Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir. Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur. Bu da heç vaxt yaddan çıxarılmamalıdır.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
1988-ci ilin fevralından etibarən keçmiş SSRİ rəhbərliyinin ədalətsiz mövqeyi, millətlər arasında ayrı-seçkilik toxumu səpməsi və təcavüzkarı şirnikləndirmə siyasəti Ermənistanın, habelə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vılayəti rəhbərlərinin millətçi-şovinist təbliğatına və yerli azərbaycanlı əhaliyə qarşı Konstitusiyaya zidd hərəkətlərinə rəvac verdi. Bu, Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi-sıyasi təcavüzünün başlanğıcı idi.
Sovet İttifiqanın rəhbəri Mixail Qorbaçov Azərbaycan xalqına divan tutmaq, onun haqq səsini zorla, silah gücünə boğmaq üçün SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Komitəsinin, həmçinin, “ALFA” və SSRİ DTK-nın “A” təxribat qruplarının xüsusi hazırlıq keçmiş qoşunlarından istifadə etdi. Bu dəhşətli hərbi cinayəti həyata keçirmək üçün DTK “təxribat maşını” işə salındı. Bakıda hərbi xidmətdə olan rus zabitlərinin ailələri qabaqcadan ölkədən çıxarıldı və süni surətdə “rus qaçqınları” problemi yaradıldı. M.Qorbaçovun bilavasitə göstərişi ilə güc nazirləri Yazov, Bakatin və Kryuçkovun başçılıq etdikləri sovet ordusunun kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən qəflətən Bakıya yeridildi. Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı cinayətkar hərbi təcavüzü 1990-cı ildə Azərbaycan xalqına qarşı törətdi. Bu cinayət öz qəddarlığına görə əvvəlkilərdən tamamilə fərqlənirdi. Çünki Azərbaycana göndərilən amansız və peşəkar cəza dəstələrinin tərkibində erməni əsgər və zabitləri çoxluq təşkil edirdilər. Stavropol, Krasnodar, Rostov və digər yerlərdən səfərbərliyə alınan, hətta Azərbaycandakı sovet hərbi hissələrində xidmət edən erməni əsgər və zabitlərinin əliyalın xalqın üzərinə göndərilməsi qabaqcadan planlaşdırılmış qətliam idi. Sovet imperiyasının milli münaqişələri silah gücünə “tənzimləməkdə” “böyük təcrübə” qazanmış ordusu öz qəddarlığını Azərbaycan xalqından da “əsirgəmədi”.
20 Yanvar 1990-cı il tarixdə dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı, insanlıq əleyhinə törədilmiş dəhşətli əməl nəticəsində BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsinin, 1949-cu il Cenevrə Konvensiyasının, habelə insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.
Bu faciəyə ilk olaraq öz etirazını bildirən isə ulu öndər Heydər Əliyev oldu. Həmin dövrdə sovet imperiyasının rəhbərliyi tərəfindən ciddi nəzarət altında saxlanılan və anbaan təqib olunan Heydər Əliyev bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 21-də Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi. O, baş verənlərlə bağlı açıqlama verdi və xalqımıza qarşı törədilən cinayəti ifşa etdi. Heydər Əliyev sovet rəhbərliyinin xalqımıza qarşı etdiyi bu zorakılığı kəskin pislədi. Azadlıq və istiqlaliyyət uğrunda öz haqq səsini qaldıran dinc, əliyalın insanlara qarşı həyata keçirilmiş hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi ittiham etdi. Ulu öndər Bakıda törədilən qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırdı və aksiyanı törədənlərin məsuliyyətə cəlb olunmasını qətiyyətlə tələb etdi: “Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan Daimi Nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.
Kommunist ideologiyasının hökmranlıq etdiyi bir dövrdə, imperiyanın hələ də hökmünü yeritdirdiyi vaxtda ölkəni və onun başçısını mərkəzdə bu şəkildə kəskin tənqid etmək, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Müdrik şəxsiyyət öz bəyanatında açıq şəkildə o zamankı SSRİ rəhbərinin birbaşa göstərişi ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söyləmiş, ağır günlərdə xalqının yanında olduğunu bir daha sübut etmişdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı Azərbaycan xalqına göndərdiyi başsağlığında deyilirdi: “Bakı şəhərinə sovet ordu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, dinc əhalinin qırılmasından böyük ürəkağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm”.
Heydər Əliyev 20 Yanvar faciəsini qəsbkarlıq və cinayətkar hərəkət adlandırdı, bütün İttifaq rəhbərlərini mətbuat konfransında iştirak edənlərin gözü qarşısında ittiham etdi və qətliama kəskin etirazını bildirdi. Ulu öndərin siyasi iradəsi sayəsində 20 Yanvar hadisələri ilə bağlı informasiya blokadası darmadağın edildi və dünya ictimaiyyəti Sovet İttifaqının növbəti qəddarlığından, dinc əhaliyə amansızcasına divan tutmasından, qadağan olunmuş silahlardan atəş açmasından xəbərdar oldu.
Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, kommunist partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: “Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə, bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil.” Beləliklə, 1991-ci ilin iyulunda Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etdi.
Təəssüf ki, Azərbaycan dövlət müstəqiliyini əldə etdikdən sonrakı ilk illərdə başı hakimiyyət uğrunda mübarizəyə qarışmış respublika rəhbərləri 20 Yanvar qırğınına siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində heç bir iş aparmadılar. İlk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Ümummilli liderimizin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul olundu. 1992-ci il yanvarın 13-də “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olundu.
1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilə qədər faktiki olaraq heç bir tədbir görülməmişdi. 1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoymuş və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirməmişdi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının işi başa çatdırılmamış qalmışdı.
1991-ci il martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edib: “...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür.”
Xalqın təkidli xahişlərindən sonra müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsini təmin etdi. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasındakı müzakirələrdən sonra Azərbaycana qoşun yeridilməsi xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Həmin il mart ayının 29-da isə Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Beləliklə, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsi milli dövlətçiliyimizin bərpası istiqamətində də mühüm rol oynadı.
1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Prezident Heydər Əliyev 20 Yanvar faciəsinə münasibət bildirərkən respublika rəhbərliyinin bu dəhşətli hadisə barədə xalqa müfəssəl məlumat verməməsini qətiyyətlə pisləmişdir: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
Heydər Əliyev şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdən kənar qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər xiyabanını ziyarət edən ulu öndər, şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara başsağlığı verir, problemləri ilə yaxından maraqlanırdı.
Ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir. Dövlətimizin başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 19 yanvar 2006-cı il tarixli fərmanı bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edib. Məhz dövlətimizin başçısının təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb, Bakının “20 Yanvar” dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.
...Son illərdə ölkədə əlil və şəhid ailələrinin mənzil təminatını yaxşılaşdırmaq üçün dövlət hesabına fərdi və yaşayış evləri inşa olunur. Müvafiq olaraq 20 Yanvar şəhidlərinin ailələri, əlilləri də belə mənzillərlə təmin olunur. Konkret rəqəmlə desək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 40 nəfər şəhid ailəsi və 20 Yanvar əlili mənzillə, 47 nəfər əlil isə “Oka” markalı maşınla təmin edilib. Əlillərin sağlamlığının bərpası da diqqət mərkəzindədir. Onların reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Bu gün xalqımız 20 Yanvar hadisələrinin 25-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq...
Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir...
Havva MƏMMƏDOVA,
tarix elmləri doktoru,
professor
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.