O gecəni unuda bilmirəm

Dörd bir tərəfdən şəhərə hücum edən tankların, zirehli maşınların aləmi bürüyən gurultusu, avtomat güllələrinin şaqqıltısına qarışaraq qorxunc, vahiməli bir uğultu yaratmışdı. Kim idi tankların, zirehli maşınların üstündə şəhərə doğru şütüyən bu cəlladlar?! Onlar qırırdılar, qarşılarına çıxanları güllə yağışına tuturdular. Əliyalın insanlar özlərini atılan güllələrə sipər etmişdilər, qorxu bilmədən tankların qarşısına çıxırdılar. İstəmirdilər ki, bu cəlladlar şəhərə girib hər şeyi talan etsinlər. Quduz imperiyanın azğınlaşmış hərbi hissələri heç nəyə məhəl qoymadan irəliləyirdi. O gecə Bakıda dəhşətli bir fəlakət yaşandı.

Güllə yağışına tuş olan yaralıların harayına ən tez yetişən Bakı şəhər təcili tibbi yardım stansiyalarının fədakar həkimləri oldular. Onlar həyatlarını təhlükəyə ataraq yaralıları xəstəxanalara daşıyır, hətta bir çoxuna qan verərək xilas etdilər. Mən də onların arasında idim. O vaxt Oktyabr rayonu ( indiki Yasamal rayonu) 4 saylı köməkçi təcili tibbi yardım stansiyasında həkim işləyirdim.

Əgər təcili tibbi yardım stansiyalarının əməkdaşları bu şücaəti göstərməsəydilər, ölənlərin sayı qat-qat artıq olardı. Şəhərin müxtəlif istiqamətlərindən, arxa küçələrdən, dar dalanlardan yaralıları götürüb ilk tibbi yardım göstərəndən sonra xəstəxanalara çatdırırdıq. Elektrik cərəyanı kəsildiyinə görə xəstəxanalarda şam, lampa işığında ağır cərahiyyə əməliyyatları aparılırdı.

O gecə həkimlərimiz fiziki və mənəvi təzyiqlərə məruz qalmış, böyük sarsıntı keçirmişdilər. Sovet əsgərləri bir həkimi liftə qoyaraq doqquzuncu mərtəbəyə qaldırmış, psixi hala gələnə qədər əsəbləri ilə oynamışdılar. Həmin həkim uzun müddət özünə gələ bilməmişdi. Əli avtomatlı əsgərlər təcili yardım maşınlarının qarşısını kəsərək həkimləri yerə düşürüb üzü üstə uzadıb axtarışlar aparırdılar. Mərdəkanla Türkan yolunun kəsişməsində yaralının köməyinə gedən Aleksandr Marxevka adlı bir həkimimizi təcili yardım maşınının içərisində güllələmişdilər. Hazırda Şəhidlər xiyabanında uyuyur. Həkimlərimiz arasında mənim kimi 20 Yanvar əlilləri də var.

O gecə Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi bütün məntəqələrə məlumat vermişdi ki, ayıq-sayıq olsunlar, hər an hadisə baş verə bilər. Bizim stansiya “Salyanski kazarma” deyilən ərazidə yerləşirdi. Və bu ərazidə xüsusi təyinatlılar toplaşmışdılar. Müəyyən komanda gözləyirdilər ki, şəhərə çıxsınlar. Bunun qarşısını almaq üçün kazarmanın giriş-çıxış yollarında əhali tərəfindən müəyyən maneələr qurulmuş, tonqallar yandırılmışdı. Artıq yanvarın 19-da saat 20.00 radələrində məlumat gəldi ki, AzTV-nin binasında yanğın baş verib. Həkim briqadası hadisə yerinə getdi və məlum oldu ki, enerji bloku partladılıb, işçilər də oradan uzaqlaşdırılıb. Məqsədləri o idi ki, Bakını informasiya blokadasına alıb ətraf mühitdən təcrid etsinlər

Sonrakı günlərdə öyrəndik ki, 20 Yanvar hadisələrində ölənlər və yaralananlar, baş verən ziyanlar haqqında bütün sənədlər Moskvaya aparılıb və bir daha geri qaytarılmayıb.

Gecə saat 12 radələrində Bakıya müxtəlif istiqamətlərdən qoşun birləşmələri, tanklar yeridilməyə başlandı. Əhali əvvəlcə elə zənn etdi ki, bu tanklar ancaq insanları qorxutmaq üçündür. Əliyalın insanlara avtomat silahlardan və tanklardan güllə açaraq qətlə yetirdiklərini gördükdə də inana bilmədilər ki, sovet əsgərləri öz xalqına qanlı divan tutacaq. Həmin gecə sovet ordusu qismən öz niyyətinə nail oldu və insanları qanına-qəltan etdi. Aman vermədilər ki, yaralılara tam şəkildə yardım göstərilsin. Hətta küçədə qalmış meyitləri daşımağa qoymadılar və təcili yardım maşınına güllə atırdılar.

