1990-cı il 20 yanvar. Salyan kazarmasının yanı qələbəlik idi. Ötən gecə baş vermiş gülləbaranın və sovet tanklarının “qəhrəmanlığının” nəticəsini hamı hiddət və qəzəblə izləyirdi.
Günahsız insanların ətrafa səpələnmiş cəsədləri tükürpədici mənzərə yaratmışdı. Fotoaparatın obyektivi əzilmiş, şüşələri çilik-çilik olmuş KAMAZ-ın yanında qardaşının meyidini qucaqlayıb sükutu pozan oğlana tuşlanmışdı. Fotomüxbir sovet zabitinin ona tuşlanmış avtomatından xəbərsiz idi. Fotojurnalisti müşayiət edən dostu “bu da son” – deyə gözlərini yumdu.
Tanınmış fotojurnalist, Əməkdar mədəniyyət xadimi Fərid Xayrulin hansı təhlükəli vəziyyətdə çalışdığını və ölümün cəngindən Tanrının lütfü ilə necə xilas olduğunu sonradan biləcəkdi... Bilinən həm də həmin günlər həmsöhbətimin çəkdiyi fotolar sayəsində dünyaya çatdırılan 20 Yanvar həqiqətləri olacaqdı...
Jurnalistlər, eləcə də fotomüxbirlər bugünümüzü sabah üçün yaşadan peşə sahibləridir. Zaman göstərdi ki, onların fədakarlığı və peşə borcunu layiqincə yerinə yetirməsi yaxın keçmişimizin tarixiləşməsi və gələcək nəslə çatdırılmasında mühüm rol oynayır. Tanınmış fotojurnalist Fərid Xayrulinin imzasını tanısam da, onunla ilk söhbət daha xoş oldu. Yaxın keçmişimizdə baş vermiş qanlı-qadalı illərin vacib məqamlarını işıqlandıran fotojurnalistin fəaliyyətində 20 Yanvar qətliamı, Qarabağ münaqişəsi, erməni terroru kimi mövzular mühüm yer tutub.
Aradan 25 il keçsə də, hər bir şəklin tarixçəsini, necə çəkildiyini ətraflı izah edir. Danışdıqca hiss edirəm ki, o anları təkrar yaşayır. Sanki, dünən olub bu hadisələr...
Fərid Həbibulla oğlu Xayrulin Bakıda, tatar ailəsində dünyaya göz açıb. Məktəbi bitirdikdən sonra 1965-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun energetika fakültəsinə daxil olub. 1969-cu ildə Ulyanov-Lenin adına Kazan Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olsa da, sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində jurnalistika üzrə təhsilini davam etdirib. 1984-cü ildən “Azərinform” agentliyinin, o vaxt üçün SİTA-nın Azərbaycan bölməsi üzrə fotojurnalisti çalışıb.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qırğın xalqımızı yasa qərq etdi. Dövlət Teleradio Komitəsinin enerji blokunun məqsədli şəkildə partladılması Azərbaycanı informasiya blokadası şəraitində saxlayırdı.
“ O günlər çox ağır idi. İnformasiya blokadasında idik. Baş verən hadisə ilə bağlı beynəlxalq aləmə xəbər vermək çətin idi. Salyan kazarmasının yanında çəkilişlər aparmışam. Orada insanlar tankların qarşısını almaq və qorunmaq üçün barrikadalar qursalar da, tanklar hamısını insanlarla birgə əzib keçmişdi. Maşınlar tanınmaz halda idi. Ətrafda insan qalıqları var idi. Meyitləri yığmışdılar bir tərəfə. Həmin gecə yaralılara kömək etmək istəyən təcili yardım maşınları belə gülləbaran edilmişdi. Ətrafdakı yaşayış evləri pulemyot atəşinə tutulmuş, divarlar deşik-deşik olmuşdu...” – deyə Fərid müəllim söhbətə başlayır.
SSRİ-nin son illərində o, SİTA-nın Azərbaycan bölməsinin, Azərinformun müxbiri kimi Azadlıq meydanında mitinqləri, baş verən hadisələri işıqlandırırdı. Yanvarın 20-nə keçən gecə və ondan sonrakı gün həmsöhbətimin yaddaşından, deyəsən, ömür boyu çıxmayacaq. Onun sözlərinə görə, həmin günlər çəkilən hər bir fotoşəkil və yazılan hər bir yazı tarixdir. “ Hər tərəfdə atışma səsləri eşidilirdi. Filmlərdə görmüşük ki, atəş səsi eşidəndə yerə uzanır, gizlənirlər. Mən isə irəliləyirdim, iki dostum məni müşayiət edirdi. Şəhər qarışıq idi. Harada jurnalist görürdülərsə, fotoaparatını əlindən alır, çəkilişə icazə vermirdilər. Çəkilişi bitirib redaksiyaya yollandım. Digər həmkarlarım da stressdə idi. Plyonkaları yuyub mərkəzi redaksiyaya – Moskvaya göndərdik. Lakin şəkillər, materiallar qəbul edilmədi.
Dedilər ki, bu, guya, falsifikasiyadır. Real həqiqətləri əks etdirən fotolar onların xeyrinə deyildi...”
İnformasiya blokadasının davam etdiyi çətin günlərdə digər jurnalistlər kimi, Fərid müəllim də 20 Yanvar qırğını barədə beynəlxalq ictimaiyyətə məlumat ötürmək üçün xarici informasiya agentlikləri ilə əlaqə qurmağa çalışıb. O illərdə kommunikasiyanın indiki kimi olmadığını vurğulayan həmsöhbətim bildirdi ki, çəkilən şəkillər fotoplyonkalarda təyyarə vasitəsilə xarici jurnalistlərə ötürülürdü. “ Hava limanının müdiriyyətinə deyirdik ki, bu fotolar təcili göndərilməlidir. 20 Yanvar hadisələri ilə bağlı informasiya blokadasındayıq. Heç olmasa, bunları xarici informasiya agentliklərinə çatdırmalıyıq. Tanışlar, dostlar fotoların xarici jurnalistlərə göndərilməsi üçün bizə şərait yaradırdılar. Beləcə, çətinliklərlə də olsa, 20 Yanvar qırğınını əks etdirən fotolar nüfuzlu agentliklər olan AP, “France-Presse”, “Gamma”, “Sipa”, “Reuters” vasitəsilə dünyaya yayıldı. Ancaq orada müəlliflərin, o cümlədən mənim adım getməsə də, təsəllimiz o idi ki, qanlı hadisə barədə dünyaya xəbər çatdırmışıq” – deyə çəkdiyi fotoları monitorda bizə göstərir.
Çoxlarına tanış bir foto diqqətimi çəkir – Azadlıq meydanında 22 yanvar günü şəhidləri çiynində son mənzilə yola salan insan izdihamı. O deyir ki, məhz bu şəkil müəllifin adı bildirilməsə də, bir çox xarici agentliklərdə və nəşrlərdə yayımlanıb. İnsan izdihamını daha təsirli rakursdan çəkmək üçün o, “Azərbaycan” mehmanxanasının rəhbərliyindən icazə alıb: “ Müxtəlif nöqtələrdən çəkilişlər aparırdıq. Mehmanxanaya girib yeddinci mərtəbəyə qalxdım. Orada yaşlı bir qadın oturmuşdu. Çəkiliş üçün müdiriyyətdən icazə aldığımı dedim. Lakin qadın məni eyvana buraxmadı. Dedi ki, mənə tapşırılıb, heç kimi pəncərəyə yaxın buraxmayım. Mübahisəmiz oldu. Çətinliklə də olsa, qadın qapını açdı. Şəkilləri çəkəndən sonra isə otaq bağlı idi deyə çıxa bilmirdim. Amma çəkdiyim şəkilləri çatdırmaq lazım idi. Məcbur olub, qapını qırdım...”
SİTA-nın Azərbaycan üzrə müxbiri kimi Fərid Xayrulin ekstremal şəraitdə çalışdığından təhlükəli situasiyalarla az rastlaşmayıb. 20 Yanvar hadisələrində, Qarabağda ezamiyyətlərdə olarkən bu cür hallar çox olub. Ancaq 20 Yanvar hadisələrini işıqlandırarkən qarşılaşdığı bir hadisəni, illər keçsə də, unuda bilmir: “ Salyan kazarmasında axırıncı kadrı – bir oğlanın qardaşının meyiti üzərində ağlamasını çəkəndə məni qoruyan dostlarımdan biri çox həyəcanlanmışdı. Fikrim isə şəkilləri operativ və keyfiyyətlə çəkmək idi. Sonra dostum mənə dedi ki, son kadrı çəkəndə bir rus zabiti avtomatını bizə tuşlayıbmış. Dostum fikirləşib ki, artıq işimiz bitdi. Gözlərini yumub. Bir neçə saniyədən sonra gözlərini açanda görüb ki, avtomat aşağı enib. Sonradan bildim ki, jurnalist həmkarım həmin zabitin hərəkətini görüb deyibmiş: “Neyləyirsiniz? O, Moskvadan gəlib. SİTA-nin müxbiridir.”
Həmkrımız Qarabağda erməni separatçılarının törətdikləri terror hadisələri, Ağa körpüsünün, Şuşa yolunda avtobusun partladılması, başqa faciəvi hadisələri də çəkib. Fərid Xayrulinin yaradıcılığında həmçinin ulu öndər Heydər Əliyevlə bağlı xoş xatirələr də mühüm yer tutur. 1990-cı ildə Heydər Əliyevin Moskvadan qayıdarkən, eləcə də Naxçıvandan Bakıya gələrkən onu Bakı hava limanında qarşılayanlar arasında olması buna nümunədir. Onun Azərbaycan dövlətçiliyinə və xalqına bağlılığı, doğulub-boya-başa çatdığı yurda sadiqliyi və dövlət qarşısında xidmətləri hər zaman yüksək qiymətləndirilib.
“Jurnalistlər, eləcə də fotojurnalistlər tarixi sənədləşdirir, gələcəyə çatdırmaqda mühüm iş görür,”– deyir həmsöhbətim. Ən qanlı-qadalı günlərdə, qaynar nöqtələrdə peşə borcunu layiqincə yerinə yetirsə də, gənc qələm sahiblərinə və fotojurnalistlərə bu ağrını yaşamağı arzulamır. Çünki onun vurduğu yaralar bir ömür boyu insanın içində yaşayır. 20 Yanvar qırğınının birinci ildönümündə gördüyü mənzərə kimi: “Şəhidlər xiyabanında bir qadın körpəsi ilə yoldaşının məzarını ziyarətə gəlmişdi. Üzünü səssizcə başdaşına söykəmişdi. Nə dinir, nə də səsi gəlirdi. O mənzərəni hələ də unuda bilmirəm. Qadın içəridən ağlayırdı. Səssiz.”
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.