Mənim şəhid dərdli Azərbaycanım!

Düz 27 ildir, hər cümə axşamı günü səhər ertə Şəhidlər xiyabanını ziyarət edənlər onu qəbir üstündə görürlər. Tezdən evdən çıxır, oğlunun görüşünə gəlir, salavat çevirir, dua oxuyur, Vətən uğrunda şəhid olanların hamısına rəhmət diləyir, onların cavan canına qəsd edənləri, xalqımızın başına bu müsibətləri açanları Allaha tapşırır…

...Düz 27 ildir, hər cümə axşamı səhər ertə evdən çıxan Minarə bacıma rast gələn qonşular ondan soruşmurlar:

– Hara belə?

Onu tanıyanlar bu sualın cavabını bilirlər:

– Şəhidlər xiyabanına.

Beləcə, sakit, təmtəraqsız gedib balasını ziyarət edir…

Oqtay ikinci oğlu idi. Boyu bərabəri böyüdüb ərsəyə çatdırmışdı. Hərdən əri Ayvazla baş-başa verib xısın-xısın söhbət edəndə artıq toydan söz açardılar.

Hər dəfə də Ayvaz deyərdi:

– Arvad, qoy görək, bəlkə yurdumuza-yuvamıza qayıtdıq, onda toyun da edərik, gəlin də gətirrik.

...Qədim Göyçə mahalının Ardanış kəndində yaşayırdılar, üç oğul, bir qız böyüdürdülər. Ayvaz çalışqan, işgüzar, Minarə yığımcıl, əli bərəkətli. Ailənin nəyi yox idi?! Evi-eşiyi, bağı-bağatı, yaxşı təsərrüfatı. Xoşbəxt həyat sürürdülər.

Oqtay artıq əsgərliyini də çəkib qayıtmışdı. Bakıda işə də düzəlmişdi. Yaxşı tikinti ustası idi. Çalışdığı kollektivdə böyük hörməti vardı. Qardaşı Məhəmməd Xabarovsk şəhərində hüquq fakültəsində oxuyurdu.  Anası-atası tez-tez Oqtaya ismarıc göndərirdilər.

– Qayıt kəndimizə, obamıza, deyirdilər.

Oqtay isə “ qoy qardaşım Yaşar, bacım Leyla da məktəbi bitirib Bakıya gəlsinlər, instituta girib ali təhsil alsınlar” deyirdi.

Oqtay deyən oldu. Amma kaş olmayaydı. Yəni bu cür olmayaydı...

...Qarabağ ideoloqlarının və onları qısqırdan yadelli qüvvələrin fitvası ilə harınlamış azğın ermənilər çoxəsrlik qonşuluq haqqını neçənci dəfə tapdayaraq Azərbaycan türklərini ata-baba yurdlarından qovanda Ayvazın da ailəsi Bakıya pənah gətirdi. Köçün dəhşətləri, yolun əzab-əziyyəti, itirdikləri doğma yurd-yuvanın ağrı-acısı təzə-təzə canlarından çıxırdı.

1990-cı il 20 Yanvar gecəsi, o məşum günün o məşum gecəsi təpədən-dırnağadək silahlanmış imperiya ordusunun, tərkibində çoxlu erməni olan hərbi birləşmələr Bakıya hücum edəndə, Oqtay da evdə qərar tuta bilmədi. Haray səsini xalqın səsinə qatdı. Vaxtilə sıralarında qulluq etdiyi ordu Bakının, respublikamızın bir sıra rayonlarının yüzlərlə dinc sakini kimi, onu da al qanına qəltan etdi. Cavan ömrünə qıydı, həyatına son qoydu.

Taleyin ironiyasına baxın, Oqtay 3 il hərbi donanmada xidmət etmişdi. Dənizçi qiyafəsində çəkdirdiyi şəklin altında öz əli ilə “Slava sovetskoy armii” yazmışdı. Həmin ordu o məşum gündə – yanvarın 20-də soydaşlarımıza amansız divan tutdu, günahsız insanları, azadlıq mücahidlərini qətlə yetirdi. Yox, o mücahidlər ölmədi. Şəhid olanlar ölmür, əbədiyyətə qovuşurlar.

Xalqın yaddaşına həkk olunur, tarixlərdə yaşayırlar. Əbədi yaşayanların sayı nə qədər çox olarsa, mənsub olduqları xalqın ömrü də o qədər çox olar. Onlar gələcək nəsillərə örnək olurlar. Şəhidlər xalqımızın övladlarına qeyrət örnəyi olan kimi.

20 Yanvar qurbanları arasında şəhid bacıları və qardaşları ilə şəhidlik zirvəsinə ucalmış Oqtay Ayvaz oğlu Kərimovun da adı xalqın yaşatdığı və xalqını yaşadan həmişəyaşarlar sırasında özünə əbədi yer tutdu.

Qəddin əyilməsin, Minarə bacım, balaların, nəvələrin sağ olsun! Başını dik saxla, Azərbaycanımız, övladların, nəsillərin sağ olsun!

Ana və Vətən! Ana, Vətən! Ana Vətən! Adlarınız bir olan kimi, şərəfiniz, qeyrətiniz, dəyanətiniz də birdir. Bu gün al qərənfil dəryasına qərq olan Şəhidlər xiyabanı Sizin şərəfinizə, Sizin qeyrətinizə, Sizin dəyanətinizə əbədi abidədir.

Hacı Rafiq,
“Say” qəzetinin
baş redaktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında