Faciəvi və şərəfli tariximiz...

Azərbaycan tarixinə həm şərəfli, həm də faciəvi bir gün kimi daxil olmuş 20 Yanvar gecəsi yaddaşlara əbədi həkk olunmuşdur. Bu,  Azərbaycan millətinin mübarizliyinin, əyilməzliyinin, məğrurluğunun, birliyinin  nümayişidir. Günahsız insanların qətli ilə nəticələnən bu gecə – qanla yazılmış şanlı tariximiz azərbaycanlı kimliyinin məğlubedilməzliyini bir daha sübut etdi. Məhz 27 il bundan əvvəl  yanvarın 20-də  şəhidlərimiz öz qanları ilə şərəfli bir tarix yazdılar. Bu tarixi hadisə Azərbaycanın müstəqilliyinin qazanılmasını qaçılmaz etdi. 

 

20 Yanvar qətliamı

 

1980-ci illərin axırlarında keçmiş Sovet İttifaqında gedən proseslər, ölkə rəhbərliyinin uğursuz “yenidənqurma” siyasəti digər sahələrdə  buraxılan kobud səhvlər, hər yerdə olduğu kimi, Azərbaycanda da milli-azadlıq hərəkatının geniş vüsət almasına səbəb oldu. Azərbaycanda ictimai-siyasi vəziyyətin kəskinləşməsinin əsas səbəblərindən biri də Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və “Dağlıq Qarabağ problemi”nin ortaya atılması idi. 1988-ci il fevralın 20-də DQMV Ali Soveti sessiya keçirib, Ermənistana birləşmək haqqında qərar qəbul etdi. Əlbəttə, bu addım ermənipərəst Qorbaçov rejiminin yaratdığı şəraitdən doğurdu. Bundan sonra azərbaycanlılara qarşı təzyiqlər daha da genişlənməyə başladı. Fevralın 21-də İrəvan məscidinin ermənilər tərəfindən təhqir olunması azərbaycanlıların zorla öz dədə-baba torpaqlarından qovulmasını sürətləndirdi.

Daşnaklar fevralın 24-də  ağdamlılarla Əsgəran erməniləri arasında süni toqquşma düzəldib, iki azərbaycanlı gənci, Qafan rayonunda isə bir soydaşımızı qətlə yetirdilər.  Daha sonra isə 28 fevralda imperiya Sumqayıt şəhərində xüsusi ssenari ilə yeni bir erməni-azərbaycanlı qırğını törətdi. Hadisə zamanı xarici ölkə təşkilatlarının orada olması bunun əvvəlcədən hazırlanmış bir oyun olduğunu  təsdiqləyirdi. Süni tamaşa “erməni qırğını” adı altında dünyaya yayılmağa başladı. Hakimiyyət postundan bərk yapışan, milli ruhdan kənar şəxslərin laqeydliyi vəziyyətin daha da ciddiləşməsinə gətirib çıxardı. 1988-ci ilin noyabr-dekabr aylarında keçirilən ümumxalq mitinqləri imperiyanı həyəcanlandırdı.

1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan-İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini təşvişə saldı. Bu səbəbdən SSRİ Dövlət Təhlükəsizlik Komitəsi (DTK) Azərbaycanda xalq hərəkatının yatırılmasına əlverişli zəmin yaratmaq üçün Bakıda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər bölgələrdə təxribatlar törədərək, ermənilərin və rusların talanını təşkil etdi. Kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə SSRİ rəhbərliyi 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeritməyə başladı. 1990-cı il yanvarın 12-də ermənilərin Xanlar rayonuna vertolyotlarla daxil olub azərbaycanlılara divan tutması, Quşçu kəndində xüsusi amansızlıq göstərilməsi xəbəri bütün Azərbaycan xalqını hiddətləndirdi, Bakıda xüsusi bir çaşqınlıq yaratdı. Xalqda ermənilərə və Azərbaycan rəhbərliyinə qarşı baş qaldıran nifrət daha da kəskinləşdi.

1990-cı il yanvarın 18-də televiziya ilə çıxış edən SSRİ və Azərbaycan rəhbərliyinin nümayəndələri respublika əhalisinə  Bakıda fövqəladə vəziyyət tətbiq olunmayacağını “söz” verdilər.  Lakin elə bu vaxt DTK diviziyasının və desant hissələrinin Bakıda yerləşdirilməsi artıq başa çatmaqda idi.

Millətin birliyindən qorxuya düşən SSRİ rəhbərliyi 20 Yanvar qırğınını törətməklə milləti oturda biləcəklərini düşündülər. 1990 -cı il yanvarın 19-dan 20-nə keçən gecə  SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini saxlamaq və milli azadlıq hərəkatını boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 min göstərilir) yeridildi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı. Öncə 19 yanvar axşam radələrində Azərbaycan Televiziyasının enerji bloku partladıldı. SSRİ-nin illərdir təbliğ etdiyi qardaşlıq, dostluq devizinin yalnız mifik təsəvvür olduğunu anlayan millət bu gecə mütəşəkkil şəkildə silahlanmış hərbi qüvvənin hücumuna məruz qaldı. Silahsız sadə vətəndaşlara qarşı faciə törədilərkən Bakı informasiya blokadasına salınmış, radio, televiziya susdurulmuş, mətbuatın nəşrinə qadağa qoyulmuşdu.

Qanlı Yanvar gecəsinin canlı şahidləri müdhiş hadisəni belə xatırlayırlar:  “…O gecə tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər gördükləri bütün canlıları güllə yağışına tuturdular. Qəfil ölüm insanları nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində belə yaxalayırdı...”.

Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak etdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi. 

 

Hüquqi-siyasi qiymətləndirmə

 

SSRİ-nin digər bölgələrində baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları səviyyəsində müzakirəyə çıxarılsa da, 20 Yanvar hadisələri şüurlu şəkildə yanlış yozuma və unutqanlığa məhkum edilir, cinayət faktı təhrif olunurdu. Azərbaycan rəhbərliyinin atdığı cəsarətsiz və itaətcil addımlar hadisənin ört-basdır edilməsinə imkan yaradırdı. O vaxt Azərbaycan xalqı adından Bakıdan yeganə etiraz bəyanatı Şeyxülislam Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan və kəskinliyi ilə seçilən bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı. Sovet rəhbərliyi hadisə ilə bağlı heç bir münasibət bildirməmiş, vəhşi əməlini gizlətməyə çalışmışdır. Yalnız  1 il sonra – ­1991-ci il, 20 Yanvarın ildönümündə  SSRİ prezidenti M.Qorbaçov Azərbaycan xalqına başsağlığı verməklə hadisəyə səthi münasibətini bildirmişdir. Düzdür, M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi” deyərək, öz günahını etiraf etsə də, bu, onun bir dövlət rəhbəri olaraq məsuliyyətsizliyini sübut etdiyi kimi, yüzlərlə günahsız qurbanların ah-naləsini də unutdurmadı.

Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə o vaxtlar Moskvada yaşayan ulu öndər  Heydər Əliyev verdi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda  çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzi hakimiyyətin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi.

1993-cü ildə ulu öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görüldü. Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.

Bakı şəhərinin ən hündür hissəsində yerləşən Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. Hər il 20 yanvar tarixi ümumrespublika səviyyəsində anılır, Şəhidlər xiyabanı milyonlarla insanın ziyarətgahına çevrilir.

Bu gün dünya 20 Yanvar hadisələri ilə bağlı kifayət qədər məlumatlara malik deyil. Bu faciə ilə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən “Ümumdünya İnsan hüquqları Bəyannaməsi”nin tələbləri kobudcasına pozulmuşdur.  Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 132 mülki vətəndaş öldürülmüş, 744 nəfər  yaralanmış, 841 nəfər həbs edilmişdi. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi. Təəssüf  ki, belə mütəşəkkil təşkil olunmuş cinayət hələ də cəzasız qalır. Hadisəyə beynəlxalq hüquqi-siyasi qiymət verilməli, cinayətkarlar cəzasız qalmamalıdır.

Nailə Məmmədova,
“Azerbaijan Realities”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında