Akademik Adilə Namazova: Qorbaçov suallarımızı cavabsız qoyurdu

O müdhiş gecəni yaşayanlar, cinayətə şahidlik edənlər, bir gecədə neçə il qocalanlar... Biz onları gördük, onlarla çiyin-çiyinə addımladıq, onlarla yaşadıq, yaşlandıq. 25 il az müddət deyil. Amma həmin faciə şahidlərinin bəziləri dünyalarını dəyişsələr də, o məşum günləri xatırlayanlar, saatına, dəqiqəsinə qədər unutmayanlardan əksəriyyəti hələ də aramızda, sıramızdadı.

Həmsöhbətim 20 Yanvar hadisələri zamanı həlledici söz demək səlahiyyəti olan bir xanımdır. AMEA-nın həqiqi üzvü, Rusiya EA-nın müxbir üzvü, Azərbaycan Pediatrlar Assosiasiyasının prezidenti, tibb elmləri doktoru, professor Adilə Namazovadan xəyalən həmin günlərə qayıtmağı, olub keçənlərə nəzər salmağı xahiş etdim... Çöhrəsinə kədər çökdü:"Elə bildim, həkimlik peşəmlə bağlı söhbət edəcəyik"—dedi. O qanlı-qadalı günləri ürək ağrısı ilə dinlədim.

...Yanvar ayında biz, SSRİ Ali Sovetinin deputatı kimi Moskvada sessiyada idik. Xalq deputatı sayılırdıq. Mən o zaman SSRİ Ali Sovetinin üzvü, Millətlər Sovetinin üzvü, Azərbaycan və Orta Asiya Respublikaları Qadın Komitəsinin sədri idim. Ona görə də sessiyaların əksəriyyətində iştirak edirdim. Mənimlə birlikdə Arif Məlikov, rəhmətlik Tofiq İsmayılov, Vəli Məmmədov və başqa fəal deputat yoldaşlarımız da iştirak edirdilər. Ona görə də bütöv sessiya müddətində Moskvada qalır, tətillərdə Bakıya gəlirdik. Narahat dövr idi, vəziyyət gərginləşirdi. Qarabağ məsələsi qalxmışdı. Hər gün Azərbaycandan müxtəlif qanqaraldan xəbərlər alırdıq. Sessiyanın bütün iclaslarında iştirak edir, hər kəs öz sahəsinə aid çıxış edir, mövcud vəziyyətlə bağlı fəal müzakirələr aparırdıq. Bizdən başqa müxtəlif peşə sahibləri—sağıcı, fəhlə, pambıqçı deputatlar da var idi. Ancaq onların çıxış etmək, məsələyə münasibət, fikir bildirmək, suallara cavab vermək kimi imkanları məhdud idi.

