə mübarizə apardığına və nəticədə 1991-ci ildə öz müstəqilliyinə qovuşduğuna diqqət çəkir.

Sonda bildirilir ki, Azərbaycan Prezidentinin sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələri dövlət himayəsinə götürülüb, xalq öz qəhrəman oğul və qızlarını unutmayıb və hər il yüz minlərlə insan Şəhidlər xiyabanına gedərək onların ruhuna ehtiramını bildirir.

Qulu KƏNGƏRLİ
AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad


Britaniya

Azərbaycanın Böyük Britaniyadakı səfirliyi və Avropa Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə Böyük Britaniya parlamentində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Mərasimdə Azərbaycan və türk diasporunun üzvləri, ziyalılar, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan və Böyük Britaniya parlamentlərarası dostluq qrupunun həmsədri Bob Bləkmən tədbiri açaraq faciə haqqında qonaqlara məlumat verib. Bildirib ki, bu hadisələr, hər şeydən əvvəl, Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklik idi. O, həmçinin bəşəriyyətə qarşı cinayət kimi tarixə düşən bu hadisənin bütün beynəlxalq hüquq və normalara zidd olduğunu vurğulayıb. B.Bləkmən qeyd edib ki, həmin gecə əliyalın xalqa tanklardan və zirehli hərbi maşınlardan, avtomat və pulemyotlardan atəş açılıb, günahsız insanlar gülləboran edilib, dinc əhali amansızcasına qətliama məruz qalıb. Hətta yaralıları daşıyan təcili tibbi yardım maşınları da atəşə tutulub. Beləliklə, bu hadisə həm də insanlığa qarşı cinayətdir.

Azərbaycan ilə Böyük Britaniya arasındakı dostluq münasibətlərinə də toxunan deputat, əlaqələrin ildən-ilə daha da möhkəmlənməsinin hər iki ölkə üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Sonra çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə faciənin dəhşətləri haqqında danışaraq qeyd edib ki, bu hadisələrdən dərhal sonra ümummilli lider Heydər Əliyev həyatına olan təhlükəyə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib və dünya ölkələrinin mətbuat orqanlarının nümayəndələri qarşısında faciəni törədənləri kəskin tənqid edib. Səfir yüz minlərlə insanın sovet rejiminin ədalətsiz və riyakar münasibətinə etiraz olaraq küçələrə çıxmasını, haqq səsini ucaltmasını 70 illik imperiyanın canına qorxu saldığını vurğulayıb. Məhz buna görə respublikanın o zamankı hakimiyyətinin səriştəsizliyindən istifadə edən mərkəzi hakimiyyət 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə sovet ordusunun Bakıda yerləşdirilmiş qüvvələri ilə kifayətlənməyərək, əlavə qüvvələr cəlb etməklə Azərbaycana hərbi müdaxilə edib. Bu hadisələrə yalnız ulu öndər Heydər Əliyev Azərbaycana hakimiyyətə gələndən sonra düzgün siyasi-hüquqi qiymət verilib, 20 Yanvar faciəsi dünya ictimaiyyətinə olduğu kimi çatdırılıb.

Mərasimdə şəhidlərimizin əziz xatirəsinə tarda ifalar səsləndirilib, ehsan süfrəsi açılıb.

 

Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri

London


İtaliya

Azərbaycanın İtaliyadakı səfirliyi və Roma Sapienza Universitetinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliyanın elmi-akademik dairələrinin nümayəndələri, Azərbaycan və region üzrə tədqiqatçılar, KİV təmsilçiləri, Azərbaycan icmasının üzvləri, o cümlədən İtaliyanın müxtəlif universitetlərində təhsil alan Azərbaycan və digər ölkələrdən olan tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından irəli gələn proseslər, 20 Yanvar hadisəsinin acı nəticələri, bu faciənin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ona siyasi-hüquqi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışıb. Bu faciənin Azərbaycan xalqının müstəqillik əzminin güclənməsinə təsirindən, ölkəmizin müstəqillik illərində keçdiyi yol və bugünkü reallıqlarından
bəhs edib.

Aralıq Dənizi Araşdırmalar Mərkəzinin tədqiqatçısı, tarix elmləri doktoru Federiko De Renzi öz çıxışında əsas etibarilə Azərbaycanın qarşılaşdığı ədalətsizliklərdən bəhs edib. Bu ədalətsizlikləri 20 yanvarda etiraz edən dinc azərbaycanlı əhaliyə divan tutulması, habelə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətraf yeddi rayonu işğal etməsi fonunda izah edib. Xüsusilə də bütün bu hadisələrdə azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərə və cinayətlərə diqqəti yönəldib.   

Roma Sapienza Universitetinin dosenti və tədqiqatçısı Daniel Pommier Qara Yanvara aparan tarixi mərhələlər, həmin hadisələrin gedişatında və bundan sonra Azərbaycanın məruz qaldığı ikili standartlar, azərbaycanlılara münasibətdə tətbiq olunan etnik və dini ayrı-seçkilik barədə danışıb. Azərbaycanın dünyəvi dəyərlərə, dinamik vətəndaş cəmiyyətinə malik ölkə olduğunu deyən D.Pommier ölkədə təhsilə böyük diqqət yetirildiyini, son illərdə İtaliyada, o cümlədən Sapienza Universitetində azərbaycanlı tələbələrin sayının artmasının da bunun göstəricilərindən olduğunu deyib.

Çıxışlardan sonra Qara Yanvarla bağlı sənədli film nümayiş olunub.

 

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri

Roma


Koreya

 

Azərbaycanın Koreya Respublikasındakı səfirliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Koreyanın ictimai-siyasi xadimlərinin, yerli kütləvi informasiya vasitələrinin və nüfuzlu şirkətlərin nümayəndələrinin, bir sıra ali təhsil ocaqlarının professor və müəllim heyətinin, QHT nümayəndələrinin, həmçinin “BUTA” Azərbaycan–Koreya Tələbə Təşkilatının üzvlərinin iştirak etdikləri mərasimdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfirliyin ikinci katibi Toğrul Əliyev 20 Yanvar faciəsinin tarixi, səbəbləri və nəticələri barədə təqdimatla çıxış edib. Keçmiş SSRİ rəhbərliyi tərəfindən 20 Yanvar hadisələrinə bənzər olayların digər ölkələrdə də törədildiyi qeyd edilib. Vurğulanıb ki, miqyasına və qəddarlığına görə ən dəhşətli cinayətin məhz Azərbaycanda törədilməsinə baxmayaraq, bu təcavüz xalqımızın iradəsini və milli-azadlıq ruhunu qıra bilmədi.

Azərbaycanın Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov 1990-cı il 20 yanvar gününün tariximizdə həm hüzn, həm də qəhrəmanlıq səhifəsi olduğunu, dünya ictimaiyyətinin azadlıq uğrunda mübarizədə xalqımızın sarsılmaz iradəsinin şahidi olduğunu qeyd edib.

R.Teymurov bir çox xalqların tarixində olduğu kimi, Koreya xalqının müstəqillik tarixində baş vermiş hadisələrlə paralellər apararaq, Sovet İttifaqının müstəqillik uğrunda mübarizəyə qalxmış millətlərin azadlıq arzusunu boğmaq cəhdinin əsas mahiyyəti haqda geniş məlumat verib. O, belə faciələrin təkrarlanmaması üçün tarixin unudulmamasının və tarixdən dərs alınmasının vacibliyini bildirib.

Sonra R.Teymurov qonaqların 20 Yanvarla bağlı suallarını cavablandırıb.

Tədbirdə 20 Yanvar hadisələrinə həsr olunmuş qısametrajlı videoçarx və fotolar nümayiş etdirilib, iştirakçılara faciə ilə bağlı nəşrlər paylanılıb.

Şahin CƏFƏROV
AZƏRTAC-ın xüsusi müxbiri

Seul

 


Belçika

Yanvarın 19-da Qanlı Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar Belçikanın Vaterlo şəhərində yerləşən “Wellington” muzeyinin sərgi salonunda Azərbaycanın Belçikadakı səfirliyinin, NATO yanında nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun üzvlərinin iştirakı ilə faciəyə həsr olunmuş sərgi və anım mərasimi keçirilib.

Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Səfir Fuad İsgəndərov və Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov tədbirdə çıxış edərək 1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisələrin Azərbaycan tarixində yeri barədə məlumat veriblər. Onlar sovet ordusunun törətdiyi qanlı hadisələrdən dərhal sonra ulu öndər Heydər Əliyevin Moskvada bu amansız cinayətə öz etirazını bildirməsini xatırladıb və bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini, ölkəmizdə müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd ediblər. Doğma Vətənin hazırkı inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. 

Sonda mərasim iştirakçıları tərəfindən Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın Vaterlo şəhərində yerləşən abidəsi ziyarət edilərək önünə əklil qoyulub.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel


Çili

Çilinin “Uchile” radiosunun saytında “Azərbaycanın faciəli və ümidli yanvarı” adlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, müəllif Pablo Xofre məqaləsində 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş qırğın haqqında ətraflı məlumat verir. Qeyd edilir ki, bu gün Azərbaycan xalqının tarixində yalnız faciə günü deyil, həm də ölkənin suverenliyi istiqamətində yeni bir dövrün başlanğıcıdır. Müəllif 20 Yanvar faciəsinə gətirib çıxaran xronologiyanı aydın şəkildə təsvir edir. Xalqımızın 20 Yanvar şəhidlərini unutmadığı, hər il yanvarın 20-də Şəhidlər xiyabanını on minlərlə insanın ziyarət etdiyi bildirilir.

Həmçinin məqalədə Azərbaycanın tarixindən, mədəniyyətindən geniş bəhs olunur.

Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri


Gürcüstan

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın təşəbbüsü ilə yanvarın 19-da Tbilisidə 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş sərgi açılıb və anım mərasimi keçirilib. Sərginin və mərasimin təşkilində Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin kollektivi yaxından iştirak edib.

Sərgi iştirakçıları faciəni əks etdirən fotolara baxıb, Qanlı Yanvar hadisələrini bir daha xatırlayıblar.

Anım mərasimində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub. Sonra tədbirin əhəmiyyətindən danışan muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva bildirib ki, oxşar taleləri olan Azərbaycan və gürcü xalqlarının müstəqillik uğrunda mübarizəsi hədər getməyib. Hər iki xalq müstəqilliyinə qovuşub.

AZƏRTAC-ın Gürcüstan üzrə xüsusi müxbiri Xətayi Əzizov 20 Yanvar faciəsinin səbəbləri və acı nəticələri barədə məlumat verib. Diqqətə çatdırıb ki, 28 il əvvəl baş verən bu faciə Azərbaycan xalqının müstəqilliyini istəməyən qüvvələrin mənfur siyasətinin davamı idi. Amma imperiyapərəst qüvvələr xalqımızın mübarizə əzmini, azadlıq istəyini boğa bilmədi. Xalqımız qanı bahasına müstəqilliyinə qovuşdu. Ona görə də deyə bilərik ki, bu qanlı hadisələr, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixində şanlı səhifədir.

Mərasimdə vurğulanıb ki, 20 Yanvar faciəsinə ilk kəskin etirazı o vaxt Moskvada yaşayan ulu öndər Heydər Əliyev bildirib. Ümummilli liderimiz özünün və ailəsinin həyatını təhlükəyə ataraq, Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlib və qanlı qırğını pisləyən sərt bəyanatla çıxış edib. Məhz ulu öndərin gərgin səyləri nəticəsində 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Elçin Məmmədov çıxışında səfirliyin təşəbbüsü ilə keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyev faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi önəm verir, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində davamlı addımlar atılır, şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşılır.

Sonra tarixçi alim Simon Kopadze çıxış edərək 20 Yanvar və Tbilisidə baş vermiş
9 Aprel hadisələrindən danışıb, xalqlarımızın oxşar tarixindən, ortaq dəyərlərindən söz açıb.

Gürcüstanın Art Qalleri televiziyasının rəhbəri, politoloq Tengiz Txilava çıxışında deyib: “20 Yanvar faciəsi zamanı Qafqazdan uzaqda olsam da, bu hadisələrin başvermə səbəbləri mənə aydın idi. Amma nə yaxşı ki, Gürcüstanda və Azərbaycanda törədilmiş bu qırğınlar xalqlarımızın müstəqillik arzusunu boğa bilmədi. Bu gün həm Azərbaycan, həm də Gürcüstan müstəqil dövlətlərdir”.

9 Aprel hadisələrinin canlı şahidi olan Qəhrəman Musayev vurğulayıb ki, imperiya qüvvələrinin Gürcüstanda və Azərbaycanda qadağan olunmuş silahlardan istifadə etməsinə, amansız qırğınlar törətməsinə baxmayaraq, insanların mübarizə əzmini qıra bilmədilər.

Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan Bölməsinin sədri Rafiq Hümbət, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov, Gürcüstanın Aktiv Qadınlar Birliyinin sədri Gültəkin Mustafayeva, Azərbaycan Televiziyasının Gürcüstan üzrə müxbiri Şahismayıl Şəmmədoğlu, Türkmənistandan gəlmiş ziyalı Məhəmməd Aşirov və başqaları hadisələrlə bağlı fikirlərini bölüşüb, xalqlarımızın azadlıq, suverenlik uğrunda mübarizə tarixinə nəzər salıblar.

Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş olunub.

Tengiz Txilava: ­ AZƏRTAC-ın Tbilisidə belə bir tədbir keçirməsi təqdirəlayiqdir

Tengiz Txilava jurnalistlərə müsahibəsində deyib: “İlk dəfədir ki, AZƏRTAC Tbilisidə belə bir tədbir keçirir. Biz bunu çox bəyəndik. İstərdik ki, hər iki ölkənin informasiya agentlikləri, qəzet, jurnal və televiziyaları birlikdə belə tədbirlər təşkil etsin, əsl həqiqətləri birlikdə dünya ictimaiyyətinə çatdırsınlar”.

Simon Kopadze də tədbirin təşkilini yüksək qiymətləndirib. Bildirib ki, bu cür tədbirlər təkcə paytaxt Tbilisidə deyil, Kutaisi, Rustavi və digər böyük şəhərlərdə də keçirilməlidir. Tarixçi-alim belə tədbirlərin xüsusən gənc nəslin maarifləndirilməsində  mühüm rol oynadığını vurğulayıb.

Anım mərasimində Azərbaycan səfirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və tələbələr iştirak ediblər.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında