Yarımçıq qalan gənc talelər...

Hər dəfə yolum Şəhidlər xiyabanından düşəndə birinci dəfə ziyarət edirmiş kimi baxıram məzarlara. Zahirən səssiz məzarlar da “danışır”lar  məhrəm insan görən kimi. O qanlı gecənin amansızlığını, neçə-neçə günahsız insanın taleyinin bitdiyini pıçıldayırlar... Həyatmı bu qədər fanidir, yoxsa həyatı belə fani edən “insanlıqdan” uzaq, qana həris qüvvələrmi? 

Deməyə çətinlik çəkirəm. Ancaq hər başdaşının üzərinə yazılan doğum və ölüm tarixlərini bir-birindən çıxanda, yarıda qırılan ömürlərin necə də az olduğunun fərqinə varıram. Kimisi  özündən sonra gözüyaşlı həyat yoldaşı, qəlbiqırıq övlad ürəyi, kimisi də bala dağlı ana-ata qoyub getdi...  Ancaq ürəyimi ən çox ağrıdan  həyatın gözəlliklərindən doymayan, onun bütün rənglərinin məhz al-əlvan  sanan, ömürlərinin ən şirin çağında həyatla vidalaşmalı olan  məktəbli şəhidlərimiz Larisa və İlqar, eləcə də istedadlı mərhum gənc şair tələbə Ülvi Bünyadzadədir. Bəli, o gecə  70 il “sülh,qardaşlıq və bərabərlik” kimi saxta şüarlarla xalqları aldadan  sovet imperiyasının əsl mahiyyəti ortaya çıxdı.  Bakıya yeridilən sovet qoşunu milliyyətindən, dinindən asılı olmayaraq,  dinc əhaliyə silah tuşladı, uşaqlara əl qaldırmaqla da, öz “qaniçən” xislətini göstərmiş oldu. Axı, bu fidanların  ömür uğurları hələ qabaqda idi...

Larisa Məmmədova 134 saylı orta məktəbin yeddinci sinif şagirdi idi. Dünyaya 1977-ci ilin avqustunda Bakıda Fərman və Qalina Məmmədovların ailəsində göz açmışdı. O qanlı gecədə atası ilə birgə idi. “İkarus” markalı avtobusda oturduqları yerdə gülləbarana tutularkən atası ağır yaralansa da, qızcığaz ürək nahiyəsindən güllə yarası alır, həyatını xilas etmək mümkün olmur. 

...Keçən il Dünya Gənc Türk Yazarlar Birliyinin dəvəti ilə Bakıda qonaq olmuş yazıçı və jurnalistlərlə Şəhidlər xiyabanını ziyarət etdik. Moldovadan gəlmiş qaqauz həmkarım bir anlıq addımını yavaşıtdı. “Larisa Məmmədova” sözlərini oxudu, nəfəsi daraldı. “Anası rus, atası azərbaycanlı idi” – dedim. Heyrətini gizlədə bilmədi: “Uşaqların qətlə yetirilməsi bağışlanılmazdı”-dedi.

...Məktəbli İlqarın 13 yaşı vardı. Onun dünyası da bütün uşaqlar kimi tər-təmiz, xeyirxahlıqla dolu idi. Bakının Yasamal rayonunda yerləşən 167 saylı orta məktəbdə təhsil alırdı. 1990-cı ilin yanvar günlərində Azərbaycan xalqının ən çətin anlarında  insanlar sovet tanklarına qarşı sinələrini sipər edib,  milli qeyrətini göstərəndə, İlqar da onların donmaması üçün dostları Zakir və Pərvizlə qonşularının maşını ilə ocaq qalayıb isinmək üçün odun aparırmış.  Yalnız uşaqların kirlənməmiş dünyası bu qədər mərhəmətli, yaxşılıqla dolu ola bilər. Lakin tankın  maşınla üz-üzə gəlməsi və onun üstündən keçməsi bir fidan ömrünə həmin gün son qoyur.  Ancaq İlqarın özündən böyük ürəyi, gülümsər çöhrəsi və şəhidliyi ilə əbədiləşməsi təkcə onun ailəsinin yox, xalqımızın yaddaşına əbədi həkk olunur.

...Ülvi Bünyadzadə daxilən könlü şeirlə, ədəbiyyatla coşub-daşan istedadlı və vətənsevər bir gənc idi. 1969-cu il sentyabrın 23-də Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində dünyaya göz açmışdı. 1987-ci ildə Azərbaycan Pedoqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olunmuşdu. Elə ilk günlərdən ictimai fəallığı ilə seçilən gənc tələbə qrup nümayəndəsi seçilmiş, fəal ictimaiyyətçi, dərs əlaçısı kimi tanınırdı. Onun poeziyasında ülvi, pak hisslərin tərənnümü ilə yanaşı, Vətən duyğulu poetik düşüncələri də üstünlük təşkil edirdi. Ülvi Bünyadzadənin Vətən sevdalı misraları  bu gün də gənc nəsil üçün örnəkdir.

 

“Döyüşlərdə yoğrulmuşuq,

Gələcəyə qaranquşuq,

Həyat üçün doğulmuşuq,

Vətən üçün ölməliyik!”

 

Elə onun Vətənə olan sevgisi idi ki, məhz xalqımızın ağır günündə yüzlərlə insan kimi o da sinəsini sovet qoşunlarının gülləsinə sipər etdi.

Onun hələ 1989-cu il sentyabrın 10-da yazdığı “And” adlı müraciəti ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bildiyinin sübutu idi. Bu gün də onun “And”ı Azərbaycan gəncliyini vətənpərvər olmağa, Vətənə və xalqa  sadiqliyə, onun işıqlı gələcəyi üçün mübarizəyə səsləyir.

Bakıda 20 Yanvar şəhidi Larisa Məmmədovanın və Ülvi Bünyadzadənin adlarına küçə var. 20 Yanvar şəhidi İlqar İbrahimovun təhsil aldığı 167 saylı məktəbdə büstü ucaldılıb. Ülvi Bünyadzadənin son illər yaşadığı evin divarına üzərində “Burada 20 Yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır” yazılmış barelyef-lövhə vurulub.

...Öz milli kimliyi və Vətənə olan sevgisi ilə “silahlanan” Azərbaycan xalqı məhz 20 Yanvar şəhidlərinin mübarizəsi ilə müstəqilliyinə qovuşdu. Tarix ədaləti yetmiş il sonra bərpa etdi, dünyaya öz müstəqilliyini bəyan edən Azərbaycan Respublikası 1918-ci il mayın 28-də Şərqdə ilk Demokratik Cümhuriyyət kimi elan edilmiş Azərbaycan Demokratik Respublikasının varisi olduğunu elan etdi. Suveren, hüquqi və demokratik ölkə kimi üçrəngli bayrağımız yenidən səmada dalğalandı.

...Əbədi məşəlin yanından keçib şəhərin mənzərəsinə tamaşa edirəm. Dövlət Bayrağı meydanında dalğalanan nəhəng Azərbaycan bayrağı görünür. O bayraq ki, üstündəki qırmızı rəngində bu Vətənin bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin qanı var. O bayrağı şəhidlərin ruhları xatirinə əməllərimizlə hər zaman uca edəcəyik!

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında