20 Yanvar faciəsi nə qədər dəhşətli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq əzmini qıra bilmədi

...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür.

Ulu öndər Heydər Əliyevin
1991-ci il martın 7-də
Azərbaycan Respublikası Ali Sovetinin sessiyasındakı  çıxışından

Bu gün  planetin  istənilən nöqtəsində yaşayan soydaşlarımız, dostlarımız, tərəfdaşlarımız və müttəfiqlərimiz dünya xəritəsindəki qüdrətli Azərbaycan dövlətinin uğurlarına sevinir, xalqımızın öz  müstəqilliyini əbədiləşdirmək üçün atdığı qətiyyətli addımları ilə fəxr edirlər.

Dünya siyasətçiləri BMT Təhlükəsizlik Şurasına və Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edən Azərbaycan dövləti barədə səxavətlə, səmimiyyətlə və ən başlıcası hamının eşidəcəyi bir tərzdə  söz açırlar. İndi hamı Azərbaycan barədə danışanda çalışır ki, səsi daha böyük auditoriyada eşidilsin.  Ancaq 25 il əvvəl, Azərbaycanda vüsət alan milli - azadlıq hərəkatını elə ilk mərhələdəcə boğmaq istəyən Sovet imperiyasının Bakını qanına qəltan etdiyi günlər Azərbaycan və azərbaycanlılar barədə heç kim danışmaq istəmir, danışanlar isə öz səslərini mümkün olandan da çox sıxırdılar.

1990-cı ilin yanvarında işğal, təzyiq, faciə, qırğın  və qan-qada ilə üz-üzə qalmış Azərbaycan haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün xalqın əlində böyük dövlət xadimi Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Kreml rəhbərlərini  ittiham edən kəskin bəyanatı və millətin  azadlıq arzularının daşıyıcısı olan ziyalılarımızın canfəşanlığı var idi. Vəssalam. Bu gün isə Azərbaycan həqiqətlərinin dünya miqyasında ən gur səslə hamıya eşitdirilməsi üçün göydə qüdrətli rabitə peykimiz, yerdə isə qətiyyətli dövlət başçımız vardır. Bugünkü Azərbaycan həqiqətlərini eşidənlər inana bilmirlər ki, cəmi 25 il əvvəl böyük bir imperiya bu xalqın ruhunu və əzmini qırmaq üçün qeyri-adi bir hərbi güclə Azərbaycan paytaxtını darmadağın etmək əmrini vermişdi. Çoxları inanmasa da, bu, bir tarixi fakt idi. Ulu öndər Heydər Əliyevin dediyi kimi, həmin gün biz tariximizin təkcə qanlı deyil, həm də şanlı səhifələrindən birini yaşamışdıq.

Ümummilli liderimiz 20 Yanvar hadisəsinin bu günümüz və gələcəyimiz öçün olan əhəmiyyətini nəzərə alaraq, demək olar ki, keçirdiyi hər görüşdə bu hadisənin tarixi dərslərindən bəhs etmişdir.  1997-ci il yanvarın 31-də Milli  Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşdə çıxış edən ulu öndər demişdir: “...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır.”

Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən  ən kəskin bəyanat  məhz 1990-cı il yanvarın 21-də, Kremlin qulağının dibində, Azərbaycana düşmənçilik mövqeyindən əl çəkə bilməyən Mixail Qorbaçovun adamlarının gözü qabağında səsləndirilən bəyanat idi. Tarixçilərin fikrincə, həmin bəyanat Azərbaycan tarixində yeni siyasi dövrün başlandığıını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsində göstərdiyi məqamlar idi. Ulu öndər həmin müraciətdə  20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: “Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. IKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört -basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil.”

Xalqımızın yaxşı yadındadır ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi. Ulu öndər1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə  bu barədə deyirdi: “...Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, resrublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.

Özündən əvvəlki rəhbərlərə nisbətən məsələyə tamamilə başqa prizmadan yanaşan Azərbaycan Prezidenti Heydər Əliyev  1994-cü il yanvarın 5-də “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında”  fərman imzalamışdı. Sənəddə  deyilirdi: “Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”.

Adıçəkilən sənəddə  Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Həmin addımlar məhz ulu öndərin tövsiyələri əsasında atıldı və Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da qəbul edilən qərarda, nəhayət ki, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, suveren bir dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Bir sözlə, Azərbaycan xalqının tarixinə qanla yazılan 20 Yanvar hadisələri barədə həqiqətlər dünya ictimaiyyətinə  bədxahlarımızın uydurduğu"faktlar" kimi deyil, məhz həqiqət kimi təqdim olundu.

Həqiqət isə ondan ibarət idi ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən azadlıq fədailəri Bakının küçələrinə və meydanlarına çıxaraq Kremlin siyasətinə  öz qəti etirazlarını bildirirdilər. Öz haqqını tələb edən  geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxarmışdı.  Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi  Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

Xüsusilə vurğulanmalı məqamlardan biri də odur ki, həmin qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır,  faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edir. Bu cinayət hadisəsi bütün dünyaya tarixi faktlar və həqiqətlər  əsasında çatdırılır.

Ölkənin və regionun kütləvi informasiya vasitələri  dönə-dönə yazırlar ki, ulu öndər Heydər Əliyevin bütün xarici səfərlərində və beynəlxaq tədbirlərdəki çıxışlarında  olduğu kimi,  Prezident İlham  Əliyevin  də istənilən dostumuz və  bədxahımız olan  siyasətçilərlə görüşlərində bu məsələlər çox böyük ustalıqla gündəliyə gətirilir və Azərbaycanın mənafeyi baxımından müzakirəsinə nail olunur. Bu sahədə Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan layihələrin əhəmiyyətini xüsusilə qeyd etmək zərurəti var. Bununla belə, bütün yaradıcı qurumlar və dövlət orqanları Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə məhz olduğu kimi çatdırılmasında özünəməxsus uğurlara imza atırlar.  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının  (preslib.az ) işləyib hazırladığı elektron layihələr də  bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Kitabxananın  daha da təkmilləşdirilmiş variantda oxuculara təqdim etdiyi “Təcavüz: 20 Yanvar. Bakı, 1990" adlı elektron layihə tariximizin qanlı və şanlı səhifələrindən olan həmin  gün barədə nəyisə öyrənmək və ya dəqiqləşdirmək istəyən hər kəs üçün çox dəyərli vəsaitdir. Bəlkə də hansısa oxucu belə düşünə bilər ki,  xeyli əvvəl baş vermiş bir faciə barədə nəyin dəqiqləşdirilməsi mümkündür? Bu suala cavab olaraq bir məsələni yada salmaq lazımdır. Belə ki, 20 Yanvar faciəsi ilə bağlı son 15 ildə dünyanın müxtəlif ölkələrində keçirilən anım tədbirlərinin, az qala, hərəsində bu faciə zamanı həlak olan insanların sayı fərqli göstərilir. 122-dən (Rusiya) 177-yə qədər olan (ABŞ)  bu rəqəmlərin heç biri imperiya ordusunun Azərbaycan azadlıqsevərlərinin başına gətirdiyi müsibətin miqyasını kiçiltmək iqtidarında deyil. Ancaq ulu öndər Heydər Əliyevin bizə tövsiyə etdiyi kimi, biz bütün hadisələri  öz adı ilə  qeyd etməli, bütün faktların ən həqiqi variantını tapmalı, rəqəmlərin isə  dəqiqini göstərməliyik. Prezident kitabxanasının qeyd etdiyimiz elektron layihəsində hadisələr, faktlar və rəqəmlər, sanki, mikroskopla öyrənilmiş kimi dəqiqləşdirilmişdir.” Azərbaycana qarşı cinayət", “Rəsmi sənədlər”, “Elektron resurslar” və “Fotoarxiv” adlı  Azərbaycan, ingilis və rus dillərində tərtib olunmuş bu layihənin sənədləri arasında  akademik Ramiz Mehdiyevin  2000-ci ildə işıq üzü görmüş “Azərbaycana qarşı soyqırımı gerçəkləri” adlı kitabının 20 Yanvar faciəsinə həsr olunmuş fəsli  (“Facıənin analitik təhlili” ) verilib.  Bu sənəddə qanlı faciədə dini amil, Qafqaz amili, milli amil, 20 Yanvarın geosiyasi aspekti, 20 Yanvar və Dağlıq Qarabağ münaqişəsi tarixi gerçəkliklərlə üz-üzə qoyulur, Qanlı Yanvarın ibrət dərsləri və bu kimi məsələlər analitik  təhlil olunur.  “Xronologiya - 20. Yanvara aparan yol” adlı bölmədə isə ermənilərin  hələ 1987-ci il oktyabrın 18-də İrəvan şəhərinin ekoloji cəhətdən çirklənməsinə etiraz bəhanəsi ilə təşkil etdikləri mitinqdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqındakı çağırışlarından başlayaraq, bu faciə ilə bilavasitə bağlı olan bütün məqamlar öz əksini tapıb.

Bir sözlə, milli tariximizin  qanlı və şanlı səhifələrindən olan 20 Yanvar  hadisələrinin yaddaşlardan silinməməsi üçün həm dövlətimiz və dövlət başçımız, həm də xalqın önündə gedən ziyalılar kifayət qədər iş görüblər və bu tədbirlər dövri olaraq davam etdirilir. Həmin tədbirlərin önündə isə şəhid adına ehtiram və şəhid ailələrinə göstərilən dövlət qayğısı dayanır. Fəxr edirik ki, xalqımız  müstəqil dövlətimizə əbədilik qazandırmaq üçün  çalışmaqla yanaşı, bu müstəqillik uğrunda canını fəda etmiş insanların ruhuna göstərilən  ehtiramı da ildən-ilə artırır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında