1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə gündoğandan günbatana uzanan nəhəng sovet imperiyasına canlı sipər çəkən sovet qoşunlarının Bakıda törətdiyi vəhşiliklər barədə xəbər ildırım sürəti ilə qonşu Gürcüstana da çatdı, buradakı tarixi torpaqlarında yaşayan yarım milyonluq azərbaycanlılara da yetişdi. O zaman mən Tbilisidə Azərbaycan dilində çıxan “Sovet Gürcüstanı” qəzetində redaktor müavini vəzifəsində çalışırdım.
Yadımdadır, soydaşlarımız bu xəbərdən nə qədər sarsıldılarsa, gürcülər sovet ordusunun növbəti qətliamına o qədər də təəccüblənmədilər. Onlar qarşısına çıxan hər şeyi məhv etmək niyyəti ilə yaradılmış sovet ordusunun Vilnüsdə, Almatıda olduğu kimi, 1989-cu il aprelin 9- da Tbilisidə də necə vəhşiliklər törətdiyini öz gözləri ilə görüb, bundan da artığını edə biləcəyini yəqin etmişdilər. Həqiqət bu idi ki, uca tribunalardan illər boyu “xalq ordusu”, “xalqlar dostluğunun keşikçisi” adı ilə tanıdılmış bu zəhmli qüvvə haqq səsini qaldıran xalqlara açıq-aydın qənim kəsilmişdi. Sən demə, bu, xalq ordusu deyil, imperiyanın keşikçisi imiş.
Mərkəzi hakimiyyətin ədalətsizliyini qəbul etmək istəməyən, milli haqlarını qorumaq uğrunda mübarizə aparan insanların qanına-qəltan edilmələri gürcülərin imperiyaya qarşı nifrətini kəskin surətdə artırmışdı. Ordu ilə toqquşmada 13 nəfər günahsız Gürcüstan vətəndaşı şəhid olmuşdu, çoxlu dinc insan müxtəlif dərəcəli bədən xəsarəti almışdı. Sovet təbliğat vasitələri – teleradio və mətbuat onları narkoman kimi qələmə verməyə cəhd göstərir, Kremlin vəhşiliyini hər vasitə ilə ört-basdır etməyə çalışırdı. Lakin bu deyilənlər Gürcüstan əhalisinin azadlıq, müstəqillik uğrunda mübarizə əzmini qıra bilmir, əksinə, xalqı sovet hakimiyyətinə qarşı daha kəskin mübarizə aparmağa yönləndirirdi.
Moskvadan yayımlanan mərkəzi teleradio Tbilisi hadisələri vaxtı olduğu kimi, Bakı faciəsi zamanı Azərbaycan xalqının başına gətirilən fəlakətlər barəsində də heç nə demir, efiri sovet xalqlarının “sarsılmaz dostluğu”ndan, sənaye və kənd təsərrüfatı, elm və texnika sahəsində qazanılmış nailiyyətlər haqqında xəbərlərlə doldururdu. Hər iki faciə zamanı yeganə informasiya mənbəyi xarici radiostansiyalar idi. Onların verdikləri məlumatların isə obyektivliyinə şübhə yaranırdı. Çünki sovet hökumətinin xaricə sürgün etdiyi Paruyr Ayrikyan, xalqımıza qənim kəsilmiş nankor Zori Balayan, cızmaqara şeirləri ilə erməni şovinizmini körükləyən Silva Kaputikyan kimiləri gen-bol onların ixtiyarına verilmiş mərkəzi KİV-də və xarici yayımlarda əzəli torpağımız Qarabağ ətrafında o qədər yalan yaymışdılar ki, Azərbaycan bu informasiya blokadasından çıxa bilmirdi.
Belə bir vəziyyət isə Qorbaçovun və ətrafının ürəyindən xəbər verirdi. Sov.İKP MK-nın baş katibinin müşaviri A.Aqanbekyanın Fransa Kommunist Partiyasının orqanı “Humanite” qəzetinə 1987-ci ilin noyabrında Qarabağla əlaqədar verdiyi müsahibə isə bir tərəfdən erməni millətçilərinə qol-qanad verir, digər tərəfdən isə sovet hökumətinin xarici siyasətinin bədnamlığını aşkara çıxarırdı. Bədnam daşnak akademik həyasızcasına demişdi ki, Qarabağın Ermənistana verilməsi haqqında məsələ qaldırmışdır və həmin məsələ tezliklə ermənilərin xeyrinə həll ediləcəkdir. Belə bir vəziyyətdə sovet qoşunları etiraz səsini qaldıran Azərbaycan xalqının səsini boğmağa göndərilmişdi.
Qırğın başlanmazdan bir neçə saat Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Radioda verilişlər getmirdi. Hərdən bir hansısa hərbçi Bakı hərbi komendantının məlumatını höccələyə-höccələyə oxuyurdu. Qəzetlər çıxmırdı.
Faciənin səhərisi günü “Sovet Gürcüstanı” qəzeti redaksiyasındakı iş otağımda fikirli-fikirli oturmuşdum. Birdən telefonum zəng çaldı. Dəstəyi götürdüm. Titrək səsli qadın həyəcanla özünü təqdim etdi. Moskvadan danışdığını bildirdi:
--Bakıda xalqımızı günahsız yerə qırırlar. Dinc adamların qanı su yerinə axır. Qocalara, qadınlara, uşaqlara belə aman vermirlər. Qorbaçov torpaqlarımızı qorumağa qalxan xalqımızı qan dənizində boğmaq istəyir. Amma arzusu gözündə qalacaq. Tarix boyu çox ağır sınaqlara məruz qalmış Azərbaycan xalqı məhv olmamış, şərəflə yaşamışdır. Növbəti sınaq nə qədər ağır olsa da, Azərbaycan sınmayacaq, dostunu düşmənindən seçməyi bacarıb daha güclü olacaqdır.
Sizdən xahişimiz var: bu gün günortadan sonra sizə Bakı faciəsini əks etdirən fotoşəkillər və mətn gətirəcəklər. Onları çap edin və həmin nömrədən 10 nüsxə təyyarə ilə “Domodedovo” aeroportuna göndərin. Gələn şəxs zərfi əlində tutsun, biz qarşılayıb götürərik. Qəzetləri xarici ölkələrin səfirlik və müxbirlərinə çatdıracağıq. Bakı ilə telefon əlaqəsi yoxdur. Ona görə də ümid yerimiz yalnız sizsiniz. Sağ olun...
Qadının səsində qəm və kədərlə yanaşı, qəzəb və hiddət, nifrət və kin, qeyrət və cəsarət vardı. Həmin səs bizi qisas və intiqam almağa çağırırdı. Bu, xahiş deyildi. Mənim üçün, damarlarında аzərbaycanlı qanı axanların hamısı üçün əmr idi, kişi qeyrətli qadının çağırışı idi. Əmr isə müzakirə edilmir, icra olunur. Təəssüf ki, aradan artıq 28 il keçdiyinə görə həmin xanımın adı yadımda qalmamışdır.
Həmin xanımın dediyi kimi, saat 14.00 radələrində orta yaşlı iki kişi Tbilisidəki “Komunist” nəşriyyatının üçüncü mərtəbəsində yerləşən redaksiyamıza gəldi. Son dərəcə həyəcanlı olan bu admların gətirdikləri fotoşəkillərə baxmaq mümkün deyildi. Sovet əsgərlərinin “qəhrəmanlığı”nı seyr etmək üçün insan daş qəlbli olmalı idi. Şəkillər azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşilikləri xatırladırdı...
O dövrdə “Sovet Gürcüstanı” A-2, yəni böyük formatda həftədə üç dəfə çıxırdı. O gecə çapa gedən nömrənin içəri səhifələrini bütünlüklə Bakı qırğınını əks etdirən fotoşəkillər– insanı dəhşətə gətirən, faciəni törədənlərdən intiqam almağa çağıran mənzərələr tutdu. Sovet qoşunlarının 1989-cu ilin aprel ayında Tbilisi şəhərində dinc əhalini qanına-qəltan etməsindən yanıqlı olan gürcü senzorlar həmin şəkillərin çapına icazə verdilər. Biz bundan istifadə edərək, həmin fotoşəkillərin Gürcüstan mətbuatında-- Mərkəzi Komitənin orqanları olan gürcü dilində çıxan “Komunist” və rusdilli “Zarya Vostoka” qəzetlərində, gənclər üçün “Axalqazrda komunisti” və “Molodyoj Qruzii”də verilməsini təmin etdik. Ertəsi gün səhər tezdən bu qəzetləri Moskvaya göndərdik. Təxminən, üç saat sonra telefonum zəng çaldı. Həmin xanım idi. Aeroportdan danışırdı:
--Təşəkkür edirəm. Çətin və çox gərəkli iş görübsünüz…
--Bu, bizim də qeyrət işimizdir. Biz 20 Yanvar faciəsi ilə bağlı material dərc etdiyimiz bütün nömrələri sizə çatdırmağa çalışacağıq.
Elə bu vaxt xəbər gəldi ki, Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında etiraz mitinqləri keçirilir. Qardabanidə təşkil olunmuş mitinqdə minlərlə adam iştirak etmişdir. Transparantlar və şüarlarda Moskvanın əməlləri kəskin ittiham olunur. Şüarlardan bəzilərinə diqqət yetirək: “Qorbaçov canidir!”, “Azərbaycandan əlinizi çəkin!” Marneuli şəhərində də Kremlin vəhşiliklərinə etiraz bildirən mitinq təşkil edilmişdi.
Deyirlər, hər yara sağalar, buna vaxt lazımdır. Amma xalqın həyatında elə yaralar olur ki, heç vaxt sağalmır və unudulmur. Həmin xalqın bütün sonrakı nəsilləri bu yaralara baxaraq, baş verənləri daim yada salır, zərbə vuranlara nifrət hissini getdikcə gücləndirir. İnsanlar diqqəti şəhidlik zirvəsinə yüksələnlərin arzularının daha geniş şəkildə həyata keçirilməsinə yönəldirlər. 20 Yanvar şəhidlərimiz də ötən 28 il ərzində qürur mənbəyimizə, Şəhidlər xiyabanı gənclərimizin vətənpərvərlik tərbiyəsi məktəbinə çevrilmişdir.
Biz hər il Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanına gəlməklə Vətənimizin müstəqilliyi uğrunda qurban gedənlərin müqəddəs ruhları qarşısında baş əyir, onlarla fəxr etdiyimizi bildiririk. Eyni zamanda, onlara misilsiz iftixar hissi ilə hesabat veririk. Ulularımız demişlər: “Qisas qiyamətə qalmaz”. Bəli, qisas tezliklə alındı. Uğrunda şəhidlərimizin qurban getdikləri arzu həqiqətə çevrildi. Tezliklə qanlı sovet imperiyası çökdü. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının müstəqilliyi bərpa olundu.
Biz müstəqillik tariximizi yenidən 1918-ci il mayın 28-dən hesablamağa başladıq. Çətinliklərimiz çox oldu, bu gün də var. Dağlıq Qarabağ problemi hələ də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmamışdır. Hadisələrin gedişi göstərir ki, beynəlxalq güc mərkəzləri bu problemə ikili standartlarla yanaşsa da, Azərbaycan rəhbərliyinin qətiyyəti, xalqımızın əzmkarlığı və dostlarımızın səyi ilə münaqişə mütləq həll ediləcəkdir. Artıq dünyanın haqsevər dairələri Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edir və problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.
Biz bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünü təntənə ilə qeyd edəcəyik. Bu barədə möhtərəm Prezidentimiz, ümummilli lider Heydər Əliyev siyasətinin mahir davamçısı cənab İlham Əliyevin sərəncamı cəmiyyəti bu təntənələrə yönləndirib. Müsəlman Şərqində ilk demokratik dövlətin məhz Azərbaycanda elan olunması, həyatın bütün sahələrində çox böyük uğurlar qazanmağımızla müstəqilliyimizi möhkəmləndirməyimiz xalqımızın beynəlxalq miqyasda nüfuzunu daim artırır.
Azərbaycan hazırda dünya birliyində layiqli yer tutur. İqtisadiyyatın inkişafı sahəsində qazandığımız nailiyyətlər bizi dünya miqyasında qüdrətli dövlət kimi tanıdır. Ötən ilin yekunlarına əsasən, ölkəmiz ümumi inkişaf göstəricilərinə görə, lider mövqeyini qoruyub saxlamışdır. Belə bir faktı qeyd etmək lazımdır ki Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinə sahiblik edir. Bu isə ölkənin iqtisadi inkişaf prioritetlərinin elmi əsaslara söykəndiyini və respublikanın mövcud potensialı ilə uzlaşdığını göstərir.
Ölkəmizin beynəlxalq nüfuzunun durmadan artdığını sübut edən çoxlu fakt vardır. Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi beynəlxalq nüfuzumuzun göstəricisi kimi dəyərləndirildi. Dünya xalqlarına əfsanə təsiri bağışlayan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycan neftini Avropa ölkələrinə daşıması, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi, bu yaxınlarda Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması ölkəmizin iqtisadiyyat sahəsində çox böyük uğurları kimi qəbul edilir. Avroviziya musiqi yarışmasının, Birinci Avropa və İslam Oyunlarının Bakıda keçirilməsi hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə doldurur.
Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar öz tarixi vətənləri ilə fəxr edirlər. İndi azərbaycanlılar dedikdə 50 milyonluq bir xalq gözlərimiz önünə gəlir. “Fəxr edirəm ki, azərbaycanlıyam” – deyən ümummilli lider Heydər Əliyevin yolunun ardıcıl davamçısı İlham Əliyevin Dünya Azərbaycanlılarının II Qurultayında böyük iftixar hissi ilə dediyi “Biz 50 milyonuq bir xalqıq” sözləri qulaqlarımızda daim iftixarla səslənir. 20 Yanvar faciəsinin növbəti ildönümü günlərində bu 50 milyonluq qüvvə, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, şəhidlərimizin ruhu önündə baş əyir, onların arzularının çin olması üçün əllərindən gələni edir.
Həmid VƏLİYEV,
BDU-nun beynəlxalq jurnalistika kafedrasının müdiri,
professor, Gürcüstanın Əməkdar jurnalisti
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.