Xəbər verildiyi kimi, tariximizin unudulmaz və qanla yazılmış səhifəsi olan 20 Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) birgə layihəsi olan “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu nəşr edilib.
Layihənin rəhbərləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov və AzərTAc-ın baş direktoru Aslan Aslanovdur.
Kitab-albomda 20 Yanvar hadisələrinin səbəbləri, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyət, Ermənistanın əsassız ərazi iddiaları və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar baş qaldırmış etiraz dalğası, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı məkrli siyasəti xronoloji ardıcıllıqla təqdim edilir. Həmin dövrdə cərəyan edən hadisələri və faciəni əks etdirən fotosənədlər “20 Yanvara aparan yol”, “İnformasiya blokadası”, “Qanlı statistika”, “Vida günü”, “Şəhidlər”, “Şəhidlər xiyabanı - müqəddəs məkan” başlıqları altında toplanıb.
“20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu 1987-ci ildən başlayan bir dövrü əhatə edir. Kitab-albom “20 Yanvara aparan yol” adlı bölmə ilə başlanır. Heç şübhəsiz ki, 1990-cı il yanvarın 20-də Bakıda baş vermiş hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Çünki Azərbaycan həmin dövrdə qonşu Ermənistanın hərbi təcavüzünə də məruz qalmışdı. Bu baxımdan nəşrdə göstərilir ki, XX əsrin 80-ci illərinin ikinci yarısında Sovet İttifaqında yenidənqurma adı altında bir sıra dəyişikliklər baş verdi. Ümummilli lider Heydər Əliyev Sov.İKP plenumunda vəzifəsindən istefa verdikdən bir neçə gün sonra ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər.
Kitabda qeyd edilir ki, ermənilərin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki komitəsi - Yerevanda “Qarabağ” komitəsi və onun Dağlıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı olan “Krunk” açıq fəal mübarizəyə başlamış, separatçılıq hərəkatı genişlənmişdi. 1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasətçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən vilayətin iqtisadi geriliyi pərdəsi altında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanmış plan üzrə Xankəndidə və Yerevanda davamlı tətillər keçirilərək müəssisələr dayandırılır və kütləvi mitinqlər təşkil edilirdi.
Lakin baş verən sonrakı hadisələr DQMV-nin sosial-iqtisadi geriliyi barədə erməni siyasətçiləri və onların mərkəzdəki himayədarlarının irəli sürdükləri bu saxta tezisin yalnız bəhanə, əsas məqsədin isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiasında olduğunu göstərdi.
1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakıdakı Azadlıq meydanında SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsində tutduğu ermənipərəst mövqeyə, azərbaycanlıların Ermənistandan deportasiyasına etiraz əlaməti kimi davamlı olaraq keçirilmiş mitinqlər, milli-azadlıq mübarizəsi kitab-albomda öz əksini tapıb.
Nəşrdə göstərilir ki, 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyəti DQMV-də və onun ətrafında millətlərarası münasibətlərin gərginliyinin davam etməsi ilə əlaqədar və bunun qarşısını alıb regionda vəziyyəti sabitləşdirmək məqsədilə Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində muxtar vilayət statusunu saxlamaqla DQMV-də xüsusi idarə formasının tətbiq edilməsi haqqında fərman qəbul etdi. Həmin fərmanla DQMV-də bilavasitə SSRİ-nin ali dövlət hakimiyyəti və idarə orqanlarına tabe olan Xüsusi İdarə Komitəsi yaradıldı. Xüsusi İdarə Komitəsi “millətlərarası münasibətlərin daha da kəskinləşməsinin qarşısını almaq və bu regionda vəziyyəti sabitləşdirmək” adı altında yaradılsa da, fərmanda göstərilənlərin əksinə olaraq bu komitənin fəaliyyətdə olduğu müddətdə DQMV-də vəziyyət daha da kəskinləşmişdi. Komitənin sədri A.İ.Volski vəziyyəti sabitləşdirmək deyil, əksinə gərginləşdirmək siyasəti yürütdü. Onun fəal “səyləri” nəticəsində az müddətdə vilayətin idarə və müəssisələrinin demək olar ki, hamısı Azərbaycanın tabeliyindən çıxarılaraq mərkəzin tabeliyinə keçirildi. Bütün sənədlərdə DQMV Azərbaycanın tərkibindən çıxarılmışdı. SSRİ hökuməti, xüsusilə onun başında duranların qətiyyətsizliyi və Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı.
Nəticədə sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1989-cu ilin sonu - 1990-cı ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə törədilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlının həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himayə edilən ermənilərin işğalçılıq siyasətinin qurbanı oldu. Bu dövrdə Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistanla birləşməyin zəruriliyinə nail olmaq ideyasını süni surətdə qəbul etdirən təcavüzkar dövlət bu məqsədə çatmaq üçün Dağlıq Qarabağdan azərbaycanlıları soyqırımına və təcavüzə məruz qoyub didərgin salmış, eləcə də azərbaycanlıları Ermənistandan, tarixən yaşadıqları torpaqlardan zorakılıqla deportasiya etmişdir.
Kitab-albomda qeyd edilir ki, sovet rəhbərliyinin məsələyə vaxtında və prinsipial qiymət verməməsi, Ermənistanın ərazi iddialarının əsassız olmasının göstərilməməsi ermənilər tərəfindən xüsusi plan əsasında hazırlanmış, Sumqayıtda törədilən faciəli hadisələrə gətirib çıxardı. SSRİ hökuməti, xüsusilə onun başında duranların qətiyyətsizliyi və Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşdi və Ermənistan Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı.
Nəşrdə göstərilir ki, 1990-cı ilin yanvar ayında Bakıya sovet ordusunun hərbi müdaxiləsi və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
Bu baxımdan kitab-albomun “İnformasiya blokadası” adlanan bölməsində qeyd edilir ki, 1988-ci il hadisələri başlayan gündən Dağlıq Qarabağ məsələsi mərkəzi mətbuatın səhifələrində geniş şərh olunur, informasiya blokadası Azərbaycanın mövqeyini görünməyə qoymur, mərkəzin təbliğat maşını hadisələri birtərəfli işıqlandırmaqda davam edirdi. Münaqişə başlayandan İttifaq orqanlarının birtərəfli mövqeyi (kütləvi informasiya vasitələri və mərkəzi mətbuatın ermənipərəst çıxışları) özünü açıq-aşkar göstərirdi. Ermənilərin mərkəzi mətbuat vasitəsilə Azərbaycana qarşı apardıqları yalan və böhtan kampaniyası münaqişənin gedişində də öz təsirini göstərirdi. Bu işdə ermənilərin siyasi mənafelərini təmsil edən bir sıra rəsmi və qeyri-rəsmi şəxslər xüsusilə canfəşanlıq göstərirdilər. Eyni zamanda, sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar.
Belə bir şəraitdə yanvarın 15-də SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.Qorbaçov “DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman imzaladı. Azərbaycan SSR Ali Sovetinə təklif edildi ki, Bakı və Gəncə şəhərlərində və başqa yaşayış məntəqələrində qadağan saatlarının tətbiq edilməsi də daxil olmaqla lazımi tədbirlər görülsün. Ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkarlıq siyasəti və keçmiş SSRİ rəhbərliyinin onlara himayədarlığına öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun xüsusi təlim keçmiş hissələrindən istifadə olunması 1990-cı il yanvarın 20-də qanlı faciəyə gətirib çıxardı.
Nəşrdə göstərilir ki, 1990-cı ilin yanvar ayında M.Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda vəziyyətin öz məcrasından çıxdığını və hakimiyyətin təhlükədə olduğunu bəhanə edərək qoşunun yeridilməsi üçün müxtəlif dezinformasiyalar yayırdı. Guya Bakıya qoşun hərbi qulluqçuların ailələrini qorumaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Belə ki, 1990-cı il yanvarın 19-da M.Qorbaçov yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Əhalinin bundan məlumatsız qalması üçün isə SSRİ DTK-nın “Alfa” qrupu tərəfindən yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji bloku partladıldı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və dinc əhaliyə amansız divan tutuldu. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00.00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 07.00-da respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı.
Kitab-albomun “Qanlı statistika” bölməsində qeyd edilir ki, 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olmuş, 744 nəfər yaralanmış və xəsarət almış, 841 nəfər qanunsuz olaraq həbs edilmişlər.
Sonradan 20 Yanvar hadisələrini araşdıran “Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabatda göstərilirdi ki, adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Y.Meyeroviçə 21, D.Xanməmmədova 10-dan çox, R.Rüstəmova 23 güllə vurulmuş, xəstəxanalar, təcili yardım maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür. İnsanlar süngü-bıçaqla qətlə yetirilmiş, onların arasında yetkinlik yaşına çatmayanlar, qadınlar, qocalar, şikəstlər, hətta hər iki gözü tutulmuş B.Yefimtsev də var idi. Eyni zamanda, “Kalaşnikov” avtomatının ağırlıq mərkəzi dəyişən 5,45 çaplı qadağan edilmiş güllələrindən istifadə edilmişdir. Nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəaları kobudcasına pozulmuşdur.
Kitab-albomun “Vida günü” adlanan bölməsində Azərbaycan vətəndaşlarının Vətən uğrunda canlarından keçən həmyerlilərini əziz tutduğu vurğulanır, eyni zamanda, qeyd edilir ki, şəhidlərin hər zaman xatırlanması və həmin gün canlarından keçənlərin xatirəsinin yad edilməsi üçün məzarlığın seçilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, ermənilər tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda qətlə yetirilmiş azərbaycanlıların Çəmbərəkənd adlanan ərazidə dəfn olunması, sonradan sovet rejimi tərəfindən yerlə-yeksan edilməsi və 20 Yanvar şəhidlərinin də bu məkanda dəfn edilməsi tarixi yaddaşın təzələnməsi baxımından məqsədəuyğun hesab edildi. Nəşrdə qeyd edilir ki, bunun əsas məqsədi son əsrdə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Qanlı Yanvar Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu oldu. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdi.
20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi də kitab-albomun “Şəhidlər” bölümündə öz əksini tapıb. O zaman yalnız ümummilli lider Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, siyasi iradə nümayiş etdirərək Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pisləyərək bəyanatla çıxış etmişdir. Nəşrdə qeyd edilir ki, ümummilli liderin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il 5 yanvar tarixli Fərmanında deyilir: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilir. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ümummilli liderin 1998-ci il tarixli Fərmanı ilə “20 Yanvar şəhidi” fəxri adı təsis edilmişdir. Fərmana əsasən, 1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı həlak olmuş 147 nəfərə “20 Yanvar şəhidi” adı verilmişdir.
Nəşrdə diqqətə çatdırılıb ki, “Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir. Bakı şəhərində şəhidlərin xatirəsinə xüsusi memorial kompleks ucaldılmış, Naxçıvan şəhərindəki Şəhidlər xiyabanı yenidən qurulmuşdur. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli fərmanları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinə göstərilən ehtiramın bariz ifadəsidir.
Kitab-albomun “Şəhidlər Xiyabanı - Müqəddəs Məkan” adlanan bölümündə qeyd edilir ki, milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəf tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
Diqqətə çatdırılır ki, bu qanlı cinayət nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. İyirmi Yanvar hadisələri Azərbaycan dövlətinin tarixinə müstəqilliyə gedən yolda tariximizin şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb. Eyni zamanda, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Kitab-albomda 20 Yanvar hadisələrinin miqyasını, Azərbaycan xalqının 25 il əvvəl yaşadığı faciəni əks etdirən yüzlərlə fotoşəkil yer alıb. Bu fotoşəkillər AzərTAc-ın və bir çox tanınmış fotoqrafların arxivlərindən götürülüb.
Ümumilikdə, “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu keçmiş sovet ordusunun Bakıda törətdiyi hərbi cinayətlərlə yanaşı, Azərbaycan xalqının azadlıq mübarizəsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər, ulu öndər Heydər Əliyevin həmin ağır günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı qırğına ilk olaraq etiraz səsini ucaltması və siyasi-hüquqi qiymət verməsi, eləcə də ölkəyə rəhbərliyi dövründə şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı sonrakı addımlar sistemli şəkildə öz əksini tapıb. Bu kitab-albom həm indiki və gələcək nəsillərimizdə, həm də dünya ictimaiyyətində faciə barədə aydın və obyektiv təsəvvür yaratmaq baxımından dəyərli yaddaş kitabıdır. 20 Yanvar hadisələrinə dair fotoşəkillərin və sənədlərin sistemli şəkildə təqdim edildiyi kitab-albomun dörd dildə - Azərbaycan, ingilis, rus və ərəb dillərində nəşr olunması olduqca təqdirəlayiqdir və mühüm siyasi əhəmiyyət kəsb edir. Hesab edirik ki, bu dəyərli nəşr Azərbaycan həqiqətlərinin daha geniş auditoriyaya çatdırılması işinə sanballı töhfəsini verəcək.
Elçin ƏHMƏDOV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti,
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin
Azərbaycanlı İcması” İctimai Birliyinin
Qarabağ Araşdırmalar Mərkəzinin müdiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.