O məşum gecədən 28 il ötsə də, elə bil hər şey dünən baş vermişdi. Biz şahidlər qocalsaq da, yaramız heç qaysaq da bağlamadı. Yəqin ki, torpaqlarımız erməni işğalından tamamilə azad edilməyincə bu ağrı və kədər bizi tərk etməyəcək.
O vaxt min arzu və niyyətlə gözlənilən il at üstündə gəlirdi. İkinci dünya müharibəsinin ağrı-acılarını yaşamış insanlar ilin qara at üstündə tamamlanmasından üşənərək, “Allah xeyir eləsin!” söyləmişdilər. Sınaqdan çıxmışdı ki, at müharibə işarətidi. Əlbəttə, fikirlərin, sınama və müşahidələrin üst-üstə düşməsi bəzən təsadüfən olur. Amma həqiqətən, 90-cı ilin 20 Yanvarı qara gəldi. O dəhşətli günlər bütövlükdə millətimiz üçün əsl imtahan oldu.
Əzəlimiz və sonumuz olan torpaq həqiqətən, möcüzədir. Ona baş əyəni göyə qaldırır. Yolunda ölümə sinə gərəni şəhidliyə ucaldır. Bu qəribə rütbənin epiteti isə ölümsüzlükdür.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən xalqımıza qarşı analoqu tapılmayan qəddarlıq törədildi. Azərbaycan xalqına totalitar kommunist rejimi tərəfindən edilən hərbi təcavüzün məqsədi ərazi bütövlüyünü qorumaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, mənliyini alçaltmaq, Xalq hərəkatını boğmaq idi. Bu səbəbdən də dinc əhaliyə qarşı törədilən ağır cinayət nəticəsində yüzlərlə insan yaralandı və qəddarcasına qətlə yetirildi.
İndi o faciədən 28 il keçir. Bu qocalan dərdin ucalığından ötənlərə boylananda tariximizin qanla yazılmış yaddaşından süzülən xatirələrin qarşısında bir etiraf qolumuzdan yapışır: ağlama, mərdlərin var, mərd ol, namərdlərin var. “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan fərmanda deyilir: “20 Yanvar… xalqımızın qəhrəmanlıq günüdür. Azərbaycan xalqı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, Vətənin müstəqilliyini qorumaq üçün şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdir. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır”.
O qara gecə azadlıq yolunda ayağa qalxaraq namərd gülləsinə tuş gələnlərin arasında mübarizlərlə bərabər, 15 yaşdan 60 yaşa qədər təkcə azərbaycanlılar deyil, tatar, ləzgi, yəhudi, rus və başqa xalqların nümayəndələri də var.
Başına çox bəlalar gəlmiş Azərbaycan zaman-zaman düçar olduğu qasırğalardan, haqsızlıqlardan məhz fədakar övladlarının şücaəti sayəsində qalib çıxıb. O qanlı-qadalı qış gecəsində doğulan körpələrin indi 28 yaşı var. İnanmaq istəmirsən ki, aradan bu qədər illər keçib. Sanki, dünən hər şey olmuş kimi təptəzədir. Hələ də gözlərimiz önündən boz havalı, qüssəli Bakının o qəhərli günləri çəkilmir. Əlbəttə, 20 Yanvar, əslində, millətimizin qürur və şərafət günüdür. Nail olduğumuz azadlığı kimdənsə sovqat almadıq. Onu qanımızla, canımızla, torpağa tapşırdığımız müqəddəs əmanətlərimizlə əldə etdik. Paytaxtımızın Dağüstü parkında öz varlıqları ilə qarışdıqları torpağı millətin hünər dastanına çevirən şəhidlərin ruhu ilə qazandıq. Ötən əsrin əvvəllərində də bu yerlərdə erməni daşnaklarının və bolşeviklərinin güdazına getmiş soydaşlarımız torpağa tapşırılmışdı. Amma sovet rejiminin sərt qanunları yaddaşımızın üstündən qara xətt çəkmişdi. Torpaq isə heç nəyi unutmur. Yeni qurbanlarını qoynuna alanda naməlum şəhidlərin dağılmış sümükləri üzə çıxdı. Bu, tarixin ən ağır ittihamı olsa da, millətimizin suçu deyildi.
Şahidlər yaxşı xatırlayırlar ki, o gecənin səhəri Bakının çox təzadlı bir rəngi vardı. Havanın ovqatından ürəksıxıcı bir boşluq, ona həmahəng atəş səsləri, küçələrdə zirehli maşınlar, yad əsgərlər, qara bayraqlı evlər, damlar, pəncərələr, şəhidlərin qanı tökülmüş torpağa döşənmiş al qırmızı qərənfillər və bir də ağır ləngərli insan izdihamı… Həmin vahiməli günlər heç vaxt gözlərimiz önündən çəkilmir. İlk dəfə şəhidlərin şərəfli ölümü önündə sağ qaldığımıza görə xəcalət çəkirdik. Bizim hər birimiz həyatla ölümün qovuşuğunda çırpınan millətimizin birliyinin, eyni dərdin, fəlakətin içində candan, qandan yaratdığı həmrəyliyin şahidi olduq. O gün millətimizin Azərbaycan adlı müqəddəs bir anası var idi – məhz yeganə anası. Yaşından asılı olmayaraq, hamı bu mərd və dərdli ananın başına qara şal bağlatdırmış qatillərə, qaniçənlərə nifrət bəsləyirdi. O gün hamı döyüş ruhunda idi.
O gün insanlar elə qorxmaz, cəsarətli, vüqarlı görünürdülər ki... Dərd bizi ağlatsa da, ürəyimizi yesə də, gözümüzü göynətsə də, vüqarımızı əyə bilmədi.
20 Yanvardan danışanda həmişə xəyalımıza unudulmaz Xalq yazıçısı Əzizə xanım Cəfərzadə gəlir. Onun yanıqlı səsi, çəkdiyi bayatılar ürəyimizdən həm tikan çıxarırdı, həm də sinəmizə köz kimi sıxılırdı:
Arazam, keç üstümdən,
Keç, karvan, keç üstümdən.
Bu dərdi mən əkmişəm,
Dəryaz al, biç üstümdən.
O gün Azərbaycanın səsini içində boğurdular. Boğurdular ki, harayını kimsə eşidib köməyinə gəlməsin. Səsimiz içimizə düşsə də, o ağır məqamlarda jurnalist həmkarlarımız dəridən-qabıqdan çıxırdılar. Xüsusilə də mərhum Elmira Əmrahqızının 1990-cı ilin yanvarındakı fəaliyyəti əsl qəhrəmanlıq nümunəsi idi. Bakının ağır dərdləri Elmira xanımın titrək səsi ilə dünyaya yayılırdı. O vaxt təkcə xarici ölkələrdə yaşayan soydaşlarımız deyil, Azərbaycanın özündə də məhz Elmira xanımı dinləyir, onun həyəcan dolu məlumatları əsasında Bakıda baş verənlərdən xəbər tuturdular.
Ölümlə həyat arasında çırpınan insanlar çox əziyyətlə olsa da, Bakıda törədilən vəhşiliklərin bir qismini videokameraların yaddaşına köçürməyə çalışırdılar. Heç bir ölüm qorxusu onların damların üstünə çıxıb yad əsgərlərin qəddarlığını, vəhşiliyini əks etdirən kadrları çəkməsinə mane ola bilmirdi. Fövqəladə vəziyyət şəraitində Ali Sovetin təcili toplantısında Xalq artisti Zeynəb Xanlarova böyük şücaət göstərərək kamerası ilə həmin iclası lentin yaddaşına köçürdü. Görkəmli müğənnimiz bir il şəhidlərə yas saxlayaraq oxumadı. Bu sükutu ilə o, qaniçənlərin murdar sifətinə, sanki, tərs şillə vurdu.
1990-cı ilin qanlı şənbə gecəsi, əslində, azadlıq şimşəyinə döndü. Çünki müstəqillik arzusu ilə yaşayan insanların bu niyyətə çatmaları üçün ölümlə, qan-qada ilə üzləşməyi lazım gəlmişdi. O gecə Azərbaycanın qəhrəman oğullarının ruhu da silahsız, əliyalın halda ölüm üzərinə gedən igidlərlə birgə idi. Nə istəyirdi bu xalq? Azadlıq! Elə buna görə də sinəsinə güllə sıxdılar. Oğlunu, qızını şil-küt etdilər. Amma şəhidlər öz ölümləri ilə təsdiqlədilər ki, heç bir qüvvə onları bu müqəddəs yoldan döndərə bilməz. Onların sinəsindən axan al qana buludlar kişnədi, göy qan ağladı, Vətən torpağı qara geyindi. Bununla belə, millət sübut etdi ki, azadlıq yolunda ölümə də hazırdır. Yalın əllərlə tanklar üzərinə atılan cavanların ölümü göstərdi ki, azadlıq bu millətə halaldır. Xalq şairi Bəxtiyar Vahabzadə yazırdı:
Şəhid rütbəsinə qalxan cavanlar,
Sinəsi hər zülmə qalxan cavanlar.
Böyük Nəsiminin, ulu Babəkin
Xeyir-duasını aldı o gecə.
Zamandan irəli sıçrayıb, yəqin,
Tarixdə tarix tək qaldı o gecə.
Şairlərimizdən Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Mədinə Gülgün, Məmməd Aslan, Cabir Novruz, Tofiq Mütəllibov, Şahmar Əkbərzadə, Nüsrət Kəsəmənli və digərləri də o ağır günlərin dərdini misra-misra dilə gətirdilər. O gecə Azərbaycanda başqa bir şərəfli ad da doğuldu: Şəhid anası! Xalq şairi Fikrət Qoca 20 Yanvarla bağlı xeyli şeirin müəllifidir. Onun “Şəhid anaları” şeiri isə kəsb etdiyi mənasına görə daha təsirlidir:
Dərd daş atar, ayna sınar,
Sınar evin sonası da.
Dönər şəhid anasına,
Dünyaya gələn analar.
Unuda bilmədiyimiz və o günlər ürəyimizə toxtaqlıq gətirən məqamlardan biri də Qazaxıstan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi Oljas Süleymenovun Azərbaycanda baş verən hadisələrdən xəbər tutan günün səhəri Bakıda olması idi. O, həmkarları, ziyalılar və gənclərlə görüşərək dərdimizə şərik çıxdı. Yaşadığı mehmanxananın divarlarına sovet əsgərlərinin tuşladığı avtomatları gözləri ilə görən bu qələm sahibi inamla deyirdi: “Qışdan sonra mütləq bahar gələcək”. Əlbəttə, təki dəryalarımız qurumasın. Bir arx buxarlansa, dünya dağılmaz ki?!
O günlərdə Ramiz Quliyevin tarı, Habilin kamanı, Kamil Cəlilovun qaboyu millətin dərdini öz yanıqlı avazında dilə gətirdi. Hər kəsin ürəyindən bu keçirdi ki, qoy haqqın fəryadı bitməsin. Hər pərdədə təzə güllər açılsın. Bizim qabil, məharətli, unudulmaz, ustad tarzənlərimiz çox olub. Amma etiraf edək ki, Xalq artisti Ramiz Quliyevin yaradıcılığında 20 Yanvar yeni bir mərhələ açdı. O gündən başlayaraq bu tarzənin ürəyindən su içən barmaqları tarda bir başqa aləm yaratdı. Simlərin tufanında azadlıq eşqi çırpındı.
Qanlı şənbə gecəsi ilə bağlı poeziyamızda nümunələr çoxdur. Nəsr əsərləri də var. Publisistikamız daha fəal idi. Bakıda fövqəladə vəziyyət elan olunduqdan sonra, demək olar ki, televiziya, radio işləmir, qəzetlər çıxmır, hətta küçələrdə ictimai nəqliyyat belə gözə dəymirdi. Belə bir ağır vəziyyətdə “Kommunist” qəzetinin əlavəsi olan “Səhər” qəzetinin əməkdaşları (onlar indiki “Xalq qəzeti”nin müxbirləri idi) həyatlarını təhlükə qarşısında qoyaraq materiallar hazırladılar. Güllələnmiş, yaralı “Səhər” yenidən oxuculara çatdırıldı. Bu qəzet 40 gün 20 Yanvar şəhidlərinə yas saxladı. Əzizə Cəfərzadənin bayatıları ilə yanaşı, publisistik qeydləri də çap olundu. Orada oxuyuruq: “Mənim xalqım haqq işi uğrunda bütünlüklə ayağa qalxıb. Bu xalq içərisində bircə nəfər də laqeyd adam yoxdur. Saysız qurbanlar verdik. Hamının da dilində “Vətən”, “Vətən torpağı” sözləri oldu”. Məmməd Aslan “Səhər”in vasitəsilə üzünü qərənfillərə tutdu: “Sən mənim ağlar gözüm, ağla, qərənfil, ağla!” “Azərbaycan qadını” jurnalının baş redaktoru Xalidə Hasilova “Səhər”də “Güllər ehsana döndü” məqaləsini dərc etdirdi. Şahmar Əkbərzadənin, Ağalar Mirzənin, Hidayət Elvüsalın, Fikrət Sadığın, Svetlana Nəcəfovanın yazıları təskinlik gətirdi oxuculara. Nəriman Həsənzadənin “Qafqaz” şeiri dillər əzbərinə çevrildi.
Bir məsələ təəssüf doğurur ki, teatrlarda çox sonralar da bu mövzuda yazılan uğurlu bir əsərə rast gəlinmədi. Müxtəlif rejissorların poetik nümunələr əsasında hazırladığı kompozisiyalar olsa da, bu faciənin dramaturji mətndə əks-sədası və səhnə həlli çox vacibdir. Teatrlarda bu boşluq hələ də qalmaqdadır.
20 Yanvar gecəsində bir şair də itirdik: Ülvi Bünyadzadə! Şəhidliyindən xeyli əvvəl yazdığı misraları hər bir torpaqsevərin məramı kimi səslənməkdədir:
Həyat üçün doğulmuşuq,
Vətən üçün ölməliyik.
Bax, bu ideya, bu istək, bu məqsəd naminə insanların ürəyində ölüm qorxusu yox idi. O gecə, əslində, ölən qorxu hissimiz idi. Bir şıqqıltıya belə üşənən canımızdan qorxu hissi yoxa çəkilmişdi. Ölümün üstünə cəsarətlə yeriyirdik. Silahlı adamların qaniçən baxışlarından hürkümüz yox idi. Necə qürurlu bir gün idi! Ölüm şərəf sayılırdı! Təki millətin ruhu ölməsin. O gecə güllə yağışı altında dünyaya gələn körpələrin arasında oğlan çocuqları daha çox idi. Yeni əsgərlər doğulurdu. Dağları aşıb sönən Günəş səhərlər yenidən məmləkətimizə boylanırdı! Ürəyimizə gələn qarışıq duyğulardan bir rahatlıq tapırdıq. Şəhidlik Allahın bağışladığı elə bir tacdır ki, hər başa qoyulmaz!
Mənim yaxın qohumum Vaqif Tahirov da o gecə ağır yaralanmışdı. Amma bu yanvarda atılan güllə onu bir il sonra, 25 yanvarda Qarabağda– Daşaltı əməliyyatında şəhid etdi. Hər dəfə Şəhidlər xiyabanında onun qara mərmərdən boylanan baxışları ilə üz-üzə dayananda qəlbimdən keçənləri pıçıldayıram: “Kaş ki, sizə qələbə xəbərini çatdıra biləydim…” Bircə bu kaşlar olsaydı…
Son olaraq, bir fikrimidə dilə gətirim ki, o günlər bizi keçirdiyimiz sarsıntıdan ümummilli lider Heydər Əliyev xilas etdi. İndi də gözlərimdən çəkilmir ki, faciənin ertəsi günü bütün təhlükələri nəzərə almadan, ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək öz hüznünü bildirdi və qətiyətlə dedi: “Bu millətin sahibi var!..”
Flora XƏLİLZADƏ,
yazıçı-publisist,
Əməkdar jurnalist
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.