Saat 12 radələrində bir çağırış qəbul etdik.”Salyanski kazarma” ətrafında bir nəfərin halı pisləşmişdi. Oraya mən getməli oldum. Elə ünvana çatar-çatmaz, güllə səsi gəldi və həmin güllə məni yaraladı. Həkimlər yaramı sarıdılar. Məni evə buraxsalar da getmədim, o gecəni səhərə kimi işlədim.

Həkim Hacıyev Elgün gecə saat 3 radələrində Ə.Haqverdiyev küçəsində yolun ortasında qalan meyiti təcili yardım maşınına qoyaraq meyitxanaya aparmaq istəsə də, bütün yollar tanklarla bağlanmışdı. O, hətta meyiti II Alatavadan keçən arxa yolla Respublika Klinik Xəstəxanasının “morq”una aparmaq istəsə də, onu məcburi geri qaytarmışdılar və meyit səhərə qədər stansiyanın foyesində qalmışdı.

O gecə daha çox təlatüm içərisində olan Yasamal rayonu idi, çünki “Salyanski kazarma” və OİK stadionu (Tank və artilleriya hissələrinin çoxu və qərərgah burada yerləşmişdi) bu rayonda idi. Bundan başqa, Bakının inzibati idarəetmə, hüquq-mühafizə orqanları da burada yerləşirdi. Ona görə də hər hansı bir hadisənin baş verməməsi üçün qoşun hissələri bu ərazidə daha çox cəmləşmişdi.

 Yanvarın 20-də matəmə bürünmüş insanlar öz yaxınlarından xəbər tutmaq üçün xəstəxanalara və “morq”lara baş çəkirdilər. Həmin günlərdə təcili yardım əməkdaşları çox ağır sınaqlardan keçdilər. İnsanlar hər gün təcili yardıma gələrək hadisələr barədə məlumat toplayırdılar. Fövqəladə vəziyyət elan olunduğuna görə həkim briqadaları çox vaxt stansiyada gecələyirdilər və günlərlə işdə qalırdılar. “Salyanski kazarma”dan və OİK stadionundan atılan güllə yağışı altında insanların köməyinə getməyə hazır idik. Mənim heç vaxt yadımdan çıxmaz ki, İnşaatçılar küçəsindəki “Olimp” mağazasının üstündə yerləşən binadan ürək tutması səbəbilə çağırış daxil oldu. Bu ünvana kardioloji briqada göndərmək məsləhət bilindi. Çağırışa mən getdim və Qədirli adına xəstəxananın yanında (Ə.Haqverdiyev küçəsi) bizi əsgərlər saxladılar. Çağırışa getdiyimizi və ünvanı onlara dedik. Onlar telefonla əlaqə saxladılar. Bu vaxt həmin binanın 3-cü mərtəbəsinin eyvanından bizə əl edib bildirdilər ki, xəstə buradadır, vəziyyəti olduqca ağırdır, tez gəlməyimizi xahiş etdilər. Buna baxmayaraq, əsgərlər bizi buraxmadılar və telefon zəngi olandan sonra bizə icazə verildi. Təəssüf ki, biz evə çatanda xəstə artıq can verirdi və biz onu xilas edə bilmədik. Həmin gecə maşınımızın biri yaralı apararkən güllə atəşinə tuş gəlmişdi. Səhər həmin maşına baxış keçirilərkən 18 güllə yeri aşkarlandı.

Görkəmli siyasətçi, ümummilli lider Heydər Əliyevin Moskvada xüsusi nəzarət altında olmasına baxmayaraq, hadisələrdən dərhal sonra 1990-cı ilin yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlməsi, xalqla birlikdə olduğunu bildirməsi xalqımızda böyük ümidlər yaratdı. İlk olaraq məhz ulu öndər 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Əliyalın xalqın qırılmasının hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bəyan etdi.

Bu yazını Xalq şairi Bəxtiyar Vahabzadənin 20 Yanvar faciəsinin hüznlü günlərində təsəlli kimi dillərdə gəzən şeirindən bir parça ilə yekunlaşdırmaq istərdim:

 

İnsan insan olur öz hünərilə,

Millət millət olur xeyir-şərilə.

Torpağın köksünə cəsədləriylə,

Azadlıq toxumu əkdi şəhidlər.

Əhməd CƏFƏROV,
FHN Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin tibb hissəsinin həkimi,
20 Yanvar əlili


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında