20 Yanvar faciəsinin qurbanları Naxçıvanda dərin ehtiramla yad edilmişdir

 

Hər il 20 Yanvar faciəsi ölkəmizin bütün güşələrində olduğu kimi Naxçıvan Muxtar Respublikasında da yad olunur, şəhər və rayonlardakı şəhidlər xiyabanları ziyarətgaha çevrilir.

Yanvarın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qanlı Yanvar faciəsində həlak olanların və şəhidlərin əziz xatirəsini yad etmək üçün Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanına gəlmişdir.

Ali Məclisin sədri Şəhidlər Xiyabanındakı “Ana abidəsi”nin önünə əklil qoymuş, şəhidlərin xatirəsinə ehtiramını bildirmişdir.

Sonra Naxçıvan Qarnizonunun hərbi orkestrinin ifasında dövlət himni səslənmişdir.

Ali Məclisin sədri Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə öz canlarından keçərək şəhidlik zirvəsinə ucalanların məzarlarını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş türk ordusunun bu torpaqlarda şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək tər güllər qoymuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirlik, komitə və digər mərkəzi təşkilatların, məhkəmə, hüquq-mühafizə orqanlarının, hərbi hissələrin, elm və təhsil müəssisələrinin, bankların, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və onun yerli təşkilatlarının, ictimai təşkilatların və yaradıcılıq birliklərinin, kütləvi informasiya vasitələrinin, mədəniyyət, səhiyyə və sağlamlıq müəssisələrinin kollektivləri, şəhər sakinləri şəhid məzarları önündən keçərək onların əziz xatirəsini ehtiramla yad etmişlər.

***

20 Yanvar faciəsinə ilk dəfə ulu öndərimiz tərəfindən Naxçıvan Muxtar Resrublikasının Ali Məclisində siyasi qiymət verilmişdir. Ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul olunmuşdur. Qərarda 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında milli matəm günü kimi qeyd olunması öz əksini tapmışdı. Bundan əlavə 1992-ci il yanvarın 13-də “1990-cı ilin yanvar ayında Bakı faciəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Rəyasət Heyətinin bəyanatı” qəbul olunmuşdur.

Ümummilli lider Heydər Əliyev ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilmişdir. 1994-cü ilin fevral ayında keçirilən Milli Məclisin xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirmiş, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdir.

“Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”, - deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Bakı şəhərində şəhidlərin xatirəsinə xüsusi memorial kompleks ucaldılmış, Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanı yenidən qurulmuşdur. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2011-ci il 19 yanvar tarixli fərmanları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinə göstərilən ehtiramın bariz ifadəsidir.

Sovet qoşunlarının Bakıda törətdikləri qanlı cinayətlər eyni zamanda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə erməni silahlı dəstələrinin hücumu ilə müşayiət olunmuşdur. Yanvarın 18-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyilə ermənilər tərəfindən işğal olunmuş, Sədərək və digər sərhəd kəndlərinə silahlı hücumlar intensiv xarakter almışdı.

Muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə altında qaldığından, beynəlxalq Qars müqaviləsinin şərtləri kobud sürətdə pozulduğundan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Soveti 1990-cı il yanvarın 19-da “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” tarixi qərar qəbul etmişdir. Bu qərara əsasən Naxçıvan MSSR Sovet imperiyasının tərkibindən çıxmışdır. 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə erməni silahlı dəstələrinin hücumları başlamış və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılmış, ilk şəhidlər verilmişdir. Buna baxmayaraq naxçıvanlılar düşmənin önündə mərdliklə dayanmış, qəhrəmancasına mübarizə aparmış, şəhidlər versə də, Naxçıvanı qoruyub saxlamışlar.

* * *

Saat 12:00-da Naxçıvan Muxtar Respublikasında da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Həmin gün Naxçıvan Muxtar Respublikasının bütün rayon mərkəzlərində 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında