Qanlı Yanvar – xalqımızın milli əzmkarlıq salnaməsi

Azərbaycan xalqının tarixində faciəli günlər az olmamışdır. Son iki yüz ildə çar Rusiyasının işğalçılıq planlarının həyata keçməsindən və xüsusilə, Cənubi Qafqazda “erməni vilayəti”, sonradan isə “Ermənistan dövləti” yaradılandan sonra yüz minlərlə soydaşımız qətlə yetirilmiş, yurdları talan edilmişdir.

Lakin bütün bu ağır sınaqlara və sarsıntılara Azərbaycan xalqı mətinliklə sinə  gərməyi bacarmış və bu gün müstəqil Azərbaycanın mövcudluğu həmin əzmkarlığın sübutuna çevrilmişdir. Əlbəttə, minlərlə Vətən övladının şəhid düşdüyü bu torpaqlarda bir günü  xüsusi qeyd edirik. XX əsrin sonunda dünyanın gözü qarşısında, keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun əmri ilə Bakıya yeridilmiş sovet qoşunları çoxsaylı mülki vətəndaşımızı qətlə yetirmiş və yüzlərlə insan bu hücumdan ağır yaralanmışdır. Milyonlarla insanımız isə mənəvi-psixoloji cəhətdən sarsıntı keçirmişdir. Xalqımız o günləri unutmamışdır. Hər il milyonlarla insanın Şəhidlər xiyabanına gedərək həlak olan oğul və qızlarımızın məzarları önündə ehtiramlarını bildirmələri, əklillər, çiçəklər düzməsi buna əyani sübutdur.

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi altı il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq xatırlanır. Milli azadlıq hərəkatı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 

Sovet Ordusu keçmiş İttifaq ölkələrinə və sosializm quruluşu ilə idarə olunan bir sıra Şərqi Avropa ölkələrinə qoşun yeritmişdi. Lakin, Azərbaycanda yeridilən qoşunun törətdiyi əməllər xüsusi qəddarlığı ilə seçilirdi. Sanki, illərin intiqamı alınırmış kimi hərəkət edilirdi. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti zorla devrildikdən sonra torpaqlarımıza daxil olan sovet qoşunları hansı vəhşiliklərə əl atmışdılarsa, indi də ssenari eyni idi. O zaman Gəncə şəhərində böyük üsyan yatırılmışdı və minlərlə soydaşımız şəhid edilmişdi. Bu dəfə də Bakıda xalqımızın azadlıq ideyalarına sarıldığından bərk qorxuya düşən M. Qorbaçov əhalinin qarşısına zirehli texnika və ağır silahlanmış ordu hissələrini çıxardı. Keçmiş İttifaq rəhbərliyinin xalqımıza olan patoloji nifrəti həm də onda idi ki, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Bakıya yeridilmiş qoşun kontingentinin sayı 60 min nəfərə çatırdı, - əsgərlərə “döyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər."Şit" təşkilatının müstəqil hərbi ekspertlərinin hesabatında bildirilir ki, sovet əsgərlərinə təlqin olunmuşdu ki, guya onları Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir, ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar.

O zaman Mixail Qorbaçov başda olmaqla, sovet imperiyasının rəhbərliyi Bakıda “rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi, 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan Televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel Sülh Mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla, sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi.

 Tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-ədək dinc sakin yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi. Öldürülənlərdən 117-si azərbaycanlı, 6-sı rus, 3-ü yəhudi, 3-ü tatar idi. 744 adam ağır xəsarət almış; 4-şəxs itkin düşmüş; 400 nəfər isə həbs edilmişdir. Fövqəladə vəziyyət elan ediləndən sonra isə 21 nəfər qətlə yetirilmişdir. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda – Neftçala və Lənkəranda 25 nəfər öldürülmüşdü.

Hadisələrin bu cür gedişatı və sonrakı inkişafı onu sübut etdi ki, Sovet rəhbərliyi Dağlıq Qarabağ münaqişəsini birdəfəlik ermənilərin xeyrinə həll etmək üçün bu yolu tutmuş, Azərbaycan torpaqlarını ermənilərin rahat işğal etmələri üçün yol açmış, xalqımızın azadlıq və müstəqillik arzularını boğmaq, əhalinin iradəsini qırmaq üçün bu cinayəti törətmişdi.

SSRİ rəhbərliyində elə düşünürdülər ki, belə cinayətkar addım ataraq dinc əhalini gülləbaran etməklə xalqımızın etirazlarının qarşısını kəsə biləcəklər. Lakin sonrakı hadisələr sovet rəhbərliyinin bütün ümidlərini fiaskoya uğratdı. Əgər əvvəllər on minlərlə insan SSRİ rəhbərliyinin özbaşınalıqlarına etiraz edirdisə bu dəfə milyonlarla insan Bakının mərkəzinədək Azadlıq meydanına toplaşaraq, — azadlıq, müstəqillik, cinayətkar Mixail Qorbaçovun məsuliyyətə cəlb olunmasını, sovet qoşunlarının ölkədən çıxarılmasını tələb etdi. Milyonlarla soydaşımız 20 Yanvar günü qətlə yetirilmiş şəhidlərimizi son mənzilə yola saldı. Hamı bir nəfər kimi, kütləvi qəbiristanlığın hazırlıq işlərinə könüllü olaraq cəlb olundu. Həmin gün bütün xalq, bəlkə də, tarix boyu çox nadir şəkildə rast gəlinən birlik, həmrəylik nümunələrindən birini göstərdi. Hər kəs meydanda idi. Hər kəs azadlıq eşqi ilə alışıb yanırdı. Hər kəs sovet rəhbərliyinin cinayətkar əməllərinin cavablandırılmasını, kriminal sovet rəhbərliyinin cəzalandırılmasını tələb edirdi.  Beləliklə, 20 Yanvar qanlı hadisələrində 1948-ci ilin İnsan Hüquqları haqqında Bəyannəməsi, 1966-cı ilin Vətəndaş və Siyasi İnsan Hüquqları haqqında Beynəlxalq Pakt, 1966-cı ilin Mədəni, Sosial və İqtisadi Hüquqları haqqında Beynəlxalq Pakt və 1975-ci ilin Avorpada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (ATƏM) Helsinki Yekun Aktı, ATƏM-in 1989-cu il Vyana görüşünün son qərarı (fövqalədə vəziyyətdə və hərbi münaqişələr zamanı qadın və uşaq hüquqlarının müdafiəsi Bəyannaməsi), hərbi əməliyyatların aparılmasını tənzimləyən qüvvədə olan müqavilələr, əsasən də 1980-ci ilin döyüş zamanı yüngül fırlanan və yayılan güllələrin istifadə edilməməsi haqqında Bəyannaməsi (1967-ci ildə quru döyüşünün qayda və qanunları barədə IV Haaqa Müqaviləsi) də bura daxil olmaqla, insan hüquqlarına aid bütün beynəlxalq müqavilələr kobudcasına pozulmuşdur.

Yanvarın 20-də bütün dünya Bakıda törədilmiş dəhşətli qırğından xəbər tutdu. Artıq sovet qoşunlarının Bakıya hərbi müdaxiləsi dünyanın bir sıra ölkələrində etirazla qarşılanmışdı. Belə ki, Bakıda törədilən cinayətlər qonşu və qardaş Türkiyədə sərt reaksiyalara səbəb olmuş, ölkənin hər yerində mitinq və nümayişlər keçirilmişdir. Ankara, İstanbul, Qars, İzmir, Kayseri və başqa şəhərlərdə keçirilən mitinq və nümayişlərdə sovet rəhbərliyinin törətdiyi bu cinayəti müdafiə edən Amerika Birləşmiş Ştatları  pislənmişdi. Eyni zamanda, Türkiyənin rəsmi şəxsləri, Türkiyə hökuməti Bakıda törədilən hadisəni tənqid etməklə yanaşı, Azərbaycana yardım göstərilməsi təklifi ilə də çıxış etmişlər.

 İranın Milli Təhlükəsizlik Şurası yığıncaq keçirmiş və bu barədə bəyanat qəbul etmişdir. İran parlamentinin 160-dan çox üzvü M.Qorbaçovun Azərbaycana silahlı təcavüzünü pisləmişdir. İran Prezidenti Rəfsəncani və İranın dini lideri Xameneyi M.Qorbaçovun atdığı bu addımı kəskin tənqid etmişlər.

Eyni zamanda, Türkiyə və İranın  kütləvi informasiya vasitələri sovet qoşunlarının Bakıda törətdikləri qanlı hadisəni kəskin tənqid etmiş və bunu qırğın adlandırmışdı.

Qərb ölkələrinin mövqeyinə gəldikdə isə, Sovet İttifaqının Azərbaycana hərbi müdaxiləsinə müxtəlif reaksiyalar vermişlər. Bu reaksiyalar ümumilikdə müsbət  olsa da, ancaq obyektiv reallığı əks etdirmirdi. Məsələn, ABŞ hökuməti bu hərbi müdaxiləni anlayışla qarşıladığını bildirmişdir. Avropa İttifaqınin rəsmi nümayəndəsi isə demişdir ki, qan axıdılmadan yenidənqurma tətbiq edilə bilməz. Avropanın müxtəlif yerlərindən gələn fikirlər isə Qərbin mövqeyini izah etmək baxımından maraqlıdır. Məsələn, “Ştern” məcmuəsi və “Tribuna lyudu” qəzeti bu hadisələri qeyri-obyektiv işıqlandıraraq, qüvvədən istifadə olunmasının zəruri olduğu bildirmişdir.

Nəticədə Bakıda baş verən hadisələr dünya ictimaiyyətinə yanlış izah edilirdi. Bundan əlavə, “Los-Anceles Tayms”, “Vaşinqton Post”, “Krisçen Sayens Monitor”, “Nyu-York Tayms”, “Baltimor San” mətbu orqanlarında, eləcə də, bir sıra xarici radiostansiyaların məlumatlarında  Bakıda baş verən hadisələrə,  xüsusilə, sovet ordusunun hərbi müdaxiləsinə haqq qazandırılmasa da, çox vaxt bu qanlı cinayətə laqeyd münasibət özünü göstərirdi.

Faciədən bir neçə il sonra, yəni 1994-cü ilin yanvarında bu qanlı cinayətin başında duran SSRİ müdafiə naziri marşal Yazov DFVK işi üzrə prosesdə ifadə verərkən bildirmişdi: “1990-cı il yanvarın 19-da Qorbaçov məni, Bakatini və Kryuçkovu yanına çağırıb Bakıda fövqəladə vəziyyət tətbiq etmək əmrini verdi. Mən heç bir yazılı qərar, heç bir fərman görməmişəm”.

Daxili işlər naziri Bakatin isə yanvarın 21-də Azərbaycan Daxili İşlər Nazirliyində keçirdiyi görüşdə bəyan etmişdir ki, “əgər siz sovet hakimiyyətini istəməsəniz, sizinlə uzunmüddətli müharibə olacaq”.

1990-cı ildə Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M.Qorbaçov həmin il Beynəlxalq Nobel Sülh Mükafatına layiq görüldü. 1995-ci il aprelin 27-də  Türkiyədə səfərdə olan keçmiş SSRİ prezidenti Mixail Qorbaçov  İstanbulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş və 1990-cı il 20 Yanvar hadisələrindən danışarkən öz günahını acizanə şəkildə etiraf edərək bildirmişdi:"Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi".

O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirib Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə pisləyən bəyanatla çıxış etmişdir. Azərbaycan rəhbərliyinə qayıdışdan sonra Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı təcavüz olan faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verdi.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.

Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

1990-cı ilin Yanvar qırğını nə qədər faciəli və dəhşətli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Xalqımız 20 Yanvar günü və sonrası əsl əzmkarlıq salnaməsi yazdı. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixində parlaq səhifə yaratdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Şəhidlərin arzuları həyata keçdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini elan etdi. Bu gün xalqımızın qan yaddaşı dedikdə xatırlanan, hörmətlə anılan və ən çox təbliğ olunan günlərdən biri 20 Yanvardır. Nə qədər Azərbaycan var, azərbaycanlılar var 20 Yanvar  faciəsi və eyni zamanda, bu qəhrəmanlıq salnaməsi unudulmayacaqdır.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında