Xalqımızın istiqlal mücadiləsinin dönüş nöqtəsi

20 Yanvar faciəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyəti bilməlidir

Azərbaycan tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvardan 25 il ötür. Ölkəmizin ən yeni  tarixində istiqlal mücadiləsinin dönüş nöqtəsi olan bu günün, bütövlükdə bu hadisələrin mahiyyət etibarilə dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Müstəqil Azərbaycan dövlətinin başçısı İlham Əliyevin rəhbərliyi ilə 20 Yanvar həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması sahəsində ardıcıl iş aparılır. 

20 Yanvar Azərbaycanın XX əsrdə ikinci dəfə milli müstəqilliyinə aparan çətin və şərəfli yolun başlanğıcını qoydu. Bu faciə xalqımızın tarixində ağır, kədərli bir səhifə olsa da, eyni zamanda, millətin azad yaşamaq haqqı olduğunu bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar qırğını xalqımızın çoxəsrlik istiqlal arzusunu, əzmini qıra bilmədi, əksinə, Azərbaycan haqqı uğrunda azman bir imperiyanın qəddar, məkrli siyasətinə qarşı daha böyük  qətiyyətlə mücadilə apardı.

Bəli, 1980-ci illərin sonlarında ərazi bütövlüyünə qarşı ağır təhlükə yarandığını hiss edən xalqımız böyük istiqlal mücadiləsinə başladı. Kreml Azərbaycanın qədim və əzəli torpaqları olan Dağlıq Qarabağı zəbt etmək istəyən erməni   separatçılarını cəzalandırmaq əvəzinə, onları əl altından silahlandırır, vilayətin ərazisində, eləcə də sərhəd bölgələrimizdə yaşayan dinc, silahsiz azərbaycanlı ailələrinə qarşı zorakılıqlar törətmələrinə şərait yaradırdı.

Bu tarixi ədalətsizlik Azərbaycanda haqlı olaraq kəskin etirazlar yaradır, mərkəzin məkrli, ikiüzlü siyasətinə qarşı qəzəb doğururdu. Sovet imperiyası bu dəfə də öz yırtıcı xislətinə sadiq qalaraq, xalqın azadlıq mücadiləsini boğmaq üçün ən qəddar üsullara əl atdı. Yanvarın 19-dan 20-nə keçən gecə - Azərbaycanda fövqəladə vəziyyətin elan edilməsinə 7 saat qalmış sovet ordusu birləşmələri respublikamızın paytaxtı Bakı şəhərinə yeridildi. Günahsız insanlar amansızlıqla qətlə yetirildi, şikəst edildi.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev yazır ki, Bakıdakı qanlı olaylar dünyanın gözü qarşısında baş verdi. M.Qorbaçovun rəhbərlik etdiyi Sovetlər Birliyi 20 Yanvarda  insan hüquqlarına dair beynəlxalq sənədləri, “İnsan hüquqlarının Ümumi Bəyannaməsi”, “Vətəndaş və siyasi hüquqlar haqqında”,  “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” beynəlxalq paktları, habelə keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını kobudasına pozdu. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, erməni kursantlar da daxil edilmişdi.

SSRİ DTK-nın “Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək  – yanvarın 20-də gecə saat 1-dək artıq xeyli insan öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatmışdı. Halbuki Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yaranmışdı. Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli liderimiz Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verdi.

Ulu öndərin qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə sarsıdıcı zərbə oldu. Heydər Əliyev çıxışında kommunist rejiminin gerçək simasını açdı, xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirdi, anneksiya siyasətinə qəti etirazını ifadə etdi. Böyük öndər üzləşdiyi təzyiqlərə məhəl qoymadan, öz cəsarəti, yenilməzliyi ilə Azərbaycana sədaqətini bir daha biruzə verdi.

 Akademik Ramiz Mehdiyev daha sonra vurğulayır ki, psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar 1990-cı il yanvarın 21-də onun Moskva nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı eşitdilər. Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham edirdi.

Həmin dövrdə aparıcı Qərb dövlətləri həqiqəti müəyyənləşdirməyə, problemin mahiyyətinə varmağa cəhd də göstərmədilər. Əslinə qalsa, bu, onlara heç lazım da deyildi. Əksinə, onlar M. Qorbaçovun bütün dağıdıcı əməllərini hər vəchlə dəstəkləyirdilər. Hesab edilirdi -bir halda ki, o, hətta dolayısı ilə olsa da, erməni separatizmini dəstəkləyir, - deməli, həqiqət ermənilərin tərəfindədir. Daha sonra, Qərbdə yaxşı bilirdilər ki, bu cür millətlərarası münaqişələr SSRİ-ni daxildən zəiflədir, dağıdır. Bu da soyuq müharibədə SSRİ-nin əleyhdarlarının mənafelərinə və strateji məqsədlərinə tamamilə uyğun idi. Ayrılıqda Azərbaycan isə o dövrdə onların geosiyasi maraqları dairəsinə daxil deyildi.

Bakıya qoşun yeridilməsindən sonra Azərbaycanda hakimiyyətə gətirilmiş Ayaz Mütəllibov rejimi Kremldəki havadarlarının əmr və göstərişlərinə müticəsinə əməl edərək antimilli siyasət həyata keçirir, 20 Yanvar hadisələrinin mahiyyətini Azərbaycan və dünya ictimaiyyətindən gizlətməyə çalışırdı. Təəssüf ki, o tarixi dönəmin antiimperiya əhval-ruhiyyəsi və xalqın istiqlal arzuları dalğasında hakimiyyətə gəlmiş AXC-Musavat cütlüyünün “başbilənləri” də 20 Yanvar hadisələrinin əsl məğzini xalqa və dünyaya açıb göstərməkdə maraqlı deyildilər. Onlar hadisələrin gedişatında və sonrakı dövrdə buraxdıqları ciddi səhvləri etiraf etmək belə istəmədilər.

Yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə yenidən gəlişindən sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildi. 1994-cü ildə bu məsələ ilə bağlı keçirilmiş müşavirədə amansız faciəni törədənlərin və onlara rəhbərlik edənlərin cinayətkar əməlləri ifşa edildi. Yeri gəlmişkən, məhz bu dönəmdən başlayaraq 20 Yanvar hadisələri ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə geniş şəkildə çatdırılmasına başlanıldı.

Ulu öndər çoxsaylı xarici səfərləri zamanı, demək olar ki, bütün görüşlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, bu münaqişə zəminində baş vermiş qanlı cinayətlər - 20 Yanvar faiəsi, Xocalı soyqırımı və s. barədə geniş  məlumat verir, ölkəmizin ərazi bütövlüyünün bərpa edilərək haqq işinin dəstəklənməsinə nail olmağa çalışırdı.

Böyük qürur doğuran haldır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də bu gün Dağlıq Qarabağ probleminin həlli məqsədi ilə ümummilli liderin başladığı işləri yeni dövrün reallıqlarını nəzərə alaraq, böyük uğurla davam etdirir. Qlobal mediada tez-tez belə fikirlərə rast gəlinir: Azərbaycanın gənc, xarizmatik dövlət başçısı artıq dünyanı Dağlıq Qarabağ məsələsinin ədalətli həllinin Qafqaz bölgəsi və bütövlükdə dünya  üçün nə qədər vacib olduğuna inandıra bilib. 

Müasir beynəlxalq münasibətlərdə “xalq diplomatiyası”nın nə qədər böyük təsir imkanlarına malik olduğu yaxşı bəllidir. Bu istiqamətdə də uğurlarımız artır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun  və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bu sahədəki uğurlu fəaliyyəti bütün dünyada dərin rəğbət doğurur. Mehriban xanım  dünyanın ən nüfuzlu dövlətlərində, mötəbər tədbirlərdə xalqımızın tükənməz sərvəti olan folklorumuz, muğam sənətimiz və sair barədə böyük sevgi və təəssübkeşlik hissi ilə danışır. Azərbaycanın birinci xanımı, bir qayda olaraq, belə tədbirlərdə hazırda erməni əsarətində olan gözəl və bənzərsiz Şuşamızdan da, Qarabağ ərazisində zəngin təbii sərvətlərimizin talan olunmasından da, oradakı çoxsaylı maddi mədəniyyət abidələrimizin vəhşicəsinə məhv edilməsindən də dərin təəssübkeşlik hissi ilə söz açır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə təşkil olunan 20 Yanvar və Xocalı faciələrinə həsr olunan kampaniyalarda ermənilərin Azərbaycan torpaqlarında faşistlərdən də betər vəhşilikləri barədə geniş məlumatlar verilir.

Bu gün müstəqil Azərbaycanın dünyanın əksər dövlətləri ilə diplomatik əlaqələri var. Bu günlərdə Azərbaycanın ABŞ, Çin, Yaponiya, Fransa, Böyük Britaniya və başqa dövlətlərdəki səfirlikləri Azərbaycan və türk diaspor təşkilatları ilə birlikdə 20 Yanvarda Azərbaycan paytaxtında baş vermiş qanlı hadisələrlə bağlı geniş tədbirlər keçirir, həmin ölkələrin ictimaiyyətini bu hadisələrin mahiyyəti barədə məlumatlandırmağa çalışırlar.

Son illər qlobal mətbuatda da 20 Yanvar hadisələri, Xocalı soyqırımı, bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə bağlı məqalə və şərhlər  artıb. Yaxşı haldır ki, hadisələrin mahiyyətinə obyektiv qiymət vermək cəhdləri də çoxalıb. Lakin bir sıra hallarda hadisələrə səthi, hətta qərəzli mövqelərdən yanaşma hallarına da  rast gəlinir. Belə yazılar Azərbaycanın haqq işinə kölgə salmaq istəyənlər tərəfindən sifariş olunur. Lakin həqiqəti gizlətmək mümkün deyil. Azərbaycan 20 Yanvarda öz istiqlalı uğrunda qan töküb və qurbanlar verib. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, bu gün xalqımız ulu öndər Heydər Əliyevin müəyyən etdiyi azad, demokratik dövlət quruculuğu siyasətinə sadiq qalaraq bütün sahələrdə  böyük uğurlar qazanır.

20 Yanvar hadisələrinin məğzinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı bütün səviyyələrdə səylərimizi daim artırmağa çalışmalıyıq. Fikrimcə, bu işi daha geniş və daha sistemli şəkildə qurmaq olar və bunu etmək hər birimizin, o cümlədən biz jurnalistlərin də vətəndaşlıq borcudur.

Məsaim ABDULLAYEV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında