Qanlı Yanvar faciəsi və “Asala” erməni terror təşkilatı

Qanlı cinayətlərin görünməyən tərəfləri

(Əvvəli qəzetimizin 20 yanvar 2015-ci il tarixli sayında)

Araşdırma materiallarına görə, “Asala” erməni ordusunun Bakıya basqında iştirakı haqqında ən ciddi və məxvi materiallar RF-nın MN-nin Baş Kəşfiyyat İdarəsində üstündə “Məxfidir: 45 dərəcə bucaq altında” sözləri yazılmış qovluqda saxlanılır. Kəşfiyyat polkovniki Boris Qriqoriyeviç Bondarenkonun iddiasına görə, o vaxt Moskvada yaşayan, Sov. İKP MK Siyasi Bürosu, şəxsən M.Qorbaçov və onun erməni əhatəsi tərəfindən sıxışdırılan Heydər Əliyevin gözlənilməz, amma düşünülmüş və qəti addımı “Asala”nın həmin qovluqda saxlanılan yarımçıq qalmış planlarını alt-üst etdi.

Azərbaycanla bağlı həmin plana əsasən, Bakıda, Naxçıvanda, Gəncədə və Lənkəranda... bir-birinin ardınca güclü terror aktları həyata keçirilməli idi. Bu terror aktlarını isə “Asala”nın tam hərbiləşdirilmiş “Qnçak” qanadında fəaliyyət dairələrini genişləndirən və Azərbaycanın təhlükəsizlik orqanlarına soxulmuş, hökümət və dövlətdən xəbərsiz yaradılmış Vətənpərvər Erməni Cəmiyyətinin məlumatlı şəxsləri icra etməli idilər. Kəşfiyyat polkovniki Q.S.Mark-Nazaryan Leninqraddan 1989-cu il dekabrın 21-də bu cəmiyyətdə işləmək üçün göndərilmişdi.

 Maraqlıdır ki, az müddət ərzində Azərbaycan ərazilərində kök atan, istənilən məlumatı əldə edə bilən bu adam haqqında hələlik açıqlama verilmir və bu heç istintaq materiallarında da yoxdur(?) Acınacaqlı hallardan biri də bu idi ki, bu cəmiyyət Azərbaycanda qeydiyyata da götürülmüşdü.

Razılaşdırılmış ssenariyə görə, (Fransa, İngiltərə, ABŞ, Almaniya, Yaponiya, İsrail) Azərbaycanın yanacaq resurslarında gözləri olan ölkələr, eləcə də OPEK-ə üzv olan bir sıra neft ölkələri baş verən qanlı cinayətləri faş etməməyi, susmağı məsləhət bilirdilər. Lakin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinin qapıları açılanda, nümayəndəlikdən matəm bayraqları asılanda hər şey dəyişdi. Heydər Əliyevin cəsarəti dünyanı silkələdi. O vaxt Moskvanı, ölkəyə hökm edən M.Qorbaçovun qulağının dibində onu ittiham etmək, onu cinayətin baiskarı adlandırmaq o qədər də asan məsələ deyildi.

Bu yerdə sual olunur: hansı səbəbə görə Qorbaçovlar ailəsi (M.Qorbaçov və Raisa Maksimovna) 1985 və 1989-cu illərdə “Asala” erməni silahlı terror birləşməsinin Beyrutdakı təlim düşərgəsi üçün bir milyon dollar yardım ayırmışdılar? Məlumata görə, general V.A.Kirpiçenko bütün bunları araşdırarkən Siyasi Büroya və Təhlükəsizlik Şurasına sorğu ünvanlasa da, cavab almamışdı.

20 Yanvar qırğınlarından sonra “Asala”nın yarımçıq qalmış terror planı tamamlanmalı idi. Məlumata görə, 1990-cı ilin 20 yanvar gecəsində, daha dəqiq desək (kəşfiyyat polkovniki B.Bondarenkonun iddiasına görə), gecə saat 4 radələrində Azərbaycanın otuz iki nəfər say-seçmə övladı məhv edilməli idi. Bu iyrənc missiya 20-dən 21-nə keçən gecə tamamlanmalı idi. Bakı müxalifəti gizlənmişdi. Bir çoxu Astara-Lənkəran  zolağından İran İslam Respublikasının ərazilərinə keçmişdi. Qərb mətbuatının yazdığı kimi, “onlar artıq öz missiyalarını bitirmişdilər”.

 Bakıda nəzərdə tutulan terror aktlarını “Asala” cərgəsində aktiv rol oynayan “Müdafiə olunanlar” erməni terror qrupları yerinə yetirməli idilər. Bu qrup “snayper” atıcı qrupu idi ki, onun başında tarix müəllimi, bir müddət Əfqanıstanda xidmət etmiş Meyyer Rustampaşa adlı birisi idi. (Sənədlərdə onun əsl adı Miqran Rustamyan idi). Əldə olunan ünvanlar istiqamətində 14 nəfər snayper paylanmalı idi. Araşdırma materiallarına görə, son məqamda ermənilər niyyətlərini yarımçıq saxladılar. Eçmiəzdinin məxfi işarəsilə “Müdafiə olunanlar” öz aksiyalarını yarımçıq saxladılar.       Rus yazıçısı T.M.Serafimov həmin vaxt maraqlı bir fikrə toxunmuşdu. O qeyd edirdi: “Heydər Əliyev Moskvadan Azərbaycan üçün heç kəsin gözləmədiyi “Azadlıq zəngi”ni çaldı. Bu zəng bütün dünyanı başına götürdü. Bu, Azərbaycanı öz canı kimi sevən Heydər Əliyevin böyüklüyü idi.” Azərbaycanı qan dənizində boğmağa hazırlaşan “Asala” beynəlxalq erməni terrorçularının 2-ci cəbhəsi bağlı qalmışdı.

Lakin “Asala” erməni ordusunun Azərbaycan üçün nəzərdə tutduğu “45 dərəcə bucaq altında” məxfi planı, demək olar ki, baş tutmuşdu: 131 nəfər, o cümlədən 117 nəfər azərbaycanlı, 6 rus, 3 yəhudi, 3 tatar öldürülmüş, 744 nəfər yaralanmış, 400 nəfər həbs edilmiş, 4 nəfər itkin düşmüşdü.

1990-cı il yanvarın 28-də Bağdadda ermənilərin hakim olduqları, lakin 1979-cu ildən ölkədən kənar çap olunan “Yeni fikir” qəzeti yazırdı: “Bağdadda keçirilən ”Erməni diaspor rəhbərlərinin konfransı" başa çatdı. Konfransda Yaxın Şərq regionlarında tanınan, erməni xalqının məşhur generalları M.O.Şagiyan, D.T.Simon (Simonyan) da iştirak edirdilər. Onlar Bakıda erməni millətinə qarşı amansız mövqe tutan azərbaycanlılara qarşı hərbi əməliyyatlarda iştirak ediblər."

Fransada nəşr olunan “Vi” (“Həyat”) qəzeti isə 1990-cı il fevralın 2-də xəbər yaymışdı ki, 1990-cı il 20 Yanvar qırğınlarında üç erməni generalı öldürülüb. Erməni generalların ölümü uydurmadır, həmin xəbərdə fakt bu idi ki, Bakı qırğınlarında iki yüksək rütbəli erməni iştirak edib. Bakı qırğınlarında Sovet qoşun kontingentində erməni generalları “ağıllı məsləhət verməklə məşğul idilər”. Bəzi mənbələrdə qeyd olunurdu ki, Bakıda törədilən qırğınlara SSRİ müdafiə naziri D.Yazov özü başçılıq edirdi.

İstefada olsa da, Heydər Əliyev baş verənlərdən artıq xəbərdar idi. Bütün bunlara görə də Heydər Əliyev 20 Yanvar faciəsinə dərhal siyasi qiymət verdi, hüquqa, demokratiyaya, humanizmə zidd mövqe tutanları ifşa etdi, onların kobud və səhv addım atdıqlarını göstərdi.          Beynəlxalq erməni diaspor təşkilatları isə “Asala” erməni silahlı qoşun birləşməsini “Azadlıq mücahidləri” kimi qələmə verirdi. Onlar Bakıda törətdikləri qırğınları inkar etmək kampaniyası keçirməklə məşğul idilər. “Asala” istiqamətində qovluqlarda heç bir istintaq materialı yoxdur. Hansı səbəbdənsə dünya mətbuatı bütün tədqiqatı Moskvaya yönəltdi, erməni faktoru kölgədə qaldı. Ən azı, məsələlərə aydınlıq gətirmək üçün Ermənistanın Moskvadakı daimi nümayəndəliyinin binasında keçirilən məxfi iclas və yığıncaqlar haqqında rusların kəşfiyyat mərkəzlərində toplanmış qovluqlardakı məlumatları oxumaq, onlarla tanış olmaq lazım idi. Bu isə olmadı.

1990-cı il 20 Yanvar qırğınlarından bir gün sonra Bakıda yaşayan erməni qadınlarından 12 nəfərinin Azərbaycan xalqına müraciəti dərc olunmuşdu. Müraciəti imzalayan erməni qadınları Azərbaycan xalqına başsağlığı verir, bütün bu hadisələrdə erməni xalqını günahlandırırdılar. Erməni qadınları öz müraciətlərində erməni terror qurumlarını, “Böyük Ermənistan” arzusu ilə millətləri, xalqları qarşı-qarşıya qoyan diaspor təşkilatlarını lənətləyirdilər. Bu yalançı görüntü yaratmaqdan başqa, heç kəsə, heç tarixin özünə də lazım olmayan bir müraciət idi.

Məlumata görə, Bakıya “dərs vermək” üçün gələn “Asala” erməni qoşun birləşməsinin tərkibindəki “Qarabağın müdafiə ordusu”nun silahlı dəstəsi isə Naxçıvanda, Gəncədə, Lənkəranda, Şəmkirdə, Sumqayıtda qanlı əməliyyatlarda iştirak etmişdi. Məsələn, silahlı birləşməyə başçılıq edən general-mayor Vitali Balansyan daha əcayib işlərə əl atmışdı. Bu,   Şamaxıda anadan olmuş həmin Vitaliy Balansyandır ki, qardaşı qızı Qretta Balansyan (familiyasını dəyişmədən) Azərbaycan xalqına müraciət edən 12 erməni qadından biri idi.

Vitali Balansyan tank alayına başçılıq edirdi. O, silahsız insanları tankın qabağına qatıb qovmaqdan xüsusi bir həzz almışdı(?) Onunla yanaşı, Bakıya digər erməni generalları – Vahan Xaçatryan, Movses Akopyan, David Ohanyan da gələrək, tarixi cinayətlərin iştirakçısına çevrilmişdilər. İçərisində “Asala” terrorçularının da olduğu 316 tank (T-55/-72; BMP-1/-2, BTR-70/-80, BMD-lər) Azərbaycanın əsas strateji mərkəzlərini dövrəyə almışdı (Bu gün həmin tanklar Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağın yaşayış məntəqələrində yerləşdirilib).

“Asala” 1980–1990-cı illərdə sovet qoşun kontingentində, təqribən, iki min nəfərə qədər əsgər və zabiti əhatə edən 96 özək yaratmağa müvəffəq olmuşdu. Bu qurum SSRİ Dövlət Təhlükəsizliyi Komitəsində və Baş Kəşfiyyat İdarəsində, Xarici Kəşfiyyat İdarəsində, İqtisadi Kəşfiyyat İdarəsində, Sərhəd Qoşunları Komandanlığında 111 özəyini yarada bilmişdi. Onun bu terrorçu xəritəsində Azərbaycan da var idi.

Bakı qırğınları Moskvanın ən nüfuzlu hökümət və dövlət strukturlarında müzakirə mövzusu olmuşdu. “Asala”nın lideri general Levon Kazançiyan da  döyüş qrupları ilə Bakıda görünmüşdü. 1990-cı il yanvarın 22-də bu general Moskvadan, kəşfiyyat generalı Leonid Şebarşindən çox ciddi və təsirli bir teleqram alır. Əldə olunan digər bir məlumatda bildirilir ki, general V.A.Şebarşin general Levon Kazançiyanı “əbləh və vicdanını itirmiş erməni” adlandıraraq, ondan təcili Bakını tərk etməyi tələb edir.

Kəşfiyyat generalı V.A.Kirpiçenko isə Heydər Əliyevə etdiyi telefon zəngində vicdan əzabı çəkdiyini etiraf edir. V.A.Kirpiçenko 1990-cı il yanvarın 22-də Azərbaycan xalqına ünvanladığı məktubda bildirirdi: “Baş verənlərə görə bir rus zabiti kimi, həmişə əzab çəkəcəyəm. Çünki mən bu xalqı, onun ədəbiyyatını, tarixini, adət-ənənəsini çox sevirəm. Azərbaycan xalqı tarixdə yeri olan bir xalqdır.”

 MN-nin generalları A.S.Manilov, N.A.Xakimov, S.S.Aleksandrov, kəçfiyyat generalları V.V.Dmitriyev, V.A.Kirpiçenko, V.A.Şebarşin Siyasi Bürodan, şəxsən M.Qorbaçovdan tələb edirdilər ki, ölkə daxilində geniş meydan sulayan “Asala” və onun kimi erməni silahlı birləşmələrinin hər cür fəaliyyəti qadağan edilsin. Azərbaycanda baş verən qanlı cinayətə rəvac verən, arxa duran digər məsul şəxslər tapılıb, ifşa edilsin, dövlət nəzarətindən çıxmayan İstintaq Komissiyası yaradılsın.

 Baş verəcək bu qanlı hadisə haqqında Moskvada fəaliyyət göstərən Böyük Britaniyanın səfirliyi 48 saat, ABŞ səfirliyi üç gün öncə, İsrail səfirliyi dörd gün qabaq, Fransa səfirliyi yanvarın 13-də... məlumatlı idilər. Amma heç kəs bu haqda Azərbaycanı xəbərdar etmədi.  Həmin vaxt Moskvada təqib olunan, həyatı təhlükədə olan Heydər Əliyevin səsi sərhəd tanımadı, türk- müsəlman ölkəsində baş verənləri sərhəddən-sərhədə ötürdü. Ümummilli lider Heydər Əliyevin çağırışı Azərbaycanı təpədən-dırnağadək silkələdi. Kəşfiyyat mayoru S.M.Komarov yazırdı: “Heydər Əliyevin bu ittiham dolu çıxışından sonra, təbii ki, onu fiziki cəhətdən qorumaq vacib idi. Onunla vaxtilə DTK-da işləyən çekist dostları hər tərəfdən güclü nəzarət edirdilər.”

“Asala” erməni silahlı qoşun kontingenti 1990-cı il yanvarın 20-də özünün qanlı möhürünü Azərbaycan tarixinə vurdu. Araşdırma materiallarında bu da bildirilir ki, ermənilər özlərinin silahlı qruplaşmalarının bir neçə dəstəsini Cəlilabad və Biləsuvar ərazisindən də ötürmək fikrində idilər. Bu isə baş tutmadı. Ermənistanın hökümət və dövlət nümayəndələri arasında 39 nəfər “Asala”ya üzvlük haqqı verən məmur var idi. Bu haqda məlumatı Beyrutda erməni diasporunun keçirdiyi “Asala”nın 15 illiyi tədbirində, vaxtı ilə Ermənistan Dövlət Təhlükəsizlik Komitəsində çalışan mayor Eduard Saakyan vermişdi.

 Başqa bir məlumatda isə bildirilir ki, Avropa Şurasında Ermənistanı təmsil edən üç erməni deputatı “Asala”nın Bakı hücumlarında bilavasitə iştirak edib. Onlar gecə-gündüz çalışırlar ki, Avropa Şurasının sənədlərindən “Ermənistan işğalçı dövlətdir” fikrini çıxartsınlar.

Yaxşı deyiblər ki, zaman sirr saxlamır. “Asala”nın xalqımıza qarşı gizli həyata keçirdiyi qanlı cinayətlərin də üstündən vaxt keçdikcə sirr pərdəsi götürülür.

 Rövşən VƏLİZADƏ,
AMEA İnsan Hüquqları İnstitutunun
siyasi-iqtisadi münaqişələr şöbəsinin müdiri, 
politoloq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında