20 Yanvar – azadlığımızın və milli iradəmizin simvolu

20 Yanvar faciəsindən 28 il ötür. Həmin gün Bakı şəhərinə ordu hissələri yeridərək milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə başlamış yüzlərlə mülki və günahsız insanı qətlə yetirməklə və yaralamaqla keçmiş SSRİ rəhbərliyi cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirmişdi. Ancaq tarixin arxivinə qovuşmaq ərəfəsində olan SSRİ rəhbərliyi törətdiyi vəhşiliklə Azərbaycan xalqının milli azadlıq ruhunu boğa bilmədi. Məhz 20 Yanvar şəhidlərinin  fədakarlığının nəticəsidir ki, bu gün Azərbaycan müstəqil dövlət kimi hər gün güclənir, qlobal və lokal səviyyələrdə beynəlxalq münasibətlərin axarına öz müsbət təsirini göstərir.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu baş katibi, SSRİ prezidenti Mixail Qorbaçovun göstərişi ilə Bakıya qoşun yeridilmişdi. Azərbaycanı informasiya blokadasına almaq və xalqın haqq səsini boğmaq məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) “Alfa” qrupu respublika televiziyasının enerji blokunu partladaraq, televiziyanın fəaliyyətini dayandırmış və kütləvi informasiya vasitələri üzərinə qadağalar qoyulmuşdu. Belə terror aktı törətməklə Azərbaycanı tam şəkildə blokadaya alan SSRİ rəhbərliyi əhalini hər hansı bir məlumat mənbəyindən və hüququndan məhrum etmişdi. Bakını informasiya blokadasına alan SSRİ qoşunları hərbi cinayətlər törətməyə başlamışdılar. Qarşılarına çıxan insanları amansız atəşə tutan azğın hərbçilər yaralıları aparmağa gələn təcili yardım maşınlarına və tibb işçilərinə belə silah qaldırmışdılar. Xalqa qarşı törədilən bu vandalizm aktı ilə SSRİ rəhbərliyi faşizm mahiyyətini bütün dünyaya nümayiş etdirmişdi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, faciədə yaralanmış 13 nəfər isə sonradan vəfat edərək şəhid olmuşdur. 700-dən çox adam yaralanmışdı. Əsgərlər 200 evi, dövlət və özəl mülkiyyəti viran qoymuşdular. Azərbaycanın paytaxtında bir ildən çox davam edən fövqəladə vəziyyət hökm sürmüşdü.

Bu hərbi əməliyyatlar SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarına, o cümlədən “Siyasi və vətəndaş hüquqları haqqında” Beynəlxalq Sazişə zidd idi. SSRİ hökuməti mülki əhalinin məhv edilməsi məqsədilə qoşunlarını göndərməklə, eyni zamanda, beynəlxalq hüquq, o cümlədən, BMT Nizamnaməsi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, habelə tərəfdaşı olduğu Mülki və siyasi hüquqlar haqqında 1966-cı il Beynəlxalq Paktına saymazyana münasibət göstərmiş oldu. Bundan başqa, bu terror aktından bir neçə gün öncə Sovet İttifaqının müdafiə və daxili işlər nazirləri, o cümlədən hərbi rəhbərləri Moskvadan Bakıya səfər etmişdilər. Fövqəladə vəziyyət isə hərbi əməliyyatların başlamasından bir neçə saat sonra elan edilmişdi. Baş verənlər göstərmişdi ki, qətliamda əsas məqsəd müstəqillik tələb edən xalqa “dərs vermək” olmuşdu. Amma Sovet hökumətinin bu planı iflasa uğramış və 20 Yanvar cinayəti faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq əzmini boğa bilməmişdi.

Şübhəsiz, sovet ordusunun mülki əhaliyə, azadlıq, müstəqillik arzusunda olan insanlara qarşı silah tətbiq etməsi, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş ən dəhşətli əməl idi. Bu faciəyə ilk öz etirazını bildirən isə ulu öndərimiz Heydər Əliyev olmuşdu. Ümummilli lider Moskvada xüsusi nəzarət altında olmasına baxmayaraq, hadisələrdən dərhal sonra – 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, Bakıda törədilmiş hərbi təcavüzə kəskin etiraz etmişdi. Böyük dövlət xadimi Heydər Əliyev hadisəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək, qoşunların Bakıdan çıxarılmasını tələb etmişdi. Xalqımızın böyük oğlunun 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

Qanlı Yanvar faciəsi ilə bağlı ulu öndər tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Ümummilli lider Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, Kommunist Partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq-aşkar bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirmişdi: “Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdi. Ulu öndərimiz özünün və ailə üzvlərinin həyatının hər an təhlükədə olmasına baxmayaraq, qətiyyətlə bütün dünyaya faciənin hüquqi-demokratik prinsiplərə zidd olduğunu, Azərbaycan xalqına qarşı hərbi təcavüzün SSRİ və Azərbaycan SSR rəhbərliyi tərəfindən həyata keçirildiyini bildirmişdi.

Əlbəttə, 1990-cı il yanvarın 20-də Bakıda baş verən hadisələrə Qarabağdakı erməni təcavüzü ilə paralel yanaşmaq daha doğru olardı. Belə ki, hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği ilə ortaya atıldığı məlum idi. Təbii ki, ermənilərin bu ərazi iddiaları mənfur qonşularımızın himayədarları tərəfindən diqqətlə düşünülmüş plan əsasında hazırlanmışdı. Bu gün artıq heç kimə sirr deyil ki, sovetlər dövründə mərkəzi hakimiyyət orqanlarında ermənilərin himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdı. Ermənilər və onların havadarları bu iyrənc kampaniya prosesində Azərbaycanın tarixi, mədəniyyəti və sosial-iqtisadi inkişafı haqqında faktları həyasızcasına saxtalaşdıraraq, SSRİ miqyasında yaymışdılar.

Ümummilli lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürmüşdülər. Ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki komitəsi – İrəvanda “Qarabağ” komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı olan “Krunk” açıq fəal mübarizəyə başlamış, separatçılıq hərəkatı genişlənmişdi. Qısası, 1988-ci ilin sonu –1989-cu ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxarmış cəllad Mixail Qorbaçovun və əlaltılarının çox ciddi və bağışlanılmaz səhvləri, o cümlədən yürüdülən ermənipərəst siyasət nəticəsində Dağlıq Qarabağda Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas almış və həmin illərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlı öldürülmüşdü.

20 Yanvar faciəsi beynəlxalq ictimaiyyətin də diqqət mərkəzində olmuş, dünyanın aparıcı mətbuat orqanları hadisəyə münasibət bildirmişdi. Bakıda törədilən cinayətlər qardaş Türkiyədə sərt reaksiyalara səbəb olmuşdu. Eyni zamanda, Türkiyənin rəsmi şəxsləri, Türkiyə hökuməti Bakıda törədilən hadisəni tənqid etməklə yanaşı, Azərbaycana yardım göstərilməsi təklifi ilə də çıxış etmişdilər. ABŞ-ın nüfuzlu “Nyu-York Tayms” qəzeti (1990-cı il 20 yanvar) hadisə barədə belə yazmışdı: “Cənub respublikasından həyəcanlı xəbərlərin gəlməsinə baxmayaraq, Moskvada təşviş hiss olunmur. Texas ştatını təmsil edən demokrat senator Lloyd Bensten bildirmişdir ki, sovet diplomatı ilə ticarət müzakirələri apararkən, o, üsyançı bölgəni nəzarət altına alacaqlarını və qayda-qanunu bərpa edəcəklərini qətiyyətlə söyləmişdir”. ABŞ qəzetləri həmin dövrdə bildirirdilər ki, sovet ictimaiyyətinə həqiqət olduğu kimi çatdırılmır. Xarici müxbirlərin hadisələrin cərəyanından kənarda saxlanılması təhlükəsizlik məqsədləri ilə izah olunurdusa, qaynar nöqtələrə gedən yerli müxbirlər döyülür, təzyiq və təhqirlərə məruz qalırdılar.

ABŞ-ın digər tanınmış qəzeti olan “Vaşinqton Post” isə 1990-cı il yanvarın 20-də belə yazmışdı: “Hökumətin yüksək səviyyəli şəxslərindən biri baş verənlərə belə münasibət bildirmişdir: “Qorbaçovun güc tətbiq etməsi nəticə vermədi. O, zorakılığın daha yüksək mərhələsinə əl atdı, lakin bunun da səmərəli olmayacağını düşünürük. Sovet liderinin qayda-qanunu bərpa etmək istəyini anlayırıq, amma oralarda, əslində, nələrin baş verdiyindən xəbərsizik”. Faciədən bir neçə gün sonra “Nyu-York Tayms” (1990-cı il 26 yanvar) belə material dərc etdirmişdi: “Bu həftə siyasi meydanda yenidən ön plana çıxan Heydər Əliyev Moskvada baş verənlərlə bağlı mülahizələrini bölüşərək, Qorbaçovun güc tətbiq etmək qərarını pisləmişdir. Cənab Əliyev bildirmişdir ki, Bakıya silahlı qüvvələrin yeridilməsindən əvvəl yaranan vəziyyət nə yenidənqurmaya, nə də Qorbaçova təhlükə yaradırdı. Bu, son illər inkişaf etmiş xalq hərəkatı idi. Heydər Əliyevin tənqidlə çıxış etməsi istefaya getmiş liderlərin, adətən, susmağa üstünlük verməsi fonunda qeyri-adi görünürdü”.

“Nyu-York Tayms”, həmçinin əlavə etmişdi ki, Heydər Əliyev Siyasi Büroda olduğu müddətdə heç də Qorbaçovu dəstəkləyənlər sırasına daxil deyildi: “Korrupsiyaya qarşı apardığı mübarizə ilə tanınan cənab Əliyev iki ildir siyasi aləmdən təcrid olunduğunu bildirir. O deyir ki, bu müddət ərzində nə Moskvadan, nə də Azərbaycandan heç kim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ondan heç bir məsləhət almamışdır.

20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi də ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Ulu öndərin tövsiyəsi ilə 1994-cü ilin fevral ayında Milli Məclisin xüsusi sessiyası keçirilmişdi. Sessiya 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Bakı şəhərinə və respublikanın bir necə rayonuna yeridilməsini, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxan silahsız adamların qəddarcasına qətlə yetirilməsini Azərbaycan xalqına qarşı kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirmişdi. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faciəsini təşkil edən Sovet İttifaqı Kommunist Partiyası, sovet dövləti və hökuməti rəhbərliyinin, o cümlədən şəxsən M.Qorbaçovun Azərbaycan xalqına qarşı ağır cinayət törətdiyi qeyd olunmuşdu. Eyni zamanda, xalqa qarşı törədilən hərbi təcavüzə görə məsuliyyətin o dövrdəki respublika rəhbərliyinin (Ə.Vəzirov, A.Mütəllibov, V.Polyaniçko, V.Hüseynov) üzərinə düşdüyü, onların Azərbaycan xalqına xəyanət etdikləri vurğulanmışdı.

Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar şəhid ailələrinin və əlillərin problemlərini daim diqqət mərkəzində saxlayır. Azərbaycanda bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. Şəhid ailələrinin və əlillərin sosial təminatının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin sərəncamı ilə Şəhidlər xiyabanı vahid kompleks kimi yüksək səviyyədə yenidən qurulmuş və abadlaşdırılmışdır. Bundan başqa, ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Eyni zamanda, 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərə mənzil təqdim olunur və əlillərin sağlamlığının bərpasına diqqət yetirilir. Bu prosesdə Heydər Əliyev Fondu və onun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsna rolu var. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür. Bununla yanaşı, Prezident İlham Əliyevin tapşırığı ilə Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində memorial abidə kompleksi inşa olunmuşdur. Kompleksin üzərində 20 Yanvar faciəsi zamanı həlak olmuş 147 nəfərin adı və soyadı qızılı hərflərlə həkk olunmuşdur. Göründüyü kimi, 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinin uca tutulması üçün dövlət zəruri addımlar atır.

Bir sözlə, yanvarın 20-də Azərbaycan xalqı öz qəhrəmanlarının məzarını ziyarət etmək, XX əsrin ən dəhşətli qətliamlarından biri olan Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsini bir daha qədirbilənliklə anacaq. Bununla bağlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sərəncamı ilə “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilmişdir. Sənədə əsasən,  respublikanın şəhər və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı konfrans, toplantı və mühazirələrin təşkili, 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlərin keçirilməsi, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların, bədii və sənədli filmlərin nümayiş etdirilməsi nəzərdə tutulur. Bundan başqa, dünya ictimaiyyətinin diqqətini bu faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və icmaları vasitəsilə müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar hadisələri barədə müxtəlif dillərdə materialların hazırlanması və yayılmasının təmin olunması barədə tapşırıqlar verilmişdir. Həmin gün xalqımız həyat və mübarizə hekayələrilə bugünkü və gələcək nəsillərin qürur mənbəyinə çevrilmiş 20 Yanvar şəhidlərimizin əziz xatirəsini anacaq və Azərbaycanın işıqlı sabahı uğrunda həlak olmuş  mərd övladlarımızın ehtiramla yad edəcək.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında