Şəhid ruhlarına əbədi ehtiram

 

 

 

Lerik

Qanlı yanvar faciəsinin 24-cü ildönümü Lerikdə silsilə tədbirlərlə anılıb. Yanvarın 20-də səhər saatlarından başlayaraq rayon sakinləri dəstə-dəstə Şəhidlər Xiyabanına gələrək faciə qurbanlarını anıblar. İgid Vətən oğullarının – şəhidlərin və müharibə qurbanlarının xatirəsinə ucaldılan abidə önünə tər qərənfillər düzən leriklilər onların ruhuna ehtiramlarını ifadə ediblər.

Günorta saat 12 də bütün ölkədə olduğu kimi, Lerik rayonu ərazisində də şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan olunub. Bütün nəqliyyat vasitələrinin hərəkəti dayanıb, küçələrdə insanlar ayaq saxlayaraq faciə qurbanlarını anıblar.

 20 Yanvar faciəsinin ildönümü ilə bağlı keçirilən tədbirlər çərçivəsində canlarını Vətənə qurban vermiş soydaşlarımızın xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib. RİH başçısı Rövşən Bağırov, ictimaiyyət nümayəndələri qanlı şənbə faciəsi mövzusunda rəsm əsərlərinin sərgisi ilə tanış olublar. Ziyalılar öz çıxışlarında 1990-cı ilin yanvarında öncə Bakıda, sonra isə Neftçala və Lənkəranda baş verən qətliamlar haqqında danışıb, hərbçilərin silahsız insanları amansızca qətlə yetirməsindən ürək ağrısı ilə söz açıblar.

Sonra rayon məktəbliləri faciə qurbanlarına həsr olunan şeirlər səsləndiriblər. Həmçinin 20 Yanvar hadisələrini əks etdirən sənədli film nümayiş etdirilib.

Masallı

Müqəddəs kədər günü ilə əlaqədar Masallı rayonunda həyata keçirilən tədbirlərin yekunu olaraq yanvarın 20-də şəhərdəki “Qəhrəmanlar parkı”nda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə kompleksinin önündə anım mərasimi keçirilmişdir.

 Səhər saatlarından başlayaraq minlərlə rayon sakini parka gələrək 20 Yanvar şəhidlərinin xatirəsini böyük ehtiramla yad edib. Anım mərasiminə rayon rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kollektivləri, ziyalılar, 2-ci Dünya və Qarabağ müharibələrinin veteranları, məktəblilər və ictimaiyyət nümayəndələri qatılıblar. “20 Yanvar” abidəsinin önünə əklillər, təzə-tər gül dəstələri qoyulub, şəhidlərin ruhuna dualar oxunub.

Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilib,  saat 12.00-da rayonun bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.

Yardımlı

Dağlar diyarı Yardımlıda şəhid ruhlarına ehtiram əlaməti olaraq bir sıra tədbirlər həyata keçirilib. Həftə ərzində ayrı-ayrı kollektivlər, məktəblilər “Şəhidlər” abidə kompleksini ziyarət edərək ölməz ruhlar qarşısında baş əyiblər. Şairlər abidə önündə Vətən və qəhrəmanlıq mövzusunda şeirlərini oxuyublar. Rayon üzrə keçirilmiş mini-futbol turniri də şəhidlərin xatirəsinə həsr olunub.

Yanvarın 20-də isə Yardımlı ictimaiyyətinin çoxsaylı nümayəndələri abidə kompleksini ziyarət edərək şəhid ruhlarına böyük ehtiramlarını bildiriblər. Abidə önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsi sükutla yad olunub.

Sonra rayon icra hakimiyyətində şəhid ailələrinin üzvləri ilə görüş keçirilib. RİH başçısı Sevindik Hətəmov dövlət səviyyəsində bu təbəqədən olan insanlara göstərilən qayğıdan danışıb, Yardımlıda da həmin yöndə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Çıxış edən şəhid ailələrinin üzvləri dövlət başçısına minnətdarlıq ediblər.

Sonda şəhid ailələrinə ərzaq yardımları paylanıb.

Qazax

20 Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar Qazax rayonundakı Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Tədbirdə idarə, müəssisə və təşkilatlarda çalışan mindən çox rayon sakini, QHT və partiya üzvləri, mətbuat və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mərasimdə çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet qoşunlarının xalqımıza qarşı törətdiyi terror aktından və vəhşiliklərdən danışmışlar.  Bildirilmişdir ki, o dövrdə tək və köməksiz qalmış xalqımızın fəryadına yalnız ulu öndər Heydər Əliyev səs vermişdir. 

Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhidlər Xiyabanını ziyarət edən mərasim iştirakçıları abidə önünə qərənfillər qoymuşlar. Şəhidlərin ruhuna dualar oxunmuşdur.

Sonda Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında faciəyə həsr olunmuş kompozisiya göstərilmişdir.

 

Əli NƏCƏFXANLI,

Hamlet QASIMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında