XX yüzillik Azərbaycan xalqının taleyinə, tarixinə ən qanlı hadisələrlə, faciələrlə, misli görünməmiş soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil olmuşdur. Həmin əsrin əvvəllərində müstəqilliyimizə gedən yol 1918-ci il mart qırğınları ilə başlamış, az sonra Azərbaycanın, ümumən, müsəlman Şərqinin tarixində ilk demokratik, parlamentli respublika - Azərbaycan Xalq Cümhuriyyəti yaradılmış və cəmi iyirmi üç ay fəaliyyət göstərmişdir.
Yetmiş dörd ildən sonra sükut buzu əridi. Azərbaycan Xalq Cümhuriyyətinin uzun illər xalqdan gizli saxlanılmış tarixi, fəaliyyəti, əhəmiyyəti haqqında söz açıldı. Azərbaycan milli azadlıq hərəkatı xalqımızın milli şüurunun inkişafında böyük rol oynadı. Lakin tarixi ədalətsizliyi bərpa edib istiqlalına qovuşmaq istəyən xalqı rus imperiyası müstəqil görmək istəmirdi. XX yüzilliyin sonlarında müstəqilliyimizin bərpasına aparan yol isə 1990-cı ilin 20 Yanvarından başladı. Həmin gün öz hüquqları uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi.
20 Yanvar faciəsi XX əsr Azərbaycan tarixində baş vermiş qanlı hadisələrin, soyqırımı aktlarının məntiqi davamı, çar Rusiyasının “parçala-hökm sür” siyasətinin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımlar, torpaqlarımızın 114 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, SSRİ dövründə soydaşlarımızın indi Ermənistan adlandırılan ərazidəki əzəli, ata-baba yurdlarından son nəfərinədək qovulması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, bu dəfə torpaqlarının iyirmi faizinin işğalı bu məkrli siyasətin mərhələləridir.
Qan yaddaşımıza böyük faciə və qəhrəmanlıq kimi həkk olunan 20 Yanvar müstəqillik əzmimizi, milli kimliyimizi dünyaya tanıdan gün oldu. Bu tarix Azərbaycanın istiqlalı yolunda milli məfkurəmizdən güc alan qarşısıalınmaz azadlıq istəyinin dünyaya bəyan edilməsinin başlanğıcı oldu. 20 Yanvar qırğını həm də sovet rejiminin ermənilərlə birgə apardıqları antiazərbaycan siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Qabaqcadan düşünülüb-hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mubarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır. Lakin sovet imperiyası insanlıq adına sığmayan əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi.
Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə, Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açdı. Uzun illər ərzində milli azadlığını bərpa etmək arzusu ilə yaşayan xalqımız nəyə qadir olduğunu sübut etdi. Tarix bir daha göstərdi ki, dövlətçilik ənənələrini yaşadan xalqımızı müstəqilliyi uğrunda mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür.
Zaman keçdikcə Qanlı Yanvar hadisələrinə müxtəlif aspektlərdən yanaşılır: xalqımız 20 Yanvarı təkcə hüzn günü kimi deyil, eyni zamanda, milli qürur və iftixar günü kimi anır. Faciənin 25-ci ildönümü ərəfəsində ərsəyə gələn, ictimaiyyətə təqdim edilən Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi — “20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu uzun illər sovet imperiyası əsarətində yaşamış Azərbaycan xalqının azadlıq iradəsini, müstəqillik uğrunda mübarizəsini əks etdirən tarixi sübut-dəlillərin toplandığı qiymətli mənbədir.
“20 Yanvar: Tariximizin qanlı və şanlı səhifəsi” milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə edilən kütləvi terroru, totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirən mötəbər ittihamnamədir. Bu, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsi ilə AzərTAc-ın “Xocalı— iyirminci əsrin soyqırımı” kitabından sonra ikinci layihəsidir. Hər iki layihənin rəhbəri Prezident Administrasiyasının şöbə müdiri, professor Əli Həsənov və AzərTAc-ın baş direktoru Aslan Aslanovdur.
Öz tipoloji xarakteri ilə fərqlənən “Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu Azərbaycan xalqının 25 il əvvəl yaşadığı faciənin, 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə, bugünkü və gələcək nəsillərə çatdırılması baxımından uğurlu bir layihədir. Bu, eyni zamanda, vətənpərvər ziyalıların vətəndaşlıq mövqeyinin yeni parlaq ifadəsidir.
Layihənin məramının ifadə olunduğu Ön sözdə səslənən “Bu fotonəşr Bakıda törədilmiş kütləvi qırğının əsas baiskarı Mixail Qorbaçovu Nobel Sülh mükafatına layiq görmüş dünya üçün yaddaş kitabıdır” — fikri diqqəti cəlb edir və düşündürür. Bu, həm də Ermənistan—Azərbaycan müharibəsinə, Qarabağ həqiqətlərinə ikili standartla yanaşan beynəlxalq aləmə cinayətkarların hələ də cəzasız qalması barədə mesajdır.
20 Yanvara aparan yolun nə vaxt və haradan başlanıldığını göstərən hadisələrin xronoloji ardıcıllığı, tarixi faktlara əsaslanan şərhlər, dərin təhlillər və Azərbaycan xalqının müsibətini, qırğının miqyasını əks etdirən yüzlərlə fotoşəkil- güllə ilə vurulmuş, tankın tırtılları altında tapdanaraq əzilmiş insan cəsədləri, şikəst edilmiş, ağır yaralanmış insanlar, qanlı cəza əməliyyatının ağır nəticələrini, müəyyən epizodlarını əks etdirən materiallar, fotosənədlər kitab-albomun tarixi və informasiyalılıq dəyərini nümayiş etdirir.
Bəhs etdiyimiz kitabın dəyəri 20 Yanvar hadisələrinə dair təkzibedilməz fotoşəkillərin və sənədlərin, tarixi materialların, statistik məlumatların küll halında təqdim edilməsi, daha geniş auditoriyaya çatdırılması üçün fotonəşrin dörd dildə - Azərbaycan, ingilis, rus və ərəb dillərində çap olunması, oxucuda, xüsusən, dünya ictimaiyyətində faciə barədə aydın və obyektiv təssəvvürün yaradılmasındadır. Hər kəsin qavraya biləcəyi tərzdə, dəqiq, lakonik və çox səmimi bir üslubda ifadə olunmuş fikirlər siyasi, ideoloji, mənəvi mahiyyəti, məna-məzmun konkretliyi ilə diqqəti cəlb edir.
Kitabda 20 Yanvar hadisələrinin səbəblərini, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti, Ermənistanın əsassız ərazi iddiaları və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar baş qaldırmış etiraz dalğası, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı ədalətsiz siyasəti və digər mühüm məqamlar xronoloji ardıcıllıqla təqdim edilir. Həmin dövrdə cərəyan edən hadisələrin və faciəni əks etdirən fotosənədlərin “20 Yanvara aparan yol”, “İnformasiya blokadası”, “Qanlı statistika”, “Vida günü”, “Şəhidlər”, “Şəhidlər xiyabanı - müqəddəs məkan” başlıqları altında qruplaşdırılması oxucu auditoriyasına faciə haqqında dəqiq informasiya verir.
“20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu 1987-ci ildən başlayan bir dövrü əhatə edir. Bu dövrdə cərəyan edən hadisələrin xarakteri, obyektiv, subyektiv səbəbləri tarixi xronologiya ilə əks olunur. Xalqımızın o vaxt SSRİ-də gedən proseslərə real təsir etmək imkanı olan lideri Heydər Əliyev siyasi səhnədən uzaqlaşdırıldıqdan sonra M. Qorbaçovun müşaviri A. Aqanbekyanın Parisdə “Humanite” qəzetinə müsahibəsində “Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi zəruriliyindən və bu məsələyə M.Qorbaçovun razılıq verməsindən” danışması etnik münaqişənin yaxınlaşdığına bir siqnal olmuşdu. Nəşrdə qeyd edildiyi kimi, 20 Yanvara gedən yol da ermənilərin Dağlıq Qarabağa əsassız ərazi iddiaları ilə başlanmışdır. 1987-ci ildə Qarabağda yaradılmış “Krunk” radikal- separatçı erməni təşkilatının Xankəndində keçirdiyi ilk antiazərbaycan mitinqləri də baş verəcək faciələrin ilk qığılcımları idi.
1988-ci ildə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə Kreml rəhbərliyinin rəvac verməsi, 1989-cu ildə SSRİ Ali Sovetinin qərarı ilə DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeçiliyindən çıxarılması, vilayət ərazisində soydaşlarımıza divan tutulması, DTK-nın çeşidli təxribatlar törətməsi və s. hadisələr xronologiyadan aydın olur ki, nəhayət, Bakıda dinc əhalinin ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə qətliamına aparırmış. Kitab-albomda faciənin tükürpədici, qanlı epizodlarını əks etdirən fotosənədlər keçmiş sovet dövlətinin həmin günlərdə Azərbaycanda həyata keçirdiyi vəhşi terror aktlarının insanlığa qarşı ən ağır cinayətlərdən olduğunu təsdiq edir.
“İnformasiya blokadası” bölməsində qeyd edildiyi kimi, faciə barədə xəbərlərin dünyaya yayılmasının qarşısını almaq, Azərbaycan ətrafında informasiya blokadası yaratmaq planı cəza ssenarisinin tərkib hissəsi olmuşdur. Belə bir maraqlı cəhətə nəşrdə xüsusi diqqət yetirilir ki, M.Qorbaçovun göstərişi, D.Yazovun komandanlığı altında həyata keçirilən Qanlı Yanvar faciəsi baş verdikdən bir gün sonra bu informasiya blokadasını geniş cəbhədə yaran ümummilli lider Heydər Əliyev həmin vaxt Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Bakı qırğınına ilk olaraq etirazını bildirmiş və siyasi-hüquqi qiymət vermişdir.
“Qanlı statistika” başlığı altında toplanan fotosənədlər, “Şit” təşkilatının müstəqil ekspertləri tərəfindən hazırlanmış hesabat, ölənlər, yaralananlar və qanunsuz həbs olunanlarla bağlı statistika 20 Yanvar faciəsinin miqyasını, sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Azərbaycan paytaxtının xüsusi qəddarlıqla zəbt etməsini göstərir.
Kitab-albomun ən maraqlı və təsirli bölmələrindən birində -"Vida günü"ndə göstərilir ki, şəhidlərin son mənzilə yola salınması Azərbaycan tarixində o vaxtadək yaşanmamış ümummilli dəfn mərasimi olmuşdur. Həmin anların, epizodların, insan izdihamının iri planda əks olunduğu fotoşəkillər belə düşünməyə əsas verir ki, bu möhtəşəm hüznlü birlik sonrakı illərin anım günlərində də davam edərək, xalqımızın milli həmrəyliyinin formalaşmasında və möhkəmlənməsində başlanğıc rolu oynamışdır.
Yeni nəşrdə oxucuya bir daha aydın olur ki, Azərbaycan xalqının azadlıq mübarizəsinə, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi tədbirlərlə mümkün olmuşdur. Ulu öndərin ölkəyə rəhbərliyi dövründə şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar, o cümlədən 1998-ci il 31 mart tarixli fərmanla “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, 1998-ci il 5 avqust tarixli sərəncama əsasən Şəhidlər xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması, şəhid ailələrinə göstərilən diqqət və qayğı, bu ənənəni ölkə Prezidenti İlham Əliyevin davam etdirməsi kitabın “Şəhidlər”, “Şəhidlər xiyabanı - müqəddəs məkan” bölməsində geniş əksini tapmışdır.
Kitabda paytaxtın rəsmi qonaqlarının, dövlət və hökumət başçılarının, məşhur insanların əlamətdar günlərdə və ölkəmizə səfər proqramlarında mütləq şəkildə Şəhidlər xiyabanının ziyarət etməsi faktının görüntüləri Vətən qurbanlarının xatirəsinə rəsmi ehtiramın dövlət səviyyəsində təcəssümü kimi sərgilənir. Şəhidlərin əbədiyyətə qovuşduğu bu məkana Heydər Əliyevin verdiyi qiymət nəşrin tarixi, siyasi, tərbiyəvi, həmçinin milli-mənəvi dəyərini ortaya qoyur: “Xalqımızın tarixində çox əzəmətli, qiymətli abidələr var. Ancaq Şəhidlər xiyabanı, XX əsrin sonunda Azərbaycan xalqının milli azadlığı uğrunda özünü qurban vermiş şəhidlərinin məzarları Azərbaycan Respublikasının torpağının ən müqəddəs yeridir və ən qiymətli abidəsidir”.
Ulu öndərin “şəhidlərin hər qanının damcısında bizim xalqımızın qüdrəti var, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır” sitatı isə bu dəyərli layihənin mükəmməl epiloqudur.
Geniş oxucu kütləsi, həmçinin dünya ictimaiyyəti üçün nəzərdə tutulmuş kitab-albom yeni nəsildə milli vətənpərvərlik, dövlətçilik hislərinin tərbiyə olunması, milli kimlik məfkurəsinin formalaşması baxımından ibrət dərsliyidir. “20 Yanvar: Tariximizin qanlı və şanlı səhifəsi” Azərbaycanın yeni tarixini əks etdirən faktların önəmli toplusudur. Bu qiymətli nəşr tirajlanaraq orta məktəblərə, ali təhsil müəssisələrinə, hərbi hissələrə, Azərbaycanı dünyada təmsil edən səfirliklərə, həmçinin dünya dövlətlərinin ölkəmizdəki nümayəndəliklərinə, diaspor təşkilatlarına da çatdırılmalıdır. 20 Yanvar cinayətinin təşkilatçılarının və icraçılarının indiyədək cəzasız qaldığı, beynəlxalq aləmdə Azərbaycana qarşı ikili standartların hökm sürdüyü dövrdə belə bir nəşrin dünyaya yayılmasına da böyük ehtiyac var.
Nəfis şəkildə nəşr edilmiş kitab- albomda Oqtay Məmmədov, Yaşar Xəlilov, Rafiq Bağırov, Namiq Şəfiyev, Asim Talıbov, Fərid Xayrulin, Mirnaib Həsənov, Oleq Litvin, Sergey Platkeyviç, Rauf Umudov, Tahir Cəfərov, Rasim Sadıqov və Fərid Məmmədovun çəkdikləri fotoşəkillər toplanmışdır. Mətni ingilis dilinə Nadir İsmayılov, Orxan Muradov, rus dilinə Nazim Xıdırov, Ayişə Axundova, ərəb dilinə isə Şıxəli Əliyev tərcümə etmişlər.
Vətəndaş təəssübkeşliyi , qan yaddaşının hökmü ilə yazılıb- tərtib edilmiş bu kitab- albom, şübhəsiz, dəyərli faktlar, sübutlar mənbəyi kimi həm ölkəmizdə, həm də xaricdə yaşayan hər bir qeyrətli azərbaycanlının stolüstü kitabı olacaq.
Vasif SƏMƏDOV,
“Kaspian-İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin prezidenti,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti,
Leyla RƏŞİD,
BDU-nun jurnalistika fakültəsinin əməkdaşı,
doktorant
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.