20 Yanvar hadisələrinin olacağını iki gün öncədən təxmini bilirdim. Nə baş verəcəyini yox, nə isə bir qeyri-adi hadisə olacağını duymuşdum. Çünki yanvarın 18-də axşam rəhmətlik yoldaşım məni televiziyaya baxmağa çağırdı ki, gəl, gör, bu nə qarışıqlıqdı? Mərkəzi televiziya ilə təqdim edilən kadrlarda Şimali Qafqazın yaşlı, cavan qadınlarının az qala üsyan edəcək tərzdə etirazlarını verirdilər. Biri deyirdi, oğlumu qoymaram getsin, biri deyirdi, nəvəmi buraxmaram, digəri də həyat yoldaşını qoymayacağından danışır, etiraz edirdilər. Biz verilişi izlədik, gördük ki, danışanlar ehtiyat üçün nəzərdə tutulan əsgərlərin ana-bacılarıdır. Bildirirdilər ki, onların yaxınlarını qaynar nöqtələrə, çaxnaşma olan zonalara aparırlar. Yanvarın 19-da öyrəndik ki, dəstə Cənubi Qafqaza yollanır. Və o da aydın idi ki, söhbət Azərbaycandan gedir. Çünki həmin vaxt E.A.Şeverdnadze SSRİ xarici işlər naziri idi və Tbilisidə məxməri inqilab baş vermişdi. Deputatlar Ali Sovetin sessiyasında sədrdən bu məsələyə cavab istəyirdilər ki, Gürcüstanda nə baş verib? Deputatların təkidli tələbi ilə həmin məxməri inqilabı əks etdirən keyfiyyətsiz video-kaset gətirdilər ki, baxaq. Yəqin ki, Qorbaçovun tapşırığı ilə o görüntülər elə hala salınmışdı ki, kadrlarda atışma səsləri, ah-uf eşidilir, amma görüntü dumanlı idi. Deputatlara məlumat verdilər ki, elə bir şey olmayıb, narahat olmağa dəyməz. Sonra Litvada olan hadisədən xəbər tutduq. Yenə dedilər ki, ciddi bir şey yoxdur, sadəcə qarışıqlıqdı. Cənubi Qafqazla bağlı məsələ ortaya çıxanda artıq bildik ki, indi növbə Azərbaycanındı. Elə həmin gün, Bakıya son təyyarə ilə zorla bilet tapıb gələ bildim, o da deputat olmağımın hesabına. İnanın, aeroportdakı deputat otağını tanımadım. Bir hala salmışdılar, bir qarışıqlıq vardı ki... Həmişə qayda-qanun vardı, xüsusi qəbul vardı. İndi məni deputat olaraq nə əvvəlki kimi qəbul etdilər, nə də yola saldılar. Bakıya axşam çatdım, elə bil, tanımadığım şəhərə düşmüşdüm...

Artıq gecə şəhərə hücum olmuş, qırğın törədilmişdi. Ayın 20-də səhər açılanda Ali Sovetə getmək istədiyimi bildirdim. Dedilər ki, yollar bağlı, hər yan əli silahlı əsgərlərlə doludur, ora buraxmazlar, öldürərlər. Təkid etdim ki, mənim vəsiqəmlə hər yerə giriş var, mənə dəyməzlər. Yollarda ağaclar qırılıb tökülmüş, maşınlar əzilmiş, meyitlər, qan gölməçələri, tanklar, BTR-lər... Bir neçə yerdən sənədlərimə görə keçə bildim. Sonra mümkün olmadı. Moskvada dissertantım var idi – Surxay Musayev,  həm də tibb institutu yerli partiya komitəsinin katibi idi. Moskvaya, ona zəng vurdum ki, bu nə məsələdi, respublikamız haqqında nə deyirlər?  Dedi ki, radio ilə tez-tez bildirirlər ki, Azərbaycanda fəlakət baş verib.

Arif Məlikovla zəngləşib görüşdük, BTR-ə minib Salyan kazarmasına getdik. Kazarmanın həyətini tanımadıq. Bütün həyət boyu palatkalar qurulmuşdu, rus əsgərləri döşək, adyal daşıyır, özlərinə qalmağa yer düzəldirdilər. Bir nəfər bizə yaxınlaşdı ki, general Zubkovam, sizi içəri apararam. Amma sonra ətraf binalardakı damların üstündəki snayperləri göstərdi. Dedi ki, ehtiyatlı olun, onlar sizə atəş aça bilərlər. Mən risklə ona “sən işarə verməsən, kimsə bizə atəş açmaz”, – dedim. Zubkov özünü elə aparırdı ki, guya damın üstündə pusquya dayananlar azərbaycanlılardı, amma biz dəqiq bilirdik ki, onlar rus hərbi birləşmələrinin tərkibində ölkəmizə daxil olan əsgərlərdi. Gecə xüsusi təyinatlılar öz işlərini görəndən, milləti qırandan sonra geri qayıtmış, əvəzlərinə  bu gənc əsgərlər zabitləri ilə birgə Bakıya göndərilmişdilər. Kimi dindirdik, “generalam” dedi. Hələ Bakıya bu sayda general heç vaxt yığışmamışdı. Biz Salyan kazarmasında qalan azərbaycanlı əsgər və zabitlərin harada olmaları ilə maraqlandıq. Dedilər ki, çevriliş etmək istəyənlər hücum edərlər deyə, onların həyatlarını qorumaq məqsədilə bir yerə yığmışıq. Biz həmin əsgər və zabitlərlə görüşdük. Məlum oldu ki, hadisədən 2-3 gün əvvəl onların bütün tabel silahları yığılıb. Hadisə günü isə onları zirzəmiyə doldurublar. Biz onları yerlərinə qaytarmağı xahiş etdik. Zubkov dedi ki, ixtiyarım yoxdu. Dedim, bəs sənin uşaqları, evlərin bloklarındakı cavanları, balkona çıxanları qırmağa ixtiyarın çatırdımı? Onlar da üsyan edirdilər? Cavabında “biz hücum edəcəyimizi bildirmişdik, onlara xəbərdarlıq edilmişdi”,— dedi. Uzun-uzadı xahiş-minnətdən sonra əsgər və zabitləri zirzəmidən çıxarıb yerlərinə qaytarmağa nail olduq.

Televiziyaya getdik, işləmirdi. Arif Məlikov dedi ki, televiziyanı söküblər. Ali Sovetin sədri ilə görüşdük. E.Qafarova növbədənkənar sessiya çağırdı. Vəziyyət müzakirə edildi. Biz məlumat aldıq ki, Şüvəlan təcridxanası cənub zonasından gətirilən iğtişaşçılarla doludu. Deputatlar Arif Məlikov və Sara Vəzirova ilə birgə getdik ora. Dəhşətli mənzərə ilə qarşılaşdıq. Üst-başı qan içində olan yaşlı, cavan, nə qədər adam vardı... hər 20 kvadratmetrlik kameraya 30-40 adam salmışdılar. Antisanitariya vəziyyətində, yaralı, xəstə, sağlam, hamı bir-birinə qarışmışdı. Təcridxana qapıçısından tutmuş, aşpaza qədər hamısı rus idi. Azərbaycanlıların birini də yaxın buraxmırdılar. Hətta Bakı şəhəri üzrə həbsxana rəisi Əzim Piriyevi də vəzifəsindən uzaqlaşdırmışdılar. Neftçaladan yaşlı bir müəllim gördüm. Sağ qolu yox idi. Ayağı da şikəst. Bakatinə, Yazova sual etdim ki, bəs bu yaşlı insan hansı əli ilə sizə atəş açıb, müqavimət göstərib, bunu niyə gətirmisiniz? Cavab vermədilər. Səhiyyə naziri Tələt Qasımovun yanına gəlib xahiş etdik ki, o təcridxanadakıları yaxın xəstəxanalara köçürüb müalicə etdirək, sonra da ev-eşiklərinə yola salaq. Çünki onların heç biri məhkəmə qərarı ilə həbs edilməmişdi. Qeydiyyata alınmamışdılar. Ertəsi gün —yanvarın 21-də nazir Tələt Qasımov bir yeşik siqaret də götürüb bizimlə Şüvəlana getdi. İzolə edilmiş insanları Buzovna, Mərdəkan, Şüvəlan xəstəxanalarına yerləşdirdik. Onları müalicədən sonra evlərinə yola saldıq. Neftçaladan bir cavan oğlan vardı. Müalicədən sonra evinə gedəndə görüb ki, bunu ölmüş bilib üçünü, yeddisini veriblər. Onun anasının sevincini görəydiniz... 

Mən çox narahat idim. Moskvaya, Ali Sovetə zəng edib Qadınlar komitəsinin sədri Valentina İvanovna Matviyenko ilə danışdım, vəziyyəti izah etdim. Onu bu cinayəti görmək üçün Bakıya dəvət etdim. O, beş nəfər professorla gəldi. İkisi tibb işçisi idi. Öncə uşaq nevroloji xəstəxanasındakı güllə yerlərini göstərdim ki, deyirlər, Azərbaycanda dövlət çevrilişi etmək istəyənlərə qarşı tədbir görülüb. Bu uşaqlar dövlət çevrilişi edə bilərdilər? Sonra harada çox atəş açılmış, çox güllə yerləri vardısa, bir-bir gəzdirdim. Şəhidlərin dəfn olunduqları yerə apardım. Onların güllələndikləri yerlərə səpilən qərənfillər onu çox təsirləndirmişdi, narazılığını bildirir, millətimizə qarşı törədilən bu hadisəni vəhşilik adlandırırdı. E. Qafarova Moskvadan gələnlər də daxil olmaqla, kiçik qrupla yenə görüş təşkil etdi. Bakının komendantı Dubinyakı da dəvət etmişdi. Orada aydın oldu ki, komendantın adamları BTR-lərin nömrələrinə axşamlar palçıq yaxır və kəndləri soymaqla məşğul olurlar. Bakı kəndlərindən şəhərə, dərman almağa gələn insanları qayıdanda, yolda ləngiyib komendant saatına – 22.00-a çatmayanda tutur, ciblərində olan-olmazları alıb buraxırlar. E.Qafarova onu bu işlə bağlı taqsırlandırdı. Matviyenko bu hadisəyə çox əsəbiləşdi və Dubinyakı poqonlarını açdıracağı ilə hədələdi. İnanın ki, Bakıda gördüklərindən sarsılan Matviyenko Moskvaya ağlaya-ağlaya qayıtdı.

Fevral ayında Moskvada keçirilən sessiyada Azərbaycandan olan qadın deputatlarımız qara örpəkdə, kişilər qara kostyumda bir cərgədə oturmuşduq. Qorbaçov gözünü bizdən çəkmirdi. İclasdan sonra ona dedim ki, bizi qəbul etsin. Mən, Anar və Midhət Abbasov onunla görüşdük. Özümlə bir torba teleqram aparmışdım. Dedim ki, “azərbaycanlıların başına bu nə oyundu gətirmisiniz? Onları niyə qırdırmısınız? Deyirsiniz ki, azərbaycanlılar rusların əleyhinə çıxıb, ayağa qalxıblar. Biz sizin deputatlarıq. Elə bir məlumat almışdınızsa, bizi çağıraydınız, danışdıraydınız, məsləhətləşəydiniz. Axı dedikləriniz həqiqət deyil. Siz rusları da qırdırmısınız. Bessantinin nəvəsi Vera Lvovna gecə su içməyə qalxanda mətbəxdə güllələnib. Larisa Mamedova dərsdən qayıdanda. O qızın anası rusdur, oxuduğu məktəbin dərs hissə müdiri rusdur, baxın, bu teleqramlarda Azərbaycan haqqında nələr deyirlər? Məlumat toplayırdınızsa, onlardan toplayaydınız. Martın əvvəlində şəhidlərin 40 mərasimidi. Adətimizə görə 40 mərasimi ölən günə bərabər tutulur və qeyd edilir. O vaxta qədər göstəriş verin, rus əsgərləri Bakıdan çıxsın. Yoxsa, əzizləri həlak olanlar onlara hücum edəcək, yeni çaxnaşma düşəcək. Mərkəzi televiziya vasitəsi ilə Azərbaycan xalqına başsağlığı verin. Yoxsa onlar sakitləşməyəcəklər”.

Midhət müəllim də, Anar da vəziyyətlə bağlı etirazlarını faktlarla bildirdilər. Biz mehmanxanaya gəldik. Orada Sibirdən bir fəhlə vardı, çox fəal deputat idi. Mənə yaxınlaşıb dedi ki, siz gedəndən sonra Qorbaçov televiziya işçilərini çağırdı və çıxış etdi. Çünki biz çox təkid etmiş, onu bu addıma məcbur etmişdik.

Sizə deyim ki, M. Qorbaçov, ümumiyyətlə, boşboğaz adam idi. Danışığında məntiq olmurdu. Saatlarla danışır, sonda əsassız olduğunu başa düşürdü. O, dayaz düşüncəli adam idi. İclaslararası bütün fasilələrdə mən ona yaxınlaşıb “siz niyə bizim suallara cavab vermirsiniz ki, bu hadisəni niyə törətdiniz?”-deyə təkid edirdim. Cavab vermirdi, qıpqırmızı qızarırdı, amma susurdu. Əslində onun buna cavab verməyə tutarlı faktı da yox idi...

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında