20 Yanvar 1990-cı il – əsarətin son gecəsi

Hər bir xalqın milli birliyinin, siyasi özünüdərkinin səviyyəsi məhz onun ən çətin anlarda, tarixi sınaq günlərində baş verən hadisələrə və çağırışlara ümumxalq reaksiyasında özünü göstərir. 26 il əvvəl Azərbaycanın üzləşdiyi belə bir seçim məqamında xalqımızın mübarizlik əzminin kükrəyişi, əsarətə boyun əyməyən iradəsi tariximizə şanlı bir səhifə kimi yazıldı – milli azadlıq və torpaqlarımızın bütövlüyü uğrunda  ümumxalq hərəkatının 20 Yanvar səhifəsi.

20 Yanvar yaxın keçmişimizdə yaşadığımız ən faciəvi günlərdən olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olundu. Faciənin törədilməsindən keçən 26 il ərzində bu hadisəni doğuran səbəblərin, onun hüquqi, ictimai-siyasi, psixoloji nəticələrinin araşdırılması, öyrənilməsi və öyrədilməsi artıq ənənəyə çevrilmiş bir sualla müşayiət olunur: 20 Yanvara gedən yol nədən və haradan başlandı?

Zamanın bu qısa və aydın sualının cavabında hadisələrin şahidləri, bir qayda olaraq, 1990- cı ilin 20 yanvarı ərəfəsindəki günlərin və ayların ictimai- siyasi hadisələrini bir- bir xatırlayır və onların arasında faciəyə yol açan səbəbləri və səhvləri araşdırıb tapmağa çalışırlar. Mübahisələr bəzən bir-birimizi qınamağa, hətta günahlandırmağa qədər uzanır. Bir ifratçılıqdan digərinə qədər haçalanan mülahizələr yalnız bir fikirdə ortaqlaşır: belə sonluğu heç kim gözləmirdi.

Bəli, doğrudan da, o zaman şox az adam inana bilərdi ki, dövlət öz vətəndaşına, dinc adamlara belə divan tuta bilər.Yəqin, ona görə ki, biz Xeyirlə Şərin mübarizəsinin nağıllarda olduğu kimi, həmişə Xeyrin qələbəsi ilə bitməsinə inanmaq dərəcəsində sadəlövh tərbiyələndirilmişdik. Amma bəzən Haqq davasında, qısa müddətə olsa da, Şər də qalib gəlir.

20 Yanvar, əslində, Şərin Xeyirə zahirən “qalib gəldiyi” bir an idi. Bu, Şərin gəldiyi biraylıq-onaylıq,  birillik- onillik yol deyildi. Bu, uzaqdan gələn bir yol idi. Bu yol dünənin əsarət boyunduruqları olan 1813-cü ilin “Gülüstan”, 1828-ci ilin “Türkmənçay” müqavilələrindən başlanmışdı. Nəhayət, bu yol, bizə ən yaxın döngəsi isə 1920-ci ilin 28 aprelindən yön almışdı, davamı 30-cu illərin qaranlıq dolanbaclarından, 40-cı illərin ağrı-acılarından, 50- 60-cı illərin ayrı-seçkiliklərindən, məhrumiyyətlərindən keçib çatmışdı 20 Yanvara.

 Bütün bunlar çox uzun və üzüntülü bir hekayədir – azadlıqsevər bir məmləkətin, insanpərvər bir millətin, məğrur bir xalqın əsarət hekayətidir. 20 Yanvar isə bu hekayətin son fəslidir.Bu fəsildə də qarşımıza Şər çıxmışdı. Növbəti dəfə düşmənlərimizin hiyləsi ilə bizi təhdid edən namərd qonşularımız Vətən torpaqlarımıza göz dikmişdilər.Ölkəmizin ərazi bütövlüyünə qarşı məkrli təcavüz, riyakar qəsdlər, SSRİ rəhbərliyinin xalqımıza qarşı açıq-aşkar düşmənçilik siyasəti artıq imperiya boyunduruğunda yaşamağın daha ağır fəlakətlərə yol aça biləcəyini anlatmaqdaydı.

Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin dolayısı ilə Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasına yönəlmiş “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qərarı və 1989-cu ilin yanvarında SSRİ Ali Soveti Rəyasət Heyətinin “Dağlıq Qarabağda Xüsusi İdarəetmə Forması yaratmaq haqqında” fərmanı imperiya rəhbərliyinin  Ermənistanın respublikamızın ərazi bütövlüyünə açıq təcavüzünü gizli şəkildə dəstəkləndiyini göstərirdi.

Bununla yanaşı, Ermənistan ərazisində yaşayan azərbaycanlıların öz tarixi torpaqlarından qovulmasını SSRİ rəhbərliyinin   “görməzliyə” vurması soydaşlarımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin məhz ittifaqın “yardımı” ilə baş tutmasına heç bir şübhə yeri qoymurdu. Azərbaycan SSR rəhbərliyinin isə baş verən proseslərə, sanki, heç bir şey olmamış kimi, seyrçi münasibət göstərməsi, özünü “bilməzliyə” və “eşitməzliyə” vurması, ümummilli maraqların müdafiəsi yolunda heç bir əməli addım atmaması xalqın əsəblərini tarıma çəkmiş, səbr kasasını doldurmuşdu. Mübarizə meydanında tək qaldığını görən Azərbaycan xalqının səfərbər olmaqdan başqa çarəsi yox idi.

Bütün ümidlər haqsızlığa qarşı öz etiraz səsini ucaltmağı bacaran, öz tarixi yurdunu düşmənlərdən qanı bahasına qorumağa həmişə hazır olan Azərbaycan xalqına idi. Azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən bu fitnəkar siyasət öz hüquqları və ərazi bütövlüyü uğrunda meydanlara atılmış həmvətənlərimizin ürəklərində azadlıq yanğısını daha da alovlandırmışdı. Artıq xalq sovet imperiyasının növbəti repressiya siyasətini tarixinə və milli mənliyinə vurulmuş ləkə kimi görürdü. Azadlıq eşqi ilə yanan vətən övladları bu ləkəni, öz qanları bahasına olsa da, yumağa hazır idilər.

O zaman xalqı etiraz səsini ucaltmağa vadar edən çox sayda obyektiv səbəblər mövcud idi. Mərkəzi hakimiyyətin milli mənafeyimizə zidd siyasət yürütməsi, bunun qarşısının alınması üçün respublika rəhbərliyinin heç bir tədbir görməməsi xalqla hakimiyyət arasında yaranmış uçurumu daha da dərinləşdirmiş, kütləvi etiraz dalğasının baş qaldırmasına rəvac vermişdi. Belə bir məqamda insanların haqlı etirazlarını dinləmək, mövcud problemlərin siyasi yolla həll edilinə yönəlmiş addımlar atmaq əvəzinə, imperiyanın öz ənənəsinə sadiq qalaraq zora əl atdı. Bununla da qırmızı imperiya antihumanist təbiətini ən iyrənc yollarla belə həyata keçirdiyini aydınlığı ilə sübut etmiş oldu.

Meydanlara öz haqq səsini ucaltmaq, milli heysiyyatını və milli mənliyini qorumaq əzmi ilə çıxan qorxubilməz vətən övladları bütün fədakarlıqlara hazır idilər. Amma hələ də heç kim baş verəcək vəhşilikləri gözləmirdi. Çünki sovet rəhbərliyinin 70 il bir dam altında vətəndaşlarına qardaşlıq nəğməsi oxutmuşdu. “Qardaşın qardaşa qarşı” bu qədər qəddarlıq nümayiş etdirəcəyi ağlasığmaz görünürdü. Ölməz şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: “Axı, heç kəsin ağlına gələ bilməzdi ki, qəlbi Vətən hissi ilə çırpınan, əli silahsız, özü günahsız olan bu atalar, analar, balalar, özünü dost kimi, qardaş kimi qələmə verən bir ordunun əlində qətlə yetirilsin”.

 Soyuq 20 yanvar gecəsi bəşər tarixinin ən faciəvi hadisələrindən biri baş verdi – Bakı kimi dünyada tanınan böyük bir şəhərin  dinc sakinləri gülləbaran edildi. Dağlıq Qarabağda qayda-qanun yaradılmasını, Ermənistanın silahlı təcavüzünün qarşısının alınmasını tələb edən dinc etirazçıların haqq səsini boğmaq və xalq hərəkatını, nəyin bahasına olursa-olsun,  yatırmaq məqsədi ilə Azərbaycana yeridilən sovet qoşunları (onların arasında silahlandırılmış xeyli sayda erməni zabiti var idi) Bakıda və respublikanın müxtəlif rayonlarında 131 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirdi. Cəza əməliyyatları zamanı 744 insan yaralandı, 841 nəfər qanunsuz həbs olundu.

O müdhiş gecənin aydınlığa dönməsi Bakının ürəkağrıdan dəhşətli mənzərəsinə işıq saldı. Xalq düşmən tankının tırtılları altında parçalanmış, sinələri düşmən güllələrindən dəlik-deşik olmuş övladlarını qan gölündə tapdı. Bu,  Azadlığa gedən yolda ilk şəhidlərin verildiyi 20 Yanvar səhəri idi. O günlərdə nə qədər sarsılsa da, hüznlü və üzgün olsa da, xalq öz qəhrəman övladlarını son mənzilə yola salmağa özündə güc tapdı. Haqq, azadlıq yolunda şəhidlik zirvəsinə ucalmaq nə qədər şərəfli idisə, düşmən silahının nişangahında Vətənin şəhidlərini qorxu-hürkü bilmədən, sonsuz bir etişamla son mənzilə yola salmaq da bir o qədər namus və şərəf məsələsi idi.

Xalq o günlərdə sarsılmadı, əyilmədi, qorxmadı. Qanlı faciənin qurbanları isə azadlığı uğrunda can verdiyi Vətən torpağına yüz minlərin çiyinlərində daşındılar və müqəddəs torpaqda möhtəşəm bir ehtiramla əbədiyyətə qovuşdular. Bakının dağüstü hissəsindəki bu müqəddəs ərazi hələ əsrin əvvəllərində – 1918-ci ilin martında düşmənlərin soyqırıma məruz qoyduğu minlərlə soydaşımızı öz qoynuna almışdı. Hələ o zaman erməni gülləsindən şəhid olan baba- nənələrimizi, ata-analarımızı, qardaş-bacılarımızı, südəmər körpələrimizi qoynuna almış məzarlıq bu dəfə də erməni təcavüzünə və onu dəstəkləyən siyasətə qarşı mübarizəyə qalxmış qəhrəmanlarımızı öz bağrına basdı. O qəhrəmanlar ki, hünərləri və ölməz xatirələri əbədi istiqlaliyyət yolumuza hər zaman şəfəq saçır.

O günə qədər, yəqin, heç kimin ağlına gəlməzdi ki, Azərbaycanda bu qədər qərənfil var... Sanki, o qərənfillər on kilometrlərlə yollara döşənərək şəhidlərin qəbri üstünədək iməkləyə-iməkləyə gəlmişdi... Şəhidlərin qətlə yetirildikləri yerlərə və onların məzarları üzərinə sərilmiş milyonlarla qərənfil onların 20 yanvar gecəsində xalqımızın günahsız axıdılan al qanını xatırladır, bu haqsızlığa qarşı dilsiz bir üsyan qaldırırdı!

Həmin günün ictimai-siyasi mənzərəsi faciəvi olduğu qədər də möhtəşəm idi. Azadlığımız, nicatımız, şərəfimiz yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin, hamılıqla oyanışın doğuluşu səhərinə apardı, əsarətlə vidalaşmağı təcəssüm etdirdi. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyası qarşısında sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla, Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa daha boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi. Baş verən hadisələr xalqımızın milli azadlığı uğrunda mübarizəsini dönməzləşdirdi.

Qəhrəmanlıqla dolu keçmişi, dövlətçilik ənənəsi olan, böyük bir coğrafiyada dövlətlər yaratmış, zaman-zaman yadellilərə qarşı səfərbər olub birgə mübarizə aparmış, dünya mədəniyyət xəzinəsinə öz dəst-xətti ilə dəyərli töhfələr vermiş bir millət uzun müddət əsarət altında yaşaya bilərdimi? Öz keçmişindən, sanki, qan damarları ilə axıb gələn vətən sevgisi, özünüdərk, zülmə, ədalətsizliyə boyun əyməmək kimi hisslərlə güc alan bir xalq öz çiyinlərində bu əsarətin ağırlığını, ağrı-acısını çoxmu çəkəcəkdi? İyirminci əsrin əvvəllərində öz tarixi dövlətçilik ənənələrinə dayanaraq, Şərqdə ilk demokratik dövlət quran bir xalq qısa zaman kəsiyindən sonra yenidən imperiya caynağına düşməsini uzun müddət necə qəbul edə bilərdi?! 20 Yanvar faciəsi, sözün əsl mənasında, xalqımızın milli özünüdərkində yeni bir mərhələnin başlanğıcı oldu. Xalq öz qərarını verdi: yolumuz Azadlıqdır!

Siyasi və iqtisadi böhranlar məngənəsində boğulan və daha da azğınlaşan, 70 il özünə bayraq etdiyi kommunizm ideyaları iflasa uğrayan və dayaqları silkələnən sovet imperiyası Bakı qırğınını törətməklə ömrünü uzatmaq istəyirdi. Lakin bu önun özünəqəsdinə bərabər oldu.Tarixin səhnəsindən birdəfəlik silinmək ərəfəsində imperiyanın ucqar bir guşəsində əvvəlcədən qurulmuş plan əsasında dinc nümayişçilərin gülləbaran edilməsinə qərar verənlər nəyə ümid edirdilər? Az sonra – imperiya çökəndən sonra aydın olacaqdı ki, bu qərarı verənlərin və bu faciəni törədənlərin özlərinin də bu suallara cavabları yox imiş.

Baş verənlər isə Azərbaycan xalqının milli mübarizə əzmini və iradəsini sındıra bilmədi. Əksinə, 20 Yanvar hadisəsi öz qanunauyğun məntiqi və zəncirvari təsiri ilə bütün imperiya ərazisində milli azadlıq hərəkatlarının daha da alovlanmasına və Sovet İttifaqının süqutunun daha da sürətlənməsinə rəvac verdi. Bu hadisə sovet imperiyası üçün “sonun başlanğıcı” oldu. Bu faciənin baş verməsinə qədər ölkədə mövcud problemlərin, baş qaldırmış etirazların siyasi yolla həll olunacağına ümidlər hələ də qalmaqda idi. Lakin bir insanın yaşaya biləcəyi qədər ömür yaşamış qırmızı imperiya özü ilə həmyaşıd olan nəslin böyüklü-kiçikli hamısına atəş açmaqla bu ümidləri tamamilə alt-üst etdi.

 O zamana qədər hələ də Azərbaycanın müstəqilliyinə müəyyən qədər skeptik yanaşanlar bu hadisənin baş verməsi ilə artıq imperiya boyunduruğunda yaşamağın qeyri-mümkünlüyünü dərk etdilər və milli azadlıq hərəkatının iştirakçılarına çevrildilər. Bu faciəvi tarix onilliklər ərzində insanlara sırınan “humanist” əsaslı kommunizm ideologiyasının puçluğunu sübut etdi. Məhz bu hadisədən sonra kommunist partiyasından kütləvi istefalar, cəmiyyətin bütün təbəqələrinin müxtəlif formalarda ifadə olunan etirazları ittifaqın hər yerini bürüdü və onun dayaqlarını sarsıtdı.

Həmin ərəfədə SSRİ-nin bir çox respublikalarında ittifaq əleyhinə etirazlar baş qaldırmışdı. Gürcüstan və Baltikyanı ölkələrdə də qoşun hissələri dinc nümayişçilərin üstünə yeridilmişdi. Lakin Azərbaycanda baş qaldıran etirazlara qarşı törədilmiş Qanlı Yanvar aksiyası qəddarlığı, misli görünməmiş vəhşiliyi və dağıdıcı miqyası ilə əvvəlkilərdən çox fərqlənirdi. Xüsusi qəddarlıqla müşayiət olunan kütləvi qətliam aktının həyata keçirildiyi müddətdə Sov. İKP MK katibləri Girenko və Primakovun, SSRİ müdafiə naziri Yazovun, daxili işlər naziri Bakatinin və digər yüksək rütbəli hərbçilərin Bakıda olması bu qanlı cinayət əməlinin əvvəlcədən planlaşdırılmış olduğunu göstərirdi.

 İmperiyanın çeşidli qoşun hissələrinin fövqəladə vəziyyət elan edilmədən Bakıya yeridilməsi həm ölkə qanunvericiliyinin, həm də beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması demək idi. “Bakı şəhərində fövqəladə vəziyyətin tətbiq edilməsi haqqında” SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı yalnız qanlı cinayət hadisəsi törədildikdən sonra elan edilmişdi. Görünür, imperiya rəhbərliyinin xalqımıza qarşı qəzəb hissi o qədər güclü və hərbi təcavüz həyata keçirmək niyyəti o qədər qəti idi ki, törətdiyi qeyri- insanlıq aktına əvvəlcədən “hüquqi don” geyindirməyə belə ehtiyac duymamışdı.

Baş verəcək hadisələrin və faciənin miqyası barədə məlumatların geniş xalq kütləsinə çatdırılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Televiziyasının enerji blokunun partladılması da qanlı cinayətin əvvəlcədən müəyyən edilmiş plan əsasında həyata keçirildiyini bir daha göstərirdi. Bununla respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmiş və bütün ölkə ərazisində informasiyasızlıq mühiti yaradılmışdı. Ancaq həmişə millətləri qaranlıqda və məlumatsızlıqda idarə etməyə alışmış kommunist rəhbərlər bilmirdilər ki, bu zaman insanların səsini bir-birinə çatdıran, o səsləri Xalqın Səsinə çevirən yenilməz bir qüvvə – Azadlıq sevgisi   vardı bu millətin canında!  Bu sevgini boğmağa isə heç bir yumruğun gücü çatmayacaqdı!

İmperiyanın zora söykənmiş siyasəti ilə Azərbaycan xalqının məğrurluğu və qırılmaz iradəsi qarşılaşarkən hansı tərəfin məğlubiyyətə düçar olacağı əvvəlcədən aydın idi. Sadəcə, M. Qorbaçov və onun ətrafındakı cinayətkarlar bunu anlaya bilməzdilər. Yarandığı gündən etibarən, xalqımıza qarşı qərəzli siyasət yürüdən sovet imperiyası belə bir qəddarlıq aktı ilə özünün düşmənçilik “ənənəsindən” əl çəkmədiyini bir daha göstərdi. Qanlı Qorbaçov başda olmaqla, ittifaqın bütün vəzifəli şəxslərinin heç nə olmamış kimi davranmaları, törətdikləri misilsiz cinayəti ört-basdır etmək cəhdləri hakim dairənin Azərbaycan xalqına qarşı qərəzinin və nifrətinin açıq təzahürü idi.

 Azərbaycan SSR rəhbərliyinin qanlı olay barədə rəsmi bəyanat verməməsi, belə bir çətin anda xalqın dərdinə şərik çıxmaması xüsusilə ağrılı məsələ idi: “Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın bir sıra siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etmişdir. Respublika rəhbərliyi hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilməmişdi” (20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanından, 16 dekabr 1999-cu il). Bu fakt bir daha hakimiyyətlə xalq arasında o zaman dərin uçurumun yarandığını və rəhbərlikdə təmsil olunan şəxslərin xalqın iradəsini ifadə etmək iqtidarında olmadığını göstərirdi.

Qanlı Yanvar faciəsindən sonra bu hadisəyə verilən reaksiyalar və ya ümumiyyətlə, hadisəyə münasibət bildirilməməsi kimin kim olduğunu və kimin hansı məqsədə xidmət etdiyini tam aydınlığı ilə göstərirdi. Xalqın taleyüklü bir anında ümummilli lider Heydər Əliyevin ən faciəvi günlərindən birini yaşayan Azərbaycanın xalqının acısına şərik çıxması isə onun öz xalqına sonsuz məhəbbətinin ifadəsi idi. Sovet qoşunlarının Bakıda törətdiyi qanlı hadisə ilə bağlı elə ertəsi gün Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gələrək öz xalqına başsağlığı verən Heydər Əliyev, xüsusi qəddarlıqla törədilmiş cinayətin təşkilatçılarını və icraçılarını cəsarətlə ittiham etdi və onların cəzalandırılmasını tələb etdi.

Bu qanlı faciənin önlənə bilməsi üçün bütün imkanların mövcud olduğu bir şəraitdə belə bir qeyri-insani hadisənin törədilməsini kökündən yanlış addım kimi qiymətləndirən Heydər Əliyev bu cür yollarla Azərbaycan xalqının iradəsini qırmağın mümkün olmadığını və olmayacağını açıq şəkildə bəyan etdi. Bütün təhlükələrə baxmayaraq, xalqımıza qarşı törədilmiş qanlı faciənin əsl səbəbkarlarının elə həmin gün imperiyanın mərkəzindən bütün dünyaya bəyan edilməsi xalqımızın üzləşdiyi ən çətin məqamlarda ulu öndər Heydər Əliyevin ümummilli mövqedən çıxış etmək cəsarətini, onun təkcə xalqın qələbələrinin deyil, həm də dərdinin önündə dayandığını bir daha sübut etdi.

Cinayətin törədildiyi vaxtdan keçən ilk illər ərzində 20 Yanvar hadisələrinə lazımi siyasi-hüquqi qiymətin verilməməsi də vacib məsələlərdən biri idi. Mövcudluğunun mahiyyətində zorakılıq və hegemonluq daşıyan imperiyanın onun rəhbərliyinin göstərişi əsasında baş vermiş bəşəri cinayətə hüquqi qiymət verə biləcək qədər səmimiyyətinin və iradəsinin olmaması əvvəlcədən məlum idi. Ona görə də 1990-cı ilin dekabrında SSRİ baş hərbi prokurorluğunun hərbi qulluqçuların 20 Yanvarda Bakıda baş vermiş hadisələrlə bağlı əməllərində cinayət tərkibi görməyərək işə xitam verməsi heç kimi təəccübləndirməmişdi.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin faciəli olayların araşdırılması ilə bağlı yaradılmış istintaq komissiyasının fəaliyyətini heç bir nəticə və heç bir əsas olmadan dayandırması isə təəccüb doğurmaya bilməzdi. Bu o zamankı ölkə rəhbərliyinin baş vermiş qanlı faciəyə siyasi- hüquqi qiymət verə bilmək iqtidarında olmadığını nümayiş etdirirdi. Təəssüf ki, sovet rejiminin süqutundan sonrakı ilk ildə – 1992-ci ilin 19 yanvarında qəbul edilmiş “1990-cı il yanvarın 19 – 20- də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Soveti komissiyasının işinin yekunlarına dair” Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarında da ölkənin ali qanunverici orqanının qeyd olunan komissiyanın fəaliyyətinin qənaətbəxş olması ilə kifayətlənməsi, qanlı hadisənin sifarişçiləri və icraçılarının göstərilməməsi Azərbaycan xalqına qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 Yanvar faciəsinə ciddiyyətinə və əhəmiyyətinə görə qiymət verilmədiyini bir daha təsdiqlədi.

20 Yanvar hadisələrinin təkcə xalqımıza qarşı deyil, bütün insanlığa zidd cinayət olduğunu sübut etmək, faciə qurbanlarının hüquqlarının müdafiəsini təmin etmək, axıdılmış günahsız qanların baiskarlarının cəzalandırılması üçün siyasi, hüquqi zəmin formalaşdırmaq olduqca önəmli məsələ idi. Məhz buna görə Prezident Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 5 yanvar 1994-cü il tarixli fərmanında Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası tərəfindən 1992-ci ildə qəbul olunmuş müvafiq qərarda Qanlı Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığı və həqiqi günahkarların aşkar edilmədiyi nəzərə çatdırıldı və Azərbaycan Respublikasının Milli Məclisinə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi və bu məqsədlə Milli Məclisin xüsusi sessiyasının keçirilməsi tövsiyə edildi.

Beləliklə, 1994-cü ilin martında Azərbaycan Respublikasının Milli Məclisi 20 Yanvar hadisələrinə siyasi- hüquqi qiymət verilməsi haqqında xüsusi qərar qəbul etdi. Bu qərarın qəbul edilməsinin əhəmiyyəti ondan ibarət idi ki, haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və hərbi cinayət kimi qiymətləndirildi, qanlı faciənin sifarişçiləri və icraçıları açıq şəkildə bəyan edildi və bu cinayətin istintaqını həyata keçirən hüquq- mühafizə orqanlarının fəaliyyətinin qənaətbəxş olmadığı bildirildi. Bununla da, nəhayət ki, tarixi faciəyə dövlət səviyyəsində münasibət bildirilməsi təmin edildi.

Tariximizdə ilk dəfə ümummilli hüzn gününə çevrilmiş bu faciənin baş verdiyi vaxtdan artıq 26 il keçir. Ulu öndər Heydər Əliyevin vurğuladığı kimi, “Əbədi, dönməz və sarsılmaz” olan müstəqilliyimizin işığında yaşayan xalq hər il yanvarın 20-də Şəhidlər xiyabanına üz tutur, azadlığımızın qandallarını sındırmış şəhidlərimizi ehtiramla yad edirlər. Şəhidlər xiyabanını ziyarətə gələn yüz minlərlə həmvətənimiz azadlığımız uğrunda şəhid olmuş insanların məzarı qarşısında baş əyərək onların xatirəsini əziz tuturlar. Prezident İlham Əliyevin Şəhidlər xiyabanını ziyarət edərkən söylədiyi kimi: “Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq. Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.”

Bəli, Vətən şəhidləri, qeyrət mücahidləri unudulmaz. Onlar xalqın azadlığı yolunda canlarından keçməyə hazır olduqlarını göstərdilər və qorxub- çəkinmədən bu yolla getdilər. Ölümə gedən yollar onları əbədi ölməzliyə, xalqımızı isə əbədi azadlığa qovuşdurdu. Bu, bir Tarixdir –  Qanlı və  Şanlı tarix. Qanla yazılmış şanlı tarix isə onu unudanları bağışlamır.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı,
fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında