20 Yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş Vətən övladları Qanlı Yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Hamının yadındadır. Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən təxminən yarım il əvvəl – 1991-ci il martın 17-də Azərbaycan SSR Ali Sovetinin sessiyasındakı çıxışında deputat Heydər Əliyev 20 Yanvar faciəsini növbəti dəfə çox sərt şəkildə şərh etmişdi: “...1990-cı il yanvarın 20-də ittifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”.
Ulu öndərin həmin tarixdən əvvəl bu məzmunda Moskvada, Naxçıvanda və Bakıda çoxsaylı çıxışları olmuşdu və biz həmin sənədlər arasından bu sitatı təsadüfən seçmədik. Ona görə məhz bu sitatı seçdik ki, Azərbaycan SSR Ali Sovetinin həmin sessiyasında SSRİ-nin ömrünün uzadılması məqsədilə düşünülmüş referenduma hazırlıq işləri müzakirə edilirdi və ulu öndər həmin çıxışı ilə təkcə Azərbaycan xalqına deyil, səsimizi eşidən hər kəsə mesaj göndərirdi ki, biz Bakıda 20 Yanvar faciəsini törətmiş bir dövlətin ömrünün uzadılmasına heç bir haqla səs verə bilmərik. Yəni, ulu öndərin istənilən çıxışı, nitqi və müsahibəsi ümumxalq mənafeyinə xidmət edən bir dərs idi ki, o dərsin mühüm səhifələri bilavasitə 20 Yanvar faciəsi ilə bağlıdır.
Təbii ki, 20 Yanvar faciəsinin bizə verdiyi ilk dərslə məhz o gün tanış olduq. Azərbaycan xalqı anladı ki, 70 il inanıb güvəndiyi kommunist rejimi elə ilk fürsətdə onun qanını axıtmağa hazırdır. İkinci dərsi qırğının ertəsi günü – yanvarın 21-də aldıq. Ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Bakı qırğınını ciddi şəkildə pisləməsi, Kremlin qulağının dibində Mixail Qorbaçovu açıq şəkildə ittiham etməsi bizi inandırdı ki, milli-azadlıq mübarizəsinə qalxmış Azərbaycan xalqının önündə gedə biləcək böyük lideri vardır.
Bu faciənin bizə verdiyi növbəti dərsləri həmin günlər respublikamıza rəhbərlik edən şəxslərdən aldıq. Ölkənin “birinci adamı” olan Əbdürrəhman Vəzirov Bakıda guruldayan tank-top səslərindən qat-qat dəhşətli olan ümumxalq etirazından necə qorxdusa, heç səhəri gözləmədən – gecəykən, qaçıb himayədarlarının qoltuğuna sığındı. Xalq anladı ki, hər yetəndən rəhbər olmaz.
Növbəti dərsi Əbdürrəhman Vəzirovdan sonra respublikamıza göndərilən Ayaz Mütəllibovdan və xalq azadlıq hərəkatı dalğasında hakimiyyətə gələn AXC-Müsavat iqtidarından aldıq. Onların siyasi fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi bizim üçün həqiqətən dərs oldu. Bu adamlar öz əməlləri ilə sübut etdilər ki, xalqın önündə getmək kimi müqəddəs missiyadan tamamilə uzaqdırlar.
Bakıda törədilmiş 20 Yanvar qırğını SSRİ-nin digər respublikaları və xalqları üçün də mühüm əhəmiyyət kəsb edən dərs oldu. Hamı gördü ki, sovet rəhbərliyi on illər boyu ona xidmət etmiş, bütün təbii sərvətlərini məhz İttifaq dövlətinin qüdrətləndirilməsi üçün səfərbər etmiş Azərbaycanı bir göz qırpımında qanına qəltan etdisə, deməli, digər respublikaları və xalqları da həmin amansız aqibət gözləyə bilər. Ona görə də bütün müttəfiq respublikalarda milli-azadlıq meyilləri xalq hərəkatına çevrilməyə başladı.
20 Yanvar faciəsindən dərs alan başqa bir adam isə, nə qədər qeyri-adi səslənsə də, o qırğınların birinci baiskarı, Bakıya göndərilən tanklara erməni millətindən olan zabit və əsgərlərin doldurulması ideyasının müəllifi, min illərdən bəri Azərbaycan xalqının tarixi torpaqları olan Dağlıq Qarabağı öz maddi maraqları üzündən ermənilərə satmağa razılaşan, beynəlxalq aləmdəki erməni lobbisinin pulla ələ aldığı xanımının sözündən çıxa bilməyən Mixail Qorbaçov olmuşdu. Dahi siyasətçi Heydər Əliyevin kölgəsindən belə qorxan Mixail Qorbaçov ulu öndərin Sov.İKP və SSRİ rəhbərliyindən uzaqlaşmasından dərhal sonra Dağlıq Qarabağ münaqişəsini körükləmiş və buna etiraz edən Azərbaycan xalqını qanına qəltan etmək barədə göstəriş vermişdi.
Kütləvi informasiya vasitələri yazırlar ki, SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov 20 Yanvar faciəsindən çox illər sonra nəşr etdirdiyi “Həyat və islahatlar” kitabındakı memuarlarında sovet ordusunun 20 yanvarda Bakıya qanlı müdaxiləsi barədə mövqeyini qeyd edərkən açıq etiraflar edib. Qorbaçov öz kitabında “20 Yanvar mənə dərs oldu” – deyəndə nəyi nəzərdə tuturdu? Nəfsinin qurbanı olduğunumu, erməni lobbisinin əlində alətə çevrildiyinimi, yoxsa SSRİ boyda bir “ailəni” idarə edən şəxsin öz ailəsini idarə edə bilməməsinimi? Hər halda, o, öz kitabında etiraf edir ki, “bu hadisədən dərs götürdüm”.
Xalqın qanını içmiş bir adamın gec də olsa, “1990-cı ilin yanvarında çoxlu sayda bakılının həyatı yarımçıq qırıldı. Bu ağırdır, çox ağırdır” – deyə etiraf etməsi bizim mənəvi qələbəmizin göstəricisi idi.
Bütün hallarda, 1990-cı ilin 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. Həmin gün ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq, buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.
Heydər Əliyev şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdən kənarda qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər xiyabanını ziyarət edən ulu öndər, şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara başsağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. Prezident bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirmiş və qəhrəman övladlarımızın özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını demişdir. Ümummilli liderimiz Şəhidlər xiyabanının Azərbaycan xalqı üçün ən müqəddəs yer və ən qiymətli abidə olduğunu bildirmişdir. O, 20 Yanvar faciəsini mahiyyət etibarı ilə bəşəriyyətə, humanizmə, insanlığa qarşı yönəldilmiş ən qanlı terror aktlarından biri kimi qiymətləndirmişdir.
Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də həm 20 Yanvar faciəsinin unudulmaması, həm də həmin gün şəhid olanların ailələrinin və əlil olanların sosial-məişət qayğılarını daim diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət etməsi, şəhid ailələri və əlillərlə görüşməsi həmin tarixi günə olan yüksək ehtiramın göstəricisidir.
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.